adalet.az header logo
  • Bakı 20°C
29 Noyabr 2018 20:01
24869
GÜNDƏM
A- A+

YENİ UNİVERSİTET MODELİ TƏDRİSƏ GƏTİRİLİR

Gəncə Dövlət Universitetinin 80 yaşı tamam olur

Bu gün müstəqil ölkəmizdə pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrindən biri - Azərbaycan elm, təhsil tarixində şanlı səhifələr yazan Gəncə Dövlət Universiteti (GDU) özünün 80 illik yubileyini təntənə ilə qeyd edir. Təməli 1938-ci ildə qoyulan universitet ötən bu zaman kəsiyində böyük inkişaf yolu keçmişdir. Gəncə Dövlət Pedaqoji İnstitutu kimi fəaliyyət göstərən bu elm, təhsil ocağı ölkəmizin məktəbləri, eləcə də Gürcüstanlı soydaşlarımızın Azərbaycan dilli məktəbləri üçün yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayıb. 2000-ci ildən Gəncə Dövlət Universiteti statusu ilə fəaliyyət göstərir.
Artıq yarım əsrdən çoxdur ki, bu elm məbədi mənim həyatımdan da qırmızı xətlə keçir. Məzunu olduğum bu ali təhsil ocağında övladlarım, yaxınlarım oxuyub. Və hər gün bu təhsil məbədinin qarşısından dəfələrlə keçib-gedirəm. İstər istəməz xəyalən ötən illəri son bir neçə illə müqayisə edir, qəlbimdən bu günki gəncliyə qibtə hissi keçirirəm...
Əvvəla, ötən illərlə müqayisə universiteti maddi-texniki bazasını, təhsilin məzmununu elmin inkişafı baxımından dəyərləndirmək olar. Əgər müstəqilliyimizin ilk günlərində GDU-nun 3 tədris korpusu var idisə, bu gün korpusların sayı 5-ə çatıb. Bu günlərdə ən müasir standartlara uyğun yenidən qurulmuş dördmərtəbəli beşinci korpus istifadəyə veriləcəkdi. Yeni korpusda əlilliyi olan tələbələr üçün mərkəz, Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi, Avropa Araşdırmaları Mərkəzi, TİKA-nın dəstəyi ilə yaradılan Nuru Paşa adına Kitabxananın nəzdində fəaliyyət göstərən Təlim və Tədris Mərkəzi yerləşir.
Təhsilin məzmunu universitet kollektivinin daimi qayğıları olan problemlərdən biridir. Belə ki, elmi nailiyyətlərin tətbiqi sahəsində aparılan tədqiqatlar göstərir ki, hər hansı yeni elmi kəşf və ya yeni sosial ideyaya meydan verilməsi nəticəsində onun sistemli öyrənilməsi arasındakı müddət durmadan azalır. Yenilik bir-birini əvəzləyir. Bu, sözsüz, günümüzün tələbidir. Kollektiv istəsə də, istəməsə də bu yenilikləri qəbul edir. Cəsarətlə deyə bilərik ki, ötən illərlə müqayisədə təhsilin məzmununda xeyli dəyişikliklər baş verib.

UĞURLU İLLƏR TARİXƏ ÇEVRİLİR

Ötən 80 ildə ali təhsil məktəbini yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında müstəsna rolu olub. Mən bəzən gəncliyimin canlı şahidi olan GDU-nu paralanmış nara bənzədirəm. Bu narın dənələri - elm məbədinin məzunları ölkəmizin hüdudlarını çoxdan aşıb, məzunlar və ya onların elmi axtarışları sərhədləri çoxdan keçib. Bu günlərdə bir xəbər oxudum. Universitetin məzunu, Prezident mükafatçısı, AMEA Gəncə bölməsinin gənc alimi Elnur Həsənovun Gəncə tarixi barədə yazdığı monoqrafiya Polşada ingilis və polyak dillərində nəşr edilmişdir. Kitaba dünyanın tanınmış alimləri, professor Sonol Pankukay, professor Yanşxur Nişiyani (Yaponiya) və professor Sondr Monsiu (Albaniya) resenziya yazmışdır. Universitetin məzunları dövlət idarələrində və orta ixtisas təhsil müəssisələrində, həmçinin elmi-tədqiqat institutlarında əmək fəaliyyəti ilə məşğul olurlar. Hələ Sovetlər Birliyi dövründən bu günə kimi ölkəmizdə pedaqoji kadr hazırlayan universitet bu ötən illər ərzində orta ümumtəhsil müəssisələrinin kadr təminatına öz dəyərli töhfəsini verib. Təsadüfi deyildir ki, GDU-nun hər tədris ili üçün nəzərdə tutulan tələbə qəbulu planının yerinə yetirilməsi üzrə respublikada ən yüksək göstərici əldə etmiş ali məktəblər sırasında duran, eləcə də Qərb bölgəsi üzrə yeganə pedaqoji kadr hazırlayan ali təhsil müəssisəsidir.
Təkcə bu tədris ilində qəbul imtahanlarında 600-dən çox bal toplayan 14 nəfərin məhz GDU-nu seçməsi heç də təsadüfi deyildir. Bunun əsas səbəbi universitetin gündən-günə artan nüfuzu, güclü maddi-texniki bazaya malik olması, kadr potensialı, məzunların hər il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək göstəricilər əldə edərək işlə təmin olunması və digər yüksək amillərlə bağlıdır.
Burada qəbulla bağlı müntəzəm maarifləndirici təbliğat-təşviqat işləri aparılır. Kollektivin üzvləri Gəncədə, ətraf rayonlarda bu ali məktəbin təbliğatı ilə məşğuldur. Günün tələblərinə uyğun araşdırmalar aparılır, abituriyentlərin GDU-ya olan marağı artırılır. Bu gün kollektivin qarşısında duran əsas məsələlərdən biri yüksək bal toplayan tələbələrin universitetə marağını durmadan artırmaqdır.

ƏLAQƏLİ İŞİN NƏTİCƏSİ

Gəncə Dövlət Universiteti ilə Gəncədə fəaliyyət göstərən orta ümumtəhsil məktəbləri arasında əlaqələr durmadan möhkəmləndirilir. Müəllimlər və tələbələr nə qədər çox məktəbdə olursa, kollektivin ümumi işinə bir o qədər müsbət təsir göstərir. Tez-tez professor-müəllim heyəti məktəblərdə olur, mühazirələr oxuyur, ustad dərsləri təşkil edirlər.
Hazırda 4 və 39 nömrəli tam orta məktəbləri, 1 nömrəli uşaq bağçası-körpələr evi universitetin baza müəssisələridir. Bu təhsil müəssisələrində xüsusi otaq var və bu otaqlar müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilib. Həmin otaqlarda kompüter, "ağıllı" lövhələr, proyektorlar quraşdırılıb, yüksək sürətli internetlə təmin edilib. Metodist müəllimlər bu otaqlardan istifadə edərək pedaqoji tədqiqatlar aparırlar. Vaxtaşırı həmin otaqlarda "açıq dərs"lər təşkil olunur.
Bütün bu uğurlar, sözsüz ki, universitetin kadr potensialından çox asılıdır. Burada müəllimləri işə qəbul edərkən onların hər birinin elmi araşdırmaları, doktorantura təhsilləri və elmi dərəcələrinin olması əsas götürülür. Həmin müəllimlərin ilk öncə sınaq dərsləri təşkil edilir. Nəticələrə uyğun olaraq onlarla əmək müqaviləsi bağlanır. Əlbəttə, yenilikçi gənclərə daha çox üstünlük verilir. Təkcə son 3 ildə gənc müəllimlərin sayında artım və orta yaş həddinin aşağı düşməsi müşahidə olunmaqdadır.
Bu ali məktəbdə elmi-pedaqoji kadrların hazırlanmasında son 3 ildə mühüm işlər görülmüşdür. Nəticədə elmi potensialın müsbət inkişaf dinamikasına nail olunub. Diqqət yetirək: Əgər 2015-ci ildə universitetdəki dosentlərin sayı 134, fəlsəfə doktorlarının sayı 172 idisə, bu il dosentlərin sayı 144, fəlsəfə doktorlarının sayı 240-a qədər çoxalıb. Elmi dərəcəli müəllimlərə xüsusi imtiyaz verilir. Əmək haqlarında diferensiallaşma tətbiq edilir. Nəticədə elmi dərəcəli əməkdaşların sayı əhəmiyyətli dərəcədə xeyli artıb.
Bu gün universitetdə elmi-tədqiqat işləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Elə buna görə də son 3 ildə GDU-da impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayında gözə çarpan qədər artım görünür. Diqqət verin: 2016-cı ildə universitetin əməkdaşlarının bu jurnallarda 7 məqaləsi çap edilmişdi. 2018-ci ildə bu rəqəm 25-ə çatdırılıb. Qeyd edək ki, universitet əməkdaşlarının elmi məqalələrinin hamısı Thomson Reuters Agentliyinin "Web of Sciens" bazasına daxil olan mətbu nəşrlərdə dərc edilib. Onu da göstərmək lazımdır ki, bu planlaşdırmaya daxil olan jurnallarda məqaləsi çap olunmuş əməkdaşlara Elmi Şuranın qərarına və müvafiq əmrə əsasən pul mükafatları verilir. Rəhbərlik bunu əməyin stimullaşdırılması, elmi məqalələrə marağın artması məqsədilə edir. Bir məqaləyə görə ən böyük pul mükafatı 400 manatdır.

BEYNƏLXALQ ƏLAQƏLƏR GENİŞLƏNİR

Universitetin rektorluğu, ictimai təşkilatlar və professor-müəllim heyəti daim axtarışdadır. Günün tələblərinə uyğun olaraq, universitet ölkədə və beynəlxalq aləmdə mütərəqqi yeniliklərə ilk öncə cavab verir, ali məktəbdə yenilik ardınca yeniliklər ortaya atılır, beynəlxalq əlaqələr durmadan genişləndirilir. Günün tələblərinə uyğun yeni fakültələrin, ixtisasların açılması, günün tələblərinə cavab verə bilməyən ixtisasların aradan çıxması və s. bu kimi məsələlər universitetin strukturuna müsbət təsirini göstərməkdədir. 80 illik yubileyi ərəfəsində universitetdə strukturun optimallaşdırılması istiqamətində diqqətə çarpacaq dərəcədə iş görülüb. Belə ki, bakalavr səviyyəsi üzrə 4 ixtisas açılıb, bir ixtisas isə bağlanıb. Magistratura səviyyəsində 12 yeni ixtisas fəaliyyətə başlayıb, ikisinin fəaliyyəti dayandırılıb. Pedaqoji kadrların yenidən hazırlanması üçün əlavə təhsil fakültəsi açılıb, eyni profilli 4 kafedra ləğv edilib və onların bazasında 2 kafedra yaradılıb. Bu gün universitetdə işin səmərəli təşkili üçün müxtəlif şöbələr, mərkəzlər fəaliyyətə başlayıb. Son illərdə yaradılan İnnovasiyalar Departamentinin və bu departamentə daxil olan şöbələr müasir idarəetmə sisteminə uyğunlaşdırılıb. Universitetin kollektivi var gücü ilə çalışır ki, təhsil ocağı xalqımız, dövlətimiz üçün daha yararlı, səmərəli bir təhsil ocağı olsun. Bu gün GDU-nun reytinqi respublikamızın sərhədlərindən kənarda da durmadan yüksəlir.
Gəlin faktlara diqqət yetirək: Universitet beynəlxalq əlaqələrin genişlənməsində, müxtəlif layihə və proqramlara qoşulmaqda çox maraqlıdır. Bu sahədə daim iş gedir. Avropa İttifaqının təşkil etdiyi "Erosmus+" və "Horizon-2020" proqramlarına aktiv şəkildə qoşulub. Tələbə və müəllimlər hər iki proqramın təklif etdiyi imkanlardan maksimum faydalanır. Universitet koordinatorluğunu Xəzər Universitetinin etdiyi Tempus-CURDEUS (Avropa Birliyi araşdırmaları üzrə kurikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi) layihəsində tərəfdaş qismində də iştirak edir. Bu, çox əhəmiyyətli və səmərəli layihə idi. Layihəyə əsasən, universitetin 6 əməkdaşı Avropa universitetində beynəlxalq seminarlarda iştirak edib. 2 nəfər tələbə Portuqaliyanın Lisefona Universitetində, digər 2 nəfər isə Niderland Krallığının Layden Universitetində bir aylıq intensiv təlimin iştirakçısı olub. Layihənin yekununda universitetin əsas tədris binasında region universitetləri arasında ilk Avropa Araşdırmaları Mərkəzi yaradılıb.
80 yaşlı GDU-nun tərəfdaş kimi iştirak etdiyi digər ən uğurlu layihələrdən biri Tempus- ESFİDİP layihəsidir. Layihənin məqsədi əlilliyi olan tələbələrin ali məktəbə inteqrasiyasını təmin etməsidir və layihənin icrası ilə bağlı universitetin 5-ci korpusunda "Əlilliyi olan tələbələr üçün mərkəz" yaradılıb. Mərkəz əlilliyi olan tələbələrin ali məktəbdə təhsil almaları, sosial həyatlarının yaxşılaşdırılması və mənəvi dəstək ala bilmələri üçün bir məkandır. Mərkəz təkcə universitetdə təhsil alan tələbələr üçün deyil, eyni zamanda, Qərb bölgəsində oxuyan bütün tələbələr üçün nəzərdə tutulub. Bu qərb bölgəsində fiziki imkanları məhdud tələbələr üçün yeganə mərkəzdir. 25 min avro dəyərində olan bu mərkəz Avropa və Amerika Birləşmiş Ştatları istehsalı olan xüsusi avadanlıqlarla təchiz edilib. Bu gün GDU, Erasmus+" proqramının təklif etdiyi AESOP, PETRA və EQAC layihələrində də tərəfdaş kimi öz sözünü deyir.
Əlbəttə, bütün bunlar universitetin beynəlxalq əlaqələrinin uğurlu nəticəsi olsa da, yubileyini qeyd edən təhsil ocağının rektoru, professor Yusif Yusibovun xidmətləri də danılmazdı. Qocaman ali məktəbə təxminən 5 illik rəhbərliyi dövründə xeyli iş görmüş, uzaqgörən sərkərdə kimi "ordunu" daim irəli aparmışdır...
...Yubiley tədbirinə hazırlaşırdım. Həmkarım və uzun illərin dostu, respublikanın əməkdar jurnalisti, H.B.Zərdabi və Məmməd Araz mükafatı laureatı Qərib Mehdi universitetin axşam şöbəsində təhsil aldığım illərdə, həm də məsul katibi işlədiyim "Yüksəliş" qəzetinin yubileyə həsr edilmiş 8 səhifəlik, rəngli xüsusi buraxılışını və nəfis şəkildə tərtib edilmiş "Gəncə Dövlət Universiteti" kitabını gətirdi. Böyük qürurla nəzərdən keçirdim. Qürur duydum! Doğma universitetim uğurlu yolda mətin addımlar atır! Bundan fərəhli, bundan böyük qürur və iftixar ola bilərmi?!

Füzuli Ruzigar,
H.B.Zərdabi mükafatçısı.