adalet.az header logo
  • Bakı 7°C
08 Dekabr 2018 00:36
6835
GÜNDƏM
A- A+

DOST SÖZÜ

(Fəxrəddin Ziyanın 65 yaşına təbrik əvəzi)

70-ci illərin Azərbaycan Tibb İnstitutu haqqında ədəbi mühitdə, zarafatyana da olsa, belə bir söz var: o vaxt bu ali məktəb həkim yox, şair yetişdirirdi. Çox böyük mübaliğə də olsa, həqiqət payı da az deyil. O illərin "Çeşmə" birliyi ədəbi mühitdə ciddi qəbul olunurduş. O birlikdən çıxan uşaqların böyük bir kəsimi sonralar tanınmış həkimlər və tanınmış ədəbiyyat adamları oldular: P. Qəlbinur, R. Tağı, S. Kərimli, S. İsmayıl, Ə. Hüseynli və s. və s. və Fəxrəddin Ziya.
"Çeşməyə" rəhbərlik edən Fikrət Qoca birlik haqqındakı yazılarının birində deyirdi ki, bu uşaqlar ədəbiyyatdan heç nə ummayacaqlar, çünki onların sənəti var... Onlar doğrudan da ədəbi yaradıcılıqda təmənnasız oldular... Sözümün mustafası, həm də, bu gün söz dünyamızda özünəməxsus yeri olan tanınmış şair Fəxrəddin Ziya haqqındadır.
Biz çox uzun illərin tanışı-dostu-qardaşıyıq. Bir-birimizi hərtərəfli yaxşı tanıyırıq. Fəxrəddin həmişə seçilən şair olub. Mən onun bir kitabına ön söz yazmışam və elə o gözəl kitaba redaktorluq da etmişəm.
Bu mənim şairə münasibətimi bir xeyli açıqlayır. Odur ki, indi burada həkim və dost barəsində bir neçə söz demək istəyirəm. Həm də nəzərə alaq ki, bu günlərdə şairin yaradıcılığı haqqında tanınmış ədəbiyyat adamları tərəfindən mütəxəssis sözü deyilib və deyilir. Deməli dost sözünün məqamıdır.
Bəri başdan deyim ki, Fəxrəddin çox sədaqətli və etibarlı insandır. Ən xırda yaxşılığı da unutmur və qiymətləndirir .Xeyirxahdır, həmişə köməyə can atandır. İctimai statusunun (obrazlı desək) yüksəlişləri də onu heç vaxt dəyişdirməyib. O müxtəlif məmur pillələrində (nazirliyin idarə rəisinə qədər) çalışdığı vaxtlarda da sadə, qayğıkeş, dostcanlı, adi Fəxrəddin olaraq qalıb. Hərhalda mən onu belə görmüşəm. Orasını da deyim ki, Fəxrəddin öz sənətinin yüksək səviyyəli bilicisidir. Onu da bilirəm ki, Fəxrəddin bütün mənəvi-əxlaqi, mental dəyərlərimizi özündə ehtiva edən nümunəvi sayılacaq bir ailənin başçısıdır.
Bir sözlə, o şair kimi də, həkim kimi də, dost kimi də, ata kimi də, adi bir insan kimi də, lap elə baba kimi də (burasını güman edirəm) hərtərəfli hörmətə layiqdir. Bu hörməti, bu ləyaqəti O öz zəhməti ilə qazanıb.
Mən onu sənət və qələm dostu olaraq bu yubiley münasibəti ilə təbrik edirəm və Fəxrəddinə: tanınmış şairə, populyar nəğmələrin müəllifinə, bacarıqlı həkimə, etibarlı dosta, ləyaqətli insana bundan sonrası üçün də əl qoyduğu bütün işlərdə uğurlar və özünə can sağlığı arzulayıram.