adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Dekabr 2018 13:01
6819
MƏMLƏKƏT
A- A+

Elmin İnkişafı Fondu və “Springer Nature” birgə müəllif seminarı keçirib

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və "Springer Nature” şirkəti "Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda birgə müəllif seminarı keçirib. 

 Tədbirin açılışında çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, dövlət tərəfindən elmi tədqiqatların intensivliyinin artırılmasına və elmi nəticələrin dünyada tanıdılmasına böyük önəm verilir. Bu baxımdan Azərbaycanda əldə olunan elmi nəticələrin dünyanın nüfuzlu elmi jurnallarında çap edilməsi böyük önəm daşıyır. "Springer Nature” şirkəti ilə birgə keçirilən seminarda elmi məqalələrin ingilis dilində yazılması və təqdim olunması qaydaları ilə bağlı ətraflı məlumat veriləcək. Elçin Babayev qeyd edib ki, dünyada "yırtıcı jurnallar” adlanan şəbəkələr bəzən alimləri aldadaraq "nüfuzlu” adı altında onların məqalələrini çap etməyə cəhd edirlər. Seminarın əsas məqsədi alimləri belə jurnallar barədə məlumatlandırmaq, onların diqqətini nüfuzlu, impakt faktorlu jurnallara yönəltməkdir. Seminarda "Springer Nature” şirkətinin Lisenziyalaşdırma müdiri Merve Okur Karagülle şirkətin profili, Azərbaycanda tədqiqat nəticələri barədə məruzə edib. O, həmçinin Azərbaycan və "Springer Nature” əməkdaşlığının perspektivlərinə dair fikirlərini də bölüşüb. "Springer Nature” şirkətinin satış direktoru Şahin Giray isə iki sessiya ərzində effektiv əlaqələndirici olmağın yolları, məqalə əlyazmasının çapa hazırlanması, düzgün elmi jurnal seçimi və elmi məqalənin çap üçün təqdim olunma prosesi haqqında təlim keçib.  

Tədbirin sonunda suallar cavablandırılıb. Seminarda elm və tədris müəssisələrində çalışan alimlər, mütəxəssislər, doktorant və dissertantlar iştirak ediblər.