adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Dekabr 2018 13:43
10440
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: ATMOSFERƏ ŞADLIQ SARAYLARINDAN ZƏHƏRLİ QAZLAR ÇOX ATILIR, YOXSA AVTOMOBİLLƏRDƏN?!

Axır vaxtlar şadlıq saraylarının havanın çirkləndirilməsi ilə bağlı qarşılaşdıqları problemlər cəmiyyəti və o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyini çox narahat edib. Sən demə, Bakıda havanı çirkləndirən əsas amillərdən biri də şadlıq sarayları imiş. Bunula sözümüz yoxdur, nəinki şadlıq sarayları, hətta kiçik sexlərdən belə atmosferə atılan zəhərli qazlar təmiz havanı yaman günə qoyub.

Amma bizə elə gəlir ki, şadlıq saraylarından da çox Bakıdakı havanı çirkləndirən avtomobillər və bir də iri istehsalat sahələrindən atılan normadan artıq zəhərli qazlardı. Bundan ən çoxu müxtəlif tikinti təşkilatlarının havanı toz-torpaqla pis günə qoymasıdır. Başqa sözlə demiş olsaq, onlar Bakının havasını lap zəhrimara döndərib. Təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsəslələrdən çox şadlıq saraylarının üstünə düşüb. Bakıda da yüzlərlə şadlıq sarayları var. "Bərkgedən” şadlıq sarayları qalıb kənarda, ortabablar və zəiflər təyziqlərə məruz qalıb. Zarafat deyil, şadlıq saraylarında göstərilən nöqsanları aradan qaldırmaq üçün yeni qurğuları alıb quraşdırmağa 50-60 min manat vəsait lazımdır. Bir balaca imkanı olanlar bu problemi aradan qaldırıblar. Toyları və imkanları məhdud olan şadlıq saraylarının isə "qarınlarına ağrı dolub”. Yəni bu cür şadlıq sarayları məlum qurum tərəfindən yüksək məbləğdə cərimə edilir və onlar da qalır canları ilə əlləşə-əlləşə.

Görəsən, atmosferə şadlıq saraylarından çox zəhərli qazlar atılır, yoxsa avtomobillərdən və tikinti şirkətlərindən?! Şadlıq sarayları belədir ki, ilin 2-3 ayını işləmirlər. Və toy da olanda cəmi 2-3 saat onların mətbəxində yemək bişirilir, kababın və digər yeməklərin tüstüsü ətrafa yayılır. Yəni belə baxanda şadlıq saraylarından avtomobillərdə və tikintilərdə olan qədər zəhərli qazlar atmosferə atılmir. Təəssüf ki, məlum qurum nədənsə bu məsəslələri yaddan çıxararaq şadlıq saraylarının üstünə düşüb. Biz demirik ki, şadlıq saraylarının günahı yoxdur. Onların da günahı var. Amma şadlıq sarayları avtomobillər və istehsalat sahələri kimi havanı yaman günə salmır. Bir də şadlıq sarayları o qurum tərəfindən cərimə ediləndə onlar da bu cəriməni toy edən adamların "bellərinə yükləyirlər”. Başqa sözlə demiş olsaq, cərimənin pulunu vermək üçün yeməklərin qiymətini artırırlar. Son nəticədə isə zərbə cərimə olunmuş o şadlıq saraylarında toy edən çoxlu sayda insanlara dəyir.

Görünür, hər tərəfdə qara camaata zərbə vurmaq kimlərinsə şakəridir. Ekspertlər də bildirirlər ki, bu bir kampaniyadır, şadlıq sarayılarının başında çatlayır. Hansısa oliqarx xaricdən bahalı qurğular gətirdib, indi onu da o restoranlara satdırmaq istəyir. Kimin pulu var alır, kimin də pulu yoxdur, şadlıq sarayı cərimə edilir və gözüm çıxdıya salınır.

Ancaq biz ekspertlərin bu fikriylə də razılaşa bilmərik. Çünki Qaradağ və Abşeron rayonlarındakı onlarla daş karxanalarının fəaliyyəti dayandırılıb ki, həmin daş karxanalarından atmosferə normadan artıq toz-torpaq atılır. Belə ki, bir çox daş karxanalarının işlətdiyi avadanlıqlar fiziki və mənəvi cəhətdən köhnəlib, istismar müddətini başa çatdırıb. Bu faktların özü göstərir ki, məlum qurum atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün qanun çərçivəsində obyektiv addımlar atıb. Haçan ki, onlar müasir standartlara cavab verən avadanlıqlar alacaq, quraşdıracaq və istismar edəcək, bax onda da fəaliyyəti dayanmış daş karxanalarına yenidən işləməsi üçün icazə veriləcəkdir.

Bu fikirlə də bəzi ekspertlər razılaşmırlar. Bildirirlər ki, məlum qurum o daş karxanaların fəaliyyətini dayandırıb ki, onların arxasında güclü qüvvə yoxdu və yuxarıları razı sala bilmir. Daha doğrusu, yəni işə "qəmiş” qoyanları razı salmağı bacarmırlar. Üstəlik də həmin daş karxanalarının işləməməsi çoxlu sayda insanın bekar qalması və evinə çörək pulu aparmaması ilə nəticələnib. Təbii ki, bu da birmənalı qarşılanmır.

Ataların gözəl bir məsəli var: "Od olmasa, tüstü çıxmaz”. Yəni hər hansı narazılıq doğuran obyektiv və subyektiv səbəblər mövcuddur. Bax, bizdə çox vaxt bu tələblər unudulur, vəzifə və ixtiyar sahibləri hər şeyi öz arşınları ilə ölçürlər. Hər şeyi də öz arşını ilə ölçəndə haqq-ədalət ayaq altında qalır. Axı camaatın gözü tərəzidir. Əgər bir şey ağdırsa, ha bəzəyib düzəsən də o ağ kimi görünəcək.

Ekspertlər onu da deyir ki, yaxşı olardı məlum qurum şadlıq saraylarından çox dizel yanacağı ilə işləyən avtobusların, avtomobillərin və eləcə də şəhərin havasını hər gün, hər dəqiqə zəhərləyən tikinti təşkilatlarının üstünə getsinlər. Məlum qurum deyə bilər ki, bəli, biz onlar barəsində də qanunamüvafiq tədbirlər görmüşük və görürük. Hətta üstəlik hər il avqust ayında DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə "Təmiz hava” aylığı da keçiririk. Buna da heç kimin sözü ola bilməz. Çünki əziyyət çəkirlər, bir ay bu tədbiri iki qurum icra edir. Ekspertlər bir fikri də səsləndirirlər ki, atmosferə ən çox zəhərli qazlar atan və çoxlu sayda nəqliyyat vasitələri olan MMC-lər və tikinti kooperativləri barədə yüksək cərimələr tətbiq olunmalıdır. Yoxsa arxası və gücü olmayan şadlıq saraylarını zəlil günə salmağa nə var ki?!

Göründüyü kimi, təmiz havanı qorumaq tək bir qurumun vəzifəsi və işi deyil. Əgər avtomobili texniki cəhətdən qüsurlu olan bir sürücünün də idarə etdiyi nəqliyyat vasitəsindən atmosferə normadan artıq zəhərli qaz atılırsa, o sürücü də bir vətəndaş, bir insan kimi məsuluyyət daşımalıdır. Yəni atmosferin təmiz saxlanılması üçün tək bir nazirlik deyil, on milyona yaxın əhalinin hamısı göy üzünə müqəddəs məkan kimi baxmalı və onu qorumalıdır. Nə vaxta qədər ki, biz bu işi bir qurumun üstünə atacağıq, o vaxta qədər də ölkəmizin, Bakının havası normadan artıq çirklənəcək. Və biz də vəzifəmizdən, imkanımızdan, tutduğumuz mövqedən asılı olmayaraq, bu çirkli havanı udacağıq.