adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Noyabr 2018 22:04
4760
GÜNDƏM
A- A+

Qurani-Kərim Puşkin poeziyasında

Vaqif Cəliloğlu,
Tex. elmləri üzrə fəlsəfə doktoru

Bir tərəfdən müasir dünyada gedən inteqrasiya və qloballaşma prosesi, digər tərəfdən bütün xalqların milli maraq və özünəməxsusluğunu saxlamaq cəhdi artıq İslam dinini ictimai-siyasi olayların mərkəzinə çıxarıb. Səbəb isə iudaizm və xristianlıqdan fərqli olaraq bu dinin ayrı-ayrı xalq və ümmətlərə deyil, bütün bəşərə nazil edilməsindədir. Bu baxımdan bəşəriyyətə azadlıq, bərabərlik, ədalət gətirən, digər inanc sahiblərinə və xüsusən əhli-kitaba hörmət və sayğı ilə yanaşan İslama digər dinlərin zəka, elm, mədəniyyət xadimlərinin münasibətini, ehtiramını bilmək, xatırlatmaq və dəyərləndirmək, həmişə olduğu kimi, bu gün də aktualdır. Bu, həm də ümumbəşəri sülhün bərqərarında mühüm amillərdən biri kimi qəbul edilməlidir.
İslam dini tarixən əhli-kitabın müxtəlif səpgili və niyyətli fəlsəfi, elmi, siyasi, ideoloji şərh və təfsirlərinə məruz qalmaqla yanaşı, onların ədəbi mühitindən də yan keçməyib. Bu sahədə İslama qərəzli yanaşmalarla yanaşı, onu kifayət qədər obyektiv və məhəbbətlə vəsf edən qələm sahibləri də olub. İman, elm və iradə vəhdətində olan belə salehlər haqqında Rəbbimiz buyurub: "İman gətirənlərdən, musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən (xaça sitayiş edən məzhəblər) Allaha, axirət gününə inananların və yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamətdə) onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar" (Bəqara 62).

Böyük Pyotrun ərəbinin
nəvəsi: Puşkin

Klassik rus ədəbiyyatında İslamdan bəhrələnən və onu vəsf edən dahilərdən biri sözsüz ki, həm də "sən qorxaqsan, köləsən, ermənisən" ifadəsinin müəllifi A.S.Puşkindir (1799-1837). Puşkinə qədərki dövrün xronologiyası göstərir ki, Avropanın Qurani-Kərimlə tanışlığı orta əsrlərdən başlanıb. Belə ki, Rəbbimizin sonuncu vəhflər toplusu olan bu kitab 1441-ci ildə latın, 1513-cü ildə italyan, 1616-cı ildə alman, 1647-ci ildə fransız, 1648-ci ildə ingilis dilinə tərcümə edilib. Rusiyada müqəddəs kitabın tərcüməsi XVIII əsrdə Pyotrun təşəbbüsü ilə olub. Zəmanəsinin görkəmli xadimi P.Posnikov 1647-ci ildə Dyu Riyenin fransız dilinə tərcüməsindən istifadə edərək Quranı ruscaya çevirib, 1716-cı ildə onu Peterburqda nəşr etdirib. 1790-cı ildə isə bu kitabı rus ədibi M.Veryovkin fransızcadan rus dilinə tərcümə edib. Fransız dilini mükəmməl bilən A.S.Puşkin əsərlərində əsasən bu tərcümədən istifadə edib. Qeyd edək ki, Puşkinin Qurani-Kərim və müsəlmanlara həsr edilən əsərləri M.Lermontov, L.Tolstoy, F.Dostoyevski, Y.Polonski, İ.Bunin, V.Veliçko, N.Qumilyov, Y.Bunin və başqa mütəfəkkirlərin yaradıcılığında da dərin iz buraxıb.
Poeziyasında Quran və Məhəmməd(ə) şəxsiyyətinə, İslam dünyasına müraciət edən A.S.Puşkin üçün İslam ilk növbədə ilham mənbəyi, məna-fikir məxəzi, poetik kamillik nümunəsindən ibarət idi. Tədqiqatçıların fikrinə görə, Puşkinin İslam dininə marağının səbəbləri sırasında onun əcdadlarının, şairin "Böyük Pyotrun ərəbi" povestində İbrahim adı ilə verdiyi babası İbrahim Hannibalın (1697-1781) müsəlman olmasının da rolu olub. Şairin bu marağının qaynaqları həm də onun Avropa oriyental ədəbiyyatına gənclik həvəsi, lisey müəllimi professor Y.Kaydanovun Şərq tarixi və İslama dair mühazirələri, Moskva Universitetinin professoru A.Boldirevin şərqşünaslığa dair məqalələri, görkəmli şərqşünas N.Biçurinlə şəxsi münasibətləri və müsəlmanların həyatı ilə tanışlığı olub.

"Qurana təqlidlər" Puşkin poeziyasının tacında
parlaq almazdır

1820-1824-ci illərdə cənuba sürgün edilən Puşkin Quranı ətraflı öyrənib, Şərq şeirinin onun üçün nümunə olduğunu bildirib və Şərq mövzusunda 50-dən artıq şeir yazıb. Qurani-Kərim şairi elə cəlb etmişdi ki, o, Quran motivləri əsasında 9 şeirdən ibarət xüsusi silsilə-nəzirə yazdı. Tədqiqatçılara görə, şair bu şeirlərdə Quranın 33 surəsinin 81 ayəsindən bilavasitə istifadə edib. Tənqidçi V.Belinskinin "Puşkinin poeziya tacında parlaq almaz" adlandırdığı "Qurana təqlidlər" əsəri ilk növbədə mənbənin məzmun, forma və üslubunu dəqiq saxlamağa cəhdlə seçilir. Puşkin istifadə etdiyi tərcümənin həm fransız, həm rus variantının adında ("Ərəb Məhəmmədin Quran kitabı...") və abbat Ladvokatın tərcüməyə əlavəsindəki səhv mövqeyə - Quranın bəndə əsəri olması eyhamına və Məhəmməd(ə)-nin peyğəmbərliyinin şübhəyə alınmasına qətiyyən uymayıb. Əksinə, o, Quranda Allahın öz adından danışdığını, Peyğəmbər(ə)-nin 2-ci və ya 3-cü şəxs kimi iştirak etdiyini birmənalı vurğulayıb.
Quran ayə və surələrindən məharətlə istifadə edən şair müqəddəs kitab haqqında düşüncələrini bölüşüb, Quran mənalarını, mahiyyətini bədii keyfiyyətlərlə oxucuya çatdırıb. Bununla o, həm də qeyri-müsəlman kontingentə Quranın səməviliyini və Peyğəmbər(ə)-nin Allahın elçisi olduğunu bildirib, onları maarifləndirib.
Silsilənin elə ilk bəndi bu baxımdan səciyyəvi xarakter daşıyır:

"And olsun cütə və təkə,
And olsun qılınca və haqq döyüşə,
And olsun dan ulduzuna,
And olsun axşam namazına.

Yox, Mən səni tərk etmədim.
Bəs kimi Mən rahatlıq dairəsinə,
Saldım ki, onun hikmətini sevə-sevə
Və iti təqibdən gizlətdim?

Mən deyildinmi səni susuzluq günündə
Səhra suları ilə içirtdim?
Mən deyildinmi sənin dilinə
Ağıllar üzərində əzəmətli ixtiyar verdim?...

Quran hikmətinə valeh və vaqif olan şair bu sətirləri müqəddəs kitabın Zuha, İnşiqaq, Buruc, Fəcr surələrinin təsiri altında yazıb. Və nəticədə, Puşkin həm məna, həm də bədiilik cəhətdən yüksək poetik nümunəyə, rus ədəbiyyatının yeni səhifəsini açan metafizik, estetik-bədii nailiyyətə imza atıb.
Puşkinin Qurana təqlidlərlə həmahəng olan digər əsəri "Peyğəmbər" şeiridir. Xristian ədəbiyyatçıları tərəfindən Tövratdakı İsaya, İeremiy və ya İezekil peyğəmbərlər haqqında olduğu güman edilən bu şeirdə, bir çox tədqiqatçıların göstərdiyi kimi, Quranın Fətir, Muddəsir, Ələq və digər surələrindən məharətlə istifadə edilib.
Puşkin yazır:

"Və o köksümü qılıncla yardı,
Və titrək ürəyimi çıxartdı,
Və alovlu közü
Yarılmış köksümə qoydu".

Əslində bu şeir ilə şair səməvi kitablar arasında müştərəkliyi, onların bir mənbədən qaynaqlandığını göstərib. Quranın: "Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?! Ağır yükünü səndən götürmədikmi?!..." (İnşirah surəsi) ayəsi ilə Tövratdakı: "O, kömürlə dodaqlarıma toxunaraq dedi: "Budur, bu kömür dodaqlarına dəydi, pisliyin silindi, günahın bağışlandı" (bax: Bibliya, İsayanın kitabı, 6:7) kəlamın müqayisəsi də fikrimizi təsdiq edir.

Mənəvi dirçəliş
"Gizli mağara..."dan başlayıb

XIX əsr tədqiqatçısı N.Çernyayevin qeyd etdiyi kimi, monoteist ruh və həqiqi dini hisslə yazılmış "Qurana təqlidlər" göstərir ki, Quran Puşkinin dini təbəddülatına ilk təkan vermiş və bununla da onun daxili həyatında böyük əhəmiyyətə malik olmuşdur". Şairin Qurana bağlılığını şərh edən ədəbiyyatşünas professor Asif Hacıyev yazır: "Bütövlükdə bu silsilə Puşkinin İslam dəyərlərinə dərin mənəvi münasibətini, onları ruhən mənimsəməsini, Quranın şairə güclü psixoloji, ideoloji təsirini aşkarlayır. Puşkinin bu əsərdə maraqlı bir cəhəti də müəllif subyektivliyinin dərindən təzahür etməməsi, müqəddəs Kitabın mahiyyətini obyektiv çatdırmağa çalışmasıdır... Böyük şairin yaradıcılığında Qurani-Kərimin əhəmiyyətini belə bir fakt da təsdiqləyir ki, Puşkin dilinin lüğətində Quran 17, İncil 13, Tövrat 8 dəfə xatırlanır. ...Məhz Quranla tanışlıqdan sonra Puşkin xristianlıqla da maraqlanmağa başlayır və 1824-cü ilin sonunda qardaşından təkidlə ona "İncil"i göndərməyi xahiş edir... Onu da qeyd edək ki, yeniyetməliyində dövrünün və mühitinin dəbinə uyğun olaraq, XVIII əsr fransız maarifçiliyinin, Volterin, epikürçü kübar dairələrin təsirilə dinə etinasız yanaşan Puşkin 1823-1824-ci illərdə mənəvi böhran keçirib, əsərlərində həyatın boşluğu, mənasızlığı, tənhalıq fikirlərini ifadə edib. Və şairin 1825-ci ildə "Gizli mağarada..." poetik parçasında göstərdiyi kimi, Qurani-Kərimlə tanışlıq onun mənəvi dirçəlişinə, ruhən yenilənməsinə zəmin yaradıb:

"Gizli mağarada, didərginlikdə,
Mən şirin Quranı oxuyurdum,
Qəfil təsəlli mələyi
Uçub mənə tilsim gətirdi..."

Quranın tərcüməsini dəfələrlə oxuyan və onun ecazından ilham alan Puşkin, Rəbbimizin: "Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. Buna görə də (yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz olan tamaha (özgə təmənnaya) düşər". (Danışdığınız zaman) gözəl danışın! Evlərinizdə qərar tutun, açıq-saçıq olmayın... "(Əzhab 32-33) kəlamını poetik dil ilə belə ifadə edib:

Ey Peyğəmbərin saf zövcələri,
Bütün zövcələrdən siz fərqlisiz:
Günahın kölgəsi də sizə qorxuncdur.
Sakitliyin şirin kölgəsində
Təvazö yaşayın: sizə layiqdir
Bakirə qızın örtüyü.
Vəfalı qəlbinizi saxlayın
Qanuni və utancaq nəvazişə,
Qoy ləyaqətsiz bic baxışlar
Üzünüzü seyr etməsin".

Göründüyü kimi, ilahi vəhy olan Quran üslubunu saxlayan Puşkin Tövrat və İncildən fərqli olaraq, bu şeirində də bədii nitqi Peyğəmbər(ə)-nin yox, birinci şəxsin - Allahu-Təalənin dilindən verib.

"Məgər bu, müsəlman deyilmi"

Puşkin Quranın hikmət və kəlamlarına, ümumən İslam və müsəlmanların həyatına yaradıcılığının sonrakı dövründə də müraciət edib. Daxili ehtiyacdan qaynaqlanan bu müraciət hələ 17 yaşında "İmansızlıq" şeirində "Əqlim Tanrını axtarır, Qəlbim tapmır" deyən şairin sonradan ruhən kamilləşməsində - qəlbinin Tanrını tapmasında, təhqiqi-imana sahib çıxmasında və nəticədə dahiyanə əsərlər yazmasında həlledici amillərdən olub.
Dünya ədəbiyyatının digər korifeyi F.Dostoyevskinin (1821-1881) "Məgər bu, müsəlman deyilmi?"- deyə səciyyələndirdiyi Puşkində islam anlayışı maarifçilik-romantizm-realizm xətti ilə təkamül etmiş və özündən sonrakı bir çox ədiblərə təsir edərək dünya və rus ədəbiyyatında İslam dininə, Şərqə marağın artmasında və bu mövzuda silsilə yazıların təşəkkülündə mühüm rol oynayıb. Rəbbini tapan və Onu qəlbində sakin edən, Onun peyğəmbərini (həz.Məhəmmədi) sevən Puşkində dini mövzuların bəsit şəkildə şəxsiləşdirilməsi, adiləşdirilməsi olmadığı üçün o, "Üç Üçnum"a xas olan "Allahı peyğəmbər, peyğəmbəri Allah" səviyyəsində təqdim etməyib.
Şair bir fərd və bədii obraz kimi əsərlərində tərənnüm etdiyi ilahi anlayışlar və ilahi məqamla özü arasında məsafəni həmişə gözləyib. Dini mövzuların həqiqi inanc, ədəbi etika və istedad tələb edən həssas və məsuliyyətli məsələ olduğunu dərk edən Puşkini dahi edən, ona ümumbəşəri sevgisi qazandıran da məhz bu məsafə, yerini bilmək məharəti olub. Başqa cür ola da bilməzdi. Çünki Xaliq və Onun Rəsulu qarşısında kiçiləni Xaliq həmişə ucaldaraq xalqa sevdirib.
Puşkinin şəriksiz Yaradana, Onun peyğəmbəri həz.Məhəmmədə sevgisi və müsəlmanlara xoş münasibəti sonraki dahilər üçün bir nümunə olub. Fikrimizi: L.Tolstoyun (1828-1910): "Lütfən, mənə xeyirxah müsəlman kimi baxın, onda hər şey gözəl olacaq"; A.Fetinin (1820-1892): "... Mən sevirəm və heç kim - Fatimə (Həzrəti Peyğəmbərin qızı - V.C.) özü də - Peyğəmbəri bundan güclü sevməyib"; Y.Polonskinin (1819-1898) yüksək romantik pafosla yazdığı və "Ey bərəkətli müqəddəs su!" misrası ilə başlayan "Məhəmməd dəstəmazqabağı" şeiri sübut edir. Nəinki Quranla, hətta təfsirlərlə tanış olan Nobel mükafatı laureatı İ.Bunin (1870-1953) isə bəzi Quran surələrinin ilk ayəsi olan "Əlif, Ləm, Mim"i Allahın sirri olduğunu və heç kimin onu bilmədiyini belə qələmə alıb: "Sus, sus!...Allahdan başqa Allah yoxdur.! Sirdən güclü güc yoxdur!" Rəbbimizin Quranda həz.Peyğəmbərə ünvanladığı: "Həqiqətən, Biz sənə Kövsər bəxş etdik! Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Sənin düşməninin özü sonsuzdur! (Kövsər 1-3) kəlamı işığında Bunin "Kövsər" şerini yazıb:

"...Bütün çayların çayı, lacivərd Kövsər,
Və bütün dünyaya, bütün soylara və ölkələrə
Rahatlıq vəd edir. Döz, dua et və inan."

Beləliklə, Puşkinin yaradıcılığının qısa təhlili sübut edir ki, o, bəzi ədiblərdən fərqli olaraq Allaha, Onun sonuncu Peyğəmbərinə inanmaqla yanaşı, İslam dünyasına xoş münasibət bəsləyən saleh şair olub. Həm imansız şairlər və həm də 200 il bundan qabaq erməni xislətini açan Puşkin və onun kimi imanlı şairlər barəsində Rəbbimiz buyurub: "(Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!... Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını (haqqını) alan şairlərdən başqa..." (Şuara 224,227)
Vaxtilə "Sən qorxaqsan, köləsən, ermənisən" deyən A.S.Puşkin indi sağ olsaydı, yeni şeirləri ilə mənfur ermənidən növbəti qisasını almazdımı? Mütləq alardı! Ruhu şad olsun!