adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Dekabr 2018 09:22
18695
ƏDƏBİYYAT
A- A+

Dünyada tanınmaq Azərbaycanda tanınmaqdan asandır

(Şair Xəqani Həbiboğlu ilə müsahibə)

- Bu yaxınlarda Serbiyanın Smederevo şəhərində keçirilən 49-cu "Smederevo Poeziya Payızı" Beynəlxalq festivalının qalibi oldunuz. Sizə festivalın baş mükafatı "Smederevo Qızıl Açarı" təqdim olundu. Mükafat alarkən dediniz ki, " Doğma yurduma gedə bilmirəm, amma siz mənə şəhərinizin açarını verirsiz" . Bu paradoks stuasiya və mükafatı alarkən nə hiss etdiyinizi təsəvvür etmək çətin deyil Xəqani müəllim. Təsəvvürümüzü genişləndirin lütfən.
- Elə məqamlar var ki, adama təpər gətirir, adamı qoçaqlaşdırır. Səkkiz gün davam edən o festival və görüşlərin əhatəsində nə qədər həyəcan olsa da , insanın sanki ağıl itilənir. Ordakı çıxışçılar bu məqamda adama kömək edir. Mükafatı alanda keçirdiyim hisslər möhtəşəm idi. Orda insan bütövləşir, vətənləşir, belə deyim hiss edirsən ki, vətən elə dünyadır. Və bu vətəndə sən xalqını təmsil edirsən. Allah təpər verir ki, o qədər təbrikin və xoş sözlərin , xoş baxışların qarşısında duruş gətirə bilirsən. Mükafat alandan sonra mənə səkkiz şeir oxutdurdular. Şeirləri Azərbaycanca oxuyurdum, mən öz ana dilimi orda səsləndirəndə qürur duyurdum və sonra həmin şeirlərin serbcə tərcüməsini oxuyurdular. Məsələn, mənim bir şeirimdə belə misralar vardı " şairlərə iş verməyin" . Yəni şair başqa heç yerdə işləməməlidir,o xalqı təmsil edir. İşlədiyi yerdə səhv edərsə, xalq onu bağışlamaz və s. Görürdüm bu sözlər zalda müxtəlif ölkələri təmsil edən şairlərə də çox xoş gəlirdi. Bu məmnunluğu görəndə adam özünü dünya vətəndaşı hiss edir. Məni ilk dəfə rus dilinə tərcümə edən azərbaycanlı qadın, zəng edib təbrik edəndə qeyd etdi ki, mən biləndə həmin şeirlər serb dilinə tərcümə olunub və bu mükafata layiq görülüb, etiraf elədi ki, mən sizin şeirlərdəki fikirləri ruscaya yaxşı çatdıra bilməmişdim. Necə oldu ki, mənim bu bərbad tərcüməmlə ( mən belə hesab etmirəm, onun öz ifadəsidir) serblər belə bir tərcümə ortaya çıxarıblar. Mən həqiqətən Serbiyada çox gözəl şair, tərcüməçi, jurnalist , ictimai xadim, akademik xanım, - Vera Xorvata minnətdaram. O xanım bu işə çox məsuliyyətlə yanaşdı. Ümumiyyətlə serblər tərcümə işinə çox ciddi yanaşırlar. Mən deyərdim ki, məni Azərbaycanda və ümumiyyətlə öz ailəmizdə, oxucularım arasında Vera xanım qədər dərk edən adam yoxdur. Məni məndən yaxşı tanıyan adam ancaq həmin xanımdır. Mən bu uğuru ikimizin uğuru hesab edirəm.
Demək Smederevo Serbiyanın qədim paytaxtıdır. Belqrada yaxınlıqda, Dunay və Sava çaylarının qovuşduğu bir yerdə yerləşir. Orda Smederevo qalası var. Onlar serb dilində bu qalanın adının mənasını dəqiq bilmirlər. Məndən xahiş elədilər bəlkə türk dilində bu qalanın adının mənasını verə bilərəm. Mən dedim, bunu ancaq Slavyan dilləri ilə belə əlaqələndirə bilərəm ki, " sem " yeddi kimi , " derevo " ağac kimi götürsək " Yeddi ağac " mənasını verər. Həm də mənə bu təsuratı verən Serbiyanın demək olar başdan başa ağaclardan ibarət olmağı verdi. Mənə dedilər gəlib burda bizim öz silahımızla bizimlə döyüşmə, biz türk dilində cavab almaq istəyirik. Qayıdandan sonra bu barədə maraqlandım, biraz tarixi vərəqlədim. Mənə məlum olduğu qədər deyəsən o türklərdə "Güvərçinlik qalası" dır. Çünki, deyir Türklər Dunay çayının sahilində "Güvərçinlər qalası" nı aldılar. Məncə bu həmin qala ola bilər. Deməli , Roma imperiyasından tutmuş, I Dünya müharibəsində Avstriya - Macarıstan, II Dünya müharibəsində Hitlerçilər həmin qalanı tutmuşlar. Hətta II Dünya müharibəsində ora Hitlerçilərin silah anbarı olub. Geri çəkiləndə silahların üzünü şəhərə çevirib, partladıblar. Şəhərin yarısından çoxu məhv olub. Və o qalanın yanındakı muzeydə bir neçə dildə izah edirdilər ki, bu qalanı alanlardan yeganə olaraq Osmanlı imperiyası olub ki, 500 il müddətində nəinki qalanın bir daşını uçurublar, hətta onun divarları dibində kilsə tikiblər. Həmin kilsədə də oldum. Və 1970 ci ildən bəri serblər bu qalanın rəmzi açarı formasında mükafat təsis edib, bunu ancaq şairlərə təqdim etməyi qərara alıblar. Bu il 49 cu il dönümü idi, amma indiyə kimi bu açara 33 nəfəri layiq biliblər. 16 müxtəlif illərdə festival keçirilsə də bu mükafat heç kimə verilməyib. Ona görə bu mənim üçün çox əlamətdar hadisə idi. Festivalın baş direktoru Qoran Corceviç mənə dedi ki, sizin şeirləri oxuyandan sonra namizədliyinizi verdim, sonra bizim bir professor sənin şeirlərini elə tərcümə elədi ki, sənin namizədliyini irəli verən bir şəxs kimi özümü özümü qaladan Dunaya atmaq istədim. Sonra həmin Vera xanımdan xahiş ediblər tərcümə işini. Xanım deyib ki, mənim vaxtım yoxdur. Bir daha xahişdən sonra iki ən qısa şeiri tərcümə etməyə razılaşıb. Deyib, xoşuma gəlsə davamını edəcəm. Onu da deyim ki, orda tərcümə işi çox bahadır. İki ən qısa şeiri tərcümə edəndən sonra qalan yüz şeiri pulsuz tərcümə edib. Və öz dediyinə görə heç kimə yazmadığı ön sözü yazıb. Dediklərinə görə inanmayıblar ki, bu şeirləri Şərq şairi yazıb. İxtisasımın riyaziyyat olduğunu biləndə çox təəccübləndilər. Onlar üçün şeirin ölçüsü də vacibdir, hecalara qədər saymışdılar. Qoşma, heca onlar üçün çox maraqlı idi. İnanmaq istəmirdilər ki, bu şeirləri şərq insanı yazıb, biləndə ki, mən riyaziyyat müəllimiyəm sevinmişdilər, sanki təsəlli tapmışdılar. Orda baş direktor bir söz dedi, Xəqani riyaziyyatçı olmasaydı biz bu mükafatı ona verməyəcəkdik. Yəni onların ədəbiyyatçıdan gözləntiləri başqa , riyaziyyatçıdan başqa idi. Orda adi orta məktəb riyaziyyat müəlliminə "professor " deyirlər. Riyaziyyat elminə hörmət çox böyükdür. Ümumiyyətlə mədəniyyətə , incəsənətə, elmə olan maraqları məni çox təəccübləndirirdi. Serbiya dünya şöhrətli fizik, alim Nikola Teslanın kəşflərindən ( Belqrad hava limanı onun adınadır) 700 adda patent alıb. Və maraqlıdır ki, bu qədər nəaliyyətlərə və inkişafa ramən bizim onları təbliğ etməyimizə çox böyük ehtiyac duyurlar. Deyirlər türklər böyük millətdir bizi təbliğ edin, bizi tanıdın. Müsabiqədə çox ciddi juri heyəti vardı. Festivalın baş direktoru Qoran Corceviç, juri sədr akademik- Slobodan Qrubiç və professor,elmlər doktoru Petar Bunak və Draqan Draqanojoviç .Serbiya yazıçılar birliyinin sədri Radomir Andriç mükafat verilən gün bütün gün mənimlə birlikdə oldu, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla şəxsi dostluq əlaqələri olduğunu bildirdi, salam göndərdi. Hətta dedi ki, Anar müəllimə görə də sevinirəm ki, bu mükafatı Azərbaycanlı şair aldı. Serbiya İnformasiya və Mədəniyyət Naziri Vladan Vukosavlyeviç məni qəbul elədi , məndən Serbiya haqqında kitab yazmağı xahiş etdi, tərcüməsini və dərcini öz himayəsinə götürdü.
- Xəqani müəllim, belə deyək, siz Azərbaycan ədəbiyyatında elə də tanınmış və qəbul olunan imza deyilsiniz. Bu festivalda Azərbaycanı təmsil etməyiniz , özünüzə də qəribə gəlmədimi?
- Sizin açıq sualınıza, açıq da cavab verəcəm. Belə deyək də, həmişə , bütün dövrlərdə şairləri bizə seçmə yolu ilə təqdim ediblər. Hamımız bilirik ki, zirvələrdə olan şairlərin yerini xalq təyin etməyib, bunun üçün millətin sorğusu keçirilməyib. Azərbaycan mühütü üçün təqdimat çox vacibdir . Mütləq təqdim olunmalı, tərif olunmalı, ev-eşiklə təmin olunmalısan ki, xalq səni qəbul etsin. Amma çox doğru deyirsinizki, mən Azərbaycanda elə də tanınmayan və təbliğ olunmayan şairəm. Sadəcə bilmək lazımdır ki, hər yerdə belə deyil. Dünyada çoxlu poeziya festivalları keçirilir. Bu festivallarda poeziyaya, şairə çox yüksək qiymət var. Bizdə dostluq, tanışlıq, vəzifə xətrinə bir-birini təriflətməkdənsə, imkan daxilində tərcümə olunmaq lazımdır. Tərcümə olunub, dünyaya qaynayıb qarışmaq lazımdır. Qayıdandan sonra qərəzli şəkildə tənqidlərlə üzləşdim. Niyə filankəs yox, Xəqani Həbiboğlu ? O festivaldakı adamlar mənim qohumum deyildilər. Baxın, hazırda üç Avropa ölkəsinə dəvətim var - Bolqarıstan, Polşa, Çernoqorıya. Şeiri yazmaq azdır, gərək öz yazdığının arxasında dayanmağı da bacarasan. Mən öz əmək haqqımla şeirlərimi tərcümə etdirdim. Yaxşı tərcümə də böyük rol oynayır. Tərcüməçi təkcə sözü yox, fikri də tərcümə etməlidir. Onlar öz mədəniyyətlərini dünyanın hər yerində yayılmasına çalışırlar. Serblər dünyanın ən döyüşkən milləti olub, amma indi etiraf edirlər ki, mədəniyyətlə əldə olunanları döyüşlə əldə etmək olmur.
- Serbiyada şeirlər kitabınız çap olundu, Serb şeiri ilə Azərbaycan şeiri arasında hansı oxşar və fəqrqli cəhətlər var?
- Nəinki serb şeirinin, orda bir çox xalqların şeirləri ilə tanış oldum. Bu şeirlər almanatx şəklində də çap olundu. Orda təqdimat bizdən fərqlidir, hansısa tənqidçi səni tərifləmir. Orda təqdimat yalnız şeirdir. Məni Belqrad Dövlət Universitetinin filologiya fakültəsinə apardılar. Çıxış zamanı mən rusca, bir qız serbcə oxuyuruq. Dədə Qorquda gələndə yerdən bir xanım dedi, " Xəqani öz ana dilimizdə danış " . Bu xanım Serbiyada Mədəniyyət Mərkəzinin direktoru, professor Zərifə Əlizadə idi. Və başladı mənim danışığımı tələbələrə serb dilində təhlil etməyə. Tələbələr onu o qədər maraqla dinləyirdilər ki, mən heyran qaldım. Həmin universitetdə filologiya fakültəsində Azərbaycan dili bölməsi də var imiş. Belqrad şəhərinin mərkəzi küçələrindən biri Bəxtiyar Vahabzadənin adını daşıyır. Dunay çayının sahilində Novi Sad şəhərində Üzeyir Hacıbəyov parkı var, fəvvarələr vuranda Üzeyir bəyin musiqiləri səslənir. Mərkəzi meydan olan -Taşmaydanda Heydər Əliyevin, Milorad Paviçin və NATO-nun bombardumanı zamanı gəlinciyi qucağında həlak olmuş qızcığazın heykəlləri var. Yeri gəlmişkən deyim ki, Milorad Paviçin "Xəzər lüğəti" romanının tərcüməçisi dəyərli ziyalımız əməkdar jurnalist, tərcüməçi-publisist Əlövsət Ağalarov da orda idi. Bu səfərə hazırlaşarkən Serbiya haqqında çox oxudum. Ancaq mənə ən vacib və ensiklopedik məlumatları Azərbaycanın Serbiya, Bosna - Hersoqaviniya və Çernoqorıyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun "Balkanların dostluq körpüsü boyunca" kitabı verdi. Bizim səfirlik orda ədəbiyyat naminə böyük işlər görür, festivalda çıxış edən səfir Eldar Həsənov bu mükafatı Azərbaycan və Serbiya arasında mədəni əlaqələrin açarı kimi qiymətləndirdi. Argetinadan iştirak edən bir yaşlı iştirakçı xanım, mənə bir şüşə şərab hədiyyə etdi. Hər il Argetinadan bir şüşə şərab gətirirmiş ki, orda ən ciddi kişiyə təqdim etsin. Mənim çatışmayan cəhətlərim vizit kartımın olmamağı və ingilis dilini bilməməyim idi. Bəlkə ona görə ciddi görünürdüm ( gülür). Onlar məndən xahiş etdilər bir mahnı oxuyum, dedim səsim yoxdur. Dedilər heyif bizim zənnimizə ki, bu şeirlərin müəllifi elə hesab edir ki, ancaq səsi olanlar mahnı oxuya bilər.

(ardı gələn sayımızda)

Söhbətləşdi:
Nuranə Nur