adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Noyabr 2018 22:57
5874
GÜNDƏM
A- A+

EL SƏNƏTKARIMIZ

Əlisəfa Azayev

- Oxuyur Eynulla Cəbrayılov!..
Toyda-düyündə, el şənliklərində, radio dalğalarında, televiziyi ekranlarında eşitdiyimiz bu ad, bu elan, bu bildiriş bizə nə qədər əziz, yaxın və doğmadır. Lap tarixlər şahidi böyük Kür çayı, onun əzəmətli sahil qayaları, narın qumları, sərin, şəffaf suları tək. Elə gözəl səsli əvəzsiz müğənnimiz Eynulla Cəbrayılov da bu çayın səfalı sahilində yerləşən, ona candan əziz olan qonaqpərvər Şüşün kəndində dünyaya göz açıb, böyüyüb, boya-başa çatıb. Bu çayın özü ona uşaqlığından ən yaxın həmsöhbət, bəlkə də ilk musiqi müəllimi, pıçıltıları isə sözsüz ki, həzin, qəlb oxşayan bir nəğmə olub. Nənəm deyərdi: "Eynullanın səsi eşidiləndə böyüklü-kiçikli hamımız işimizə ara verərdik. Lap bir nəfər kimi. Bəzən də bişirdiyimiz xörəyi, çalxaladığımız nehrəni yarımçıq qoyub ona diqqət kəsilərdik. Özü də ürək dolusu sevinc, qəlb titrədən həzin bir kövrəklik içində..."
Kür çayı sahilində qəlb yanğısı ilə oxuyan bir yeniyetmənin səsi müharibənin qəm-qüssəsindən, ürək parçalayan nisgilindən sızlayan ana-bacıların kədərinə əvəzsiz məlhəm olardı. Bu səs qərib ellərə ərmağan aparmış kimi baş alıb gedər, çöhrələrə bir aydınlıq, xoş təbəssüm gətirərdi.
O, daha çox varlığı ilə bağlandığı, vurğunu olduğu xalq mahnıları oxuyardı. Özü də ürək parçalayan bir yanğı ilə, qəlbəyatımlı bir səslə. O illər "Muğana ceyran" mahnısını oxumaq yamanca dəbdə idi. Eynullanın səsini eşitcək böyük də, kiçik də ona qoşulardı. Elə mən özüm də çoxları kimi az oxumamışdım o mahnını. Özü də kiçik uşaq sadəlövlüyü, dəcəlliyi, qəlb çırpıntısı ilə... Deyib gülə-gülə, tullanıb düşə-düşə... Eynullanın səsindəki yapışqanlıq, daxili duyum, əzəmət, həzinlik hamını ovsunlayırdı.
Qeyri-iradi, istər-istəməz hamı bu səsə dinşək kəsilərdi.
İlahi, bu səsdə nə qədər gənclik ehtirası, coşqunluğu, hikmət vardı. Elə bir hikmət ki, bu səs eşidiləndə həyatdan təcrid olunar, şirin xatirələr qoynunda xumarlana-xumarlana onu dinləyərdin. Özü də bu gözəl müğənninin əvəzsiz həzin səsinə məftun ola-ola. Yerbəyerdən deyərdilər: "Nənəm qurban sənə, ay Eynulla, oxu, oxu, bir də oxu... "Qabağında ölüm ay bala, nə yaxşı oxudun. Allah səni bədnəzərdən saxlasın..." "Vallahi ki, bu yazıq eşqə düşüb" - deyənlər də olurdu...
Tər çiçək, qızılgül ətirli günlər aylara naxış saldı. Quş qanadlı, xoş müjdəli illər bilinmədən ötüb keçdi. Eynulla vurğun olduğu, varlığı ilə bağlandığı sənət aləmində daha da şaxələndi, ad san qazandı. Toy düyündə olduğu kimi, radio dalğalarında da ruhu şadlandıran səs eşidilirdi. Şöhrəti ellər, obalar gəzdi. Ancaq ərsəyə çatdığı o şoranlı torpağı, doğma kəndini, uşaqkən əlindən tutan, yeniyəetməykən onu daha yüksək zirvələrə həvəsləndirən, gəncliyində özünü, sənətini ürəkdən alqışlayan o sadə adamları heç vaxt unutmadı! El-obasından, camaatından ayrıla bilmədi. Həmişə qəlbi onlarla bir yerdə döyündü. Xeyirdə-şərdə həmişə yanlarında oldu.
Eynulla Cəbrayılov həm də gözəl insan, etibarlı dost, mehriban qardaş, qayğıkeş ata olub. Bu gözəl sənətkar bu gün də bizimlədir. Özünə məxsus insan ruhunu oxşayan əvəzsiz səsi ilə qəlbimizi ovsunlayır, bizi məftun edir. Onu görəndə səsini eşidəndə ürəyimiz dağa dönür. Bir vaxtlar həyatda, el şənliklərində olduğu kimi radio dalğalarında, televiziya ekranlarında da... Tanıyanlar yaxşı bilir ki, Eynulla canıyla, qanıyla zəhmətkeş xalqına öz doğma el -obasına bağlı bir sənətkar idi. Həmişə o oxuyanda gözlərimin önünə ayaqyalın, başıaçıq, qayış kimi möhkəm bədənli, o zamanlar hələ ram edilməmiş Kür çayının boz bulanlıq suyuna, sahil qayalarına baxa-baxa qəlbinə sığmayan bir həvəslə, coşqunluqla "Muğana ceyran" oxuyan arıq bir oğlan uşağı gəlir. Sonralar Eynullanın sənətkarlığı kamilləşsə, mahnılarının sayı artsa da biz indi də onu bu oynaq mahnısız təsəvvür etmirik. Bu mahnı Eynullanı, yoxsa Eynulla onun övladıdır? Deyə bilmərəm... Adama elə qaynayıb qarışıblar ki, onları bir-birindən ayırmaq çətindir. Sonralar bu zənginliyə "Qarabağ şikəstəsi" də əlavə olundu. Bu muğam mahnı çoxlarının ifasında olduğu kimi Eynullanın da ifasında ruhu şad edər, qəlbi coşdurur, adama qol-qanad verir. Eynullanın səsi adamın keçmşini, bu gününün yada salır... İnsanlara günəş tək işıqlı, çiçək tək zərif, məhəbbət, sevgi tək ülvi, təmiz inam, gələcək gözəl, xoş əhval-ruhiyyə bəxş edir. O oxuyanda qeyri-iradi səslənib demək istəyirsən: "Oxu, qardaş, oxu!.. Qoy sənin səadət soraqlı səsin bütün dünyaya yayılsın..."
Bəli, Eynulla Eynulla oğlu Cəbrayılov 1935-ci ildə Kürdəmir rayonunun Şüşün kəndində anadan olmuşdur. Gizli deyil ki, Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkaarlarından, onların təcrübəsindən bəhrələnib, muğam sənətinin sirlərinə yiyələnir. Gənc yaşlarından peşəkar xanəndə kimi tanınır. Respublikamızda keçirilən ən möhtəşəm tədbirlərdə iştirak edir, oxuyur. Eynulla Cəbrayılov gözəl el aşığı Aşıq Şakir Hacıyevlə səfərlərdə olur. Nəfəs alətləri ifaçısı, əslən Muradxan kəndindən olan Həsrət Hüseynovla birgə çıxışları xüsusilə yaddaqalan olmuşdur.
Eynulla Cəbrayılovun repertuarı həmişə zəngin olmuşdur. Onun "Nazlana-nazlana", "Bala Nərgiz", "Kimə yalvarım" və s. başqa mahnılarını şövqlə oxuyan bu gözəl, mahir ifaçı xüsusilə son vaxtlar çox məhşurlaşmışdı. Bəzən dinləyicilər belə onun necə oxumasını müzakirə edər, deyərdilər:
- Geniş diapazonlu sənətkaardı.
- Rəngarəng tembirli güclü səsə malikdir.
- Allah vergisidi də...
Bu gözəl səsli müğənninin ifasında "Rast", "Segah-zabul", "Mirzə Hüseyn segahı", "Cahargah" və başqa muğamlar bizi necə də təsirləndirərdi, İlahi! Şükür ki, onlar indi də Az.TV Fondunda mühafizə olunur, saxlanılır.
Hamımızın sevimlisi Eynulla Cəbrayılov 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayon Mədəniyyət evində çalışmış, eyni zamanda respublikanın musiqi həyatında yaxından, ayrılmadan iştirak etmişdir. Bir də görürdün ki, respublika televiziyasında diktor elan edir:
- İndi də oxuyur gözəl məlahətli səsli müğənnimiz Eynulla Cəbrayılov!..
Bu sözləri eşidəndə, Eynulla Cəbrayılovu ekranda görəndə qəlbimiz riqqətə gəlir, uşaq tək sevinər, onu necə maraqla dinləyirdik! Bu gözəl müğənnimiz 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur.
Onunla bağlı çox xoş sözlər, əhvalatlar deyilsə də, bir həyət toyunda oxuyanda başına cəh-cəh vuran bülbülün qonması şaiyə, əfsanə yox, tam reallıqdır. Bəli, nahaq yerə deməyiblər ki, insan ev tikməyi qaranquşlardan, toxuculuğu hörümçəklərdən, oxumağı bülbüllərdən öyrənsə də, bu gözəl quş insan səsinə beləcə vurğun olmuşdu onda!..
Eynulla Cəbrayılovun, bu gözəl sənətkarın bizdən ayrıldığ, dəfn olunduğu gün bu günkü kimi yadındadır. Vəsiyyətinə uyğun olaraq onu xoş musiqi sədaları altında son mənzilə aparırdılar... Klarnet çalınır, "Vağzalı" havası ürəkləri titrədirdi... Bəli, əsil türk oğluna yaraşan bir nikbinlik, ruh yüksəkliyi içində son mənzilə yola salınırdı o!.. Qəbri yanında da vida mərasimi keçirildi. Ünvanına xoş sözlər səsləndi:
- Allah sənə qəni-qəni rəhmət eləsin, qardaş!
- Məzarın nurla dolsun!
- Sənsiz bizim üçün çox çətin olacaq!..
Bu sözlər elə-belə deyilmirdi. Bir millət övladının qəlbdən gələn hayqırtı, nalə səsi idi bunlar... Sanki Eynulla Cəbrayılovsuz yetim qalan cocuqların ürək parçalayan iniltisi, kövrəklik səsi!.. O sanki bir günəş idi!.. Görüşəndə, salamlaşanda necə özünü xoş, rahat hiss edərdin!.. Məlahətli səsi eşidilərdi:
- Ə, necəsən, elli?!.
- Yaxşı...
- Niyə belə gec-gec görünürsən?
- İş adamıyıq da...
Kaş o səsi, sözləri bir də eşidəydi!.. Kaş onunla bir də bir yerdə olaydı, dərdləşəydi!.. Ancaq yenə də şükür!.. Hərdən "Mədəniyyət" kanalında ondan yadigar qalan lentlərə baxanda, dinləyəndə təsəlli tapırlar ki, bu gözəl müğənni Eynulla Cəbrayılov cismən bizimlə olmasa da, ruhən yenə də onlarladı!.. Onun böyük sənəti bu gün də yaşayır!.. Necə ki, əsirlər boyu yaşayacaq!.. Gələcək nəsillərə bu günümüz üçün şahidlik edəcək, bizi yada salacaq!..