adalet.az header logo
  • Bakı 12°C
05 Dekabr 2018 12:49
5904
GÜNDƏM
A- A+

Professor plagiatlıq etmədiyini bildirdi: “...ortada başqa bir adam var” - QALMAQAL

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi "İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması haqda məlumat yayılıb."Ölkə.az”ın yaydığı məlumata görə, Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ.Adilov, Z.N.Verdiyeva və F.M.Ağayevanın birlikdə tərtib etdikləri "İzahlı dilçilik terminləri lüğəti”Fəxrəddin Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış "Dilçilik ensiklopedaiyası”ndan köçürülübr. Sayt "İzahlı dilçilik terminləri lüğəti” kitabındakı köçürmələri üzə çıxartmaq üçün hər üç kitabı əldə etdiyini bildirərək, oğurluq faktının olduğunu iddia edib:


"Professor Sayalı Sadıqovanın müəllifi olduğu kitabdakı oğurluq faktlarını görmək üçün heç dilçi olmaq da lazım deyil. Kitabın istənilən səhifəsini vərəqləmək kifayətdir edir ki, orada plagiat faktlarını aydın görəsən. Hətta misallar da eynidir”, - "Ölkə.az” yazıb.

Məsələ ilə bağlıModern.az-a danışan professor Sayalı Sadıqova bunu jurnalist təxəyyülünün məhsulu olduğunu bildirir:

"Bu söhbəti jurnalist açıb. Daha sonra Fəxrəddin müəllimə zəng edib. Fəxrəddin müəllim deyir ki, "mən "İzahlı dilçilik terminləri lüğəti”ni görməmişəm. Lüğət haqqında heç bir söz deyə bilmərəm”. Sonra məndən açıqlama alıb. Mən də bidirmişəm ki, "bizim lüğətimiz birdillidir, prinsipləri tamam başqadır”.

Ona görə mən o yazını məqsədli şəkildə yazılmış yazı hesab edirəm və heç onu şərh eləmək də istəmirəm. Fəxrəddin müəllimin səsyazısını da saxlamışıq. Fəxrəddin müəllim deyir ki, "xəstəydim, evimdə oturduğum yerdə jurnalist zəng etdi və münasibət bildirməyimi istədi. Mən də dedim ki, o lüğətlə tanış deyiləm”. O səsyazısı da bizdədir.

O lüğət rusca, bizimki isə Azərbaycan dilində verilən tamamilə müasir lüğətdir. Fəxrəddin müəllimin lüğəti 2006-2008-ci illərdə nəşr olunub. O lüğətin rus, alman, ingilis, fransız, Azərbaycan dilində transkripsiyası verilib. Orada daha çox alman dilinin qaramatikasında işlənən terminlər toplanıb. Bunların izahı bir cümlə ilə verilib. Biz isə hər bir terminin nəşr dilində izahını vermişik. İndiyə qədər azərbaycan dilində bu cür terminoloji lüğət olmayıb. Lüğət fevral ayında çıxanda AzTV-də "Azərbaycan dili” verilişində Nizami Cəfərovun rəhbərliyi altında, eyni zamanda mart ayında İctimai Televiziyada Tofiq Müzəffəroğlunun verilişində müzakirə olunub. "Xalq”, "Respublika”, "525-ci qəzet”də geniş məqalalər dərc edilib, həmçinin, "Türkologiya” jurnalında rəy dərc olunub. Lüğət Türkiyədə müzakirə olunub, Zeynəb Qorxmazın "Türk dilinin qrammatikası lüğəti”ndən yüksək dəyərləndirilib. Noyabr ayında lüğətin təqdimatı keçirilib. Orada bütün dilçilər iştirak edib. Lüğətin baş redaktoru İsa Həbibbəyli, redaktoru Mövsüm Nağısoylu, elmi redaktoru mənəm. Lüğət iki il müddətinə hazırlanıb. Mən həm də Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müaviniyəm. O lüğətdə hansısa plagiatdan söhbət gedə bilməz. Və bütün bunlardan sonra jurnalistin bu fikirləri yazmağı doğru deyil”.

S.Sadıqovanın "Bəlkə bu fikirlər Fəxrəddin Veysəlli tərəfindən jurnalistə bildirilib. Jurnalist özündən belə şeyi niyə yazsın” sualına cavabı belə olub:

"Fəxrəddin müəllimin səsi məndə var. O, ümumiyyətlə lüğətlə tanış olmadığını deyir. Bizim bu sahədə geniş təcrübəmiz var. Lüğətdə plagiatlıq axtarıb tapmaq qeyri-mümkündür. Necə ki, şəxs adlarını qoyan zaman, məsələn kimsə Aygün adını qoyur, sabah digəri Aygül qoyur. Və kimsə deyə bilməz ki, "Aygün, Aygülü mən yaratmışam, məndən oğurlayıblar”. Bu, xalqın söz xəzinəsidir. Dilçilik elminin terminləridir, hərə bir şəkildə izah edir. Fəxrəddin müəllim deyirsə ki, "mən lüğəti görməmişəm”, jurnalistin yazını o cür təqdim etməsini özü bilər.

Kim deyib o sözü ki, bizim lüğət plagiatdır, bax o adam yoxdur ortada. Hər iki müəllif - mən də, Fəxrəddin müəllim də o fikirləri təkzib edirsə, deməli, ortada başqa adam var. İki il ərzində görülmüş işə kölgə salmaq olmaz. O lüğət hər bir dilçinin stolüstü kitbıdır”.