adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Noyabr 2018 12:51
12710
SİYASƏT
A- A+

“Bakı ilə Yeravanı müqayisə etmək ağılagəlməzdir”

"Ermənistanın paytaxtı Yerevana səfər etməyimizdə əsas məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin 52-ci sessiyasında iştirak etmək idi. Maraqlı məqamlardan biri də odur ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin sədrliyi Azərbaycana keçdi. Tədbirdə bir sıra regional məsələlər, parlamentlərin regionda iqtisadi əlaqələrin möhkəmlənməsi bağlı və digər mövcud məsələlərdən bəhs olundu və müəyyən qərarlar qəbul edildi”.

Adalet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında QDİƏT Parlament Məclisinin Ermənistanın paytaxtı Yerevanda keçirilən 52-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Əflatun Amaşov deyib.

Deputat bildirib ki, o və təşkilatın Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyev fürsətdən istifadə edərək Yerevandakı Göy Məscidə baş çəkiblər.

"Göy Məscid Azərbaycanın tarixi abidələrindən biridir. 1776-cı ildə Naxçıvan xanı Hüseynəli xanın göstərişi ilə inşa edilib. XIX əsrin II yarısında Ermənistanda təqribən 300-ə yaxın məscid fəaliyyət göstərib. Hətta 1990-cı illərə qədər də bir sıra məscidlər fəaliyyət göstərib. Bizim baş çəkdiyimiz Göy Məscid isə Ermənistanda olan yeganə məsciddir. 1995-ci ildən Ermənistan hökuməti ilə İran hökuməti arasında razılığa əsasən məscid İran tərəfinin maliyyəsi ilə təmir olunub. Hazırda bu məscid İranın Ermənistanda mədəniyyət mərkəzlərindən biri kimi hesab olunur”.

Ə.Amaşov qeyd edib ki, tədbirdə əsas məqamlardan biri də QDİƏT Parlament Məclisinin yubiley medallarının təqdim olunması idi.

"Həmin yubiley medallarından isə Azərbaycan, Ukrayna, Gürcüstan və Türkiyə imtina etdi. Əlbəttə, Azərbaycan nümayəndə heyətinin, deputatının həmin tədbirdə medalla təltif edilməsi yolverilməz idi. Biz bunu etməyəcəkdik”.

Deputat Ermənistandakı iqtisadi və sosial vəziyyətdən də danışıb:

"Biz əsasən şəhərin mərkəzində olduq. Ölkə seçki ərəfəsindədir. Biz hava limanından şəhərə gedərkən yollardan, yolların kənarındakı binalardan oradakı vəziyyətin necə olduğu aydın görünürdü. Təqribən 20 il bundan öncəki Azərbaycandakı görkəmə oxşar mənzərə diqqəti cəlb edirdi. Bakı ilə Yeravanı müqayisə etmək ağılagəlməzdir. Dəyişiklik, fərq çox böyükdür”.