adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Dekabr 2018 22:50
6987
GÜNDƏM
A- A+

Ramin Fərəhli


***
Oxşar cəhətlərin cəlb etdi məni,
Əlamət deyilən bir şey var axı..
Qorxusuz, ürküsüz sevirəm səni,
Cəsarət deyilən bir şey var axı..

Bilməm, bu nə qismət, özüm də çaşdım,
Sənə yetmək üçün ellər dolaşdım,
Neçə çay adladım, neçə dağ aşdım,
Ziyarət deyilən bir şey var axı..

Düşmə yenik,hissin ötən çağına,
Qoyma xəzan gələ eşqin bağına,
Vermə sevdiyini yad ayağına,
Sədaqət deyilən bir şey var axı..

Sənə öz qəlbimi verdim hədiyyə,
Hər gün oxşayasan, sevəsən deyə,
Nədən incidirsən, sən onu, niyə??
Əmanət deyilən bir şey var axı..

Səmum yelləri tək səhradan əsdin,
Ruhumu yandırıb, əhdimi kəsdin,
Yoxsa,ürəyimi qırmaqdı qəsdin??
Cinayət deyilən bir şey var axı..

Göz elə şey görür, qan yaşla dolur,
Şübhələr ah çəkir, saçını yolur,
Onsuz da gec ya tez haqq yerin bulur,
Ədalət deyilən bir şer var axı..

İstəsən şimşək ol, başım üstə çax,
Üstümə od püskür, yandır məni, yax,
Amma bircə dəfə gözlərimə bax,
Məhəbbət deyilən bir şey var axı..

Bu yol sevda yolu, min sorğu-sual,
Eşqi saf olana burda yox zaval,
Bu yolun sonunda şirin bir vüsal-
-Səadət deyilən bir şey var axı...

Bu qədər asanmış "əlvida" demək??
Bir də söz tutmasın, dilin qurusun..
Ötsün xəzan yeli ömür bağından,
Ləçəyin tökülsün, gülün qurusun..

Əzsin dabanını çınqıllı daşlar,
Axsın ürəyinə gözündən yaşlar,
Dönsün yarı yoldan "köçəri quşlar",
Suyun buxarlansın, gölün qurusun..

Kədər buludundan yağsın bəyaz qar,
Üşüyən ruhunun bəxtinə yaz-qar,
Sarsın ətrafını şaxta, ayaz, qar,
Çəmənin qurusun, çölün qurusun..

Dərdin sıralansın səflə bir, iki,
Cavankən ağarsın başının tükü,
Elə ağır olsun ayrılıq yükü,
Çiynin çəkəmməsin, belin qurusun..

Layiqin deyilmiş qurduğum taxt, tac,
Yanlış qərarından fələk alsın bac,
Qalsın ipək saçın sığala möhtac,
Əlləri dalasın telin qurusun..

Bəsdi, yetər artıq bunca qəm yedim,
Əhdə xilaf çıxma, sadiq ol dedim,
Mən sənə güvənib çiyin söykədim,
Vurdun kürəyimdən əlin qurusun..

***
Məndən üz döndərib taleyin zəri,
Yüz atsam bir dəfə qoşa gəlməyir..
Faydası da yoxmuş xam xəyalların,
Ağlıma gələnlər başa gəlməyir..

Gen gəzir bəxtimə yazılan ruzu,
Üşüdür qəlbimi həsrətin buzu,
İtir şeyrimin də dadıyla duzu,
Nə yazsam, nə desəm xoşa gəlməyir..

Hər anım dərd, azar hər işim əngəl,
Nə qədər diz çöküm, yalvarım tez gəl,
Xoş günüm nədənsə qoymayır məhəl,
Gözümdən süzülən yaşa, gəlməyir...

Yersiz inciyəndə bir əziz kəsim,
Sıxır ürəyimi bu can qəfəsim,
Elə sarsılır ki, yaşam həvəsim,
Könlüm heç nə ilə cuşa gəlməyir...

Hətta gözlərimi sevda tutanda,
Hicran öc aparıb ara qatanda,
Mənim gözlədiyim mənə çatanda,
Dönür incə qəlbi daşa, gəlməyir...

Bir insan ömrünə verilən müddət,
Fərqli olaylarla zəngindi əlbət,
Ya alın yazıdı, ya da ki, qismət,
Gələn ömrümüzə boşa gəlməyir....

***
Sən ki, bundan öncə də tənha idin tək idin,
İndi nədən bu qədər üzülürsən ürəyim..
"Bəxtəvərin nə böyük qəlbi var"- deyərdilər,
Niyə geniş sinəmdə büzülürsən ürəyim..

Yoxdur axı faydası bunca çalışmağının,
Şahidisən haqsızın haqdan danışmağının,
Nə mənası şam kimi yanıb alışmağının,
Əriyib öz gövdənə süzülürsən ürəyim..

Puç olduqca arzular qəm libası geyirsən,
Taleyini qarğayıb-bu nə bəxtdi-deyirsən,
Saplağından üzülmüş meyvəyə bənzəyirsən,
Dəyib daşa, torpağa əzilirsən ürəyim..

Hicran uzun dərs imiş, vüsal zəngi çalınmır,
Gözləyirsən ümidlə alınmır ki, alınmır,
Döyünsən də bir belə varlığın hiss olunmur,
Bircə ağrı tutanda sezilirsən ürəyim.

***
Ey vüsal eşqiylə alışan gözəl,
Hicranın önündə nə tez əyildin..
Nədir bu soyuqluq, bu biganəlik,
Sən belə deyildin, belə deyildin..

Baxanda gözündən sevgi yağardı,
Dinəndə sözündən sevgi yağardı,
Güləndə üzündən sevgi yağardı,
Sən belə deyildin, belə deyildin..

Qəlbinin sirrini mənə açardın,
Günəş tək ömrümə şəfəq saçardın,
Məni düşünərdin, mənə qaçardın,
Sən belə seyildin, belə deyildin..

Bir zaman sən idin yuxusuz qalan,
Sevdiyin insanla bir yerdə olan,
Bəs indi nədir bu bəhanə, yalan,
Sən belə deyildin, belə deyildin...

De, hansı qüvvənin qərəzi, qəsdi,
Mənimlə yaranan ülfəti kəsdi,
Yenə aramızdan hansı yel əsdi,
Sən belə deyildin, belə deyildin..

Ruhumu şübhələr bürüyüb yenə,
Etinasızlığın dağ çəkir mənə,
Nə oldu əzizim, nə oldu sənə,
Sən belə deyildin, belə deyildin...

***
Ölsəm öldüyümü deməyin ona,
Yaşasın firəvan, gözü, könlü şən..
Nə qədər olmasa üzülər qəlbi,
Çox da sevsəm belə sevilmədim mən..

Soruşsa kimdir o çiyində gedən?
Bir belə yasını saxlayanı var..
Hansı xoş əməlin sahibidir ki,
Bu qədər yaş töküb ağlayanı var..

Deməyin..Nə olar, deməyin ona,
Bilməsin o mənəm,ölmüşəm yoxam..
Axı rəvadırmı qərib dünyadan,
Gümanı sarsılmış qadına baxam..

Qoy elə zənn etsin, qoy elə bilsin,
Hələ də yaşayır onu çox sevən..
Lağeyid olsa da mənim eşqimə,
İtməsin arada bu inam, güvən..

Bu düşüncə ilə, bu xəyal ilə,
Asudə ömrünə davam eyləsin..
Söz düşsə sevgidən o da fərəhlə,
"Məni də sevən var"-deyə söyləsin..

Vallah, istəmirəm taleyi, bəxti,
Mənim yoxluğumla sınasın onu..
Etinasızlığın çəkib üzünə,
Dost-tanış hər dəfə qınasın onu..

Ölsəm öldüyümü deməyin ona,
Halıma acıyar, yazığı gələr..
Qorxuram vicdanı rahat buraxmaz,
Özünün, özünə acığı gələr..


Mənim öldüyümü
deməyin ona...

Keçdi günlər, ötdü ay,
Coşdu dəniz, daşdı çay,
Gəldi yenə isti yay,
Tətilə çıx bu yerdə,
Nə var axı şəhərdə..

Uca dağ, yaşıl orman,
Havası cana dərman,
Zirvəsinin çən-duman,
Çəkib üstünə pərdə,
Nə var axı şəhərdə..

Get bir həftə orda qal,
Təbiətdən ilham al,
Qələmini işə sal,
Şeir də yaz, əsər də,
Nə var axı şəhərdə.

Bilmirsən gündüz-gecə,
Nəyi edəsən necə,
Hava da qırx dərəcə,
Gəl indi döz bu dərdə,
Nə var axı şəhərdə..

Hər yan od tutub yanır,
Adam candan usanır,
Ölü sükut dolanır,
Kimsəsiz küçələrdə,
Nə var axı şəhərdə..

Tullantılar fəlakət,
Bir yandan da rütubət,
Bu səbəbdən üfunət-
-qoxur mavi Xəzər də,
Nə var axı şəhərdə...

Ramin, sən də müxtəsər,
Götür qələmlə dəftər,
Yaz bunu yara göndər,
Darıxmasın səfərdə,
Nə var axı şəhərdə..


***
Köhnə qəbristana bənzəyir qəlbin,
Gör neçə sevdalar dəfn olub orda..
Suçsuzlar sevərək əzab çəkibdi,
Suçlular elə tez əhv olub orda..

Səni yalqız qoyub gedəndə "köhnə",
Gözlərin aradı yeni bir səhnə,
Yoxsa sən nə idin məni sevmək nə,
Görünür nəsə bir səhv olub orda..

İndi düşünürəm hər gün hər gecə,
Ülvi hisslərimi almadın vecə,
Mən necə qayıdım o qəlbə necə,
Axı son ümidim məhv olub orda..