adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Noyabr 2018 20:18
34410
ƏDƏBİYYAT
A- A+

Şərəflə yaşanmış ömür

Nəsillərə nümunə

HAFİZ TAHİROV,
Əməkdar müəllim, Horadiz şəhər
1 N-li tam orta məktəbin direktoru

(əvvəli ötən sayımızda)

O hesab edirdi ki, şagirdlərin fəallaşdırılmasına və onların müstəqilliyinə xüsusi diqqət yetirilməlidir. Təhsil fəal münasibət tələb edir,ona görə də şagirdlərə müstəqil işləmək vərdişləri aşılanmalıdır ki, bu onların idrak fəallığının inkişafına kömək edə bilsin. Şagird fəal bir varlıqdır,o sinifdə passiv dinləyici olduğu halda bekarçılıqdan ,hərəkətsizlikdən boğulur.Şagird bilik axtrarır.Uşağa kömək göstərmək lazımdır ki,onun bilik əldə etmək arzusu həyata keçə bilsin,yəni ona müstəqil işləmək üçün şərait yaratmaq lazımdır. Deyirdi ki, məktəb heç zaman insana həyatı boyu lazım ola biləcək qədər bilik verə bilməz.Ona görə də uşaqlara daim bilik əldə etmək istəyi və vərdişləri aşılanmalıdır.Ən başlıcası-hər bir məktəbliyə şəxsi təhsil almaq bacarığı verilməlidir.
Ötən əsrin 70-80-ci illərində Lipetsk məktəbinin iş təcrübəsi,Şatalovun "dayaq konspektləri",Amonaşvilinin "əməkdaşlıq pedaqogikası" ideyaları geniş təbliğ olunurdu. Bu ideyaların kollektivlərdə təbliğinə və tətbiqinə çalışan Hüseyn müəllim həmişə onu da qeyd edirdi ki, birinin ən yüksək ideyası başqası tərəfindən kor-koranə tətbiq edilərsə,bunun xeyirdən çox ziyanı olar.Ona görə də hər bir qabaqcıl təcrübəni ətraflı öyrənib , onu "özününkü edəndən sonra" tətbiqinə başlamaq lazımdır.
Azərbyacan məktəblərinin qabaqcıl təcrübəsinin öyrənilməsinə maraq göstərirdi. Yevlax rayonu Xaldan kənd orta məktəbinin direktoru Zahid Şöyubovun , Tovuz rayonu Bozalqanlı kənd orta məktəbinin kimya müəllimi Məhər Quliyevin iş təcrübəsinin öyrənilməsi məqsədilə dəfələrlə həmin məktəblərə rayon müəlimlərinin ekskursiyaları təşkil olunmuşdu.Eyni zamanda öz məktəblərimizdə çalışan qabaqcıl müəllimlərin aşkar edilməsi,təcrübəsinin öyrənilməsi,xüsusilə fərqlənən təhsil işçilərinin rəğbətləndirlməsi diqqət mərkəzində saxlanılırdı. Təltif üçün namizədlər həqiqətən seçilirdi,müzakirə olnurdu,fəaliyyətin nəticələri təhlil edilirdi,namizədin ictimaiyyət arasında mövqeyinə xususi diqqət yetrilirdi. 1988-ci ildə rayonda 5 nəfər əməkdar müəllim,6 nəfər SSRİ maarif əlaçısı,59 nəfər Azərbaycan SSR Xalq Maarifi əlaçısı,37 nəfər metodist müəllim,100 nəfər baş müəllim, 2 nəfər metodist tərbiyəçi,1 nəfər metodist pioner baş dəstə rəhbəri var idi. Xeyli sayda təhsil işçisi orden və medallara layiq görülmüşdü.Bu müəllimlər rayonda təhsilin inkişafına həqiqətən töhfə vermiş,gərgin zəhmətləri sayəsində dərin hörmət,nüfuz qazanmış əsl pedaqoqlar idi. 90-cı illərdə təhsilin humanistləşdirilməsi və demokratiləşddirilməsi haqqında fikirlər daha çox səslənirdi.Yuxarıda qeyd etdiyim kimi bizim rayonda da yeniliyə meyl göstərən müəllimlər,tərbiyəçilər az deyildi.Onları səfərbər etmək,yeni ideyaların həyata keçirilməsində köməkliklər göstərmək,novatorluq nümunələrini aşkar etmək məqsədilə 1990-ci ildə RXTŞ nəzdində yaradıcı müəllimlər ittifaqı yaradıldı. Yenilikçi məllimlərin elmi-praktik konfransında Qarğabazar kənd orta məktəbinin riyaziyyat müəllimi,metodist müəllim Yaqub Məmmədov bu ittifaqın sədri seçildi.İttifaq üzvləri yerli "Araz" qəzetində rayonun bütün pedaqoji işçilərinə müraciətlə çıxış etdilər.
Hüseyn müəllim hesab edirdi ki, məktəb təlimi maraqlı, cəlbedici olmalı,məktəblilərin intellektual təlabatını ödəməlidr.Şagirdlərin yaradıcılıq,axtarıcılıq meyllərinin təqdir olunması,qabiliyyətlərin aşkarlanması və inkişaf etdirilməsinə xüsusi dıqqət yetirilməsini vacib hesab edirdi. Məhz buna görə də 80-cı illərin sonu-90-cı illərin əvvəllərində ölkədə yeni təhsil müəssisələri yaradılmağa başlayanda o,bu müəssisələrdə şagirdlərin müstəqil fəaliyyətinə xüsusi diqqət yetiriləcəyinə,təfəkkürün inkişafına daha geniş imkan yaranacağına inanaraq öz fikirlərini "Araz" qəzetində dərc etdirdiyi geniş məqalə ilə əhaliyə çatdırmaqla yanaşı,rayonda Humanitar və dəqiq fənlər gimnaziyasının yaradılması ideyasını irəli sürdü.
Şəhər 4 N -li orta məktəbin bir korpusu bu məqsəd üçün ayrıldı,avadanlıqla təchiz edilidi.Ən yaxşı müəllimləri seçdik.Tədris planını özümüz tərtib etdik. Fənn müəllimləri metodistlərlə birlikdə xüsusi proqramlar hazırladılar.Mənim rəhbərliyimlə müəlliflərlə birlikdə Respublika Təhsil Nazirinin müavini Əlimirzə Əhmədovun ,Azərbaycan ETPEİ-nin direktoru Zahid Qaralovun qəbulunda olduq,göstəriş verildi,alimlər və pedaqoqlar gətirdiyimiz sənədləri müzakirə edib müsbət rəy verdilər.
Bu gün bu kiçik abzası yazmaq üçün o zaman nə qədər böyük əmək sərf olunduğunu təsəvvürə gətirmək çətindir. Amma Hüseyn müəllim bu işlərə o qədər böyük maraq göstərirdi, özü də bizimlə birlikdə o qədər böyük həvəslə çalışırdı ki, gördüyün işin faydalılığına inanmaya bilmirdin...
Özü yüksək pedaoji takta, pedaqoji mədəniyyətə malik olan bu insan humanist münasibətlərin tərəfdarı idi. İnsanlarla humanist rəftar etməyi, hər kəsin şəxsiyyətinə hörmətlə yanaşmağı,müəllimlərin qayğısına qalmağı məktəb rəhbərlərindən tələb edirdi.
H.Hüseynov əsl vətənpərvər, saf bir insan idi.O bütün biliyini,bacarığını məktəbin inkişafına,rayon əhalisinin maariflənməsinə, bu məqsədlə təlim-tərbiyə müəssisələrinin şəbəkəsinin genişləndirilməsinə,maddi bazasının möhkəmləndirilməsinə ,məktəb həyatına yeniliklərin gətiriləməsinə sərf etmişdir .Tanıdığım müddətdə şahidi oldum ki,bu insan həyatda yalnız bir şeydən-sevimli peşəsinə xidmət etməkdən zövq alır,uğurlara sevinir, kəsrlərin aradan qaldırılmasına xüsusi vaxt həsr edir,məqsədə çatmayınca sakit ola bilmir.
Rəhbər vəzifə tutanların bir çoxunda olmayan ali bir keyfiyyət Hüseyn müəllimin şəxsində böyük məna kəsb edirdi.Bu,gənclərə münasibət idi.Daim istedadlı müəllimləri axtarır,onları rəğbətləndirir, fəaliyyəti üçün şərait yaradır,irəli çəkilməsinə çalışırdı. Hüseyn müəllimin xeyir duası ilə Camal Sadıqov,Nurəddin Abbasov,Ehtiram Səfərov, Yusif Səfərov,Xuraman Kazımova,Şölə Babayeva, Sənarə Hacıyeva kimi gənclər rayonda rəhbər vəzifələrdə çalışırdı. Eldar Şahgəldiyevin elmi-tədqiqatla məşğul olması üçün hər cür imkan yaratmışdı,o,müdafiə edəndə isə elmi adı özü almış kimi sevinir,hətta rayonda bu münasibətlə banket də təşkil etmişdi.Təəssüf ki,bəziləri bu etimadı lazımınca qiymətləndirə bilmir,digərləri isə hətta bir pillə irəli getdikdən sonra onun fəaliyyətinə kölgə salmaq iştahasına da düşürdü. Ancaq böyük böyüklüyündə qalır. Həyatının son günlərinə kimi öz əqidəsindən dönməyən bu insasnın keçdiyi yol nəsillərə əsl nümunədir.
Ölkəmizin təhsil tarixi daim tədqiqatçıların diqqət mərkəzindədir. Alimlərimiz regional tarixləri də böyük maraqla vərəqləyir,dərin elmi araşdırmalar aparırlar.Mən qəti əminəm ki,Füzuli rayonunun təhsil tarixi də nə vaxtsa pedaqogika tarixini öyrənən bir alimin tədqiqat mövzusu olacaqdır. O zaman geniş dünyagörüşü,yüksək elmi-nəzəri hazırlığı,zəngin biliyi ilə daim fərqlənən Füzuli ziyalılarına böyük məharətlə bütöv bir qərinə rəhbərlik etmiş,rayonda təhsil səviyyəsinin daim yüksəkdə durması üçün ömrünün son günlərinə kimi usanmadan,yorulmadan böyük şövqlə çalışmış Hüseyn Qara oğlu Hüseynovun fəaliyyəti bu tədqiqatlarda öz layiqli yerini tapaçaqdır.