adalet.az header logo
  • Bakı 7°C
08 Dekabr 2018 00:53
13602
ƏDƏBİYYAT
A- A+

KƏMALƏ


AZƏRBAYCAN

Azərbaycan - ana yurdum,
Mənim könlüm sənə vurğun.
Niyə başın bəlalıdır?
Budur dərdim, budur sorğum.

Sən gözəlsən, gülüstansan,
Yazılmayan bir dastansan.
Sən şirinsən, mehribansan,
Gül camalın gülə uyğun.

Pərvanənəm, oda yanım,
Hər an başına dolanım.
Sənə qurban olsun canım,
Gül üzün olmasın dalğın.


VƏTƏN SEVGİSİ

Vətən gözüm nuru, könül məbədim,
Ona bu canımı fəda istədim,
Odur bu dünyada gözəl qismətim,
Yurdumdur,elimdir, vətənim mənim.

Qalxıb dağlarına, daşına baxdım,
Ulu qayalarda yaşına baxım,
Alıb torpağını köksümə sıxdım,
Bir dəstə gülümdür vətənim mənim.

Əsən yellərinə telimi verdim,
Ayna çeşmələrə əlimi verdim.
Quru səhralara könlümü verdim,
Sevdim, sevgilimdir vətənim mənim.

Mənim vətənimi şəfəqlər bəzər,
Başının üstündə ulduzlar gəzər,
Ay Allah, yurduma dəyməsin nəzər,
Dünya gözəlimdir vətənim mənim.

Günəş diyarıdır, gül diyarıdır,
Azərbaycan adlı el diyarıdır.
Ulu babaların yadigarıdır,
Sabaha yolumdur vətənim mənim.

"BU DAĞLAR
ULU DAĞLAR..."

Naxçıvan dağları

Bu dağlar ulu dağlar,
Zamanın yolu dağlar.
Dünya xoş olsun deyə,
Bitirdi gülü dağlar.

Bu dağlar daş kitabə,
Nağılları ziyadə.
Zirvələri piyalə-
Nur ilə dolu dağlar
Tarixin yaddaşıdır,
Özü qəm sirdaşıdır,
Bulaqlar göz yaşıdır,
Otları sulu dağlar.

Tacı göylər hilalı,
Lalələri həyalı.
Istəyəndə vüsalı,
Yaş töküb bulud ağlar.

Qoynu ətir havalı,
Yaylaqları səfalı.
Göyü qucmaq ədalı,
Torpağın qolu dağlar.

Daş hasarı qayalar,
Al Günəşdən pay alar.
Nə bitər, nə qocalar
Yaranıb ulu dağlar.
Gülü erkən solanda,
Hüsnünə qəm dolanda.
Yorğanı çən olanda,
Olur yuxulu dağlar.

Qüdrətdən abidəli,
Qoynu min əfsanəli,
Hünərdən nişanəli,
Əsrlər yolu dağlar.


SƏNİ YAD EDİRİK
Unudulmaz öndərimiz
Heydər Əliyevin əziz xatirəsinə

Səndən ayrılalı gör neçə ildir,
Amma unutmadıq bir an da səni.
Kədər ürəklərdən gedən deyildir,
Itirdik bir ağır zamanda səni.

Bu gün qəlbimizdə, gözümüzdəsən,
Səni yad edirik bir iftixarla.
Doğma yurdumuzda, özümüzdəsən,
Ömrün davam edir bu etibarla.

Hayana baxırıq səni görürük,
Qurduğun Vətənin özüsən ey nur.
Sənin iİhamına sevgi veririk,
Hər an könlümüzün sözüsən, ey nur.

Sənsən gül diyarım - Azərbaycanım,
Səni bir an belə unutmadıq biz.
Xəzan görməyəcək bu gülüstanım,
Çünki adın ilə vurur qəlbimiz.

Bu gün yad edirik Səni vüqarla,
Çünki şərəfimiz, qürurumuzsan.
Özün yaratdığın bu xoş diyarla,
Sabaha aparan uğurumuzsan.


GÖZLƏRƏ KÖÇDÜN

Unudulmaz insan və gözəl həkim Zərifə xanım Əliyevanın
əziz xatirəsinə

Gözlərə nur verən bir çıraq idin,
Alışdın vədəli, söndün vədəsiz.
Xəstəyə ümiddən bir soraq idin,
Bir qəmə, kədərə döndün vədəsiz.

Insana hədiyyən əvəzsiz idi -
Işıqlı bir dünya bəxş eləyirdin.
Hər açılan göz də bir nərgiz idi,
Həyat bağçasına nəqş eləyirdin.

Beləcə dönürdü ömrün gülzara,
Gəzirdin verdiyin nurlar içində.
Fələk baharını gömdü məzara,
Qaldı o gülzarın yerlər içində.

Elinə, gününə qənimət idin,
Sevib əzizlərdi könüllər səni.
Sən bir gövhər idin, bir nemət idin,
Unutmaz heç zaman bu ellər səni.

Getmisən, könüldə yerin qalıbdı,
Nə yaxşı gözlərə axan olmusan.
Gözlərdə yadigar nurun qalıbdı,
O nurla cahana baxan olmusan.

Yaxşılar getsə də qalır dünyada,
Sən də könüllərə, sözlərə köçdün.
Mələklər beləcə olur dünyada,
Sən torpağa deyil, gözlərə köçdün.
MƏN ELİN QIZIYAM

Mən elin qızıyam - el mənim anam,
Mən ona aşiqəm, ona heyranam.
Gərəkdir hər zaman oduna yanam,
Yanmasam, döndərsin küllərə məni.

Könlüm işığıdır, gözüm nurudur,
Ürəyim onunla qəmi uyudur.
Gözümün yaşını elim qurudur,
Qoymur ki, qərq edə sellərə məni.

Elimdir, sultanım, elimdir tacım,
Elimdir qardaşım, elimdir bacım.
Olubdur həmişə dərdə əlacım,
Qəmlərim salmayıb çöllərə məni.

Məni əzizləyib min bir həvəslə,
Çiçək də veribdir dəstə-bədəstə
Bir gün də gələcək məzarım üstə,
Yenə qərq edəcək güllərə məni

Ömrü yaşamadım mən gülə-gülə,
Töküldü gözümdən yaş gilə-gilə.
Hələ rəhm etməyib, bu halım ilə,
Illər də apardı illərə məni.

Yarəb,sən agahsan, hər səhər-axşam,
Bir sənə, bir elə heyran olmuşam,
Allahım, hər zaman qurban olmuşam,
Yenə qurban elə ellərə məni.


SƏNƏTİN QÜDRƏTİ

Naxçıvandakı Möminəxatun
məqbərəsinə itthaf edirəm.

Atabəylər zamanının
Yaraşıqlı yadigarı,
Bir hekayət söylər mənə,
Göy kaşılar üzərində
Əbubəkrin yazdıqları.
Sən bu sakit görkəmində
Yaşadırsan gizli bir səs,
Bəzən süküt söyləyəni,
Ey məqbərə, bu dünuyada
Heç nə, heç nə deyə bilməz.
Mən demirəm bu görkəmin
Ürək yaxan bir məlaldır,
Çünki sənin qucağında
Əsrlərlə yatan insan,
İndi artıq bir xəyaldır.
Bu möhtəşəm görkəminlə
Yaşadıqca zaman-zaman,
Sən o soyuq məzarı yox,
Bir sənətkar əllərinin
Qüdrətini yaşadırsan.


BİRLƏŞİN, QARDAŞLAR

Birləşin, qardaşlar, birlik gözəldir,
Birləşən əlləri kin qıra bilməz.
Bilin, hər müşkülü birlik düzəldir,
Onu tufanlar da qopara bilməz.

Birləşən əllərlə bir yallı qurun,
Göylərdə yeni bir günəş doğurun.
Ömrü şadlıq ilə siz başa vurun,
Şadlıq olan yerdə qəlb yara bilməz.

Açılar günbə-gün vətən gülləri,
Tarix sinəsinə yazar illəri,
Nicatı birlikdə tapan elləri,
Ən güclü sellər də apara bilməz.