TüRKiYƏNi SINDIRDILAR

AQİL ABBAS
30771 | 2008-09-05 20:50
Sayın Abdulla Gülün Ermənistana səfərini hərə bir cür qarşılayır. Türkiyə mətbuatı (təbii ki, AKP-yə işləyən mətbuat), eləcə də bizim bir çox siyasətçilərimiz bu utancverici səfəri malalamağa, burdan nə isə xoş bir məqam çıxarmağa çalışırlar. Etsinlər. Amma mən onların səmimiliyinə inanmıram.
   
    Sayın Gül Sərkisyanı dəvət etsəydi və Sərkisyan Ankaraya getsəydi, bəlkə bu o qədər də böyük faciə deyildi. Amma Türkiyə kimi qüdrətli bir dövlətin başçısının Türkiyəyə əzəli və əbədi düşmənçilik edən bir dövlətin başçısının ayağına getməsi, bu, Türk tarixinin heç vaxt silinməyəcək bir ləkəsidir mənim üçün. Özü də Sərkisyan kimi əli minlərlə Azərbaycan türkünün qanına bulaşmış, Xocalı soyqırımı törətmiş bir nəfərin.
   
    Bəli, sabah sayın Gül Sərkisyanın ayağına gələcək. Türk düşməni ilə öpüşəcək, bir süfrədə çörək yeyəcək və sair və ilaxır, at gəldi, örkən apardı.
   
    Bir papağı yeməli Əsgər Akayev vardı, gəldi İrəvana, İrəvana gəlməyi cəhənnəm, uydurma soyqırım abidəsinə əklil də qoydu. Yəni türkün papağını ermənilərin qabağında yerə soxdu. Heç bilmirəm niyə yadıma düşdü.
   
    Türkmənistanın da bir kralı vardı, Türkmənbaşı. Köçəryanla sənəd imzalayıb Ermənistana silah-sursat satırdı.
   
    Əsgər Akayevlə Türkmənbaşını boş verək getsin, çünki onların zatı bəlli deyildi, detdom uşaqları idi.
   
    Amma sayın Gül zati-aliləridi. Sultan Mehmetin, İldırım Bəyazidin, Atatürkün, Turqut Özalın oturduğu taxtda oturur.
   
    Türkiyəni sındırdılar. Özü də çox pis sındırdılar.
   
    Min illər türkləri sındıra bilməyiblər, bütün dünya tökülüb üstlərinə, amma Mehmet Akifin dediyi kimi:
   
    Mərkəzi-xakə atsalar da bizi,
   
    Kürreyi-ərzi partladar, çıkarız.
   
    Bəli, bütün dünya tökülüb üstünə mərkəzi-xakə atıblar, amma türklər kürreyi-ərzi partladıb çıkar.
   
    Darmadağın olmuş Türkiyəni Atatürk yalın əllə qurub, qüdrətli bir dövlətə çevirib və bizlərə əmanət qoyub. Əmanəti belə qoruyarlar?!
   
    Sentyabrın 6-da Fateh Sultan Məhəmməddən üzü bəri böyük türk oğullarının məzarda müqəddəs nəşləri tərpənəcək. Atatürkün də, Ənvər paşanın da, Nuru paşanın da, İsmət paşanın da, Turqut Özalın da, Türkeşin də, Ramiz Rövşən demiş, qəbirləri damacaq.
   
    Bəli, guya sayın Gülün bu səfəri nə isə ümumi işin xeyirinə olacaq, zəncəfil qurusu, badımcan dolması. Yəni doğrudanmı, bizlər hələ də erməniləri tanımamışıq?!
   
    Sabah sayın Gül İrəvana gələcək.
   
    Ürəyimdəkiləri yazıb ortalığa tökmək istəmirəm. Bəlkə həyatımda ilk dəfədir ki, yazı yazanda özümü bu qədər zorlayıram ki: adam infarkt olar. Görünür, indiyəcən gördüyüm faciələr və dəhşətlər məni adamlıqdan çıxarıb ki, infarkt olmuram. Ürəyimdəkiləri də ona görə yaza bilmirəm ki, Türkiyəni canımdan çox sevirəm və qorxuram ki, xəta eləyəm, canımdan çox sevdiyim Türkiyəni aşağılayam.
   
    Sabah sayın Gül İrəvana gəlir.
   
    Çox ağırdı! Ermənilər Qarabağı, Şuşanı, Ağdamı təkrar işğal elədilər. Ana və bacılarımızı cismən süngüyə keçirmişdilər, indi ruhlarını süngüyə keçirdilər. 25 min şəhid balamızın indi ruhlarını güllələdilər. Pirlərimizi yenidən dağıtdılar, torpaqlarımızı yenidən şumladılar. Mən bu xəbəri belə yaşadım. Kimlər bu xəbəri necə yaşayırsa, öz işləridi.
   
    Türkiyə filan yeri qapı arasında qalmış, can verməkdə olan Ermənistanın çırağına nöyüt tökdü.
   
    Amma bircə onu bilirəm ki, Ermənistanın arxasında bütün dünya dursa da, Türkiyəylə sərhədləri açıb qardaşlaşsa da, ABŞ-ın məsləhəti ilə Türkiyə Bosforda Andronikə heykəl qoysa da xeyri yoxdu. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Çünki Ermənistanın arxasında dayananlar bizim arxamızda durandan güclü deyillər. Bizim arxamızda duran Tanrıdı.
   
    Tanrı Türkü qorusun!
   
    Tanrı bu milləti qorusun!
   
    Tanrı bu millətin Ali Baş Komandanını qorusun!

TƏQVİM / ARXİV