adalet.az header logo
  • Bakı 7°C
04 Dekabr 2018 11:58
41109
ANALİZ
A- A+

Efirlərdə səslənən qüsurlu cümlələrlə necə mübarizə aparmalı? - SORĞU


Adalet.az saytında Seyran Səxavətin Azərbaycan dilinin problemləri ilə bağlı yazısı dərc olunub. Yazıda tanınmış yazıçı hesab edir ki, televiziya, radio və saytlarda qüsurlu cümlələr, Azərbaycan dilinə yad olan ifadələr işlənir. Yazıda müəllif qeyd edir: "Birinci növbədə, Azərbaycan dilinin kövrək ərazisinə diqqət yetirsək vəziyyətin ürəkaçan olmadığını görəcəyik. Əgər siz də mən baxan tərəfdən baxsanız, qarşınızda nəhəng döyüş meydançasını xatırladan bir görüntü açılacaq: mühasirədə qalan və mühasirəyə alanlar.

Gəlin hər şeyi öz adı ilə deyək: mühasirədə qalan Azərbaycan dilidir. Mühasirəyə alanlar isə aşağıdakılardır:

1. Televiziyalar.

2. Radiolar.

3. Saytlar.

4. Mətbuat.

Və bu dördlüyün içində saysız-hesabsız verilişlər, məqalələr, tərcümə olunmuş filmlər, təzə çəkilmiş milli seriallar, reklamlar, idman şərhçiləri, rusdilli azərbaycanlılar, hüquq-mühafizə orqanlarının dili, tibb işçilərinin dili, bəzi yüksək çinli məmurlar, xarici dillərdən gələn sözlər, Türkiyə türkcəsindən gəlmələr, mahnı sözləri, bəzi orta məktəb dərslikləri, prezident fərmanı ilə çap olunmuş nağıl kitabları və s.

Və yuxarıdakı dördlüyün içində sadaladıqlarımın içində də saymaq istəmədiyim saysız-hesabsız nüanslar…

Sözümün canı odur ki, bu mühasirəni yarmaq çox çətin olacaq”.

Seyran Səxavət dil qurumlarını, yazıçıları, alimləri, dilçiləri bu məsələdə həssas olmağa çağırır.

Adalet.az yazıçı Seyran Səxavətin sözügedən yazısındakı çağırışının aktual olduğunu nəzərə alaraq sorğu keçirib. Sorğunun növbəti hissəsini təqdim edirik.

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli dildə yaranan problemlərin səbəbini araşdırmağı təklif edib:



"Mən ömrünü ədəbiyyata, yazıya həsr etmiş Seyran Səxavətin, bizim böyük yazıçımızın məqaləsini çox ürəkağrısı ilə oxudum. Faktlar o qədər dəqiq və üzücüdür ki, adam bilmir, buna necə münasibət bildirsin. Əlbəttə, bu nöqsanlar barədə davamlı danışılır, amma artıq yazıçıların da məsələ ilə bağlı dilə gəlməsi onu göstərir ki, ana dilinin ekranlarda, saytlarda işlədilməsi bərbad hala gəlib çıxıb. Yəni bunların hamısı nəticədir. Səbəb nədir? Mənə elə gəlir ki, səbəbin biri, istər televiziyada, istər radioda, istər saytlarda qeyri-peşəkarların, biganələrin, ana dilini bilməyənlərin, onu hiss etməyənlərin, məsuliyyətsiz adamların çoxalması, hər hansı media qurumunda toplaşmasıdır. İkinci ciddi amil, ciddi qüsur media qurumlarında rəhbərliyin zəif təmsil olunmağındadır. Vaxtıilə media qurumlarına savadlı, mütaliəli, təhsilli, dili bilən, intellekti yüksək adamlar rəhbərlik edirdi. O rəhbərlər dilnən bağlı məsələlərdə həddindən artıq tələbkar yanaşırdılar. Amma baxın, bu gün bizim televiziyaların, saytların əksəriyyətinə kimlər rəhbərlik edir. Bunlar hamısı məsuliyyətsizliyin azlığı və tələbkarlığın yoxluğu ilə əlaqədardır”.

Yazıçı Şərif Ağayar hesab edir ki, bu məsələdə çox mühafizəkar olmaq lazım deyil: 



"Dilə inzibati nəzarət mümkün deyil. Bunu ictimai təşkilatlar, xüsusilə də Azərbaycan Dil Qurumu həyata keçirə bilər. İctimai qınaq, tövsiyə və təkliflər verə bilər. Məncə, bu məsələdə çox mühafizəkar olmaq da lazım deyil. Bir az da rahat buraxmaq lazımdır. Dil yeniliyə və dəyişikliyə hazır olmalıdır. Bizim müasir intonasiyalı şəhər dilimiz formalaşmayıb. Proses getməlidir gec-tez və hörmətli Seyran müəllimin haqlı olaraq toxunduğu problemlər üzə çıxacaq həmişə”.

Tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı efirdə dil normalarını pozan aparıcılar olduğunu deyib:



"Efirdə dil normalarını aşan aparıcılar kifayət qədərdir... Hörmətli yazıçı fikirlərində çox haqlıdır... Efirdə dil normalarının pozulması ayıbdır və qətiyyən olmaz... Səbəb mütaliəsizlikdir... Düzgün cümlə qurmaq, xəbərin, mübtədanın yerinin bilinməməsi savadsızlıqdır. Evdə istədiyin kimi danışa bilərsən. Efir insanları yönəldən, maarifləndirən məkandır. Mənim özümdən asılı olmadan dediyim yanlış cümlələri istər-istəməz beynimdə redakte edirəm”.

Yazıçı Mirmehdi Ağaoğlu deyir ki, Seyran Səxavətin yazısı dil komissiyasına köməklik edə bilər: 



"Seyran müəllimin yazısını oxudum. Onun iradları ilə razıyam. Məncə yeni yaradılan dil komissiyası elə Seyran Səxavətin yazısı üzərində öz tezislərini qura bilər”.

Yazar Cəlil Cavanşir redaktor institutunun olmamasını əsas səbəb kimi göstərir:


 

"Efirlərin ən ciddi problemi, proqramlarda peşəkar redaktorların olmamasıdır. Sponsor tapan, özünə proqram açır. Təəssüf ki, bu proqramlarda ciddi redaktorlar çalışmır. Televiziya sahəsini kifayət qədər yaxşı bilən redaktorlarımız var, işsiz-gücsüz qalıblar. Eyni tendensiya saytlarda da müşahidə olunur. Sadəcə İP artırmaq barədə düşünən media menecerləri saytlarda redaktorluq edir. Əksər saytların da ciddi redaktora ehtiyacı var. Seyran Səxavətin fikirlərinə qatılıram, bu mühasirəni yarmaq lazımdır. Saytlar, televiziyalar, radiolar ciddi redaktorlara etibar ediləməlidir”.

Yazıçı, TEAS Press Nəşriyyat evinin redaktoru Əyyub Qiyas bu problemi həll etməyin çox sadə yolu olduğunu söylədi: 



"Seyran müəllim öz əsərlərində dilin bütün gözəlliklərini qorumağa çalışan adamdır. Sözün həqiq mənasında dil məsələsi reanimasiyaya düşmüş xəstə taleyinə çevrilib. Deyildiyi kimi televiya bunun əsas obyektidir. Mübarizənin çox sadə yolu var. Teleradio şurasında diktor seçimi komissiyası yaradılsın və oradakı seçimlərdə mütəxəssislər iştirak eləsinlər. Bu baxımdam AZ.Tv-nin təcrübəsinə istinad eləmək olar. Diktor və aparıcıların lisenziyasını televiziya rəhbərləri yox, həmin o məxfi komisiyya versin. Dil qaydalarını pozanlar cərimələnsin. Və bu tələblər sadəcə televiziyalarda deyil, bütün dövlət qurumlarında da gözlənilsin. Bu gün dövlət qurumlarında Azərbaycan dilində danışmaq istəyən çox azdır. Dəhlizlərdən və otaqlardan daha çox rus sözləri eşitmək olur. Danışanlar da bərbad danışırlar. Nazirindən tutmuş jek müdirinə qədər də hər kəs danışıq dilinin tələblərinə cavab verən səviyyədə olmalıdır.

Redaktor, Xarici Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli hesab edir ki, söz sırasının pozulması adi hala çevrilib: 



"Deməli, bir neçə ildir ki, yerli telekanallara baxmıram. Amma harasa qonaq gedəndə, yaxud kafedə çay içəndə istər-istəməz aparıcıların dediklərini eşidirsən, etdikləri hərəkətləri görürsən. Seyran müəllim öz yazısında dəqiq məqamlara toxunub. Həqiqətən də söz sırasının pozulması adi hala çevrilib, ümumiyyətlə buna fikir verən yoxdu. Yaxud mahiyyəti eyni olan sözlərin yanaşı işlənməsinə efirdə hamı adi hal kimi baxır. Aparıcılar həmişə "ilk öncə" deyir, halbuki bu sözlərin birindən istifadə etmək doğrudur. Və yaxud deyirlər: "yüzlərlə insanlar”. Halbuki Azərbaycan dilinin qaydalarına görə, ikinci sözdəki cəm şəkilçisinə ehtiyac yoxdur. Dilin məntiqi bunu tələb edir. Televiziya aparıcıları, elə çoxumuz da "hal-hazırda" deyirik, ancaq burada "hal" sözünün heç bir funksionallığı yoxdur, ona görə də "hazırda" demək və yazmaq daha doğrudur. Belə nümunələr həddindən artıq çoxdur. Mən sadəcə dərhal yadıma düşənləri misal çəkdim. Seyran müəllim öz yazısında çoxlu nümunələr gətirib, bu yazını diqqətlə oxuyub ciddi nəticələr çıxarmaq lazımdır. Mənə elə gəlir ki, aparıcıların çoxu üst-üstə 3 kitabı dalbadal oxumayıb, problemin kökü də burdadır”.


Gənc yazar, redaktor Hikmət Nazim Seyran Səxavətin yazısı ilə həm razılaşdığı, həm də razılaşmadığı məqamları açıqlayıb: 



"Seyran müəllim deyir, televiziya işçilərini attestasiyadan keçirək. O zaman ortaya belə bir sual çıxır: 4 il dalınca ayaq döydükləri diplomları onlara niyə veriblər? Mən heç o müəllimlərin də, mollaların da attestasiyadan keçirilməsinə razı deyiləm.

Qüsurlu cümlələrə gələndə isə onlarla mübarizəni ancaq işə götürən kanal rəhbərliyi, redaktorlar aparmalıdır, başqa yolu yoxdur. Kanal rəhbərliyi yaxşı redaktor dəvət etməli, o redaktor isə işlədiyi müxbirləri "yonta-yonta" adam eləməlidir”.



Digər Xəbərlər