adalet.az header logo
  • Bakı 7°C
08 Dekabr 2018 00:12
43468
LAYİHƏ
A- A+

ƏRDƏŞƏVİ KƏNDİ və yaxud da Ardaşı, Ərdəşi, Ər evi və Ərdəşəvililər


Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən saylarımızda)

Usuf da üç gündən bir, beş gündən bir yolunu buradan salmağa başladı. Xanımı göz altı eləmişdi. Bir dəfə qonşu kənddən, Piçənisdən də bir qonaq gəlmişdi. Almədəd kişigilə. Xanımın anası həmişə olduğu kimi bu dəfə də qonaqpərvərlik göstərdi. Bu ev duzlu-çörəkli olduğu üçün onu da yaxşı qarşılayıb yola saldı. Sən demə Xanımı bu oğlan da gözaltı eləmişdi. Usufun bu qonaqdan gözü su içmir. Ondan şübhələnməyə başlayır. Sanki, ona ayan oldu ki, bu rəqib nə isə etmək fikrindədir. Kənara çəkilib onu izləməyə başlayır. O biri qonaq da eşidir ki, bəs Usuf Ağcayazı kəndinə Almədəd kişigilə gedib gəlir. Odur ki, Xanımı qaçırtmaq fikrinə düşür. Toran düşür, qaranlıq yavaş-yavaş ətrafı görünməz edirdi. Hərdən kənddən it səsi eşidilirdi. Bir-iki dəfə hürdü və səsi kəsildi. Dağın arxasından ay boylanmağa başladı. Ağcayazı kəndi sükuta qərq olmuşdu. Usuf marıqda oturub rəqibin hərəkətini izləyirdi. Gördü ki, həqiqətən həmin adam ipi damın bacasından kənarda bir ağaca bağladı, bir ucunu da öz belinə bağladı. Bacadan dama sallandı, bir az keçmiş nə isə çıxarıb kənara qoydu. Yenə dama sallandı. Usuf gizləndiyi yerdən çıxdı və bacaya yaxınlaşdı. Gördü ki, rəqibi qızın cehiz xurcunu ilə birlikdə qaçırmaq arzusundadır. Odur ki, ipi kəsir, həmin adam yıxılıb evin içinə düşür. Bu vaxt səs-küyə evdəkilər oyanır, həmin oğlanı oğru hesab edib möhkəmcə döyməyə başlayırlar.
Səhər açılanda Almədəd kişi baxıb görür ki, qız evdədi, ancaq yükün üstündəki xurcun yoxdu. Fikirləşir ki, gecə oğru hesab etdiyi adamı özü o ki var döyüb qovubdu, heç bir şey aparmayıbdı. Odur ki, arvadını səslədi:
- Ay arvad, ağlın nə kəsir? Qızın cehiz xurcunu yoxdu, xurcunu kim apara bilərdi? Buralarda ayrı adam-zad hərlənmirdi ki? - deyə Almədəd kişi tütün kisəsini çıxarıb qəlyanı doldurdu və çaxmaq daşı ilə qəlyana od saldı, bir neçə qullab vurdu. Fikirli halda görüləsi işləri yerbəyer etməyə başladı.
Arvadı birdən dilləndi:
- Ay kişi, itiyi olan adam anasının qoynun da axtarar. Bəlkə bir Xuduma baş çəkəsən, onun yetimi də buralarda vurnuxurdu.
Artıq gün yağlanmışdı, el-oba yuxusundan oyanmışdı. Səs-küy gecənin sükutunu çoxdan qovmuşdu. Obada adamlar yenə də adəti üzrə, işləri ilə məşğul olmağa davam etdilər. Kimi həyət-bacada mal-qarası ilə, kimi də qoyun-quzusu ilə məşğul idi. Kimisə də səfərə hazırlaşmaq üçün yol tədarükü görürdü. Almədəd kişi nə fikirləşdisə ayağa qalxdı. Atını tumarladı və arvada tərəf qəzəbləndi:
- Yaxşı məsləhətdi, gedim Xuduma bir dəyim, sonra arxayın olum - dedi.
Boz armudun ətrafında qızğın biçin işləri gedirdi. Almədəd kişi atı düz ağacın altına sürdü. Xudumu səslədi. Görülən iş üçün xeyir-dua verdi. Salamlaşdılar. Gəlişinin səbəbini söylədi:
- Xudum, biləsən ki, itiyim var, onun izi ilə gəlmişəm. Sənin oğlun Usuf biz tərəflərə gedib gəlir. Arvad ehtiyat üçün xurcun tədarük görmüşdü. Olanı-qopanı bir xurcuna yığmışdı.
Xudum Usufu səslədi:
- Bu gecə harada idin, o atın tərkindəki bəzəkli xurcun nədi? - deyə oğluna tərəf qəzəbləndi.
Usuf utandığından başını aşağı saldı və bir söz demədi. Xudum qayıtdı ki:
- Almədəd kişi, yol gəlmisən, atdan düş, söhbət edək. Uşaqdır da, bir qələt eləyibdi. O nə itikdi.
Almədəd kişi qəzəbindən haldan-hala düşürdü:
- Xudum, deyiləsi söz deyil, bu gecə evə oğru gəlmişdi. Oyandım, oğrunu tutdum, möhkəm döydüm, qovdum. Amma məkir işdi, qızın cehiz xurcunu yoxa çıxıbdı - dedi.
Xudum bilirdi ki, oğlu Usuf da hərdən Almədəd kişigilə qonaq gedir, ondan xəbəri vardı, odur ki, dedi:
- Almədəd kişi, sən dünyagörmüş kişisən, nə xurcun, nə xurcundu axı, nədən ötəri hazırlatmışdın onu? - dedi.
- Xudum, mənim ağzımı boza vermə, bilmirsən xurcunu nə üçün hazırlayırlar? Ə, qızdı da, bugün-sabah bir it oğlu qismətinə çıxacaq, ona cehiz verəcəm - Almədəd kişi dedi.
- Ay sağ ol, Almədəd kişi, elə bəlkə qızın Xanımı da verəsən mənim oğlum Usufa - deyə Xudum istədi ki, Almədəd kişini bir az yumşaltsın. O daha da qəzəbləndi. Başındakı quzu dərisindən tikilmiş yunlu papağı əlinə aldı. Üz-gözünün, alnının tərini sildi və papağı var gücü ilə yerə çırpdı və atını döndərib arxaya qayıtdı.
Bütün günü əlləri qoynunda qalan Almədəd kişinin arvadı və qızı onun yolunu səbirsizliklə gözləyirdilər. Kişinin gəlişinə sevindilər. Arvad tez onu sorğu-suala tutmağa başladı:
- Ay kişi, xurcunu tapdın? Bəs başıyın papağı hanı? - deyə soruşdu.
Almədəd kişi daha da qəzəblənmişdi.
- Arvad rüsvay oldum, xurcunu tapdım, Xudumun oğlu aparıb. Hələ qızım Xanımı da, papağımı da qoydum cehiz xurcununun üstünə, verdim, gəldim... Az keçmir ki, el adəti ilə Xanımı Usufa alırlar, toy edib gəlin köçürürlər. Həmin gündən Usuf Xanımla ailə qururlar.
Xudum Laçın rayonunun Ərdəşəvi kəndinin ərazisini oğlu Usufa bağışlayır. Burada yaşamaq üçün dam tikirlər. Mehriban, xoşbəxt həyat yaşayırlar. Övladları böyüməyə başlayır. Mal-qara, qoyun-quzu damazlıq edirlər, torpaq əkmək üçün öküzləri, minik üçün atları çoxalır. Bir müddət sahibsiz qalan kilsədən, monastırdan mal-qara saxlamaq üçün istifadə edirlər. Vergi yığan məmurlar Usufu buna görə cəzalandırırlar. XVII əsrdə Səfəvilərin fəaliyyəti dövründə (1328-1697) Osmanlı gümüş pulu 120 ağca dəyərində taxıl vergisi cərimə ödəyir. O vaxtı pul olmadığı üçün onun əvəzinə batman (1 batman - 7.7 kq) taxılla əvəzləşdirilmişdir.
Obada görülən işlərə qonşu kəndlərdən də köməyə adamlar gələrdi. Yaşamaq üçün dam (ev) tikmək üçün yerdən, torpaqdan beş metrin beş metrə qazardılar (5x5). Xəndəyin kənarlarından iki metr hündürlüyündə daşla hörgü tikərdilər.
Damın içində sütun üçün hər küncdən dözümlü qırmızı palıd ağacından basdırardılar. Meşədən qışın şaxtalı günündə kiçik çilədə ağacları kəsərdilər, qabığını soyub çöldə qoyardılar. Yazda kəsilən palıd ağaclarını gətirib hörgünün üstünə düzəldilər. Damın hündürlüyü 5 metrdən də çox olardı. Tən ortadan da baca qoyardılar. Baca ona görə qoyulardı ki, damda yaşayan orada ocaq yandırardı. Ocağın tüstüsü bacadan çölə çıxardı. Belə yaşayış evinə o vaxtlar dam deyərdilər. Adamların yaşayışı üçün damlar tikilərdi.
"... 1727-ci ildə Osmanlılar tərəfindən Zəngəzur mahalında aparılmış kameral təsvir zamanı Ərdəşəvi kəndində 16 ailədə - 49 nəfər kişi, 46 nəfər qadın olmuşdur. 1893-cü ildə Çar Rusiyası tərəfindən əhalinin siyahıya almasına görə 43 ailədə - 154 nəfər kişi, 126 nəfər qadın və 1924-cü ildə Çar Rusiyasının iflası zamanı bolşeviklərə qaytanlanmış kitaba əsasən akt tərtib olunmuşdur ki, Ərdəşəvi kəndində 243 nəfər - 123 nəfər kişi, 120 nəfər qadın olmuşdur.
Xudum səfərə gedəndə Usufu da özü ilə aparıb gətirərmiş. Usuf səfərə gedən zaman onun anadan olduğu el-obanı yerində tapmır. Döyüş zamanı xarabalığa çevrilən kəndləri öz gözləri ilə görür. Az keçmir ki, Usufun bədənində intiqam qanı coşur. Ata-anasını öldürən əmisindən qisas almağa hazırlaşır. Bu barədə həyat yoldaşına bildirir. O, nə qədər çalışırsa da onu bu yoldan döndərə bilmir. Xanım isə bir müddət ərini əvəz etməli olur. Uşaqlarını başına toplayıb işlərinin ahənginin pozulmamasına çalışır. Hərdən obanın üst hissəsində Qaravul daşına gələrək hündürdən yollara baxarmış. Gözü yollarda qalır. Ərinin səfərdən gəlməsini səbirsizliklə gözləyir. Bəzən də obanın yaxınlığındakı zəminin o biri başında hündür böyük qara daş sanki keşik çəkirdi, obaya həyan olurdu.

(ardı gələn sayımızda)

Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Media "Qızıl Qələm"
mükafatı laureatı