Azərbaycan dilini kimlər bu kökə salır: televiziyalar, radio, saytlar? - SORĞU
Adalet.az saytında Seyran Səxavətin Azərbaycan dilinin problemləri ilə bağlı yazısı dərc olunub. Yazıda tanınmış yazıçı hesab edir ki, televiziya, radio və saytlarda qüsurlu cümlələr, Azərbaycan dilinə yad olan ifadələr işlənir. Yazıda müəllif qeyd edir: "Birinci növbədə, Azərbaycan dilinin kövrək ərazisinə diqqət yetirsək vəziyyətin ürəkaçan olmadığını görəcəyik. Əgər siz də mən baxan tərəfdən baxsanız, qarşınızda nəhəng döyüş meydançasını xatırladan bir görüntü açılacaq: mühasirədə qalan və mühasirəyə alanlar.
Gəlin hər şeyi öz adı ilə deyək: mühasirədə qalan Azərbaycan dilidir. Mühasirəyə alanlar isə aşağıdakılardır:
1. Televiziyalar.
2. Radiolar.
3. Saytlar.
4. Mətbuat.
Və bu dördlüyün içində saysız-hesabsız verilişlər, məqalələr, tərcümə olunmuş filmlər, təzə çəkilmiş milli seriallar, reklamlar, idman şərhçiləri, rusdilli azərbaycanlılar, hüquq-mühafizə orqanlarının dili, tibb işçilərinin dili, bəzi yüksək çinli məmurlar, xarici dillərdən gələn sözlər, Türkiyə türkcəsindən gəlmələr, mahnı sözləri, bəzi orta məktəb dərslikləri, prezident fərmanı ilə çap olunmuş nağıl kitabları və s.
Və yuxarıdakı dördlüyün içində sadaladıqlarımın içində də saymaq istəmədiyim saysız-hesabsız nüanslar…
Sözümün canı odur ki, bu mühasirəni yarmaq çox çətin olacaq”.
Seyran Səxavət dil qurumlarını, yazıçıları, alimləri, dilçiləri bu məsələdə həssas olmağa çağırır.
Adalet.az yazıçı Seyran Səxavətin sözügedən yazısındakı çağırışının aktual olduğunu nəzərə alaraq sorğu keçirib. Cavabları təqdim edirik.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov dildə bu cür problemlərin tez-tez olduğunu və yeri gələndə aradan qaldırılacağını bildirdi:
"Seyran müəllim düz deyir. Xüsusi şərhə ehtiyac yoxdur. Bu məsələ çoxdandır ki var və hesab edirəm aradan qaldırılmaldır. Bunun üçün dövlət proqramları hazırlanmalı və dil kommisiyasında məsələyə baxılmalıdır. Seyran müəllimin yazdığı əslində köhnədən bizə məlum olan problemdir. Bu barədə rəhmətlik Qabilin ayrıca kitabı çıxmışdı. O, kitabda yerində olmayan sözlər və cümlələr haqqında yazmışdı. Hesab edirdi ki, bu sözlər dilin gözəlliyini pozu. Təbii ki, bunlar fərdi məsələlərdir və təşəbbüs olaraq qiymətləndirilməlidir. Ancaq məsələ ümumən nəzarətdədir. Və bunun üçün dil komissiyasında monitorinqlər yaradılıb.
Dildəki bu problemlər ya savadsızlıqdan irəli gəlir, ya da hansısa rəsmi nitq ifadələrini yerində işlətməməkdən. Məsələn, Seyran müəllim "məruz qalmaq” ifadəsinə toxunub. Məişət nitqində təbii ki, bu söz yerində deyil. Ancaq televiziyada işlənməlidir. Bizim problemimiz sözlərin yerini bilməməkdədir. Xalq dilində danışan adam guya ədəbi dildə danışır, halbuki özü də yaxşı bilir ki, məişətdə, ailədə bu sözləri işlətmir. Televiziyanın dilində isə o ifadə işlənməlidir. Yaxud "it dişləmək” məsələsi. İt dişləmək müəyyən vəziyyət üçün işlənə bilər. Seyran müəllimin misalında isə yerində oturmayıb. Bizdə "it dişi” ifadəsi də var. Bunu işlədən, yazan adam gərək fikir versin ki, bu söz yerinə düşür, ya düşmür. Gərək bu cür səhvlərə xüsusən televiziyalar yol verməsin. Çünki onların auditoriyası daha genişdi. Bəzən fikir verirəm, hazırlıqsız aparıcılar efirə çıxırlar. Onların dil hazırlığı ya olmur, ya da çox az olur. Onların efirdəki səhvlərinə cəzalar tətbiq olunmalıdır. Dövlət dil komissiyası bunun üçün monitorinq sistemi müəyyənləşdirməlidir. Tez-tez dil, nitq qüsuruna yol verən veriliş dayandırıla bilər. Bəzən xəbərdarlıq edilə bilər. Bəzən də yüngül cəza da verilə bilər: müvəqqəti veriliş dayandırıla bilər. Bu mənada cəza vacibdir.
Ümumiyyətlə, dildəki bu problem tək bizdə deyil, bütün dünyada belədir. Dildəki problemlərlə təbii ki, mübarizə aparılmalıdır. İnzibati cəzalar olmalıdır. Hüquqi müstəvidə bu məsələ həll olunmalıdır. Artıq dövlət də bu məsələdən narahatdır.
Seyran müəllimin yazısı da ictimaiyyətin diqqətini çəkəcək. Böyük yazıçı bu məsələyə münasibət bildirirsə şübhəsiz, bu cəmiyyətə təsir edəcək. Bizim cəmiyyət həssas cəmiyyətdi. İntellekt səviyyəsi yüksəkdir. Dilimizin qayda-qanunları mükəmməldir. Bu cür problemlər nədən qaynaqlanır? Müstəqillik, demokratiya ictimai nitq müstəvisinə gətirib çıxardı və təbii ki, hər kəs buna hazır deyildi. İndi televiziyalar artıq, mətbuat genişlənir və məsələ 10 il əvvələ nisbətən xeyli dəyişib. Dil intellekt məsələsidir. İntellektin kütləviliyi olmayanda bu tip problemlər üzə çıxır. Hesab edirəm ki, bu məsələ öz həllini tapacaq. Artıq xeyli inkişaf var. Sadəcə bir yerdə dayanıb durmaq yox, bunun üçün daha ciddi addımlar atmaq lazımdır”.
Millət vəkili, yazıçı Aqil Abbas Seyran Səxavətin yazısı ilə razılaşdığını bildirib:
"Ustad düz deyir. Hələ yumşaq deyib. Daha sərt şəkildə demək olardı. Bu dildir. Dili qorumaq lazımdır”.
Filologiya elmləri doktoru, professor Rüstəm Kamal hesab edir ki, dilin arxasında Azərbaycan ədəbiyyatı, yazıçılar və şairlər dayanmalıdır:
"Seyran Səxavət dilə həssas yazçıdır. Yazıçı fəhmi ilə də məsələyə münasibətini bildirib. Dilin şəhdi-şəkərini şair kimi bilən Seyran müəllim burda vətəndaşlıq ağrısı ilə məsələyə toxunur. Təəssüf ki, Azərbaycan dili lazimi səviyyədə qorunmur. Nə millət qorumur, nə də əlaqədar təşkilatlar. Dil qalıb özbaşına, sahibsiz. Ona görə də vəziyyət belə qəlizləşib. Sahibsiz qalan dil sahibsiz köpək kimidir. Heç kim ona yiyə durmur, baxımsız qalır.
Bu dilin yaradıcılığında Azərbaycan ədəbiyyatı kənarlaşdırılıb. Halbuki Azərbaycan ədəbiyyatı dövlət dilinin quruculuğunda, yaradıcılığında iştirak etməlidir. Hazırda isə Azərbaycan ədəbiyyatı bu prosesdə iştirak etmir. Azərbaycan dili Azərbaycan milli təhsilinin priotetindən çıxıb. Ədəbi dilimiz urbanizasiya funksionallığını itirib. Hər yerdə başqa dilin şəkilləri, sözləri, ifadə formaları, yazılış formaları görürük. Bu bizim vizual təfəkkürümüzü dağıdır, məhv eləyir. Axı söz həm də viziual qavramdır. Vizual qavram yad dilində səsləndə də ortaya qəribə bir mənzərə çıxır. İnanın, küçəboyu gedirsən, bircə mağaza belə bizim dildə qarşımıza çıxmır. Uşaq da elə bilir ki, yazılış qaydası bu cür olmalıdır. Dil milli qurur hadisəsidir. Dilin inkişafında milli qürurun iştirakı məhdudlaşdırılıb. Bu mənada Azərbaycan dilinin rolu çox azdır. Halbuki tərsinə olmalı idi. Bütün bu olanları görənlər - Azərbaycanın gənc nasirləri, şairləri - heç yerdə həyəcan təbili çalmır. Sadəcə sosial şəbəkələrdə status formasında fikir bildirməklə öz vətəndaşlıq borclarını yerinə yetirdiklərini düşünürlər. Dilin bu vəziyyətə düşməyində internetin də mənfi rolu var. Ədəbi dilimiz tam formalaşmamış başqa dil, düşüncə, yazı mədəniyyətinə keçdik, o da öz mənfi təsirini göstərdi.
Bu saat dilçilərlə xalqın arasında da bir bağlılıq yoxdur. Dilçilər dili duymur. Bəzi iranpərəst, rusprəsrəs, ərəbpərəstlər bu dilin funksionallığına, estetik funksionallığına mane olurlar.
İndi baxırsan televiziyaya, yaxud nəsə oxuyursan. Görürsən ki, sözlər nəfəs almır. O İlya İlif və Yevgeni Petrovun "On iki stul” romanındakı personajın 30 söz bildiyi kimi bizim camaat da çox az sözlə çulunu sudan çıxarır. Bizim cəmiyyət o romanın qəhrəmanına çevrilib. Az sözlə də böyük mətləbləri izah etməyə çalışırlar. "Narahatçılıq, xoşbəxtçilik və s.” kimi "çı” şəkilçisinin işlənməsi gərəkməyən sözlər icad edirlər. Təəssüf ki, dili millət qorumur. Azərbaycan ədəbiyyatı onların düşüncə sistemindən, hətta həyatından kənardadır. Xüsusən son 30 ildə... Yazıçının oxucusu yoxdur. Təbliğat pis gedir. Müasir yazıçılara, klassiklərə münasibət yaxşı deyil. Pis tərcümələrdə dünya ədəbiyyatı oxuyurlar, bizim ədəbiyyatı isə oxuyan yoxdur. Düzdü, bəzi yazarlarımızın da bunda böyük rolu var. Onların romanının çoxusunda Əhməd dayı Sem dayı kimi danışır.
Mənə maraqlıdır, nadan aparıcılar niyə cəzalanmır? İctimai qınağa tuş gəlmir? Bir status paylaşmaqla məsələ bitmir. Savadsız aparıcılar kütlə üçün normaya çevrilib. Onlar sanki qəsdən, bilərəkdən nadan şəkildə dilin qanına susuyublar. İstəkləri odur ki, dil korlansın. Cahillikdən, savadsızlıdanmı bunu edirlər, yoxsa bilərəkdən? Açığı anlamıram. Xalq da elə bilir ki, onların danışığı dildə gedən proseslərdir. Bizim insanlarda düşüncə azadlığı yoxdur. Təfəkkürümüzlə nitqimiz arasında uçurum var. Düşüncəmiz nitqimizə çatmır, təfəkkürümüz də nitqimizi ifadə etməyə. Qurama sözlərimiz var. Əsas da mürəkkəb fellər. Məsələn, təxliyyə etmək, fəsadı olmaq, narahat etmək və s. Qurama, mənasız mürəkkəb fellər bu dildə varsa, deməli dilin daşıyıcısında düşüncə problemi var.
Seyran müəllimə də təşəkkür edirəm ki, bir ziyalı kimi bu məsələdən narahat olduğunu dilə gətirib. Mənə elə gəlir ki, bu problemləri həll etmək üçün Azərbaycan dili müdafiə komitəsi yaradılmalıdır. Dil bizim ləyaqətimizin əsası olmalıdır.
Görün məsələ nə yerə gəlib ki, artıq dövlət də bundan narahatdır. Prezident qanun çıxarıb, mərkəzlər yaradılıb. Düşünürəm ki, bu məsələ həlli yollunu tapmalıdır və tapacaq da...”
"Yeni Müsavat” qəzetinin yazarı və redaktoru Xalid Kazımlı bu kimi səhvlərin tez-tez olduğunu və problemin aktual olduğunu dilə gətirib:
"Seyran Səxavətin dilimizin təmizliyi ilə bağlı yazısı aktual və vacibdir. Bu yazını oxuyandan sonra, elə oldu ki, CBC telekanalı futbol matçına baxdım və bir ifadəyə diqqət etdim. Şərhçi "Sportinq" klubunun kapitanı Nanini belə tədim etdi: "Nani azad rəssam kimidir, onun meydançanın hər tərəfində görmək olar". Əslində isə bu, ruscadakı "volnıy xudojnik" ifadəsinin hərfi tərcüməsidir, dəqiq tərcümə "azad sənətkar" olmalıydı. Bu kimi səhvlər, yanlışlıqlar, təəssüf ki, həm şərhçilərin, həm aparıcıların, həm də jurnalistlərin danışığında, yazılarında çox yer alır. Ana dilimizdə gedən hazırkı deqradasiya prosesi isə belə səhvlərə göz yummağımızın nəticəsidir”.
Tanınmış teleaparıcı Rahil Sayadoğlu deyir ki, dil qüsuru olan aparıcı cəzalandırmağın ən yaxşı yolu onu efirdən uzaqlaşdırmaqdır:
"10 illik televiziya təcrübəmə dayanaraq deyim ki, dil normaları, efir danışığı və s. bu kimi mövzularda redaktorun savadı önəmli rol oynayır. Redaktor layihəyə nəzarət etməli, aparıcının qüsurlarını nizama salmalıdır. Ola bilsin ki, mənim də nə vaxtsa səhvlərim olub. Amma mən televiziyaya redaktor kimi gəldiyimdən öz səhvlərimi çox tez aşkar edə, düzəldə bilirəm. Bütün aparıcılara səslənirəm, verilişləriniz üçün redaktor tələb edin, redaktorlarla birgə işləyin, bu sizə yalnız kömək olacaq. Bir aparıcını cəzalandırmağın ən yaxşı yolu onu efirdən uzaqlaşdırmaqdır. Əgər qüsuru varsa və düzəltmirsə, efirdən uzaqlaşdırırsan və deyirsən ki, "get danışığın düzələndə gələrsən". O əgər aparıcılıq üçün alışıb yanırsa nitqini düzəldəcək, yox əgər öz üzərində işləməyəcəksə, deməli təsadüfi aparıcıdır və getməyi məsləhətmiş”.
Yazıçı Cavid Zeynallının sözlərinə görə, dil savaddan artıq, hissiyyatla bağlıdır:
"Məncə, telekanalların əməkdaşları Seyran Səxavətin yazısının surətini çıxarıb başlarının üstündən asmalıdırlar. Hər adam belə yaxşılığı eləmir. Faydalansınlar, qiymətləndirsinlər və zəng edib təşəkkür etsinlər ki, iradları, nöqsanları qəbul edirik, çalışıb savadımızı artırarıq. Hərçənd, inanmıram ki, bunu etsinlər. Dil savaddan artıq həm də hissiyyatla, təəssübkeşliklə bağlıdır. Hissiyatı, sevgini və təəssübkeşliyi isə öyrətmək olmur”.