adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Dekabr 2018 12:34
27414
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: BALIQ ÜZÜNƏ HƏSRƏT

Dünyanın hər yerində okeanın və dənizlərin yaxınlığında olan ölkələrə başqaları həsədlə baxır. Həsədlə baxırlar ki, Allah-Təala onlara gözəl məkan bəxş edib və bu gözəl məkanın yanında da okean və dənizlər var. Çünki okean və dənizlərdə sayı-hesabı bilinməyən balıq növləri yaşayır. Ölkə var ki, elə onun əsas qidasını balıq məhsulları təşkil edir. İnanmırsınız, gedin gündoğan ölkə olan Yaponiyaya, görün onlar nə yeyir.

Yaponlar ancaq dəniz məhsulları ilə qidalanırlar. Bu da ekoloji cəhətdən ən təmiz qidadır. Geni dəyişdilrilmiş məhsullara əsla orda rast gəlmək mümkün deyil. Çünki Yaponlar həm ağıllı, həm də zəhmətkeş xalqdır. Ağıllı və zəhmətkeş insanları ısə heç vaxt aldatmaq mümkün olmur.

Bizim məmləkət də Xəzər dənizinin yaxınlığında yerləşir. Və bir vaxtlar bizim dənizdə də nə qədər desən balıq növü olub. Hətta 1941-45-ci illər müharibəsində dəniz kanarında yaşayan rayonların sakinlərini aclıqdan Xəzərin o balıqları xilas edib. Və hamıya yaxşı məlumdur ki, Xəzər dənizində heç bir dənizdə olmayan nadir balıq növləri də var. Bəzi balıq növləri zaman-zaman azaldı və indi də demək olar ki, heç tapılmır. Ona görə ki, bir çox oliqarxlar Xəzərdəki balıqlara bir toy tutdu ki, bir də onları çətin ki, dənizdə görən tapılar. Ən azından nadir balıqlar özləri də bir müddətdən sonra qəhətə çıxır.

Düzdür, Ekologoya və Təbiii Sərvətlər Nazirliyi son illər yetişdirdikləri balıq növlərini dənizə buraxıb. Ancaq bəzi "brokonerlər” bu balıqları xırda qayıqlarda tor ataraq tutur, Siyəzən və Şabran istiqamətindəki magistral yolda satışını təşkil edirlər. Görün onlar nə qədər insafsızdır ki, həmin balıqların böyüməsinə və çoxalmasına belə imkan vermirlər. Əgər o nərə balıqları böyüsələr, çəkilər 20-30 kq çox olar, üstəlik də sayları artar.

Bu gün biz dənizin qırağında yaşaya-yaşaya dəniz balıqlarının üzünə həsrət qalmışıq. Bayaq dedik axı, bəzi oliqarxlar o balıqları camaata çox görürlər və hər şeyi öz nəzarəti altına alıblar. Əvvəllər toylarda, özü də ortabab şadlıq saraylarında, nərə və digər balıqların toy məclislərində kabablarını verirdilır. Üstəlik də, masanın üzərində qara və qırmızı kürü olardı. İndi hansısa imkansız adam toy eləyəndə bəzən görürsən ki, masanın üzərində dondurulmuş balıqdan çəkilmiş kabab və süni yolla düzəldilmiş kürü var. Nabələd adamlar o dəqiqə süfrəyə əl aparır və görür ki, balam, nə balıq, nə də kürü əvvəlki dadı vermir. Bir az balıqdan və kürüdən başı çıxanlar isə onu tanıdığına görə, süfrəyə əl belə uzatmır. Çünki o, balıqların dondurulmuş olduğunu və kürünün də əsl kürü olmadığını yaxşı bilirlər.

İndi nəinki dənizdə hər adam balıq tuta bilmir, heç Bakının bir çox yerində dənizə baxmaq mümkün deyil. Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsindən yolun solunda dənizin sahilini hasarlayıblar. Bu hasar da elə-belə hasar deyil. Onun hündürlüyü 5-6 metrə çatır. Ha boylansan da, hasardan başqa heç nə görə bilmərsən. Ən yaxşı halda, qiyməti 100 min dollarla ölçülən xaricdən gətirilmiş palma və zeytun ağaclarını görmək olar. Təbii ki, bu yerlərin sakinləri də elə-belə adamlar deyillər. Kimsə yaxınlaşıb həmin yerlərə baxmaq istəsə, o dəqiqə onu gəlib mühafizəçilər ordan uzaqlaşdırar, bir az da oyan-bu yan eləsə salarlar təpiyin altına. Eşşək sudan gələnə qədər çırparlar. Deyərlər ki, sən kimsən ki, gəlib bizim həyətə boylanırsan.

Elə bil mətləbi bir az çox uzatdıq. İndi bazarlarda və digər yerlərdə satılan əksər balıqlar mütəxəssislərin dediyinə görə, süni göllərdə yetişdirilib. Və çox vaxt süni göllərdə yetişdirilən balıqlar dəniz və Naxçıvan balığı adıyla əhaliyə sırınır. Hansı ki, süni göllərdə yetişdirilən balıqlara geni dəyişdirilmiş yemlər verilir və qidalarla da o balıqlar böyüdülür. Ekspertlər deyirlər ki, bu cür qidalarla böyüdülən balıqlarda bir çox xəstəliklərin olması qaçılmazdır. Hətta Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, bəzi süni göllərə çirkab sular da axıdılıb. Eyyub Hüseynov çirkab sular deyəndə təbii ki, kanalizasiya sularını nəzərdə tutur. İndi görün biz süni göllərdə və çirkab sularda yetişdirilmiş müxtəlif növ balıqları necə bəh-bəhlə alıb yeyirik. Aydındır ki, bu addımı atanlar nə Allahdan qorxur, nə də qanundan. Çünki Allahdan və qanundan qorxan adam heç vaxt belə bir addım atmamalıdır.

Son vaxtlar respublika ərazisindəki bir çox balıq yetişdirilən süni göllərin fəaliyyəti dayandırılıb. Bəziləri bunu həmin sahibkarların kənd təsərrüfatı üçün yararlı torpaq sahələrində yaratdıqları üçün işlərinin dayandırıldığını bildirir. Bəziləri isə deyirlər ki, həmin sahibkarlar qanunsuz fəaliyyət göstəririmiş, ona görə onlara işləməyə imkan vermirlər.

Hər halda, bizdə belə bir pis vərdiş var ki, kimlərsə yuxarıları razı sala bilməyəndə ona "yox” deyirlər. Yəni bu məsələlərdə şəffaflıq və obyektivlik bir o qədər yetərincə öz əksini tapmır. Daha doğrusu, hər hansı məmur qurumun və özünün marağı üçün həmin sahibklarlara imkan vermirlər. Bunlar hamısı subyektiv fikirlərdir.

Amma fakt faktlığında qalır ki, bazarlarda və satış yerlərində dəniz balığından qat-qat çox süni göllərdə yetişdirilmiş balıqlar satışa çıxarılır. Bəziləri bilməsə də, çoxları süni göllərdə yetişdirilmiş balıqları alıb bişirib yeyərkən o dəqiqə hiss edir ki, balam bu, dəniz balığı yox, göl balığıdı. Axı camaat öz ağzının dadını bilir.

Dənizin kənarında yaşayanın dəniz balığına tamarzı qalması heç də yaxşı iş deyil. Məsələn, Türkiyədə, İranda hara getsən, ucuz balığa rast gəlmək olur. Bizdə 15-20 manata satılan balıq o ölkələrdə 4-5 manata satışa çıxarılır. İnşallah, ümidimizi üzməyək, hələ dənizdə balıqlar çoxdur. Vaxt gələr, camaat da bu balıqdan doyunca yeyər.