GÖZLƏDİM GƏLMƏDİNİZ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
31817 | 2013-04-18 10:19
Bu yazını ilk öncə özüm üçün yazıram. Çünki bu mövzu oxcularımın bir qismindən daha çox mənim mövzumdu, mənim yaralı yerimdi, mənim ailəmin problemidi. Və eləcə də mənimlə eyni problemi yaşayan, eyni yükü çəkənlərin də, problemi və mövzusudu. Yeri gəlmişkən onu da xatırladım ki, bu mövzunu mətbuat, xüsusilə özəl telekanallar tez-tez diqqətə gətirsələr də, amma hələ sükutun pozulmasından, daşın yerindən tərpənməsindən heç bir əsər-əlamət yoxdu. Çünki?..
Əgər xatırlayırsınızsa, ölkə həyatında dövlət başçısının keçirdiyi bir çox yaddaqalan tədbirlər və iclaslar olub. Həmin tədbir və iclaslardan birini də möhtərəm prezidentimiz səhv etmirəmsə iki il öncə keçirmişdi. Və keçirilən o iclasın əks-sədası, burada səslənən fikirlərin mahiyyəti və kəsəri demək olar ki, ölkədə yaşayan əhalinin müəyyən bir hissəsinin illərlə ürəyində gəzdirdiyi, ümid etdiyi arzusuna işıq salmışdı. Lap obrazlı ifadə etsəm, insanların çırağına neft tökmüşdü. Hamı zaman-zaman gözlədiyi və nə vaxtsa gerçəkləşəcəyinə ümid etdiyi bir məqamı, bir fikri məhz xalqın qarantı olan prezidentin dilindən eşitdi.
Azərbaycan prezidenti İlham Əliyev cənabları həmin iclasda birmənalı və kəskin şəkildə tapşırıq verdi ki, Bakıda və eləcə də digər ərazilərdə olan sənədsiz evlərin qeydiyyata alınması və sənədləşdirilmənin aparılması qısa bir müddətdə təmin edilsin!!!
Təsəvvür edin ki, Dövlət Televiziyası ilə təqdim  olunan həmin o iclası və ölkə prezidentinin çıxışı bizim evdə az qala bir bayram atəşfəşanlığı yaşatdı. Ailə üzvlərinin üstünə sanki gün doğdu. Şəxsən mən elə hiss etdim ki, çiynlərimdəki ağır yükü kimsə götürdü. Axı tapşırığı ölkə prezidenti vermişdi və biz hamımız da bu tapşırığın sözsüz yerinə yetiriləcəyinə, araşdırmalar aparılacağına, az bir zamanda sənədləşdirilmənin başa çatdırılacağına böyük ümid bəslədik. Amma bu işi görəsi məmurlar deyəsən tapşırığın kimdən gəldiyini, həmçinin bu işin xalq üçün edildiyini unutdular!
İndi ötən bu böyük zaman kəsiyi ərzində hər dəfə mətbuatda, efirdə sənədsiz evlərlə bağlı yazılara, verilişlərə rast gələndə həmin o keçirdiyim sevincli anların yerini yeni qüssə-kədər tutur. Çünki illərlə qəpik-qəpik toplayıb qurduğum evin taleyi də öz taleyim kimi sual altındadı. Necə olacaq?! Harda və hansı şəraitdə öz ömrümü, ailəmin sabahını qurub-yaşayacağımı fikirləşə-fikirləşə bir ümidsizliyə doğru gedirəm. Təəssüf ki, bu ümidsizliyi yaradan məmurlar heç nə olmamış kimi hələ də öz işlərindədi. Əslində isə...
Ölkənin ali qanunlarına diqqət yetirirəm. Ana Yasadan tutmuş vətəndaş hüquqlarına, haqlarına qədər hər bir sənəddə insanın mənzil hüququ qırmızı xətlə yazılır. Bu hüququ da bizə verən müstəqil dövlətimizdir. Lakin özlərini balaca padşahlar kimi aparan məmurların günahı üzündən on illərlə qeydiyyatsız mənzillərdə yaşayan və ömrünü səksəkə ilə başa vuran minlərlə insanın taleyi həmişə sual altında olur və heç kim də bu sualı tapmaq, nə də o cavabı dilə gətirmək istəmir. Ən yaxşı halda bildirilir ki, "ev" qanunsuz tikilib, sənədsizdi, sökülməlidi!!! Ancaq deyən yoxdur ki, (Milli  Məclisdə səsləndirilmiş bir fikir hələ də yadımdadı! - Ə.M) daşı daş üstünə icazəsiz qoymaq mümkün olmayan paytaxtda necə minlərlə icazəsiz evləri tikmək mümkün olub? Əgər doğrudan da icazəsiz mümkün deyilsə, bəs o icazəni verənlərin cəzasını niyə vermirlər? Yoxsa  vəzifədən  çıxıblarsa, cəzadan da azad olublar?!
Bəli, elə bugünlərdə məhlə qonşuları ilə çəpərdili söhbət edirdik. Bu söhbətin iştirakçılarının hamısının da bir dərdi-səri var. O da icazəsiz tikdikləri son qəpikləri hesabına ev etdikləri yuvalarının damı üzərində dolaşan qara buludlardı. Bax, bu yazını bilgisayara diktə etdiym anlarda da düşünürəm ki, görəsən o buludları dağıdan olacaqmı?! Bir də görəsən möhtərəm prezidentimizin məlum tapşırığı aidiyyəti qurumların yadına düşəcəkmi?!
Nə bilmək olar, bəlkə də düşdü... Nə bilmək olar, bəlkə heç düşmədi də. Axı bura Azərbaycandı!

TƏQVİM / ARXİV