adalet.az header logo
  • Bakı 11°C
30 Noyabr 2018 11:48
12895
DÜNYA
A- A+

Səudiyyə vəliəhdi Argentinada neft bazarı axtarır

Bu gündən başlayaraq dekabrın 1-dək davam edəcək "G20” ("Böyük iyirmilik”) sammitində iştirak etmək üçün Argentinanın paytaxtı Buenos-Ayresdə olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsi üçün əlavə neft bazarlarının axtarışına çıxıb.

Adalet.az "Reuters”ə istinadən xəbər verir ki, vəliəhd şahzadə sammitdə iştirak üçün Argentinaya gələn Hindistanın baş naziri Narendra Modi ilə görüş keçirib. Söhbət zamanı Məhəmməd bin Salman Hindistanın texnologiya, kənd-təsərrüfatı və enerji sektorlarına böyük həcmdə investisiya yatırmaq planlarının olduğunu bildirib.

Vəliəhdin sözlərinə görə, Ər-Riyad limanların, magistral yolların tikilməsi və digər layihələrin icrası üçün tezliklə Hindistanın Milli İnvestisiya və İnfrastruktur Fonduna ilkin sərmayə yatırımını başa çatdıracaq.

ABŞ-ın Tehrana qarşı enerji sanksiyalarını nəzərə alaraq Məhəmməd bin Salman həmçinin, Hindistanın üçüncü ən böyük neft tədarükçüsü olan İranı bir növ əvəzləmək təklifi edib. Səudiyyənin "SPA” agentliyi bildirib ki, vəliəhd şahzadə Modiyə Ər-Riyadın Hindistanı neft və neft məhsulları ilə təchiz etməyə hazır olduğunu deyib.

Qeyd edək ki, G20 sammitində iştirak 6 həftə əvvəl səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda amansızcasına qətlinə əmr verdiyi iddia edilən Məhəmməd bin Salmanın bu cinayətdən sonra regiondan kənar ilk səfəridir. Sammit çərçivəsində vəliəhdin Rusiya prezidenti Vladimir Putinlə görüşərək dünya neft bazarındakı vəziyyəti müzakirə edəcəkləri planlaşdırılır.