adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Dekabr 2018 17:07
8263
MƏMLƏKƏT
A- A+

Qızıl medallı məzunlar universitetə 1 imtahanla qəbul olunacaq? - Deputat aydınlıq gətirdi

""Ümumi təhsil haqqında" qanun layihəsində ümumi təhsilini qızıl medal ilə başa vuran məzunların imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunması barədə maddə ümumiyyətlə, olmayıb”.

Bunu BakuPost-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ. Həbibbəyli bildirib ki, Elm və təhsil komitəsi iki aydır, qanun layihəsi üzərində işləyir:"Bu müddətdə ekspertlərin, təhsil işçilərinin qanun layihəsi ilə bağlı onlarla təklifləri olub. Həmin təkliflər sırasında bu da yer alıb. Ancaq ümumi təhsilini qızıl medal ilə başa vuran məzunların imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunması barədə təklif bir maddə kimi qanun layihəsinə daxil edilməmişdi. Bu gün mətbuatda guya, qanun layihəsində belə bir maddənin olması, sonra layihədən çıxarılması barədə yazılan məlumatlar həqiqəti əks etdirmir. Qanun layihəsinə daxil edilməmiş təklif oradan necə çıxarıla bilər? Ümumi təhsilini qızıl medal ilə başa vuran məzunların imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunması kimi məsələlərin zamana ehtiyacı var. Ümumi təhsili qızıl medal ilə başa vuran məzunlar indiyə kimi ali məktəbə hansı qaydada qəbul olunurdularsa, bundan sonra da həmin qaydada qəbul olunacaqlar”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov BakuPost-a açıqlamasında deyib ki, ali məktəblərə qəbulda ümumi təhsillə bağlı qızıl və gümüş medalların heç bir üstünlüyü yoxdur:"Bu, yalnız mənəvi həvəsləndirici, motivasiya xarakteri daşıyır. Məzun daha yaxşı oxuduğu və fərqləndiyi üçün ona qızıl medal verilir. Ancaq mövcud qanunvericiliyə əsasən ali məktəbə qəbulda qızıl medalın heç bir dəstəkverici köməyi yoxdur”.