Kinomuzun Arifi və romantiki...

ETİBAR CƏBRAYILOĞLU
53854 | 2018-12-08 00:38
O, sənətin zirvəsinə qalxmaq üçün "Zirvə"dən başlamışdı

Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, kinorejissor Arif Babayevdən bəhs edəndə bəzən deyirlər ki, "Gün keçdi" filmi ilə adını milli kinomuzun tarixinə qızıl hərflərlə yazdırıb. Bir qədər mübahisəli yanaşmadır. Niyə axı ancaq "Gün keçdi"?
Bəs "Uşaqlığın son gecəsi", "Bizi bağışlayın", "Arxadan vurulan zərbə", "İnsan məskən salır", "Alma almaya bənzər", "Birisigün, gecə yarısı", "Zirvə"?
Arif Babayev milli kinomuza lirik-romantik ovqat gətirən rejissordur. Bu barədə artıq heç kim mübahisə etmir.

Şirvanşahların qonşusu - rejissor pultunun Paqaninisi

Arif Hacıağa oğlu Babayev 90 il öncə Bakıda, İçərişəhərdəki Qəsr küçəsində, Şirvanşahlar sarayının qonşuluğunda dünyaya gəlib. İşərişəhərə, qala divarlarına, əyri-dolanbac, dar küçələrə, burada yaşayan insanlara sevgi onunla birgə doğulub. Bu mühitdə böyüyən Arif görkəmli kinorejissor kimi tanınana qədər xeyli məsafə qeyd edib, çətinliklər görüb, maneələr dəf edib.
Ağaəli Dadaşov, Məhrəm Haşımov, Mehdi Məmmədov və başqa nüfuzlu pedaqoqlardan dərs alıb, Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor da olub, rejissor köməkçisi də. Naxçıvan teatrının səhnəsində Qoqolun "Evlənmə" tamaşasına quruluş da verib, Bakıda pionerlər evinin direktoru da olub.
1956-cı ildə Azərbaycan televiziyası rəsmi yayıma başlayan ilk günlərdən Arif Babayev burada çalışmağa dəvət alır və cəmi 3 ildən sonra AZ.TV-nin Baş rejissoru təyin edilir. Yaradıcılıq uğurlarının sorağı Moskvaya qədər gedib çıxan İçərişəhərli oğlan çox keçmir ki, "Rejissor pultunun Paqaninisi" çağırılır. 1964-cü ildə isə rəsmi titul alır-ona Əməkdar incəsənət xadimi fəxri adı verilir. Yeri gəlmişkən, Arif Babayev bu ada layiq görülən ilk televiziya rejissoru kimi tarixə düşüb.

Rejissor məskən
salır

Arif Babayev hələ məktəbli illərindən ürəyində gəzdirdiyi arzusuna çatır, onu "Azərbaycanfilm" kinostudiyasına işə dəvət edirlər. Amma buranın öz yazılan və yazılmayan qanunları var idi, televiziyada adından söz etdirməsinə, fəxri ad almasına baxmayaraq tammetrajlı film çəkmək üçün müəyyən sınaqlardan, mərhələlərdən keçməli idi. Ona İmran Qasımovun ssenarisi əsasında "Zirvə" qısametrajlı filmini çəkməyi tapşırırlar. Alpinistlərin həyatından bəhs edən bu 27 dəqiqəlik filmi lentə almaq üçün Arif Babayev çox çətinliklərdən keçir, ağır şəraitdə yorulmaq bilmədən çalışır. Onun kinoda debütü sayılan "Zirvə" 1965-ci ildə ekranlara çıxır.
İlk böyük filmi isə "İnsan məskən salır" bədii filmi olur. 1966-cı ildə İmran Qasımovun ssenarisi əsasında ərsəyə gələn ekran əsəri böyük maraqla qarşılanır. Sonrakı illərdə bir-birinin ardınca bədii filmlər çəkməyə başlayır. Milli kinomuz Arif Babayevin istedadı, zəhmətsevərliyi və əzmkarlığı sayəsində "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Ömrün ilk saatı", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə", "Bizi bağışlayın", "Birisigün, gecə yarısı" kimi ekran əsərləri qazanır. Bu filmlərin əksəriyyəti Azərbaycan sərhədlərini aşaraq milli kinomuzu uğurla təmsil edir.
Sonuncu filmi-"Birisigün, gecəyarısı" ekranlara çıxandan bir neçə il sonra Dövlət mükafatına layiq görülür. Amma həmin vaxt Arif Babayev artıq dünyada yox idi. Şəxsi həyatını, sağlamlığını kinoya qurban verən istedadlı rejissor 1983-cü il avqustun 26-da 54 yaşında dünyadan köçür. Sevdiyi Bakıdan, hər dəfə köhnə məhəllələrindən keçərkən kövrəldiyi İçərişəhərdən, çəkiliş meydançalarından həmişəlik ayrılır.

Bakının ekran şairi

Müasirləri Arif Babayevi "Bakının ekran şairi" adlandırırlar. Milli kinomuza lirik-romantik ovqatın gətirilməsi məhz onun adı ilə sıx bağlıdır. Cəmi 54 il ömür sürən sənətkarın artıq 90 yaşı tamam olur. "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Bizi bağışlayın", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə"... hər dəfə nümayiş etdiriləndə Arif Babayev öz tamaşaçısı ilə birgə yaşayır. Dostlarının, həmkarlarının xatirələrində ömrünü davam etdirir.
Xalq yazıçısı Anar istedadlı kinorejissoru belə anır: "Arifin çəkdiyi "Gün keçdi" filmində ab-hava təkrarsızlığı var. Arifin çox sevdiyi Bakının, İçərişəhərin mühiti o filmdə hiss olunur. Filmə baxandan sonra İçərişəhər adı çəkiləndə orada doğulub boya-başa çatan Arif yada düşür".
Xalq artisti, kinorejissor Oqtay Mir-Qasım: "Qəlbini hər adama açmazdı, qarşılaşdığı haqsızlığı, biganəliyi ürəyinə salırdı. Son dərəcə dəblə və səliqəli geyinirdi. Mənə həmişə qəribə gəlirdi, İçərişəhərli olasan, kinoda çalışasan, amma söyüş söyə bilməyəsən..."
Əməkdar artist, aktyor, kinorejissor Elxan Qasımov: "Arif Babayevin həyatı və yaradıcılığı heç də asan olmadı, çox çətinliklər gördü, maneələrlə rastlaşdı. Amma həmişə Arif olaraq qalmağı bacardı. Etirazını da özünəməxsus şəkildə bildirirdi. Onunla qonşu olmuşuq, öz dünyası var idi və ora hər adamı buraxmırdı. Çəkiliş meydançasında özünü dünyanın ən xoşbəxti hesab edirdi. Təəssüf ki, çox az yaşadı, fikir və düşüncələrinin hamısını ekrana gətirə bilmədi. Arifə qarşı haqsızlıq və ədalətsizlik çox olub. Təsəvvür edin ki, sonuncu filminə Dövlət mükafatını ekranlara çıxandan bir neçə il sonra verdilər. Arif bu mükafatı sağlığında almalı idi..."
Sənətin zirvəsinə qalxmaq üçün "Zirvə"dən başlayan Arif Babayev hər zaman ucalıqdadır...

TƏQVİM / ARXİV