adalet.az header logo
  • Bakı 7°C
04 Dekabr 2018 14:53
37718
ƏDƏBİYYAT
A- A+

Qəribədir deyilmi …

İnsanın vərdişləri, əşyaları, uğurları, uğursuzluqları onun haqqında nə deyir? Fobiyaları, qəribəlikləri və sadəcə həyatının ayrıntıları nə deyir? Hər şey deməyək ... Gizlətdiyi ağrılar, zəifliklər var. Amma çox sözlər deyir... İnsan bir planetdir – cəzb etdiyi və itələyib kənara atdığı nəsnələrlə. Bir də Günəş kimi insanlar var. İnsanları cəzb edir və hərarətiylə onları isidir.

Günəş kimi dedim - yaxına getsən yandıracaq. Onları yazdıqlarıyla tanımaq yaxşıdı. İstedad cin kimidi, içinə girdisə sən onun qulu olursan. Yalnız özünün deyil, isitdiyin insanların hisslərini də ifadə edirsən. Ürək çırpıntıların qarşında dayanan divarları yıxacaq qədər güclü olur. Və bu divarlar yıxılanda xərabərin altından qalxıb boğazından yapışır – məni sözə çevir, kağıza köçür deyir... Zamanın əksinə sürükləyir. İllərdi oxucu zaman maşınında irəli-geri hərəkətdə olan bu imzanı tanıyır. Kamal Abdulla ... İctimai həyatın qaynar nöqtələrində, ədəbi prosesin aysberqlərində, tələbə sevgisində, ilklərə atdığı imzalarda.

İmza təkcə üslub deyil - həm də mövzudu, həm də ideyadı, ovqatdı, həyat materialıdı, yoldu... Sakit, həzin, fağır əhvalnan ədəbiyyat yaratmaq olmur. Tarıma çəkilən əsəblərdi, qanayan barmaqlardı ədəbiyyat. Başqa adamlara baxan yazanda əziyyət çəkən insandı yazıçı. Yazdıqlarından zövq ala bilən insandı. Oxucunu hadisələrin içinə atıb da – rəngləri, səsləri, dadı-tamı bütün duyğu üzvləri ilə hiss etdirəndi... Yaddaşı danışdırandı...

Və bildiklərini yazıb gizlətməyi bacarandı... Sirri çox olan. Mənə görə Kamal Abdulla könül evinin pəncərəsinə yağan yağışı da, saçan Günəşi də göstərib gizlədir. Gəl baş çıxar bu kataklizmdən. Ona görə də Kamalın oxucusu hazırlıqlı və zəki olmalıdı. O, tarixi, mistisizmi və intellekti bir müstəvidə birləşdirə bilən, bu müstəvidən yola çıxmağı bacaran tək-tək yazıçılardandı. Və hiss dolu biri...

Deyəsən ad günü yazısı alınmadı. Qəribədir, deyilmi? Günəş saçaq göndərsin o biri pəncərəmə... Qış vaxtıdı...


İradə TUNCAY

[email protected]