PAYIZLA QIŞIN KƏSİŞMƏSİNDƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
55276 | 2018-12-08 00:26
BAXIŞ BUCAĞI

Sarı simin havası...

Yazını yazmağa başlamaq istədiyim an bilgisayar yazarımızla bir balaca yazıya giriş etdik. Yəni günümüzün reallığından danışdıq. Və həmişə olduğu kimi, dilimin altına çöp qoymadan nəyi necə düşünürəmsə elə də dedim. Dediyimin məntiqi nəticəsi də səhərin gözü açılmamış qarşıma bəduğurun çıxması, ovqatımı mikrobun korlaması və bir də özünü hər kəsdən üstün tutub hər kəsi özünə borclu sayanların ədası oldu. Yəni vurğuladım ki, Allah hamını "Ol!" deyib yaradanda görünür bir az tələskənliyə yol verib. "Ol"un dərəcəsi kimlərinsə payına bir az artıq düşüb və onlar da "ol"duqları zaman üçqat "ol" olublar, adamlıqları fontan vurub. Ona görə də fontanın yerinə altından nələr çıxardığını hamımız bilirik və ortalığa nələrin gəlib düşdüyünü hamımız görürük. Lap kəsəsi, fontan təkcə neft-qaz çıxarmır üzə, həm də zir-zibili atır yerin altından yerin üstünə. Bu lap üçqat, dördqat "ol"dan yaranan adamlar həmin tullantılardı, əlimizə-ayağımıza dolaşır, üst-başımıza bulaşırlar... Biz də onların "hava"sına dözə-dözə ömrümüzün müəyyən hissəsini bada veririk... Nə isə...
Bəli, yanvarın qış havası artıq duyulmaqdadı. Və bu havanın içərisində bir istilik axtarmaq arzusu nə qədər ürəyimə hakim kəsilsə də, amma qəti əminəm ki, onu tapmaq o qədər də asan olmayacaq. Ona görə ki, mənim istəyimlə gerçək havanın arasında qışdan yaya qədər bir məsafə var. Həmin məsafənin yaxınlaşdırılması, qısaldılması qeyri-mümkündür. Bunu bir dədə sözüylə də təsdiq etmək, vurğulamaq olar. Dədələr söyləyib ki, "xəstə nə qədər tələssə də, armud vaxtında yetişər".
İndi mənim istəyimə rəğmən gerçək olan budur ki, qışdı və qışın da şah damarı soyuq şaxtadı, qar-borandı. Ondan qorunmağın yolları yetərincə olsa da, amma onu yaşamağın özü də bir gözəllikdi. Təsəvvür edin ki, heç vaxt unuda bilmədiyim qış gözəlliklərini mən doğulduğum bölgədə, xüsusilə öz kəndimizdə böyük zövqlə yaşamışam. Kənd evlərinin damından göyə millənən tüstüdən tutmuş həyət-bacalardan kənd mərkəzinə doğru, məktəbə tərəf gedən qarüstü ləpirlərə tərəf hər şey insana bir paklıq aşılayır, bir ürək sevindirən ümid göyərdirdi. Elə bil ki, qarşıdakı ləpirlər arzulara gedən yol idi və yaxud sübhdən evlərin damından göyə millənən tüstülər həyatın oyanışı idi. Doğrudur, bunun bir məqamı da var idi. Adətən tənbəl və yaxud səriştəsiz adamlar qış səhərlərini yuxudan oyanıb isti yorğanın altından qalxmağa heç həvəs göstərmirdilər. Amma hansı evdə ki ağsaqqal, ağbirçək var idi, təcrübəli qadınlar evi idarə edirdi, o evlərdə odun sobaları sönmürdü. Axşamdan sobaya qoyulmuş iri palıd kötükləri səhərə qədər hər evin temperaturunu qaydasında saxlayırdı, həm də sobanı yenidən alışdırmağa ehtiyac olmurdu...
Mən bu xatirələrin şirinliyinə uyub bir az Bakıdan uzaqlara getdim. Amma indi yaşadığım Masazırda hərdən göz gəzdirirəm, burada da tək-tək evlərin damından tüstü çıxır. O tustu bilmirəm gedib Qarabağda sönmüş ocaqların tüstüsünə qarışır, yoxsa yox, amma mənim içimdə közərən odu, qoru sönməyə qoymur. Elə bil ki, bu həyatın mənə bir sitəmidi, ya da dözümə çağırışıdı. Amma hər nədisə ağrılı, şirinli bir dərsdi. O dərsi oxumamaq, öyrənməmək mümkün deyil...
Bəli, bax elə bu ovqatın içində mən bir anlıq silkələnib yuxudan oyanmış adamlar kimi özümə dönürəm. Və baxıb görürəm ki, bu qış günü ürəyimi isidən, içindəki ümid işartısını sönməyə qoymayan həm də Sənsən! Deməli, Sən həm də mənim ruhumun Tanrısısan. Ona görə də Sənə pıçıldayıram:

Dilim-dilim olsun dilim
Əzabdı hər ayım, ilim...
Yuxuda gördüm ki, gülüm -
Sən ruhumun Tanrısısan!

Yanağıma yaş saldı iz
Haqq önündə diz çökdüm, diz!
Anlaya bilmədik ki, biz -
Sən Ruhumun Tanrısısan!

Kəsə də lap əyri düzü
Hər istəyin iki üzü...
Sən olmaz hər qızın yüzü -
Sən ruhumun Tanrısısan!

Baxt özü o baxtdı, bilir
Vaxt həmin o vaxtdı, bilir!
Allah özü haqqdı, bilir -
Sən ruhumun Tanrısısan!..

***
İnsan həyatının bütün məqamları mənim düşüncəmə görə, bir zəncir halqası kimi ovqatdan keçir. Yəni hər an bir ovqata kökləndiyindən həyatımız rəngarəng olur. Bax, elə son bir həftəni düşünəndə, götür-qoy edəndə mən öz payıma bu qərarı verirəm ki, bir-birinin ardınca acı xəbərlər döydü qapımızı. Həm dostların, həm həmkarların sırasından olan bu itkilər müəyyən mənada qanunauyğunluqdu. "Dünyaya gələn dünyadan hansısa bir şəkildə gedir!" - deyiblər. Bunu ləngitmək və yaxud da başqa bir formaya salmaq qeyri-mümkündü. Bu gerçəkliyin içində bir başqa gerçəklik də var. Bu da bizim barışmamaq, razı qalmamaq gerçəkliyimizdi. Yəni biz olanlarla yalnız 40 gündən sonra barışmağa başlayırıq. Bunu da dədələrin dediyi "torpağın üzü soyuqdu" kəlamıyla.
Deməli, bax, bu üzü soyuq torpaq qışda bizi üst qatda üşütsə də, alt qatda qoruyur, hifz eləyir. Mən bunu elə-belə, sözgəlişi yazmıram. Demək istəyirəm ki, hər qatın öz missiyası var. Və insanın iç dünyasındakı qatlar da elə torpağın qatları kimidi. Orda sevincin də, kədərin də, işığın da, qaranlığın da savabla mərdimazarlığın da, ümidlə ümidsizliyin də... öz yerləri var. Sadəcə, o qatlardan hansına biz daha çox üz tuturuqsa, meyl salırıqsa, onlar diqqət mərkəzinə çıxır. Və burda genetik kod da var. Gendən gələn meyllilik daha çox qabarır, daha çox öndə olur. O da öz qabartısıyla, öndə olmasıyla digərlərinin diqqətini çəkir. Beləcə, özümüz də bilmədən həmin o önə çıxmış qatın missiyasını başqalarına yönəldirik. Bax, yazımın önündə söylədiyim mikrobdan tutmuş, bəduğura qədər... sevinc paylayandan xoş aura bəxş edənə qədər burda hər şey özünü ifadə etmiş olur. Mən də yazımın sarı simində elə bunları demək, bunları önə çıxarmaq istəyirəm. Həmin istəyimi indiki anda oxucu ixtiyarına buraxıb yenə yönümü sənə çevirirəm. Çünki səninlə danışanda içimdəki bütün istəklərin işığı artır, ümidi şölələnir. Axı, biz bu dünyada bir-birinə doğru uzanan əllər kimi havada qalmışıq. Və elə bu havada qalan əllərin pıçıltısı olaraq deyirəm:

Sən
"get"də
israrlı
mən isə "qal!"da
odur ki,
bu israrlı təzadda
heç bir halda
çin olan deyil -
həyatda,
nə də ki,
xəyalda...
bu səbəbdən
mən də,
elə sən də
girinc qalacağıq
üstəlik
yuxusunu qaçıracağıq
hələ də
cavabı bilinməyən
sualın da?!

***
Bəli, hər gün sual, hər gün nida və digər durğu işarələri yaşamın göstəricisidir bizdən asılı olmadan. Biz bu göstəriciləri cavablaya-cavablaya nöqtəyə doğru gedirik. Bunu sən də bilirsən, mən də, elə hamımız da. Getməyə də bilmərik. Çünki getməmək, yerində durmaq istəyi sadəcə və sadəcə elə istəkdi. O ki qaldı bir gerçəkliyə, yəni bütün istəklərə... onların hamısının nə vaxtsa çin olacağı özü də bir xəyaldı. Axı dünyada heç bir insanın bütün xəyalları, bütün arzuları çin olmayıbdı. Mən də, elə bilgisayar yazarımız da, hətta "Ədalət"də çalışanların hamısı əlini ürəyinin üstünə qoyub deyə bilməz ki, arzularının hamısı çin olub. Bilirsiniz niyə? İstəkdən istək doğur axı! Bu gün barışdığın nəticə sabah ya səni qane etmir, ya narazı salır, ya da ondan bir pillə kimi istifadə edib ikinci addımı atmağa çalışırsan. Və ...
Hə, bu söylədiklərim filosofluq deyil, hamının bildiyi reallıqdı. Sadəcə, mən yazımın ovqatına uyğun olaraq sözgəlişi dilə gətirdim. Axı indi fəsillərin bu kəsişməyə doğru tələsən günündə, çöldə qış havası var. Bu hava da adamı isti guşəyə səsləyir, isti bir sözə, hətta ovqata köklənməyə tərəf itələyir. Nə yazıq ki, belə anın özündə də ikinci bir soyuqluq hardansa tək səbrə çevrilir. Bax, bir az pafoslu, bir az da zarafat donlu bir şəkildə söyləsəm, yetimi onda ağlamaq tutur. Və yaxud da dərd batmanla gəlir...
İndi bütün bu yazı boyu söylədiyim fikirlərin qoyacağım nöqtəsinə yaxın bir yerdə dayanıb özümə kənardan baxmaq istəyirəm. Baxıb nə görəcəyimi kim necə təxmin edir etsin, mən isə gördüyümü kimsəyə demədən ürəyimin bir küncünə büküb atıram. Elə bir küncə ki, orda olanlardan ancaq sən xəbərdarsan. Sənin bildiyini isə təbii ki, bir də Allah bilir. Elə o dediyim sonuncu fikrin ipindən tutub bir şeir demək istəyirəm. Demək istəyirəm ki:

Mən üzülmüş yarpağam
Çeşmədə nov edərsən...
Suyu yaxşı süzməsəm -
Bir az söz-sov edərsən!..

Təki gözün önündə
Kirpik ucunda olum...
Yolun üstümdən keçsə -
Yolunda bitsin yolum...

Böyük istəklərim yox,
Səni çətinə salsın...
Bircə qəlbim ağlımda -
Ağlım, qəlbində qalsın!..

Bəli, bu payızla qışın kəsişmə nöqtəsinin dəyişkən havasında ovqatınıza bir az istilik qatmağa çalışdım. Doğrudur, mənim ovqatımı qış havasına kökləyiblər, amma mən ürəyimin işıqlı qatından boylanıb sizinlə işıq paylaşmağa çalışdım. Deyirlər ki, varını verən utanmaz. İndi özünüz də dünya görmüş insanlarsınız. Ən azından işığın sizə heç bir zərəri dəyməyəcəyinə mənim kimi siz də əminsiniz. Ona görə də bu havada və bütövlükdə ömrünüzdə , eləcə də evinizdə , həyətinizdə heç vaxt işığınız sönməsin! - deyirəm.

TƏQVİM / ARXİV