adalet.az header logo
  • Bakı 12°C
29 Noyabr 2018 20:21
17310
ƏDƏBİYYAT
A- A+

NUR PAYI...

Əlisəfa Azayev

Nahaq demirlər ki, günəşin zərrəsiyik... Bu şüadan, zərrədən hər birimizə pay düşür. Kimisinə çox, kimisinə az... Göydə ulduzlar da müxtəlif ölçüdə -biçimdədi... Dan ulduzu onların ən parlağı, yol göstərənidi. Çöldə-biyabanda, səhrada azıb-təzən də nəzərlərin ona dikir, bir çıxış yolu aramaq, tapmaq istəyir. Onu nahaq yerə bələdçi, yol göstərən adlandırmırlar ki. Müsəlmanlar onu Zöhrə adlandırır, xristianlar Venera... Hər ikisi gözəllik, yaraşıq rəmzi...
Şairi də şair edən yar-yaraşıq, gözəllik, divanəlikdi... Bizim nəsil həqiqi mənada elm, sənət, kitab, oxumaq, təhsil almaq divanəsi oldu. Şeyx Nizaminin sözlərini eşidəndə o vaxt necə də təsirlənmişdi:

Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım.

İndi bu fikirli, məqsədli adamlar çox azdır. Bəlkə də bu elə informasiya bolluğundandır. Qəzet və jurnallar, kitablar çox çap olunur bəyəm? Hər halda çap olunurlar...
Əlbəttə, biznes zəmanəsidi. Hamı xeyri üçün çalışır. Ancaq yenə də kitaba hörmət -izzət gözlənilməlidi! Bunun itməsinin zərbəsini gələcək nəsillər görəcək. Özü də hər sahədə. Bir dəfə Sumqayıtda on birinci ərazi tərəfdə bir mağazaya təsadüf etdi. Qarışıq mallar mağazası kimi burada hər şey satılırdı. Hətta kitab bölməsi də vardı. Məlum oldu ki, burada ancaq dərsliklər var, başqa kitablar yoxdu. Satıcıdan soruşdu:
- Bəs bədii ədəbiyyat?
- Nəyimə lazımdı. Onsuz da pula getmir.
- Bu çox pis... Heç olmasa reklam edərdin də.
- Dərdim qurtarmışdı elə...
Bəli, manqurtlaşmış əsil adam beləsidi. Onu cəmiyyətdə heç nə narahat etmir. Onun üçün fərqi yoxdur, uşaqlar dərsdən əlavə bədii ədəbiyyat, kitab oxudu ya yox...
Bəlkə də elə bunun nəticəsidi ki, qabaqkı xeyirxah adamlara bir o qədər təsadüf edilmir. Hamı bir-birindən çırpışdırmağa çalışır. Bir dəfə bir sovet kitabı düşmüşdü əlinə. Orada açıq-aydın yazılmışdı: "Biznesmen - dələduz, fırıldaqçı deməkdir." İlahi, bu nə sözlər idi o eşidirdi! İndi durub nə desin?! Axı yaxşı deyil. Sonra da desinlər ki, müəllim təqaüdə çıxıb, indi qiyam qaldırır.
Ancaq qiyamçı oğlanlardan birini lap yaxşı tanıyırdı. Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşayırdı. Həyat yoldaşı rus olsa da, şəriət qaydalarına ciddi əməl edərdi. Bir sözlə Valya xanım elə sonralar məcburiyyət üzündən dinini, mənsəbini dəyişən qədim türk nəslindən idi. O türklərdən ki, yaxın keçmişə kimi Uzaq Şərq, Altay vilayəti onların əsil mənada cıdır meydanları olmuşdu. Sonradan rusların xristianlaşma siyasəti başladı da...
Məşədi Alim bir vaxtlar Məşəddə ziyarətdə olub, bu adı qazanmışdı. Di gəl ki, onun bu halına dodaq büzənlər də vardı. Belələri Alimin üzünə bir söz deyə bilməsələr də arxasınca o ki, var üyüdüb-tökürdülər. Biri elə o vaxtlar Siyəzən rayon Vergi şöbəsinin müdiri olan Hacı Tofiq... Xətrini çox istəyən bir adam idi. Mərd, comərd, səxavətli. Yanında olanda Alimin iş məsələsindən söhbət saldı, bir köməklik etməsini xahiş etdi. Xətrini istəyirdi Hacı ona nə desə yaxşıdı:
- Ə, sən onun dərdini çəkirsən? Məndən yaxşı dolanır. Gündə neçə toy -düyün məclisini kasetə çəkir, bəsidir də... Vergi vermir, sertifikatı yox, dolansın da özü üçün.
Başlanmış söhbətə yekun vurmaq istəmədi:
- İş olsa daha yaxşıdı.
- Mən də bilirəm, indi iş hardadı ki? Beş-on dövlət qulluqçusundan başqa, elə çoxu sahibkarlıqla məşğuldu da.
Bu an istər-istəməz Məşədi Alimin bu günlərdə Siyəzən rayonunun "Çıraq" qəzetində dərc olunmuş "Oxşayırmı mənə qardaşım?" şeirindəki misralar yadına düşdü:

Dolaşıb əlində arvad-uşağın,
İtirib evində solun, həm də sağın.
Kimsəni özünə bilməyir yaxın,
Deyin, oxşayırmı mənə qardaşım?

Məşədi Alimin şeirləri beləcə fəlsəfi əsərlər kimi çoxqatlı, mənalı olduğu üçün hərə bir yerə yozdu. Alim isə sanki gölə bir daş atmış kimi, kənarda durub baxırdı ki, onun bu şeirini necə mənalandıracaqlar.
O, orta ixtisas təhsilli mühəndis olsa da, hələ də işsiz idi. Bəlkə də hakimi əvəz edən vaxtı müraciət etsəydi, bir iş görmək olardı. Azərbaycan mühiti idi də. Hamı öz alış-verişində, işində idi. Onun kimi hər adam dosta, qardaşa can yandırmırdı ki. Doxsanıncı illər də elə əsil mənada qardaşın qardaşından üz döndərdiyi vaxtlar idi.
Belə bir vaxtda Siyəzəndə rayon dövlət notariat kantorunun dövlət notariusu işləyirdi. Otağa idmançı görkəmli, yaraşıqlı, dolğun bir cavan girib, onunla mehribançılıqla salamlaşdı. Əyləşəndən sonra ilk tanışlıqdan keçdiyi yol barədə bildirdi, gəlişinin məqsədini dedi:
- Həyat yoldaşım Valyanın atası rusdu. Bir qıçası kəsilmişdi, ikincisini də burda kəsdirdi. Yeriyə, hərəkət edə bilmirdi də... Onun adından etibarnamə lazımdı.
Bu söhbətdən təsirlənmiş halda dedi:
- Bu nə sözdü... Nə vaxt desəniz, mən getməyə hazır.
- Bəlkə elə indi gedəyin?
- Ağıllı fikirdir.
Onsuz da işin axırı idi. Onun "Moskviç" maşınına minib Siyəzən rayonunun Böyük Hamiyə kəndinə gedəsi oldular. Onlar üç qardaş idilər. Böyük qardaşları Əli müəllim ziyalı adam idi. Bir müddət aşıqlıq etmiş, kənd sovetinin sədri işləmiş, indi isə müəllim kimi fəaliyyət göstərirdi.
Ortancıl qardaşı Şərafəddin milis nəfəri işləmişdi. Hazırda təqaüddə idi. Alim kiçikləri olsa da, öz söz-söhbətində sərt, dönməz idi. Düz adama oxşayırdı. Bu səbəbdən qardaşları ilə arası sərin olardı. Sonbeşik oğul kimi ata evində yaşayırdı. O biri qardaşlarının hər birinin ayrı şəxsi evi, həyəti, təsərrüfatları vardı.
İlk tanışlıqdan Alimi qayğıkeş, alicənab, dostcanlı bir adam kimi tanıdı. Xüsusilə ona qarşı çox səmimi idi. Hətta onları bir neçə dəfə Böyük Həmyə kəndinin məşhur sovxoz üzümünə qonaq elədi. Əsil ağ şanılar idi. Dolğun salxımlı, saralmış, uzun, yumru giləli. Yedikcə yemək istəyirdin. Böyük Həmyənin də nəyi olmasaydı, balığı həmişə olardı. Onlara qonaq gedəndə Alim bolluca süfrə açdırar, onlara həvəslə kabab çəkərdi. Onu bəlkə də ona daha çox sevdirən Böyük Həmyənin bolluca nemətləri yox, onun bir insan kimi öz həyat yoldaşı Valyanın şikəst, xəstə atasına göstərdiyi hədsiz qayğı, əvəzsiz məhəbbət, mərhəmət idi. Xəstə kişini əsil mənada min dillə dindirir, onun yemək-içməyinə xüsusi fikir verirdi. Belə də lazım idi. Hər birimiz bu işıqlı dünyada qonağıq. Bizə verilmiş bu ömür payını insan kimi başa vurmalıyıq.
Alim ona bir söz deməsə də, bir gün Siyəzəndəki böyük neft təşkilatı NQÇİ-nin -Neft, Qaz Çıxarma idarəsinin rəisinin qəbulunda olub, Alim üçün bir iş görmək istədi. Rəis çox təkəbbürlü adam idi. Hətta ona əl uzadan işçinin əlini görməməzliyə vurub, almaması onu elə təsirləndirdi ki, gəlişinə lap peşiman oldu. Ancaq daha gəlmişdi, sözünü deyəcəkdi. Dedi də... Rəis xəstə adam kimi ağrındı, mızıldandı:
- Nə iş?!. İş hardadı?!.
Daha özünü saxlaya bilməyib dedi:
- Niyə, o pulla alınan işlərdən birini də...
- Yekə oğlansan, bəyəm biz iş satırıq?!
- İş yox, iş yeri...
O yenə də donquldananda dedi:
- Rəis, hər ikimiz Kür sahili rayondanıq. Sən Salyandan, mən Kürdəmirdən... Yəqin ki o sudan sən də içmisən... Bax ona görə də hakimi əvəz edəndə səni pis vəziyyətdə qoymaq istəmədim...
Bu söhbət az-çox ona da məlum idi. Bir traktorçunu təzə traktorunu yandırdığı üçün əvvəl istintaqa, sonra məhkəməyə vermişdilər. İşə baxma ərəfəsində katib pıçıldadı ki, bu iş deyil, bir oyundu, inanmadı. Onun bu sözlərini, hərəkətini isə müdaxilə kimi qiymətləndirdi. Ancaq çox nahaq. Sonradan həmin işdə təqsirləndirilib, islah işi cəzasına məhkum olunan adam şəxsən özü ona dedi ki, həmin təzə traktor yanmamışdı. Onu Qubalı bir fermerə satıb, əsil mənada albi yaratmışdılar.
İdarə rəisi ilə söhbət edəndə hələ bunu bilmirdi. Sonra da artıq gec oldu. Müddət keçmişdi. Yoxsa, özü elə təşəbbüsdə olub, onu dingildətdirərdi. Arxalı köpək qurd basar haqq sözdür. Auditin kəndlərindən olan işçisi şəxsən onun özünə dedi ki, bu tamahkar hər ay uşaq bağçasından, körpə uşaqların hesabına min beş yüz manat pul alırmış.
Ona Allah göstərdi. Avtoqəzaya düşüb uzun müddət xəstəxanada yatdı. Ancaq onun günahı nə olmuşdu, bilmirdi. Axı o da Siyəzənə gedərkən Nasosnu yaxınlığında avto-qəzaya düşmüşdü. Şükür ki, yenə yaxşı oldu, ayaq üstə dura bildi. Bəlkə də Alim bu bəndi elə onda yazıb:

Unudub qohumu, dostun, sirdaşın,
Doğmaca bacısın, həm də qardaşın.
Bəd arvad əlində ağardıb başın.
Deyin, oxşayırmı mənə qardaşım?

Alim onda bu ağır xəbəri eşidib 1 saylı şəhər xəstəxanasına - Semaşkaya gələndə yamanca hirslənib, gileylənib ki, bu ağır xəbəri ona zəng çalıb bildirməyiblər. Bir yandan da məhkəmə icraçısı İlqar Quliyev işləri korlayıb. Nəzarətçilərlə dil tapıb içəri girsə də, Alimi onun yanına buraxmamışdılar. Ona da elə gəlmişdi ki, hər şey bizim əlimizdədi, nəzarətçilərə nə isə pıçıldamışıq ki, kimi içəri buraxın, kimi yox.
Beləcə, dostluq, qardaşlıq o günlər çətin anlarını yaşadı. Yaxşı deyiblər ki, gündüz döyüşlərini kişilər aparırsa, gecə döyüşlərini qadınlar aparır. Onların dediyi əvvəl-axır yerini alır. Haqqı Alimin nəyi vardısa, arvad sözünə bir o qədər qulaq asan deyildi. Valya xanım da heç vaxt onun iradəsinə zidd getməzdi.
Bir gün böyük qardaşı Əli müəllim onları qonaq çağırmışdı. Onları barışdırmaq fikrində idi. Haqqı, Alim onu eşidib gəlsə də, Şərafəddin gözə görünmədi. Bolluca süfrə arxasında yenicə cəm olmuşdular ki, Əli müəllimin həyat yoldaşı ortalığa qatıq da qoyaraq dedi:
- Camış qatığıdı... Yaxşı, yağlı...
Alimin dili qurdlamasın, özünü saxlaya bilməyib, nə desə yaxşıdı:
- İnək var ki, südü camış südündən zığlı, yağlıdı. Elə bizim inək kimi...
Bu an ona elə gəldi ki, qadın hirslənib onların hamısını evdən qovacaq. Yenə sağ olsun, Əli müəllimin xətrinə dinmədi, yola verdi. Bax Alim belə Alim idi! Bir qədər söhbətçil, hay-küylü, özündən deyən... Bəlkə də bu bəndi elə orada fikirləşib yazdı:

Artıq çatıb yaşı yetmişə,
Hələ yaramayıb bir xeyir işə.
Yalanı edibdir özünə peşə,
Niyə oxşamayır mənə qardaşım?
Məşədi Alim ictimai fəal kimi polisin işlərinə yaxından kömək edərdi. Öz vido-kamerası, çəkilişləri ilə... Belə işlərin ustası idi. İndi də ona minnətdardı ki, onların "QAZ-31" maşını ilə Horadizdə hərbi xidmətdə olan Rahib oğlunun yanına gedəndə, yolüstü Kürdəmirdə, onların Qaramahmudlu kəndlərində olub, Kür çayı sahilində gəzindilər. Ata evində Böyük Vətən müşharibəsinin II qrup əlili olan atası Soltanı söhbətə tutdu, kamera lentinin yaddaşına köçürdü. 9 May - Qələbə günü idi. Atası hissə qapılıb, şirin söhbət edirdi. İndi o çəkilişdən hər evdə biri var. Üzünü çıxartdırıblar.
Polis şöbəsinə səfərlərin birində Alim qardaşımızın başına qəribə bir iş gəlib. Onu görcək bir təqsirldəndirilən şəxs yaxın bir adam kimi onu hey söhbətə tutub:
- Ə, Məşədi Alim deyilsən?!.
- Hə də, xalaoğlu...
- Xalanı görüm cəhənnəmlik olsun, məni bu günə qoyub da...
- Bəlkə cənnətlik demək istəyirsən?..
- Hə də... Spiçkan varmı?
- Var... Buyur...
Oğlan birinə onda olan silahla atəş açmaqda təqsirləndirilirdi. Tapança ələ keçsə də, gülləsi tapılmırdı... Bir azdan həmin qıvraq oğlan kibriti ona qaytararaq dedi:
- Çox sağ ol, Allah səndən razı olsun. Siqaretimi yandırdım.
- Tüstüsü çıxmır axı...
- İndiki siqaretləri bilmirsən... Yandırırsan, az keçmir sönür...
Alim işindən, fəaliyyətindən razı halda evə gəldi. Kibiriti çıxarıb qazı yandırmaq istəyəndə, yerində donub qaldı... Bu nə iş idi o düşmüşdü?!. Kibritin içində tapanca gülləsi vardı! Sözsüz ki, onu həmin oğlan qoymuşdu...
İlk dəfə olaraq vicdan məhkəməsi qarşısında dayanası oldu. Nə etsin ?!. Gülləni polisə qaytarıb versin, yoxsa heç kimə bir söz deməyib sussun?!.
Alim ağır fikirli, dərdli halda rayon mərkəzinə gəlmiş, həmin işdən bir xəbər bilmək istəyirdi. Oğlanın buraxıldığını deyəndə, sanki üstündən bu ağır yük götürülsə də, həm də ağır düşüncələrə daldı. Ancaq daha polis şöbəsi tərəfə əvvəlki kimi ürək açıqlığı ilə gedə bilmirdi. Özünü suçlu, günahkar bilirdi... Nə etsin, camaatdı da... Hər şeyi bildirib, açıb-ağarda bilmirdi. Sanki onun qulağına pıçıldayıb, deyirdilər: "And içdirəsi olsalar, belə elə də... De ki, mən belə şey görməmişəm... Kibritin içində sən onu necə görə bilərdin ki?!."
- Bəlkə qaytarıb aparım?
- Bircə elə bu qalmışdı.
(ardı gələn sayımızda)