adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 Noyabr 2018 23:09
4939
GÜNDƏM
A- A+

Lənkəran teatrı İrandan qayıdıb


Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasının Həmədan şəhərində reallaşan 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında ölkəmizi təmsil edib. Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, yaradıcı kollektiv noyabrın 20-dən 25-ə kimi keçirilən bu ənənəvi sənət yarışmasında yazıçı-publisist Əjdər Olun "Meşəbəyinin dostları" musiqili nağıl-tamaşası ilə məharətini nümayiş etdirib.
Uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara köməklik göstərmək kimi nəcib hisləri aşılayan tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rolları aktyorlar Allahverən Babayev, Emin Fərzullayev, Səyad Əliyev, Rauf Zeynalov, Ülkər Quliyeva və Günel Abbaszadə ifa ediblər.
"Çıxışlarımız haqqında İranın müxtəlif qəzet və jurnallarında, radio və televiziya kanallarında, informasiya saytlarında xəbərlər, məqalələr, resenziyalar verildi", -deyə T.Heydərov bildirib.-"Məlumat üçün onu da deyim ki, Həmədan yalnız Azərbaycanın deyil, həm də dünyanın qədim şəhərlərindən sayılır. Şəhərin salınması tarixi xristianlığın yaranmasından əvvəlki dövrə təsadüf edir. Həmədan Midiya hökmdarlarının yay paytaxtı olub, sonradan adı dəyişidirilərək Ekbatan və ya Heqmatani kimi tanınıb. Həmədan şərq sivilizasiyasının mərkəzlərindəndir. Hazırda burada əhalinin 37%-ni azərbaycanlılar təşkil edir. İbn Sinanın və Baba Tahirin məzarları Həmədan şəhərindədir.
Festival günlərində Ərdəbil vilayətinin Mədəniyyət və İrşadi İslam Baş İdarəsinin rəis müavini Qərib Mənuçehri, tehranlı teatr rejissoru Xeyrullah Təğiyənipur və digər tanınmış sənət xadimləri ilə görüşərək, yaxın gələcəkdə sənət mübadiləsinin vacibliyi məsələlərini müzakirə etdik".
Belçika, İtaliya, Almaniya, Türkiyə, Norveç, Hindistan, İraq, Fransa kimi ölkələrin təmsil olunduğu festivalın bağlanış mərasimində Lənkəran teatrının truppası münsiflər heyəti tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Qeyd edək ki, Lənkəran teatrı 2017-ci ildə də İranın Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Azərbaycanı təmsil etmişdi.
Ağaddin BABAYEV