adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

EŞŞƏK EKSPORTU VƏ...

BABƏK YUSİFOĞLU
47158 | 2013-04-18 10:20
Dəqiq yadımda deyil, təxminən iki il bundan əvvəl  ölkəmizdə yaşayan eşşəklərdən bəhs edən bir yazı yazmışdım. Onda doğurudan da milli eşşəklərimizin haqları və hüquqları az qalmışdı ki, beynəlxalq miqyasda pozulsun. Və çox sevindirici haldır ki, həmin vaxt digər media quruluşları da məsələyə intensiv şəkildə müdaxilə etmişdi. Təhlükəni bir təhər adlatmışdıq.  
Xəbəri olmayanlara bildirim ki, o dövrdə Somali alimləri çox təhlükəli bir iddia ilə çıxış etməyə başlamışdılar. Onlar deyirdilər ki, guya müasir eşşəklərin əcdadları əslən somalidəndirlər. Həmin alimlərə görə, bu heyvanlar əvvəlcə onların vətənində, vəhşi halda yaşayırmış, sonra isə zaman-zaman əhliləşdirilərək yavaş-yavaş bütün dünyaya yayılıblar. Özü də bu uzunqulaq növünün 5 min illik yaşı var. Xatırlayıram, somalililər təkcə quru-quru iddia ilə pəs etməmişdilər. Deyirdilər ki, BMT-yə bununla bağlı müraciət hazırlayacaqlar, eşşəklərin tarixi vətəninin Somali olduğunu orada təsdiqlədəcəklər.
Yadımdadı, həmin vaxtlar bir çox dövlətlər əl-ayağa düşmüşdülər. Və ara çox qarşıdığından qərbin bəzi başbilənləri təklif irəli sürdülər ki, bu məsələnin həlli üçün Rusiyanın, Fransanın və ABŞ-ın həmsədrliyi ilə bir "Eşşəkşünaslar qrupu" yaradılsın və onlar bu məsələni çözsünlər. Hələ də unutmamışam, amerkanların demokratlar partiyası istəyirdi ki, özlərindən əlavə bir nümayəndə də bu qrupun tərkibinə soxuşdursunlar. Nədi ki, onların partiyasının simvolu eşşəkdir. Amma  min hoqqadan çıxsalar da bir şey alınmadı. Qərbin bu vecsiz şünaslarının fəaliyyətləri isə heç bir işə yaramadı. Elədikləri ancaq bu oldu ki, dünyanın böyük-böyük şəhərlərini gəzərək hər yerdə eşşəklərlə bağlı bir "dəyirmi masa" keçirsinlər. Ara-sıra belə bir idda da ortaya atırdılar ki, mütləq gərək bu müzakirələrə eşşəklərin  nümayəndələri də qoşulsunlar. Məqsəd də prosesi uzatdıqca uzatmaq, özlərinə sərfəli nəticə əldə etmək idi. Amma insafən məsələ heç də təhlükəli həddə gəlmədi.  Səngidi. Hamı susdu. Amma...
Nə məsələdirsə bu eşşək söhbəti yenidən gündəmə gəlib. Özü də alayı formada. Yəni, bu uzunqulaqlar dönüb olublar biznesin bir parçası. Və vəziyyət dəyişib. İndi avropalılar bizlərə minnətçi düşüblər. Hə, mən ölüm...  Əvvəla, bizi istəməyənlərə bildirim ki, onlar öz texnikaları ilə, müasir avadanlıqlarıyla çox öyünürdülər və həmişə bizə yuxarıdan aşağı baxırdılar. Amma nəhayət zaman dəyişdi, hər kəs gördü ki, onların basıb-bağlamağı ilə döyül, çünki işləri yenə bizə düşüb. Bilirəm, səbrsiz  oxucular indi deyəcəklər ki, bunun bizim eşşəklərə nə dəxli var axı? Hövsələnizi basın, biləcəksiniz.
Bu maygülü qərblilər özlərini tox tuturdular ki,  guya onların heç kimə ehtiyacları yoxdur. Və belə də təbliğat aparırdılar. Lakin bu günlərdə yayılan xəbərlərdən artıq hər kəs öyrənib ki, avropalıların sinələrinə döyməsi tamamən  fuflo söhbət imiş.  Belə ki, Kənd Təsərrüfatı Nazirliyi açıqlama verərək onların iç üzünü açıb ki,  son bir neçə ildə ölkəmizdə iri və xırdabuynuzlu kənd təsərrüfatı heyvanlarının və eşşəklərin sayı artıb. Və elə bir həddə gəlib çatıb ki, indi biz Avropaya eşşək ixrac etməyi planlaşdırırıq. Özü də bildiyimə görə, avropalılar ancaq bizim uzunqulaqlarımızın həstərindədirlər. Yalvarırlar ki, eşşək eksportunu ancaq onlar üçün eləyək. Qoy indi canları çıxsın, onlara nə vaxt eşşək göndərəcəyimizi əlimyandıda gözləsinlər.
Avropanın niyə məhz bizim heyvanlara möhtac qaldığının səbəbini bilmək üçün uzunqulaqlar haqda çox geniş məlumat və bilgilərə  malik həmkarım və dostum Faiq Qismətoğluna müraciət etdim, məsələyə münasibət bildirməsini istədim. Faiq müəllim qətiyyətlə  bildirdi ki, bunun bir çox səbəbləri var: "Dünyanın bütün obyektiv eşşək mütəxəssisləri bilir ki, ən gözəl, ən dözümlü, ən vəfalı, ən üzüyola eşşəkləri bizdədir. Heç kəs boşuna əziyyət çəkməsin, dünyanın heç harasında belələrini tapa bilməzlər. Son vaxtlar Mazandaran, nə bilim haranın uzunqulaqlarının tərifini göylərə qaldırıblar. Amma bunların hamısı boş söhbətlərdi. Bizimkilər bir nömrədi".
Doğrusu, bu mühakimələr arxayınlıq üçün kifayət etsə də yenə narahatlıq bitmir. Çünki, bu avropalılardan nə hoqqa desən gözləmək olar.  Düşünürəm ki, birdən özlərinin yaratdığı  Haaqa məhkəməsiylə-zadıyla bizim uzunqulaqlara da sahib çıxarlar, biz qalarıq eşşəksiz. Ona görə də arxayınlıq üçün əvvəlcədən, yəni, heyvanın tappaturup ixracına başlamamış BMT-dən öz eşşəklərimizlə bağlı bir lisenziyadan-zaddan almalıyıq. Qoy hər şey sənədlə olsun. Yəni, Anadolu  türkləri demiş eşşəyimizi sağlam kazığa bağlamalıyıq ki, sonradan dilxorçuluq baş verməsin.

TƏQVİM / ARXİV