adalet.az header logo
  • Bakı 20°C
29 Noyabr 2018 20:52
18963
GÜNDƏM
A- A+

Payız mənə çox oxşayır


Hər fəsilin bənzəri var,
Payız mənə çox oxşayır.
Naxışında köz zəri var,
Payız mənə çox oxşayır.
Bilinmir sevinci, qəmi,
Qurumaz könlümün nəmi.
Tufanlara dözən gəmi,
Payız mənə çox oxşayır.
Bulud-bulud axışıyla,
Çiskiniylə, yağışıyla.
Küskün-küskün baxışıyla,
Payız mənə çox oxşayır.
Xəzanı yaşıldı dünən,
Rüzgarlar diliylə dinən.
Sınıq qəlbi neyə dönən,
Payız mənə çox oxşayır.
Mənsur şeir

Qəm eyləmə xəzan naxışlım

Yenə pərişandı payız, pəjmürdədir halı, tutulubdu qaş-qabağı. Küskün baxışından qəm süzülür, nəmdir üzü. Yenə hicran notuna, həsrət akkorduna köklənib,- ayrılıq şərqisi oxuyur.
Dəli rüzgarın qəm neyindən qopan ayrılıq havasından havalanıb sanki. Qürbətə köç edən qərib quşların boş qalan yuvalarına vida nəğməsindən, ahı budaqları göynədən, xəzana dönən yarpaq xışıltısı nalələrindən bitab olubg Kövrəlib, doluxsunub Payız. Sınıq könlü neyə dönüb, qəm ələyir, nəm süzülür baxışından, gildir-gildir yaşa dönür gözlərində...
Nələrin intizarının, nəyin xiffətini çəkir? Narın-narın, həzin-həzin nalə çəkib, için-için yağış dilində nədən ağlayır payız!? Yoxsa üryan ağacların, saralan otların, ləçəkləri xıncım-xıncım olan çiçəklərin xiffətini çəkir. Nəğməsi yetim qalan quş yuvalarının kədərindənmi belə qəmlənib?
Bəlkə yerini tutacaq qarlı-çovğunlu qışın nəfəsini duyub, addım səsindən diksinib. Şaxta-ayazın saçlarını yolduğu məcnun söyüdləri, xan çinarları, ürüyən ağacları üşüdəcəyinin kədərini yaşayır...
Qəm eyləmə qızılı donlu, xəzan naxışlı, barlı-bəhrəli, çal-çağırlı payız. Gah nurlu simalı, ilıq təbəssümlü, gah da küskün baxışlı müdriklik rəmzi fəsil. Sən həm də sevənləri qovuşduran toy-büsat fəslisən. Ayrılıqların vüsal çələngisən.
Qüssə, qübar niqabını çək üzündən, sıyrıl qəmdən. Qəm buludu yoxa çıxsın, qoy qurutsun zərrin-zərrin al şəfəqlər nəm üzünü. Təbəssümün paklandırsın ürəkləri, gerçək olsun könüllərin diləkləri...
Tab edərik qışın şaxta, ayazına, çovğunua, dumanına, boranına. Diləyimiz yenə yaşıl don geyinər, qönçə olar, çiçəkləyər ümidimiz, qərb quşlar dönər isti yuvasına, cah-cəlallı, xoş növraqlı günlər gələr, bağça-bağlar bar yetirər, var gətirər. Ürəklərdə puçur-puçur sevda bitər, yetişərsən sevgi dolu ürəklərin harayına.
Qəm eyləmə xəzan naxışlı, nur çöhrəli fəslim mənim...
Adilə Səfərova,
Naxçıvan televiziyasının
baş redaktoru