adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Dekabr 2018 15:42
13461
ƏDƏBİYYAT
A- A+

Daha olmayacaq

Amin 

Bakı Oksford Məktəbi Şəmkir filialının 11-ci sinif şagirdi


Redaksiyamızın poçtuna 11-ci sinif şagirdi olan Aminin şeirləri daxil olub. Gözdən keçirtdik, onun uşaq həssaslığını, duyumunu və bir də sözə olan sevgisini nəzərə alıb şeirlərini "Ədalət”in oxucularına təqdim edirik. Öz növbəmizdə biz həm də ona uğurlar diləyirik.












Daha olmayacaq

Buranın keçmişi küçə məhləsi,

Bakının ulduzlu aylı gecəsi,

İnsanın yaradıb-qurmaq həvəsi

Gəlib-keçibdisə, qayıtmayacaq.

Uçanı qanadı geri qaytarır,

Boğazdan çıxan can geri qayıtmaz.

Biz yatıb qalmışıq, zamansa qaçır,

Qaçılmış zaman geri qayıtmaz.

Dostum, sözüm üçün qınama məni,

İnsanın həyatda yoxsa sevəni,

Başa düşməyəcək olub-keçəni,

Gedəndən ötrü də darıxmayacaq.

ATA

Atadır həyatın ilk müəllimi,

Atadır həm acı, həm də səmimi.

Atadır övladın imanı, dini,

Zülmətdə tək işıq atadır, ata.

Göylərin gözündən sellər axanda,

Buludlar toqquşub şimşək çaxanda,

Şeytan qaranlıqdan bizə baxanda,

Gözünü çıxaran atadır, ata.

Axan damarında o qaynar qandır,

Parçası olduğun ruhdur, o candır,

Gecədən sonrakı sökülən dandır,

Canının parçası atadır, ata.

Qusarçay

Boz düşüb yenə də dağ-təpəsinə,

Qeybə çəkilibdir bəyaz gölləri.

Budaqlar bürünüb qar ləpəsinə,

Göylərə qalxıbdı çılpaq əlləri.

Dərəni basıbdı ağappaq duman,

Elə bil dağlarda dayanıb həyat.

Xalçaya bənzəyir tüstülü tavan,

Yaranıb tavanda təbii fasad.

Bu nə gözəllikdi, sanki nağıldır,

Bir görün nələrə qadirdir Tanrı.

Bu gecə Günəş də Aya paxıldır,

Bizlərə göstərmək istəmir yarı.

Qar verib eşitdi göylər duamı,

Ciyəri yandırır qışın şaxtası.

Buludları dəlib keçən şüanın

Bilinmir gerçəyi, yoxsa saxtası.

Bəyaz geyinibdir dərə, ot, çəmən

Bəzənib keçinib alma diyarı.

Seçilmir yolları axan ağ süddən

Baş alıb "süd çayı” Bakıya sarı.

Donubdur Qusarçay, daha axmayır,

Suları buz olub yazı gözləyir.

Qəzəlxan bu qışı söz yaratmayıb,

Oturub həsrətlə yarı gözləyir.

Şirvanım

Vardır mənim vətənimin sinəsində bir torpaq,

Bu torpaqda dəyər olur min cahana bir yarpaq,

Hər tərəfi yamyaşıldır, alması var ağappaq,

Özün kimi göz oxşayan bir qonşun var, Aranım,

Sənsən mənim hər nəyim var, sənsən, əziz Şirvanım.

Torpağında min bərəkət, suyunda dərdə dərman,

Gömgöy parlar hər daima üstündəki asiman,

Min məcnunu sən özünə eylədin aşiq, heyran,

Sənsən fəxrim, qürurum, sənsən mənim ad-sanım,

Sənsən mənim hər nəyim var, sənsən, əziz Şirvanım.

Çəmənində çiçək açır bir dünyanın gülləri,

Görənlərin dinməz olur heyrətindən dilləri,

Deyin mənə, harda görmüş insan böylə elləri?

Yer üzündə yeganəmsən, cənnət kimi xəyalım,

Sənsən mənim hər nəyim var, sənsən, əziz Şirvanım.

Sən olubsan keçilməzlər içindəki keçilməz,

Gün yoxdur ki, şan-şöhrətin deyilməz, eşidilməz,

Torpağına ayaq basdın, daha bir də gedilməz,

Sən həsrətim, intizarım, özün mənim dərmanın,

Sənsən mənim hər nəyim var, sənsən, əziz Şirvanım.

Təyinat

Əgər həyat ağacdırsa,

Biz heç yarpaq da deyilik.

Bu dünyada nə yerliyik ,

Nə də ki, qaçaq deyilik.

Biz özümüz özümüzə

Lazım deyiliksə əgər,

Bu zaman bu dövrana

Zərrə də gərək deyilik.

Kim deyir ki, bu uzanan

vaxt içində yeganəyik?

Biz Tanrının uşaqları,

öz cisminə bənzəyərik.

Biz sitayiş etmiriksə

heç bir kəsin camalına.

Demək ki, insan övladı

Tanrısına xələf deyil.

Biz tarlada qarışqadan

kiçiyik bu bəşər üçün.

Göylərdəki ulduz qədər

uzağıq bil həqiqətə.

Göz ulduzu görmüş isə,

həqiqəti o görmüşdür.

Lakin insan öz gördüyü

həqiqətə bələd deyil.

Söyləyirik törəmişik

imamdan, peyğəmbərdən.

Öz-özümüz qurduğumuz

yol uğruna yaşayırıq.

Deyirik ki, bizik həyat,

biz gəlmişik həqiqətdən.

İnsan heç də bu həyata

dayaq duran dirək deyil.

Torpaq

Əcəl gələnədək səbir eyləyib,

Qurtaran ömrümü mən gileyləyib,

Bu vaxtın içində bir gün əriyib,

Sənə qayıdacam, sənə, a torpaq.

Alacaq dünyanı boranlar, sellər,

Torpağa dönəcək dənizlər göllər,

Bir gün quruyacaq qum olub ellər,

Yenə qayıdacaq, sənə, a torpaq.

Unudulmur

Gecələr hey uçur, bir də baxdın dan,

Zamanın sürəti yamandır, yaman.

Bakının küləyi kimidir zaman,

Qaçıbdır, qaçacaq, dayanmaq bilmir.

Bir ömür yaşanıb keçib getsə də,

Həyatın hay-küyü səsi bitsə də,

Allahın yazdığı günlər keçsə də,

Vaxtın yaddaşından silinmək bilmir.

Unutmur bu ürək o yaraları,

Başlara örtülən düm qaraları,

Ağappağ ağaran xına saçları,

Çoxalan yaşları unutmaq bilmir.

Qəfildən keçsə də fəsillər, aylar

Dənizdən itsə də tənha qayıqlar,

Ətəkdə əriyib su olsa da qar,

Dağların başında ərimək bilmir.

İllərin keçibdir onun yanında,

Artıb başa çatdın göz qabağında,

Həyatın keçibdir qanad altında,

Qanadsız insanın ruhu isinmir.

Yazırsan başında bir tüstü, duman,

Sənmisən doğrudan dərdində yanan?

Vaxtilə sevgiyə, eşqə inanan,

İnsan inancının sonu bilinmir.