adalet.az header logo
  • Bakı 21°C
03 Dekabr 2018 14:01
9560
HADİSƏ
A- A+

BU QAQAŞ KİMİN YOLU İLƏ GEDİB?!

Vay dədəm, vay, gündəm od tutub yanır. Deməli, Rusiyada bir azərbaycanlı xəyanətə görə arvadının başını qırxıb və videosunu çəkib paylaşıb. Həmin video da baxış rekordu qırıb. Sosial şəbəkədə də müzakirəsi yəqin hələ xeyli davam edəcək. Maşallah, millətimiz də ölür belə sarsaq məsələləri müzakirə etməyə. Yazmayacaqdım, amma yadıma cavanlıqda eşitdiyim bir hədis düşdü, ona görə bu məsələyə toxundum.

Həzrət Əli qoşunu ilə bir bölgədə gecələməli olur. Əsgərlərdən üçü gəlib xahiş edir ki, ya Əli, bizim evimiz yaxınlıqdakı kənddədi, izn versəydiniz gedib ailəmizə bir dəyərdik.

Həzrət Əli izn verir. Səhər əsgərlər qayıdanda üçünü də çağırır yanına və soruşur ki, bu gecə nə görmüsünüzsə mənə düzünü danışın. Biri deyir:

- Ya Əli, Allahdan gizli olmayanı səndən niyə gizlədim. Getdim gördüm ki, arvadım başqa bir kişiylədi. Molla çağırdım arvadı boşadım, uşaqları da verdim atamgilə qayıtdım.

Həzrət Əli buyurur ki, keç sağ tərəfimə.

O biri əsgər deyir:

- Ya Əli, mən də eyni hadisəylə rastlaşdım. Qılıncımı sıyırıb ikisini də öldürdüm. Uşaqları da verdim atamgilə.

Həzrət Əli buyurur ki, sən də keç sağ tərəfimə.

Üçüncüsü:

- Ya Əli, mən də arvadı başqa kişiylə tutdum, kişini qovdum, arvadı da möhkəm döyüb gəldim.

Həzrət Əli buyurur ki, sən keç sol tərəfimə və deyir:

- O birinci əsgər Allahın və Peyğəmbərin buyruğuna əməl edib, arvadını boşayıb, uşaqlarını da verib valideynlərinə. İkinci əsgər də xəyanəti qəbul etməyib mənim yolumla gedib, ikisini də öldürüb. - Sonra üzünü tutur üçüncü əsgərə: - Sənsə nə Allahın buyruğuna əməl etmisən, nə də mənim yolumla getmisən. Sən hansı yolla getmisən?

Əmr eləyir ki, üçüncü əsgəri edam eləsinlər.

İndi bu qaqaş kimin yoluyla gedib?!