ƏHƏD KƏRiMOVUN RUHUNA

AQİL ABBAS
44006 | 2008-08-03 21:10
Vaqif Bayatlı Odərin (Vaqif Cəbrayılzadə) çox ilahi şerləri var, onlardan biri də dahi rəssam Səttar Bəhlulzadəyə həsr elədiyi şerdir. Şair Səttar Bəhlulzadənin ölümünə elə rəssam kimi lövhə çəkir.
   
    Çox
   
    Ölüm-ölüm deməyin,
   
    Ölsəydi
   
    Bu dünyanın torpaqları
   
    Dolduramazdı
   
    Qocanın üz qırışlarını.
   
    Su kimi çəkilib torpağa getdi.
   
   
   
    Həyatda elə insanlar var ki, böyük şairin dediyi kimi, ölmürlər, su kimi çəkilib torpağa gedirlər.
   
    Əhəd müəllimə də "öldü" deməyə adamın dili gəlmir. Ən böyük vəzifələrdə çalışanda belə bəlkə də ömründə bir qarışqa da tapdamayan, qeyri-adi dərəcədə səmimi, yüksək savada malik bir ziyalı, sözün böyük anlamında bir İNSAN olan Əhəd müəllim ölmədi, su kimi çəkilib torpağa getdi.
   
    Bir elin, bir tayfanın oğluyduq. Bütün kolanılar bir-birinə "əmioğlu" deyir. Mən də onu tanıyan gündən ona "əmi" deyirdim, o da mənə "qardaş oğlu". Mən ona qardaşoğluluq eləyə bildim, ya bilmədim deyə bilmərəm, amma o mənə həmişə əmilik elədi. Məni oğlanları Azərdən, Hikmətdən ayırmadı. Düz 27 il aramızda əmi-qardaşoğluluq yaşadı.
   
    Mən həyatda çox gözəl insanlar görmüşəm, tale elə gətirib ki, çox gözəl insanlarla münasibətlərim olub. Bunlar da mənim həyatımda böyük rol oynayıblar. Bugünkü səviyyəyə gəlib çatmağımda rastlaşdığım bu gözəl insanlara borcluyam. Və təbii ki, Əhəd müəllimə də çox borcluyam. Bu insandan çox şey öyrənmişəm, amma çox şey də öyrənə bilmədim. Təəssüf edirəm.
   
    Və Əhəd müəllim mənim kimi bəlkə minlərlə insana yol göstərmişdi, ağsaqqallıq eləmişdi. Lazım olanda əmilik eləmişdi, dayılıq eləmişdi, arxa durmuşdu. Çoxlarını uçurumun dibindən çəkib çıxarmışdı. Bu insan dünyaya yalnız yaxşılıq eləmək üçün gəlmişdi.
   
    Mən Əhəd müəllimin tərcümeyi-halını yazmaq istəmirəm.
   
    Rəhmətlik Vidadi Məmmədov deyirdi ki, mən Bərdə torpağından utanıram, çünki bu torpaq məni doğub göndərdi Bakıya, amma mən bu torpağa heç nə verə bilmədim. Ona görə Bərdədən keçəndə maşının içində gizlənirəm ki, torpaq məni görməsin. Amma deyirdi ki, Vaqif Cəbrayılzadə nəinki Cəbrayılda, Azərbaycanda dik yeriyə bilir. Vidadi təvazökarlıq edirdi, o da böyük oğul idi, Allah rəhmət eləsin. Əhəd müəllim Umudluda doğuldu, Ağdərə rayonunda. Sözgəlişi, 1992-ci ildə səriştəsizlikdən Xalq Cəbhəsi bu rayonu ləğv elədi, Ağdamın, Kəlbəcərin və Tərtərin arasında bölüşdürdü. Ağdərəlilər oldu ağdamlı, tərtərli, kəlbəcərli. Və Dağlıq Qarabağdakı 15 minlik azərbaycanlının üstündən xətt çəkildi. Və çox təəssüf ki, indiki iqtidar da hələ ki bu səhvi düzəltmir. Amma parlament səviyyəsində söhbət olub, yəqin ki, bu səhv düzələcək. Əhəd müəllim də çox çalışırdı Ağdərə rayonu bərpa olunsun.
   
    Bəli, Əhəd müəllim Umudluda doğuldu, amma bu millətin oğlu oldu, bu xalqın oğlu oldu. Bu millət üçün, bu xalq üçün, bu dövlət üçün yaşadı. Ona görə də Əhəd müəllimin də Azərbaycanda dik yeriməyə haqqı çatırdı.
   
    Əhəd müəllim təqaüdə çıxana qədər partiya və Sovet orqanlarında çalışdı. Şuşa, Laçın, Ucar, Bərdə rayonlarının partiya komitəsinin birinci katibi işlədi.
   
    Çox qəribə bir nüans var. Əhəd müəllim Şuşada çalışarkən Laçın rayonunda bir qalmaqal yaşandı. Rayon partiya komitəsinin birinci katibi vəzifəsindən getdi, rayonda xoşagəlməz bir ab-hava yarandı və Əhəd müəllimi həmin rayona birinci katib göndərdilər. Çox qısa bir müddətdə Əhəd müəllimin səmimiliyi Laçında vəziyyəti kökündən dəyişdi, ab-havanı dəyişdi və belə bir vaxtda Ucar rayonunda da böyük bir qalmaqal yaşandı, rayon bir-birinə dəydi, birinci katibin səriştəsizliyindən rayonda böyük qanqaraçılıq yarandı. Və dərhal Əhəd müəllimi Laçından Ucara gətirdilər. Əhəd müəllim həmin səmimiliyi ilə, təmizliyi ilə, ürəyinin böyüklüyü ilə Ucarda da ab-havanı dəyişdi.
   
    Bir dəfə Ucarda qonağıydım, gülə-gülə dedi:
   
    - Deyirəm görən indi hansı rayonda nəsə baş verəcək, məni ora göndərəcəklər.
   
    Üstündən az bir müddət keçdi, Bərdə rayonunda da vəziyyət tündləşdi, Laçında, Ucarda olduğu kimi. Və Əhəd müəllim bu dəfə də Bərdəyə göndərildi. Və hamı bilir, əgər Bərdəyə Əhəd müəllim göndərilməsəydi pambıq məsələsi ilə bağlı yüzlərlə bərdəli günahlı-günahsız həbsxanalara düşəcəkdi. Amma Əhəd müəllim buna yol vermədi. Bərdədə bütün tarazlığı qoruyub saxladı.
   
    Nəyi demək istəyirəm? Yuxarıda qeyd elədiyimi təsdiqləmək üçün çəkdim bu faktları. Əhəd müəllim belə bir insan idi. Sülh, əmin-amanlıq, insanlıq, yüksək mədəniyyət, səmimiyyət - bu idi Əhəd müəllimin həyat amalı.
   
    Yuxarıda qeyd etdiyim kimi, Əhəd müəllim yüzlərin, minlərin həyatında müstəsna rol oynamışdı. Onun saysız-hesabsız yetirmələri yüksək dövlət vəzifələrinə irəli çəkilmişdilər və bu gün də yüksək dövlət vəzifələrində çalışırlar. Və onlar da Əhəd müəllimin yolu ilə gedirlər. Müəllimlərinin yolundan sapmırlar.
   
    Əhəd müəllimin özü də Heydər Əliyev kimi bir dühanın məktəbini keçmişdi. Min adamın içindən əsl insanı seçməyi bacaran Heydər Əliyev elə min adamın içindən Əhəd müəllimi də seçmişdi. Əhəd müəllim də həmişə deyirdi ki, mən həyatda nə qazanmışamsa Heydər Əliyevə borcluyam, adi bir kənd müəllimliyindən bu şöhrətə məni Heydər Əliyev çəkib gətirmişdi.
   
    Əhəd müəllimlə tez-tez görüşərdik, ya da zəngləşərdik. Ən çətin durumda, ən kədərli vaxtda Əhəd müəllimlə görüşürdümsə sanki üstünə bir günəş doğurdu. Əhəd müəllimin nəsihətləri, məsləhətləri səni o çətin durumdan çəkib çıxarırdı. Elə bil Əhəd müəllimin ətrafında qəribə bir ab-hava var idi, sən də düşürdün o ab-havaya, bir yüngülləşirdin, bir təmizlənirdin. Tanrı bu kişini belə yaratmışdı də!
   
    Məndən son bir xahişi vardı, deyirdi bu kolanıların tarixindən bir kitab yaz. Mən də söz vermişdim ki, yazacam. Çox ağır və çətin bir işdir bu kitabı yazmaq, çox böyük vaxt lazımdı. Hələ ki, yaza bilmirəm, amma yəqin ki, Əhəd müəllimin bu son xahişini yerinə yetirəcəm.
   
    Qarabağ ağır gündəydi. Və Əhəd müəllim o torpağın oğlu kimi bütün ağırlığı yaşayırdı. Və həm də Əhəd müəllim bu ağırlığı başqaları ilə paylaşmaq istəmirdi. Əksinə, Əhəd müəllim başqalarının ağrılarını özününküləşdirirdi. Əhəd müəllim Qarabağın azad olunacağına Allaha inandığı qədər inanırdı. Məclislərdə, adi görüşlərdə, xeyirdə-şərdə də insanlara bu inamı aşılayırdı. İnsanları ruhdan düşməyə qoymurdu. Amma ağırlıq onun içini yeyib-qurtarırmış, bilmirmişik. Ömrünün 67-ci ilində bu ağırlıq onu bizdən ayırdı. Özü su kimi çəkilib torpağa getdi, ruhu da Qarabağa - şəhidlərin ruhlarının yanına. İndi də getdi orda bizləri gözləyən şəhidlərə təskinlik verməyə.
   
    Məmməd Arazın qızlarına yazdığı dəhşətli bir şeri var:
   
    Səhər-səhər dan yerinə boylanın,
   
    Sizə yetim deyən olsa, qızlarım.
   
   Əzizim Azər, əzizim Hikmət, nə vaxt atanızı görmək istəsəniz, eləcə də Əhəd müəllimi sevənlər, nə vaxt Əhəd müəllimi görmək istəsəniz səhər-səhər dan yerinə boylanın.

TƏQVİM / ARXİV