adalet.az header logo
  • Bakı 7°C
06 Dekabr 2018 10:20
9376
SAĞLAMLIQ
A- A+

Evimizdəki “mavi ölüm”dən xilas yolları

Havalar soyuduqca ölkədə dəm qazından zəhərlənən və ölənlərin sayında artım müşahidə edilir. Bu cür hadisələr daha çox bölgələrdə baş verir.

Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin rəhbəri, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib ki, oktyabr ayında 9, noyabr ayında isə 16 nəfər dəm qazı zəhərlənməsi ilə əlaqədar onlara müraciət edib. Belə ki, zəhərlənənlərdən 5-i uşaq, digərləri isə əsasən qadınlardır.

A.Maqsudovun sözlərinə görə, dəm qazı zəhərlənməsi əksər hallarda vanna otaqlarında baş verir.

Ekspertlər dəm qazı zəhərlənməsinin səbəbini qazdan düzgün istifadə edilməməsi ilə əlaqələndirirlər. Ölkəmizə gətirilən qaz sobaları, su qızdırıcıları da buna səbəb kimi göstərilir.

Dəm qazından zəhərlənən zaman ilk olaraq küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı, təngnəfəslik, quru öskürək, gözdən yaş axma və müvazinətin itməsi kimi hallar baş verir ki, bunu da hiss etdiyiniz zaman dərhal otağı və ya olduğunuz yeri tərk etməlisiniz. Təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək əsas şərtdir.

Bəs dəm qazı zəhərlənməsindən necə qorunmaq olar?

Dəm qazı ilə zəhərlənmədən qorunmaq üçün

* Pəncərələri açıq qoymaqla mənzilin havasını tez-tez dəyişmək lazımdır

* Sobalar, kaminlər, tüstü boruları və ventilyasiya sistemi yaxşı işləməlidir

* Hava axınının hamama rahat daxil ola bilməsi üçün hamamın qapısının aşağısında geniş deşiklər olmalıdır (hamamın qapısında deşiklər olmadıqda qapını azca aralı saxlamaq məsləhət görülür)

* Yuyunarkən hamama yaxın olan pəncərəni açıq saxlamaq lazımdır

* Ailənin digər üzvləri mənzildə olarkən hamamdan istifadə etmək daha məsləhətdir və yaxşı olar ki, uzun zaman keçdikdə onlar hərdən səslənərək hamamdan istifadə edən kəslərdən hər şeyin düzgün olub-olmadığını xəbər alsınlar

Fövqəladə Hallar Nazirliyi də (FHN) daim dəm qazı təhlükəsi barədə dəfələrlə əhaliyə müraciət edib. Qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:

qaz cihazı saz və standartlara uyğun olmalı;
cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Dəm qazı iysizdir, hiss edilmir! Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır. Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.