adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Dekabr 2018 00:38
10714
ƏDƏBİYYAT
A- A+

ŞEİRİMİZDƏ TƏZƏ İMZA: CƏMİL CƏMİLBƏYLİ

1999-cu ildə Bakıda köçkün ailəsində dünyaya göz açıb. Atası Vidadi Cəmilov Kəlbəcər həsrəti ilə böyüdüb balalarını. Kəlbəcəri ancaq kino lentlərində, videolarda, şəkillərdə seyr edən balaca Cəmilin də sinəsində iz açan Kəlbəcər göynəyi onunla birlikdə böyüyüb. İlk şeirlərini Kəlbəcər həsrətinə ünvanlayıb.
Cəmil Cəmilbəyli Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır. Mənə oxuduğu şeirlərin bir çoxunda özəllik duydum, yeni deyim tərzinə can atır, öz sözünü özünəməxsus şəkildə deməyə qərarlıdır. Bir qələm adamı kimi onun gələcəyinə - şeirimizdə boy göstərəcəyinə ümidliyəm. Elə ona görə də bir neçə şeirini hörmətli "Ədalət" qəzetinin dəyərli oxucularına təqdim edirəm. uğur olsun Cəmil!

Musa Ələkbərli

***
Məni güldürməyin yolunu axtar,
Dərdin ürəyimi yaralamasın.
Qəlbimdə bir an da yoxdu rahatlıq,
Xəyalına denən rahat buraxsın.

Sinəmdə olanın birini desəm,
Eşidən dözməz heç, qaçar uzağa.
Fikrim səmaları dolanıb gələr,
Çevrilib yazıya düşər varağa.

Səni də götürər xəyal yelkənim,
Götürüb gətirər mənim yanıma.
Amma bircə dəfə səsləsəm səni
Bilirəm ki çatmazsan heç vaxt dadıma.

Bu qədərmi yad olmuşam mən sənə,
Həsrətin çiçəyi gözümdə bitir.
Quru can olmaqdan bezmişəm daha,
Qayıtsan qəlbimi özünlə gətir.


SƏNİ HƏR UNUDANDA

Səni hər unudanda
Sevgidən mahnı eşidirəm.
Televizor elə bil məni gözləyir.
Hər səni unudanda yanıb eşqdən oxuyur,
Səni hər unudanda...
Şairin biri sevgidən şeir deyir,
Bir sözlə hr şey, hər şey səni xatırladır.
Heç vaxt gəlib görmədiyin dörd divarım da.
Gecə səmadakı ay da,
Pəncərəmə düşən yağış damlası da...
Hər şey... hər şey sənsən...
Hər şey səndi!..
Soyuqluq bürüyür canımı...
Səni hər unudanda
Təzədən yada düşürsən
Təzədən sevirəm səni...
Bil ki... səni unutmağı bacarıram.
Amma
Bir də yada düşməməyin var e,
Bax, bu əlimdə deyil...
Alındıra bilmirəm...

GÖZƏL

Həsrətin qəlbimdə yer eyləyibdir,
Nə gözəl düşmüsən yadıma, gözəl.
Sən mənə vüsalı qıymadın, mən də
Yandım hicranının oduna, gözəl.

Elə hey sızlayar, ağlar ürəyim,
Eşqindir qəmsə də mənim gərəyim.
Sənsən duyğum, hissim, ilham mələyim,
Şeirlər yazaram adına, gözəl.

Cəmili xəstə sal, həkimi olma,
Əlini tutmağa əlini qıyma.
Tanışı, dostu ol, sevgili olma,
Təki arada sal yadına, gözəl.
***
Özgəyə ağlayan yox,
Hərənin öz dərdi var.
Dünya qəm dünyasıdı,
Sərhəddi var, bəndi var.

Bu dünyanın ən pisi,
Bu dünyanın özüdü.
Sevgisi intihardı,
Eşqi Ölü dənizdi.
Qurtaran olmayıbdı
Həsrətinin əlindən.
Yetənə güllə atır
Fitnəsiylə, feliylə..

Yazılar qara-qura
Əlac yoxdu pozuya.
Dünyanın düzəlməyi
Qaldı gələn payıza.

***

Bəlkə də özgədən yox idi fərqin,
Özüm səni dağ başına qoymuşdum.
Məndəki sevgini, istəyi görüb
Söylə ürəyimə necə qıymışdın?!

Yollar haçalandı bir bahar çağı,
Mən də sanardım ki, yolumuz birdi.
Cəmləyib, toplayıb qəfil öldürdün
Ürəyimdə son arzunu, ümidi.

İndi özgəsinə yer salsın ürək,
Bir özgəsi gəlib yatsın, uyusun.
Bəlkə də bir özgə sən olmayacaq?!
Məzara dönəcək qəlbin quyusu.

Eşqin məhkəməsin təşkil edən yox,
Haqq nə cəza varsa sənə verərdi.
Mən dözə bilməzdim ağrına sənin,
Günahını boynuma götürərdim.