adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Dekabr 2018 22:02
12368
GÜNDƏM
A- A+

Hüseyn Cavidin nəşini Azərbaycana gətirənlər


Qəlbimdə Hüseyn Cavid yaradıcılığına böyük maraq hələ orta məktəb illərində baş qaldırmışdı. Azərbaycan ədəbiyyatına öz möhrünü vurmuş, romantizmin banisi sayılan Cavidin dahiyanə əsərləri, nakam taleyi mənim ona olan oxucu sevgimi birə yüzqat artıırdı. Xatirimdədir. O vaxtkı Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinin ikinci kursunda oxuyurduq. 1982-ci ilin oktyabr ayı idi. Böyük tənəffüsdə qrup rəhbərimiz Nəsir müəllim üzünü mənə tutaraq dedi ki, saat 12-də hamınız Əlyazmalar İnstitutunun qarşısında olun. Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətiriblər. Burda böyük tədbir olacaq. Deyilən vaxt hamımız ordaydıq. Başqa ali məktəblərdən gələn tələbə və müəllimlər , idarə və təşkilatlardan gələn nümayəndələr də çox idi.
Cavidlə görüşə gələnlər arasında Azərbaycan KP MK-nin birnci katibi Heydər Əliyev də vardı. Gündüz ssat 1-də H.Cavidin uyuduğu tabut institututdan çölə gətirildi. Heyrətdən hamının gözündən kədər və sevinc yaşları süzülürdü. H.Əliyev H.Cavid, onun yaradıcılığl, faciəli taleyi barədə çox alovlu, təsirli nitq söylədi. Ölkə rəhbərindən sonra tanınmış şair və yazıçıların, mədəniyyət , incəsənət xadimlərinin də çıxışları dinlənildi. Tədbirin sonunda Hüseyn Cavid böyük ehtiram və sevgiylə, alqış sədalarıyla ata yurdu olan Naxçıvana yola salındı. Böyük sənətkarın orada dəfn olunmasını Heydər Əliyevdən Cavidin qızı Turan xanım xahiş edibmiş...
Hər dəfə Cavidin kitablarını əlimə alıb oxuyanda o səhnə, qarşılama mərasimi dünən olubmuş kimi gözlərim önündə çanlanır.
... Axşam evdəydim. 1994-97-ci illərdə rayon İcra Hakimiyyətinin başçısı işləmiş Tamara xanım Əliyeva mobil telefonuma zəng edərək dedi ki, vaxtın olsa, sabah nahara yaxın bizə gəl. Bakıdan qonaqlarım gələcək. Maraqlı insanlardı. Səni onlarla tanış etmək istəyirəm. Jurnalist olduğun üçün bu qərara gəlmişəm. Tamara xanımın təklifi lap ürəyimcə idi. Mən hər zaman maraqlı insanlarla ünsiyyətə , onlardan müsahibə almağa can atmışam. Deyilən vaxt getdim. Ev sahibəsi məni tanımadığım iki nəfərlə tanış etdi. Çay süfrəsi arxasında davam etdirilən söhbətdən öyrəndim ki, Telman Əliyev əslən Naxçıvandandır. 40 il polis sistemində çalışıb, 10 il Muxtar Respublikada daxili işlər nazirinin müavini işləyib.Telman ƏliyevAzərbaycan rəhbərinin şəxsən tanıyıb etibar etdiyi , inam bəslədiyi, bu məsul vəzifəyə təyin etdiyi kadrlardan biri olub.Telman müəllim , cənab polkovnik söhbət əsnasında mənə müəyyən suallar verdi. Eşitdiyi cavablar isə çox xoşuna gəldi.- Zarafatla , sevincək- sən mənim adamımsan ki dedi.-Cavid ilə bağlı bilgini bəyəndim.-Bəs , onun Azərbaycana necə , kimin böyük əməyindən sonra gətirilməsi ilə bağlı məlumatın varmı?-deyə soruşdu.Mən tələbə vaxtı iştirak etdiyim həmin tədbirdən danışdım. Dedim ki, qalanını sizdən öyrənmək istəyirəm.Telman Əliyev , -baş üstə deyib söhbətə körpü saldı:
-1982-ci ilin yaz ayı idi. Hörmətli Heydər Əliyev Naxçıvana gəlmişdi. Vaxt ayırıb ziyalılarla da yaddaqalan görüş keçirdi. Respublikanın hərbi komissarı olmuş polkovnik Əhməd Əhmədov dedi ki, yoldaş Əliyev , Hüseyn Cavidin 100 illiyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı Mərkəzi Komitənin qərarını alqışlayırıq. Ziyallar, bütün Naxçıvanlılar adından sizdən xahiş edirik ki, böyük nüfuzunuzdan istifadə edərək Cavidin nəşinin Azərbaycana gətirilməsinə kömək göstərəsiniz. Bu təklifi dəyərləndirən ulu öndər Bakıya qayıdan kimi Brejnevlə bu məsələ barədə danışacağını bildirdi. Moskvanın razılığı alınandan sonra bu işlə məşğul olmaq üçün Naxçıvan Vilayət Partiya Komitəsində xüsusi komisssiya yaradıldı. Komissiyanın sədri ideoloji katib Həmid Cəfərov, üzvləri isə SSRİ ALİ Sovetinin ən gənc -28 yaşlı deputatı Zakir Nəsirov və mən idik. O zaman daxili işlər nazirinin müavini idim. Cavidin nəşini gətirmək üçün 1982-ci il oktyabrın 12-də Bakıdan İrkutska yola düşdük. Orda vilayət partiya komitəsində bizi çox mehribancasına qarşıladılar, Heydər Əliyeviin böyük nüfuz sahibi olmasından ürək dolusu danışdılar.
Ordan biz vilayətin Tayşet rayonuna yollandıq. Soyuq, şaxta qılınc kimi kəsirdi. Sənədlərə görə, Cavid əfəndi Tayşetdən 40 kilometr aralıda yerləşən Şevçenko kəndindəki əlillər xəstəxanasında 1941-ci il dekabrın 5-də vəfat edibmiş. 59 yaşında dünyasını dəyişdiyi üçün məzarına da bu rəqəmi yazıblar.Tayşetin prokuroru Xaritnova da bizimləydi. O, bildirdi ki, aradan 41 il keçib. İndi orda yaşayış yoxdur. Hər yer meşəlikdir. O vaxt Şevçenkodakı əlillər xəstəxanasında Trafiyev familyalı bir nəfər gözətçi işləyib. İndi 87 yaşı var. Gözləri görməsə də güclü yaddaşı var. Prokurorun köməyi ilə Trafiyev tapıldı və onu özümüzlə götürdük. O, dedi ki, kənd qəbirstanlığı büsbütün meşəlikdir. Biz çayı tapsaq, işimiz asanlaşacaq. Çayın üzərində körpü də olmalıdır. Çay da yerindəydi. Körpü də . Trafiyev xahiş etdi ki, körpünün ortasına çatanda mənə bildirin. Axtardığınız qəbirstanlıq körpünün şimal tərəfindən 100 metr yuxarıda yerləşirdi. Dediyi kimi elədik. Kömək üçün bizə 200 əsgər, bir neçə qartəmizləyən hərbi texnika da vermişdilər. Üç saatlıq axtarışdan sonra Hüseyn Cavidin 59 nömrəli məzarını tapdıq. Dərinliyi 3 metr olan qəbirə hamımızdan cavan olan Zakir Nəsirov düşdü. Basdırılarkən Cavid üçün kəfən əvəzi istifadə olunan adyal və sol ayağındakı yun corab çürüməmişdi. Onun sümüklərini tabuta yığdıq və kəfənlədik. Elə oradaca mənim təklifimlə Cavid əfəndinin ruhuna Quran oxundu və 100 yaylım atəşi açıldı. Sonra biz cənazəni -tabutu kənd məktəbinin idman zalına gətirdik. İki dana alıb kəsdirdim. Soyutma bişirtdirib kənd sakinlərinə ehsan əvəzi qonaqlıq verdim. Hamı Cavidə rəhmət oxuyurdu.
Hüseyn Cavidin nəşini anadan olduğu gün-oktyabrın 24-də Bakıya çatdırdıq. Hava limanında bizi minlərlə insan, şair və yazıçılar qarşıladı. Sonra isə-tələbə vaxtı sənində iştirak etdiyin əlyazmalar institutundakı qarşılama və yolasalma mərasimi oldu. Tanınmış şair Bəxtiyar Vahabzadə və başqa məşhur mədəniyyət və incəsənət xadimləri Hörmətli Heydər Əliyevdən xahiş etmişdilər ki, Cavid əfəndi Fəxri xiyabanda dəfn olunsun. Heydər Əliyev isə bildirmişdi ki, bu, çox həssas bir işdir. Qızı Turanın rəyi mütləq nəzərə alınmalıdır. Turan xanım isə sevimli atasının Naxçıvanda, bir vaxt yaşadıqları evin yanında torpağa tapşırılmasını istəmişdi və onun bu arzusuna da əməl olundu. Biz Cavid əfəndinin Sibirdəki məzarından gətirdiyimiz bir ovuc torpağı da burdakı qəbrinə səpdik.
Hüseyn Cavidi doğma Vətənə gətirən üç nəfərdən biri olduğum üçün qürur hissi hər zaman qəlbimdədir. Onun ömür yolu, yaradıcılığı ilə bağlı yaratdığım səyyar sərgidə nadir faktlar və maraqlı şəkillər var. Bura gəlincə Quba və Qaxda ictimaiyyət nümayəndələri ilə yaddaqalan görüşlər keçirmişəm. Hüseyn Cavidə həsr etdiyim qəmli mahnının sözləri və musiqisi, həmçinin ifa da mənə məxsusdur. Cavid Azərbaycan ədəbiyyatının söz qalası, ən uca dağıdır.
Zeynəddin Həsənli,
"Balakən" qəzetinin
məsul katibi