adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Dekabr 2018 12:17
22821
MƏDƏNİYYƏT
A- A+

Xoreoqrafiya Akademiyasında Xalq şairi Məmməd Arazın 85 illiyi qeyd olunub

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, akademiyanın professor-müəllim və tələbə heyəti iştirak ediblər. Akademiyanın rektoru, professor Timuçin Əfəndiyevkonfransı giriş sözü ilə açaraq Məmməd Arazın həyat yolu, fəaliyyəti və yaradıcılığından bəhs edib. T. Əfəndiyev qeyd edib ki, Xalq şairi Məmməd Araz yaradıcılığında əks etdirdiyi mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə ədəbiyyatımızda qiymətli mövqe qazanıb:” Xüsusilə də şairin yaradıcılığındakı milli azadlıq ideyası, vətənpərvərlik, və Cənubi Azərbaycan nisgili özünü qabarıq şəkildə biruzə verir. Buna nümunə olaraq "Ayağa dur, Azərbaycan”, "Bu gecə yuxumda Arazı gördüm”, "Məndən ötdü, qardaşıma dəydi” və bir çox başqa şeirlərini göstərmək olar”.

Sonra BXA-nın İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova da tədbir iştirakçılarına görkəmli şair Məmməd Araz haqqında ətraflı məlumat verib.A. Hüseynova bildirib ki, şairin şeirlərində həyat eşqi, insani duyğular, folklor nümunələri geniş və dolğun əks olunmuşdur.

Tədbirdə həmçinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev "Məmməd Araz yaradıcılığında milli istiqlal ideyalarının tərənnümü”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov "Poeziyamızın Məmməd Araz zirvəsi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva "Məmməd Araz şeirinin poetik özünəməxsusluğu” adlı məruzələrlə çıxış ediblər.

Daha sonra isə Məmməd Arazın 85 illik yubileyinə həsr edilmiş kitab sərgisi nümayiş olunub. Sərgidə şairin çap olunmuş kitabları və şeirinə bəstələnmiş musiqi diski yer alıb.

Elmi-nəzəri konfrans tələbələrin ifasında Məmməd Arazın şeirlərindən seçmələr və şairin şeirlərinə bəstələnmiş mahnılarla yekunlaşıb.

Xatırladaq ki, 1933-cü ildə Şahbuz rayonunda anadan olan Məmməd Araz Azərbaycan ədəbiyyatdakı xidmətlərinə görə "Əməkdar incəsənət xadimi”, "Xalq şairi”, "İstiqlal” ordeni və bir sıra fəxri adlara layiq görülüb.