adalet.az header logo
  • Bakı 7°C
08 Dekabr 2018 00:42
23748
GÜNDƏM
A- A+

Uşaqlar üçün hekayələr

İt dişi medalyonu

1.
O həftə olmazdı ki, xalamgilə getməyək. Gilas anamla Tamaşa xalam görüşüb-öpüşüb söhbətə oturan kimi mən də qaçırdım pəncərənin qabağına - Köpəyi hirsləndirməyə. Köpək xalamgilin itiydi, qocalmışdı deyə adını "Köpək" qoymuşdular.
Deyə bilərsiniz sən hara, Köpək hara, nə bölünməz payınız varmış?!
Acığım gəlirdi ondan - yüz dəfə xalamgilə getsək də hər bizi görəndə üstümüzə cumurdu:
-Hav... hav... hav... yəni, niyə gəlmisiniz?!
Elə bil buna qonaq gəlmişdik.
Deyirdim:
-Ay xala, bu niyə tanımır bizi?
Deyirdi:
-Neyləsin, qarnı başına bəla olub - işi-gücü ət yeməkdi. Ət də onu həm tənbəl eləyib, həm də yaddaşını əlindən alıb. Görmürsən necə hürür - hav...hav... hav...

2.
Növbəti həftə yenidən dayanmışdıq xalamgilin doqqazında. Gəlişimizdən xəbər tutan kimi Köpək başladı:
-Hav... hav... hav...
Mən də onun dilində danışmalı oldum:
-Mırrr...
O dəqiqə yeridi üstümə.
-Ay xala! - Qaçıb girdim arxasına.
-Ay it! - Xalam acıqlanan kimi bir addım geri çəkilib, yanını qoydu yerə. - Qırışmal, - xalam gülə-gülə məni çəkdi qucağına - bir yandan qorxursan itimizdən, bir yandan da hirsləndirirsən?! Buna lahıc iti deyərlər, vallah, bir gün dartıb şalvarını əynindən çıxardacaq!
Tez qaçıb çıxdım eyvana. Evə girib, gedib durdum pəncərənin qabağında. Başladım şüşəni nağara kimi çalmağa - taqqa-taqq... Köpək başını çevirib üzümə baxdı. O dəqiqə gözlərimi bərəldib, dilimi çıxardıb, əllərimi buynuz kimi qoydum qulaqlarımın üstünə:
-Mırrr... mırrr... mırrr...
-Hav... hav... hav... - Köpək hirslə atıldı pəncərəyə tərəf. Az qalırdı şüşəni sındırıb, girib içəridə məni boğsun.
O dəqiqə xalam gəlib yapışdı qolumdan:
-Ay bacı, - anama dedi, - Allah saxlamış nə dəcəldi!
-Neyləsin yazıq uşaq, bütün günü kitabla oturub-durur, indi iti görüb, oynamaq istəyir!
-Asiflə oynasın, Gülbənizlə oynasın, - xalam uşaqlarının adını çəkdi.
-Evdə qardaşları Tofiqlə, Abdulbağıyla oynamır heç!

3.
Köpəklə düşmən olmuşduq. Görən kimi başlayırdım acıqlandırmağa. O da yüz adamın içində məni görsəydi, hürə-hürə üstümə gəlirdi.
Bir gün yenidən xalamgilin doqqazında dayanmışdıq:
-Ay bacı! - Anam çağırdı.
Həmişə anamın səsini eşidən kimi Köpək eyvanın altından çıxıb, cumurdu üstümüzə. Amma bu dəfə nə səsi gəldi, nə özü.
Xalam eyvandan cavab verdi:
- Xəmir eləyirəm, girin həyətə.
-Köpək hardadı, ay bacı?
-Qorxmayın, evin dalında ət yeyir. Dədəsi də qəbirdən xortlayıb gəlsə, əti qoyub, yerindən tər-pənməz.
Həyətə girən kimi anam qalxdı eyvana, mən qaldım yerdə. Ora-bura baxırdım ki, görüm dostum hardadı. Evin böyrünə keçib, yenidən geri qayıdanda, Köpək evin əks tərəfindən çıxdı.
-Hav... hav... hav... - cumdu üstümə.
-Ay ana! - Deməyimlə Köpəyin sinəmə atılmağı bir oldu - arxası üstə yıxdı məni.
-Ay it, ay it, səni qızıl gülləyə gələsən! - Anam özünü eyvandan atdı. - Ay bacı, hardasan, qoy-ma uşağı yedi!
-Ay Köpək! - Xalamın səsini eşidən kimi it məni buraxıb, hirsi yatmış adam kimi üzünü çevirib, ağır-ağır çıxıb getdi. - Qorxmayın, qorxmayın!
Anam məni yerdən qaldırıb, başımı qoydu dizinin ütünə, yaxamı açdı:
-Bay sənin ağzına güllə dəysin, dişlərinin yerinə bax!
Xalam da qaçıb gəldi:
-Allaha şükür! Dişi batmayıb, sıxıb buraxıb. Qocalıb, ağzında güc qalmayıb quduz dəymişin!
-Ay Allah saxlamış, görürsən çıxmışam yuxarı, sənin təkbaşına həyətdə nə işin?! - Anam məni danladı. - Ay bacı, bu güllə dəymişi niyə bağlamırsınız! Anam namaz üstdəymiş, yoxsa uşağın sinə-sini parçalayacaqdı.
-Ay Gülbəniz, - xalam çağırdı, - ay qız, cəftəni yaxala, bir stəkan su gətir, verim uşaq içsin, qorxuluğu getsin.
-Qorxdun, ay bala?! - Anam üzünü üzümə qoyub, doluxsundu. - İt ağzındayıq, vallah!

4.
Bu əhvalatdan sonra dilim girdi qarnıma. Düz bir ay xalam gilə getmədik. Axırda anam darıxdı.
-Ay bacı! - Hərəmizin əlində yekə bir ağac xalamgilin doqqazında Köpəyin başını əzməyə ha-zır durmuşduq.
-Xoş gəlmisiniz! Həmişə siz gələsiniz! Keçin içəri! - Xalam qabağımıza yeridi. Əlimizdəki ağacı görəndə əlini əlinə vurub şaqqıldaı. - Üstümüzə silahlı gəlmisiniz, ay bacı!
-Allahdan istəyirəm Köpək ağzını açsın, dədəmin canı, başını it başı kimi əzəcəm! - Anam xalamla qucaqlaşıb öpüşdü.
-Siz gedəndən Kamıl - xalam ərini deyirdi, - zəncirləyib evin dalına.
Gözüm dörd olmuşdu.
-Şəm-Şəm, - anam məni qabağa saldı, - tez ol qalx yuxarı.
-Qoy bir uşağı öpüm! Haçandı həsrət qalmışam üzünə!
Eyvana çıxıb oturan kimi başladım darıxmağa. Ağzım elə hey mırıldamaq istəyirdi, amma qor-xurdum. Gülbənizlə Asif də gəldi.
-İt tutan yer ağrıtmır ki? - Soruşdular.
-Ağrıtmır, amma qızartısı hələ də getməyib.
-Göstər.
-Baxım, ay bala, - xalam da gəldi. - Can-can, yaxşı qurtardıq. Dişlərinə kəlbətin keçmiş şikəst eləyəcəkdi uşağı. - Sinəmdən öpdü. - Amma, ay Şəm-Şəm, əsl medalyondu - İt dişi medalyonu.
-Günün günorta çağı iti də açıq qoyarlar, ay bacı?! - Anam yenidən gileyləndi.
-Neyləyək, kəndin qırağındayıq, tülkünün könlünə toyuq düşəndə əvvəlcə bizdən başlayır. O gecə yadımızdan çıxıb, Köpəyi açıb buraxmamışıq. Başı batmış da kəlləsini qoyub, div kimi yatıb. Tülküyə də nə lazımdı - yavaşca yanından keçib, girib hinə. Xoruz da, yəqin toyuqların yanında xoruzlanmaq istəyib. Şələquyruq da yapışıb boğazından - o gedəndilər.
Ayaqqabı tayı

1.
Şəm-Şəm yuxudan ayılanda hələ axşamdan idi.
-Durdun, ay bala?!
-Deyirəm, məni tez yatızdırmayın, baxmırsınız sözümə. Ona görə də oyanıb, day yata bilmirəm.
-Uzan, gözünü yum...
-Çağıran var.
-Get, ana qurban!
-Tək gedə bilmərəm, qaranlıqdı!
-Evin içində nə qaranlıq?!
-Yox, pis adamlar qaranlıqda gizlənir!
-Evin içində nə pis adam?!
-Cinlər, şeytanlar!
-Bu dəqiqə, bu dəqiqə... - Ana yerindən qalxdı.
Şəm-Şəm beş addım getməmişdi, sağ ayağı nəyəsə toxundu - bayaq şkafın altından tappıltı qopdu.
-Haçana qədər bu dar evdə yaşayacağıq, ey?!
-Darıxma, baban təzə mənzil alıb, Novruz bayramını orda olacağıq!
-Nəydi görən ayağıma dəyən?
-Neylirsən nəydi, tez get-gəl.
Şəm-Şəm geri qayıdanda ağlamaq səsi eşitdi. Əvvəlcə elə bildi qonşu uşağıdı. Bir az da diqqət eləyəndə gördü səs şkafın altından gəlir.
-Aaa... an-a-aa... hardasan?! - Cəld qaçıb atılıb düşdü çarpayının üstünə. Cəl yorğanı çəkdi başına! - Niyə məni gözləmədin?! Odur ey, şkafın altında ağlayan vardı.
-Qulağın səsə düşüb, ay bala, yat...
-İnanmır, ey.

2.
Səhər açılan kimi Şəm-Şəm bir stəkan ilıq su içib, geyindi:
-Mən doxsan faiz hazır!
-Ay Şəm, ayaqqabını da gey, olsun yüz.
Şəm-Şəm dönüb giriş qapısına tərəf getdi.
-Ana, ayaqqabımın bir tayı yoxdu.
-Axşam silib-təmizləyib, cütləyib burun-buruna qoymuşam.
-İnanmırsan, gəl bax.
Ananın da gəzmədiyi yer qalmadı:
-Doğrudan bunun tayı hanı? Bala, qırmızı ayaqqabılarını gey.
-Xeyr!
-Sarıları bəs?
-Geyə bilmərəm!
-Dərsə gecikirsən, get məktəbə, qayıdanda ikisini bir yerdə görəcəksən.
-Söz verirsən?
-İkiyüz faiz!
-Yüz bəsdi!
-Oldu.
-Tapmasan, babama deyəcəm, təzəsini alsın!
Şəm-Şəm gedən kimi ana başladı evi təmizləməyə. Birdən süpürgənin ucu şkafın altında nəyəsə ilişdi:
-Aaa... Şəm-Şəmin ayaqqabısının tayı. Nə yaxşı oldu! - Tez silib aparıb qoydu o biri taytın yanına.

3.
-Bacı-bacı... - Ayaqqabının itib-tapılan tayı o biri tayı çağırıb, yuxudan oyatdı.
-Bıy, gəlib çıxdın? Hara getmişdin, bacı-bacı?
-Bu gecə səhərəcən ağlamışam...
-Mən də baxdım ki, yanımda yoxsan! Dedim, yəqin itə-pişiyə tullayıblar səni, ya da kimsə çaşıb keçirib ayağına!
-Gecə Şəm-Şəm harasa gedirdi, yuxuluydu, ayağı dəydi başıma, özümə gələndə gördüm şkafın altındayam. Nə sənin xəbərin oldu, nə Şəm-Şəmin. Səhərəcən hörümçək toruna dolaşıb, kif iyləmi-şəm! Arvadlar ev-eşiyi day üzdən təmizləyirlər. Bilmirlər ki, gizli, qaranlıq yerlər də var.
-Bilirlər, bacı-bacı, tənbəllik eləyirlər.
-Bəs Şəm-Şəm neylədi?
-Elə bizi geymək istəyirdi.
-Ayaqyalın getdi?
-Niyə ayaqyalın, babası o qədər ayaqqabı alıb, o da lovğalığından bilmir hansını geysin!
-Amma bizi lap çox istəyir!
-Bacı-bacı, səhərəcən darıxmışam səndən ötrü.
-Mən də fikir eləmişəm səhərəcən. Haçan yuxu aparıb, xəbərim olmayıb. Heç bilməzdim səni bu qədər çox istəyirə!
-Bacı-bacı!
-Hə?!
-Tək ayaqlı adamlar necə, bir tay ayaqqabı geyirlər, hə?
-Bir ayağa bir ayaqqabı geyərlər da.
-Görəsən, ayaqqabı tayı tək qalanda darıxır, hə?
-Bacı-bacı, o qədər tək adamlar var!