adalet.az header logo
  • Bakı 20°C
03 Dekabr 2018 12:46
72344
MÜSAHİBƏ
A- A+

Faiq QİSMƏTOĞLU: HƏRƏKƏT İŞTİRAKÇILARI ÖZLƏRİNİ ÖLÜMÜN İÇİNƏ ATIRLARSA...

Suallarımızı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov cavablandırır

- Cənab polkovnik, son günlər ölkəmizdə və Bakı şəhərində hava şəraiti mürəkkəbləşib, güclü yağışlar yağır. Metereoloji şəraitin cətinliyi qəza vəziyyətnin yaranmasına bizcə daha əlverişli mühit yaradır...

- Əlbəttə, yağışların kəskin yağdığı günlərdə Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkəti çətinləşir. Çox təəssüf ki, bəzi sürücülər belə hava şəraitini nəzərə almır, avtomobili sürətlə idarə edir, ara məsafəsi saxlamır, nəticədə qəzalar qaçılmaz olur.

- Görürsünüz, bu cür havada diqqətsizlik nəinki sürücü, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradır...

- Bax, ona görə də Bakıda hərəkətin yüksək sürətli olduğu yerlərdə, məsələn hava limanına gedən prospektdə yağışlı hava ilə əlaqədar olaraq sürət həddi saatda 20 kilometr aşağı endirilib. Bu sürət həddinə də hər bir sürücü əməl etməlidir ki, digərləri üçün təhlükə yaratmasın.

- Bir jurnalist olaraq biz həmişə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının mürəkkəb və yağışlı havada gərgin işlədyini görmüşük. Adam çöldə bir dəqiqə soyuğun altında qarda, yağışda dura bilməyəndə, yol polisləri saatlarla belə havada hərəkətin təhlükəsizliyini tənzimləyirlər. Bu çətin deyilmi?

- Belə baxanda hər bir peşənin öz çətinlikləri var. Heç bir iş asanlıqla həll olunmur. Bizim əməkdaşlar da hər cür mürəkkəb hava şəraitinə uyğunlaşıblar. İstər qar, şaxta olsun, istərsə də müsbət 42 dərəcə istilik olsun. Fərqi yoxdur, hər iki şəraitdə əməkdaşlarımız öz vəzifə borclarını yerinə yetirməlidilər. Çox sağ olun ki, yol polisinin soyuq və yağışlı havada işini görürsünüz, onun əməyinə, zəhmətinə belə dəyər verirsiniz. Təəssüf ki, bəzi KİV-lər polisin belə gərgin işini diqqət mərkəzinə çəkmir, əksinə, bulanıq suda balıq axtarırlar.

- Su dediniz, yadımıza yağışlı havada maşınların dövlət nömrə nişanlarının çirklənməsi düşdü. Bir çox sürücülər yağışlı havadan sonra da dövlət nömrə nişanlarını təmizləmir, çirkli vəziyyətdə saxlayırlar. Bu isə, hər hansı avtomobil sürücüsünün bir qəza törədəndə, yaxud da piyadanı vurub hadisə yerindən qaçarkən nömrələrin görsənməməsinə səbəb olur.

- Hər bir sürücü zəhmət çəkib dövlət nömrə nişanını təmiz saxlamalıdır. Onlar təmiz saxlamayanda, hadisəni törətmiş sürücü kamera tərəfindən də nömrə çirkli olduğu üçün lazımi səviyyədə görüntülər qeydə alınmır. Bu cür halların olması yol hərəkəti qaydasının pozulması deməkdi. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nömrələri çirkli saxlayan sürücülər 40 manat məbləğində cərimə olunurlar. Hər halda, cərimə olunmamışdan öncə, sürücülər bu barədə düşünsələr daha yaxşıdır.

- Eşitmişik ki, bu yaxınlarda şagirdlərin və yeniyetmələrin maariflənməsi məqsədilə Bakının bir neçə məktəbində və uşaq bağçasında olmusunuz. Bu cür görüşlərin müsbət nəticəsi varmı?

- Niyə yoxdur, var! Özü də lap yüksək səviyyədə. Bizim uşaqlar və yeniyetmələr yol hərəkəti qaydalarını bağçadan və məktəbdən öyrənməlidir. Biz də bu məqsədlə tez-tez həmin təhsil ocaqlarında oluruq. Onlarla çox sadə və səmimi söhbətlər aparır, yolu keçərkən diqqətli olmalarını tövsiyyə edirik. Üstəlik də uşaqlara yol hərəkəti qaydaları ilə bağlı yeni kitablar və albomlar veririk. Düşünürəm ki, bu cür addımların atılması həmin uşaqları gələcəkdə yol hərəkəti qaydalarına əməl etməkdə önəmli əhəmiyyət kəsb edir.

- Vaqif müəllim, amma nə olsun, yenə görürsən ki, piyadaların vurulması halları baş verməkdədi. Adicə bir fakt deyək: ölüm hadisələri ilə bağlı qəzaların yarısı elə piyadaların payına düşür.

- Siz bizim yaralı yerimizə toxunursunuz. Həqiqətən də şəhərimizdə piyadavurma halları çoxdur. Bir Allah şahiddir ki, yol polisi piyadaların təhlükəsizliyi ilə əlaqədar olaraq hər gün reydlər keçirir, tədbirlər təşkil edir. Sizin özünüz də keçirdiyimiz reydlərdə iştirak etmisiniz. Metronun 20 Yanvar stansiyası yaxınlığında keçirilən reydlərdə nə az, nə çox bir reyddə 60-dan çox piyada barəsində protokol tərtib edilib. Ümumiyyətlə, son vaxtlar yol hərəkəti qaydalarını pozan on minlərlə piyada cərimə edilib.

- Düzdür, bu tədbirlər və cərimələr olur. Ancaq əksər piyadalar yerüstü və yüraltı keçid ola-ola avtomobillərin intensiv hərəkət etdiyi küçədən keçirlər. Bu isə piyadanın özünü ölümün içinə atması deməkdir...

- Biz hər bir piyadanın yanında bir yol polis qoya bilmərik. Buna nə gücümüz çatır, nə də imkanımız. Ancaq biz əhalini maarifləndirə bilərik, reyd keçirərik, yaşlı və xəstə adamların çətinlik çəkdiyini görüb təyin olunmamış yerdə avtomobilləri saxlatdırıb onları təhlükəsiz yolun o biri hissəsinə keçirə bilərik...

- Sirr deyil ki, xeyli vaxtdır "dayanma” və "durma” qaydalarının pozulmasına görə, səlahiyyətlər yol polisindən alınıb Bakı Nəqliyyat Agentliyinə verilib. Bu addımdan sonra Bakıda "dayanma” və "durma” qaydaları daha çox pozulmağa başlanılıb. Hətta elə küçə və prospektlər var ki, orda avtomobillər iki-üç cərgədə saxlanılaraq digər nəqliyyat vasitələri üçün problem yaradır.

- Toxunduğunuz məsələ artıq yol polisinin səlahiyyətləri daxilində deyil. Yol polisinin hərəkəti tənzimləyən və qanunu icra edən yüzlərlə əməkdaşı var. Bu qədər əməkdaşla biz həmin məsələlərin öhdəsindən çox çətinliklə gələ bilirdik. İndi 50-60 əməkdaşla Bakı Nəqliyyat Agentliyi çox çətin ki, bu məsələləri yoluna qoya bilsin. Elə gün olurdu ki, bizim əməkdaşlar "dayanma” və "durma” qaydalarını pozmuş 650-700 sürücü barəsində protokol tərtib edirdi.

- Biz "Ədalət” qəzeti olaraq bu yaxınlarda Binə Ticarət Mərkəzinin qarşısındakı avtomobil yolu ilə bağlı təkliflə çıxış etmişdik. Belə ki, həmin yerdə piyadaların təhlükəsiz hərəkəti üçün yerüstü piyada xətti yox idi. Bu da hər an piyadanın vurulması ilə nəticələnə bilərdi. İnsafı olanlar onlara yol verirdi, insafı olmayanlar isə piyadaların qabağından şütüyüb keçirdi. "Ədalət”in çıxışından sonra ikinci dəfə həmin yerə baş çəkəndə yerüstü piyada zolağını görüb sevindik. Bax, indi görün ordan keçən piyadalar necə sevinirlər...

- "Ədalət” qəzeti bizim ən çox hörmət elədiyimiz və sevdiyimiz mətbuat orqanıdır. Biz nəinki "Ədalət”in, eləcə də digər KİV-lərin təkliflərinə və səmimi iradlarına hörmətlə yanaşırıq. Biz hər şeyə nəzarət edə bilmərik. Elə məsələlər var, mətbuatın və cəmiyyətin köməkliyi ilə həll olunur. Bu təkliflər sağlam və qərəzsiz olanda bizim işin xeyrinədi. Biz də çalışırıq ki, göstərilən nöqsanları görək və aradan qaldıraq. Biz hər bir mətbuatı və saytı izləyirik. Sizin də qaldırdığınız problem diqqətdə olub və öz həllini tapıb. Bundan həm, yol polisi qazanıb, həm də hərəkət iştirakçıları. Ümumiyyətlə, mən düşünürəm ki, yol polisi ilə hərəkət iştirakçıları arasında nə qədər münasibətlər sivil səviyyədə qurulsa, bir o qədər də hər iki tərəf rahat olar və razı qalar.

Söhbətləşdi: Faiq QİSMƏTOĞLU