adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Noyabr 2018 10:40
10664
DÜNYA
A- A+

Saakaşvili Zurabişvilini təbrik edəcəkmi? - AÇIQLAMA

Gürcüstan Mərkəzi Seçki Komissiyası noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turundan sonra bülletenlərin 98,76 faizinin nəticələrini açıqlayıb. 3705 məntəqədən 3659-nun nəticələri artıq bəllidir.

İlkin rəsmi məlumatlara əsasən seçki dairələrinin böyük əksəriyyətində hakim "Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.

Maraqlıdır, eks-prezident Mixail Saakaşvili Salome Zurabişvilini Gürcüstan prezidenti seçilməsi münasibətilə təbrik edəcəkmi?

Həmçinin, müxalifət namizədi Qriqol Vaşadzenin məğlubiyyətinin ardınca Saakaşvilinin Gürcüstana gəlişi gözlənilirmi?


Müxalif Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər SüleymanovModern.az-a açıqlamasında Salome Zurabişvilinin qələbəsini Saakaşvilinin qəbul etmədiyini söyləyib.

"Gürcüstanda keçirilən seçkilər seçki deyil. Salome Zurabişvili seçilmədi, güc strukturları tərəfindən təyin olundu. Gürcüstanın bütün şəhərlərində görünməyən saxtalaşdırma baş verdi. Saxtalaşdırma ilə bağlı əlimizdə lazımi qədər faktlar var. Ona görə də nə Saakaşvili, nə də onun komandası Zurabişvilini nəinki təbrik etmək, heç ölkə prezidenti də görə bilməz. Dünən Saakaşvili bəyanat verib. Bu gün saat 6-da Filarmoniyanın qarşısında toplaşıb qərarımızı verəcəyik. Saakaşvilinin tərəfdarları 11 müxalifət partiyasından ibarətdir. Bugünkü toplantıda gələcək planlarımız barəsində qərar verəcəyik”.

Azər Süleymanov Saakaşvilinin Gürcüstana gəlmək istəyindən də danışıb:

"Hazırda Saakaşvilinin Gürcüstana gələcəyi günü gözləyirik. Saakaşvilinin ölkəsinə gəlməsi mümkündür. Vaxtilə Kiyevə necə daxil olmuşdusa, Gürcüstana da o cür daxil olacaq. Saakaşvilinin Gürcüstana gələ bilməsi üçün yollar var. Təbii ki, onun ölkəyə gəlməsinə görə hakimiyyət qarşıdurma yarada bilər”.

Qeyd edək ki, rəsmi məlumata görə, Salome Zurabişvili 59,61 faiz səs toplayıb. Onun lehinə 1 milyon 143 min 111 nəfər səs verib.

Müxalif "Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 40,39 faiz səs toplayıb. Onu 774 min 468 seçici dəstəkləyib.

Artıq S.Zurabişvili və tərəfdarları qələbəni qeyd ediblər. Beləliklə, Gürcüstanda ilk dəfə qadın president seçilib.

Konstitusiyaya uyğun olaraq S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da olacaq