Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | “Yazıçılara kafe verilsin, amma araq verilməsin” - Aqil Abbasla Ayxan Ayvazın söhbəti Adalet.az | “Yazıçılara kafe verilsin, amma araq verilməsin” - Aqil Abbasla Ayxan Ayvazın söhbəti Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Yazıçılara kafe verilsin, amma araq verilməsin” - Aqil Abbasla Ayxan Ayvazın söhbəti

12646    |   2018-12-02 12:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aqil Abbas redaksiyamıza gəldi və mənim sonuncu yazım haqqında söhbətimiz oldu. Xatırladım ki, yazım Bakıda yazıçı və şairlərin yığışa biləcəyi bir kafenin olmaması haqqındaydı. Aqil müəllimlə maraqlı bir söhbət oldu. Düşündük ki, bu söhbət oxucular üçün də maraqlı olar. Ona görə də bu səmimi söhbəti sizin də diqqətinizə çatdırırıq:

- Sənin qəzetdəki yazını oxudum. Bakıda yazıçıların, ziyalıların yığışa bilmədiyi bir kafe yoxdu yazmışdın...

- Aqil müəllim, biz indi bir yer tapa bilmirik. Bəs sizin vaxtınızda necə idi? 70-80-ci illərdə...

- Köşəni oxudum, gördüm yığışıb dərləşməyə yer tapmırınız. Təəssüf ki, özün yazdığın kimidir: siz yığışdığınız yerdə dərdləşmirsiniz, poeziya və nəsr söhbətləri eləmirsiniz. Siz yığışdığınız yerdə ancaq araq, pivə, bir az da çay olur. Bu söhbətlər olmur. Cibinizdəki pula uyğun araq, pivə, çay içirsiniz. Nisyə söhbəti eləyirsiniz.

- Yox, müəllim. Araq içmirik. Ədəbi söhbətlər də eləyirik...

- Dayan, bir dəqiqə. 70-80-ci illərdə "Baksovet” – indiki İçərişəhər metrosunun yanında bir çayxana var idi. Adətən Azərbaycandakı ziyalı kəsim, əsas da Azərbaycan Universitetinin (Bakı Dövlət nəzərdə tutulur – red) müəllimləri o çayxanaya gələrdi. Və eyni zamanda şairlər, yazıçılar, bir də yuxarı kursun tələbələri o müəllimlərin söhbətlərinə qulaq asmaq üçün çayxanaya yığışardılar. Bəzən üç saat orda oturardılar.

- Nədən söhbət gedirdi orda?

- Çay süfrəsi arxasında müxtəlif mövzulardan söhbət gedirdi. Siyasətdən, ədəbiyyatdan, sənətdən... Ora həm də yeməkxana idi. Amma adamlar ora adətən çay içməyə gələrdilər. Özü də burda "nemetçki şot” deyilən şey yox idi, kimsə kimisə qonaq eləyərdi. Bir az keçmiş bu çayxana darlıq elədi. Sonra "Rafaelin çayxanası” deyilən bir yerə yığışdılar. Qala divarına bitişik yerdə yerləşirdi o çayxana. Bir çox yazıçı, şairlərimizin povestlərində, hekayələrində, şeirlərində oranın adı çəkilir. Ziyalılar artıq bu çayxanaya köçmüşdülər. Və ora sırf çayxana idi. Çay da ucuz idi, kiçiyi 30, böyüyü 50 qəpik. Orda da söhbət yalnız sənətdən, ədəbiyyatdan, mədəniyyətdən gedərdi. Hərdən də siyasi söhbətlər olurdu. Elçibəy də, universitetin məşhur müəllimləri də ora gəlirdi. Şairlərdən Vaqif Bayatlı, Zakir Fəxri, Ramiz Rövşən, Nüsrət Kəsəmənli...

- Seyran Səxavət...

- Hə, tanıdığın o dövrün ən məşhur imzaları. Orda həm də bilirsiniz nə söhbətlər gedirdi? Bir adamın bütün kitabları oxumaq imkanı yox idi. Və yaxud o kitabları tapmaq imkanı olmurdu. Qadağan olunmuş, yaxud az çap olunmuş kitablar vardı. Kamyu, Sartr, Nitşe, Freyd qadağan idi, amma onların kitablarını tapanlar olurdu. Və kitabları paylamaq ənənəsi vardı. Sən oxuyurdun, ötürürdün bir başqasına. Çox maraqlı müzakirələr olurdu. Məsələn, çayxanada Ramiz Rövşən Kafka ilə Dostoyevskini müzakirə edirdi. Onların oxşar və fərqli tərəflərini araşdırırdı. Sən də Kafkanı oxumamısan, danışdığına qulaq asırdın. Və beləcə, sənin o əsər, yazıçı haqqında müəyyən anlayışın olurdu. Bunun ətafında söhbətlər gedirdi, kimsə filan yazıçıda çatışan tərəflərdən danışırdı, o birisi çatışmayan tərəflərini dilə gətirirdi. Yadımdadır, Ramiz Rövşən demişdi ki, Kafkada heç işıq yoxdu, Dostoyevskidə isə var. Heç olmasa Dostoyevski bir çıxış yolu qoyurdu deyirdi. Kafka isə təmiz məhv edir. Bu cür söhbətlər olurdu.

- Müəllim, şeirlər oxunub müzakirə olunurdumu bəs?

- Deyəcəm, onu da. Olurdu. Özü də çox qızğın şəkildə. Orda bu söhbətlərin getdiyi bir vaxtda kimsə deyirdi ki, durun getdik. Getdiyimiz yer "Venesiya” adında ucuz yeməkxana idi. Ora indi bahalı restoran olub. Dənizin qırağında yerləşir. İndiki qiymətləri ilə sən bir aylıq maaşınla orda heç çay içə bilməzsən (gülüşmə). "Venesiya” kafesində Mişa adında bir oğlan işləyirdi, deyəsən yəhudi idi. Uşaqlar bəzən ona borclu qalırdı.

- Nisyə yazdırırdılar...

- Amma çox nadir hallarda olurdu. Kimsə səkkiz-doqquz nəfərə "durun gedək yemək yeyək” deyirdisə, deməli cibində pulu var idi. Məsələn, deyək Kamil Vəli imkanlıydı. Sonra ucarlı Rafael müəllim vardı. Tarix fakültəsinin qoçu müəllimlərindən biri idi, əliaçıq müəllimiydi. Tələbələrlə dostluq eləyən müəllimlər idi bunlar – Kamil Vəli, Rafael müəllim, Əbülfəz bəy də... Az hallarda Firidun Cəlilov gəlirdi. Yığışmaqda məqsəd həm bu cür mədəni, siyasi söhbətlərin aparılması, həm də gənclik yetişdirmək üçün idi. Bir gənclik hazırlanırdı. Sabah meydana çıxacaq uşaqlar burda yetişirdi. Meydan hərəkatının toxumları burda yaranırdı...

- Hə, çox maraqlı bir dövr...

- İndi sən deyirsən ki, yığışmağa yer yoxdu. Gərək yığışıb araq içəsiniz? Biz araq içmirdik. O zaman ümümiyyətlə, araq içmirdim. Bir də o zaman ədəbi dərnəklər vardı. Sabir, Lenin kitabxanasında. Vaqif İbrahim nəşriyyatda bir dərnəyi... Ona dərnək deməyək e...

- Məclis...

- Hə, məclisi-üns. Dərnəklər başqa idi. Sabir kitabxanasına cavanlar yığışırdı. Orda şeirlər oxunurdu. Nüsrət Kəsəmənli və digər şairlər. Şeirlər oxunur və müzakirə olunurdu. O cümlədən Vaqif İbrahimin də nəşriyyatda elə bir məclisi vardı. O məclis həm də Komsomolun nəzdində idi. Və Komsomol ordakı gənclərin şeirlərindən, hekayələrindən ibarət almanax çıxarırdı. "Yaşıl yarpaqlar” idi toplunun adı. Çox maraqlı bir topluydu. Bildiyin kimi, o vaxt çap olunmaq da çətin idi. Pulunu da Komsomol ödəyirdi. Mənim hekayəm də çap olunmuşdu orda. Qonorar da verirdilər.

- Çox yaxşıymış...

- Elədi. Toplanırdılar o məclisə, ağıllı söhbətlər edirdilər. Ramiz Rövşən, Vaqif Bayatlı, Zakir Fəxri, Nüsrət Kəsəmənli gəlirdi bura. Nüsrət Kəsəmənlinin özü dərnək aparırdı, ancaq bu dərnək deyildi, məclis idi və bir az fərqli idi. Dərnəyi Nüsrət Kəsəmənli idarə edirdi və səslənən şeirlərdən bəzilərini bəyənirdi, bəzilərini tənqid edirdi. Bəyəndiyi şairə rəy yazırdı, ona uğurlu yol arzulayırdı. Bu "uğurlu yol” yazısı "Ulduz”da, ya "Azərbaycan gəncləri”ndə çap olunurdu. Yəni gənc şairə dəstək verirdi. Sonra Şüvəlanda Yazıçılar evi vardı. 50 yazıçını göndərirdilər ora. Yeməyi-içməyi, qalmağı, istirahəti – hamısı hökümətin hesabına. Və hər gün də sənət söhbətləri. Axşam da yemək-içmək. Nə qədər istəyirsən, ye-iç. Düzdü, arağı hökümət vermirdi (gülüşmə).

- Deyirsiniz özü də o vaxt içmirdik...

- Arada olurdu. Özümüz alırdıq. İndi deyirsiniz ki, belə yerlər yoxdu. Siz nə vaxt Sabir, yaxud Axundov kitabxanasına müraciət etdiniz ki, belə bir dərnək, məclis yaratmaq istəyirik?

- Mən əslində yazımda dərnəyin yox, kafenin olmadığını yazmışdım... Dünyadakı kafelər...

- Ona da gələcəm. Axundov kitabxanasına müraciət etsəniz, sizə səxavətlə qapılarını açardılar. Kərim müəllim (Axundov kitabxanasının direktoru Tahirov Kərim nəzərdə tutulur – red) məmnuniyyətlə sizə yer verəcək.

- Orda olub belə dərnəklər. Məsələn, Gənc Ədiblərdə ora yığışırdıq...

- Deyirəm də... İndi istədinizmi? Yox! Məsələn, Qəşəm Nəcəfzadənin var idi...

- Pərvanə...

- Hə, deyəsən Sabir kitabxanasındaydı.

- Vahid də var idi...

- Hə, o da... İndi siz gənclər həmən yerlərə müraciət etdinizmi? Gərək elə araq süfrəsində ola söhbətləriniz? Yaxud çay süfrəsində?

- Nəyi pisdi ki? Çay süfrəsini seçərdim mən...

- (gülür). Siz heç bir-birinizi tənqid elədinizmi? Yalandan sosial şəbəkələrdə bir-birinizə dahi deyə-deyə hamınız zay olub gedəcəksiniz.

- Əslində proses getmir indi. Kitablar çıxır, bunun ətrafında müzakirə aparılmır. Lap siz dediyiniz tənqid olsun. Mən heç tərifin tərəfdarı deyiləm. Amma təki kitab ətrafında söhbət olsun, reaksiya olsun...

- İndi mətbuat da bunu istəyər. Siz nə vaxt tədbir keçirdiniz, müzakirə elədiniz və "Ədalət” qəzetinə gətirdiniz ki belə bir şey eləmişik?

- "Ədalət”də də olur, "Ədəbiyyat qəzeti”ndə... Başqalarında da... Amma çox azdı... İndi yığışacaq bir yer də yoxdu. Və siz dediyiniz məclislərin rüşeymi kafelərdə yaranıb...

- Bəli. Məsələn, Mən Türkiyəyə getmişdim. Bir sevdiyim türk yazarı, publisist var – Nihat Genç adında. Çox maraqlı, qeyri-adi adamdı. Bir kanala çıxır, danışır, oranı bağlayırlar, başqasına gedir, oranı qapadırlar.

- Siyasi fikirlərinə görə...

- Hə.. Radikaldı. Əsəbi adamdı. Mən onu çox görmək istəyirdim. Seyfəddin Altaylıya dedim ki, bizi Ankarada görüşdürsün. Axtardı, tapdı. Biz getdik. Gördüm ki, bir kafedir, kafedə şahmat oynayan kim, damino oynayan, yaradıcı və sənət söhbətləri eləyən kim. Çay-kofe ətrafında maraqlı söhbətlər eləyirdilər. Nəysə, Nihat Genç bizi qarşıladı, oturduq, bir-iki saat dərdləşdik, kofe içdik. Sonra o dedi ki, burda oturanların hamısı yaradıcı adamlardı. Bu ərazidə yaşayanlar da bilir ki, burda yalnız yaradıcı adamlar oturur. Kənar adamlar gəlib burda oturmur.

- Mane olmasınlar deyə?

- Hə də.. Mane olmasınlar. Onların yeri deyil axı ora. Hər yer çayxana, kafedir də. Orda oturma, get ayrı yerdə otur. Nihat deyirdi ki, bizə olan hörmətə görə kənar şəxslər bu kafeyə girmir. Və bizim söhbətimiz xeylaq mənə ləzzət elədi. Tanımadığım, yaxud tanıyıb üzünü görmədiyim şair-yazıçılarla görüşdük, söhbətləşdik. Maraqlı bir gün keçdi. Moskvada da "Ədəbiyyatçıların evi” deyilən bir yer var. Mən orda da olmuşam. Aydın Səlimzadə vardı, İsmayıllıdan. Bir gözəl tədqiqatçı, şair, alim idi. Cavan rəhmətə getdi. O, məni apardı ora. Orda qayda beləydi: Yazıçılar İttifaqının üzvü olmayanlar o kafeyə buraxılmırdı.

- Vəsiqəni göstərib keçirdilər...

- Hə... Kənar adam girə bilməzdi. Amma bir adam Yazıçılar İttifaqının üzvüydüsə, özü ilə bərabər dostlarını da ora keçirə bilirdi. Mən o restorana baxdım, divarların hamısı yazıçı-şairlərin imzasıydı. Və qol çəkməyə yer tapmadım. Bütün divar tək SSRİ-dən yox, dünyadan gələn yazıçıların imzaları ilə doluydu. Hətta tavan da eləydi. Xüsusi silinməyən qələmlə yazırdılar. Nərdivan gətirirdilər, tavana öz imzanı çəkirdin... İndi Bakıda belə bir yer yoxdu. Düz deyirsən. Amma mənim həmişə ürəyimdən keçib ki... 26-lar kafesi vardı e...

- Hə...

- Ora Yazıçılar Birliyinin binasındadır. İcarəyə veriblər. Çox yaxşı olardı ki, həmən o yeri Yazıçılar Birliyinə verəydilər. Olardı kafe, kimsə işlədərdi, ancaq yazıçılar girərdi.

- Amma burda bir məsələ var. Ora Yazıçılar Birliyinin üzvü olmayan azad, müstəqil yazıçılar gedərdimi? Yaxud onlara icazə olardımı ora getməyə? Yalnız Yazıçılar Birliyinin üzvləri üçünmü olardı?

- Yazıçılar Birliyinin üzvü olmayanlar da yəqin ki, gələ bilərdi. Nolsun, üzvü deyilsən, tanınırsan və sənin də ixtiyarın var ora getməyə.

- Dava-qırğın olardı...

- Yox, qətiyyən. Olmazdı. Niyə olur ki?

- Nə bilim, düşüncə fərqləri və s.

- Yox... Amma mən istəyərdim ki, orda içki verilməsin.

- Yalnız kofe-çay...

- Hə, kofe, çay, yemək... İçki verməsinlər. Çünki sən gedib bir yazıçı ilə içib bir-birinizlə dalaşmayasınız deyə... Mən bir neçə imkanlı, kafesi, restoranı olan dostlarıma demişdim ki, gəl işlətdiyin kafeni adını "Yazıçılar”, ya da "Yazarlar” kafesi elə. Qoy hamısı yığışsın ora. Və dedim ki, heç nə də itirməzsən, həmən pulu qazanarsan.

- Əla olardı...

- Hə, bir-ikisinə demişdim. Biri razılaşmışdı. Amma onun yeri də elə naqolay yerdəydi ki, gərək ora gedənə qədər taksiyə 2-3 manat verəsən.

- Bu da kasıb yazarlara sərf eləməz...

- Elədi. Sən nəsə bir kafe tapdığını yazmışdın.

- Hə, "Borxes” kafesi...

- Niyə Borxes?

- Borxesin hekayələrindəki kimi orda da arada davalar olur...

- (gülüşmə). Bizim 90-cı illərə qədər – kafelərdə yığışdığımız dövrü deyirəm – davalarımız olmayıb, ancaq söz atışması olub. Mən durub Ramiz Rövşənə şillə atasıydım? Yaxud Ramiz durub Vaqif Bayatlıya vuracaqdı?

- Bizdə axırıncı "Şirzadın yeri”, sonra da "Əyyubun kafesi” oldu. Siz deyən orda dava filan olmurdu... Arada sözümüz çəp gələrdi, o qədər...

- Hə... Mən bu mənada deyirəm, dərnəyinizi qurun, ayda bir dəfə də tanınmış yazıçı, şairlərdən birini dəvət edin. Yaşlıları nəzərdə tuturam. Kimi istəyirsinizsə... Yoxsa küsürsünüz ki, o kafeni bağladılar, bu kafeni bağladılar...

- Başqa yığışacaq yerimiz olmayanda elə olur. Həm də mən sırf kafenin olmağını istəyərdim. Hər hansısa dərnəkdənsə...

- Araq olan yerdə yaradıcılıq olmur. Kim deyirsə yalan deyir.

- Yox, mən araq içək demirəm ki? Yaradıcı söhbətlər edək, toplanaq, bir araya gələk, nələrisə müzakirə edək...

- Siz Anar müəllimə müraciət eləyin ki, o kafeni yazarlar kafesi eləsin, ancaq da yazarlar buraxılsın. Və içki verilməsin. Amma bilirəm ki, siz ora arağı qoltuğunuzda aparacaqsınız (gülüşmə).

- Mən araq içmirəm...

- Söhbət səndən getmir. Söhbət ayrılarından gedir. İstedadlı adamlardı, içki içməklə özlərini məhv edirlər. Sənə bax bunu demək istəyirdim. Yazını oxudum, xoşuma da gəldi. Demək istədiyim budur ki, bir kafeniz olsun, ədəbi dərnək yaradın. Yaxud bir kafe rəhbəri ilə danışıb orda da yığışa bilərsiniz. Ola bilər ki, bəzi yazıçıların da kafesi var. Tanınmışlardan filan...

- Mən bilən Aydın Uluxanlının kafesi var...

- Varsa, mən zəng edim ona, tapşırım ki, ancaq yazıçıları buraxsın.

- Siz deyirsiniz ki, yalnız yazıçıların buraxıldığı bir kafe olsun?

- Təbii ki, kənar adam da gələcək. Amma sizin üçün orda şərait yaradılsın.

- Nisyəsi də olsun...

- Hə, nisyə də olar. Niyə olmur ki? Kafenin rəhbəri də mənə zəng edib deyər ki, yazarların borcunu siz ödəməlisiniz (gülüşmə).


Söhbətləşdi: Ayxan Ayvaz




İmza:

Faiq QİSMƏTOĞLU: HƏRƏKƏT İŞTİRAKÇILARI ÖZLƏRİNİ ÖLÜMÜN İÇİNƏ ATIRLARSA...

Rza Rzayev: “Bizim üçün Sadiqlik ən önəmli dəyərdi”

“Yazıçılara kafe verilsin, amma araq verilməsin” - Aqil Abbasla Ayxan Ayvazın söhbəti

“Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım...” - MÜSAHİBƏ

İnsan kimi, yazıçı kimi də mənim kəndim dağılıb... - MÜSAHİBƏ

Şeyxülislamdan ölkə gündəmini dəyişəcək açıqlamalar: ”Katolikos Qaregin mənə dedi ki... ”

Rafiq Tağının qardaşı : “Onun qətlində şübhələndiyim adamlar var” - - MÜSAHİBƏ

Fatih Terim "Ədalət"ə danışdı: Futbolçuları döymək lazımdı...

Aqil Abbas: “Mənim bir su köşküm də yoxdur, yeganə ağdamlıyam ki, bu işi bacarmıram”

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Azay Quliyev: “Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm”

Səməd Seyidov: “Rusca rusların özündən də yaxşı danışıram” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK