adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Noyabr 2018 18:57
14322
İQTİSADİYYAT
A- A+

Sahibkarlığın vergi yükü azaldılır

Vergi qanunvericiliyinin təkmilləşdirilməsində ən mühüm istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi, vergi güzəştlərinin optimallaşdırılması və güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsidir.

Vergilər Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, qanun layihəsində qeyri-neft sektorunda çalışan sahibkarlar üçün həm stimullaşdırıcı, həm də səmərələşdirici və ünvanlı vergi güzəştlərinin tətbiqi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bu kateqoriyadan olan vergi ödəyicilərinə münasibətdə diferensial yanaşmanın genişləndirilməsi nəzərdə tutulub. Dəyişikliklərin əsas məzmunu kiçik və orta biznes üçün vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və vergi yükünün aşağı salınmasıdır.

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə gələn il kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılması, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi, kiçik sahibkarlıq subyektinin təsisçisinin divident gəlirlərinin vergidən azad olunması təklif edilib. Bundan başqa, bu kateqoriyaya aid hüquqi şəxslərin və fərdi sahibkarların əmlak vergisindən azad olunması da nəzərdə tutulub. Bu addım kiçik biznes sektoru üçün ən mühüm yeniliklərdən biridir. Dövlət bu güzəştləri edərkən sahibkarlardan öz maliyyə hesabatlarını və uçot sistemlərini düzgün qurmağı tövsiyə edir.

Kiçik və orta sahibkarlıq subyektlərinə bir sıra xidmətlərin göstərilməsi, onların istehsal etdikləri məhsulun satışına dəstək tədbirləri davam etdiriləcək, maliyyə təminatı yaxşılaşdırılacaq. 2018-ci ildən fəaliyyətə başlayan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi təsərrüfat subyektlərinin problemlərini öyrənəcək, onlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, maliyyə və vergi məsələləri ilə bağlı aidiyyəti dövlət orqanlarının köməyi ilə stimullaşdırıcı addımların atılmasına dəstək göstərəcək, maliyyə resurslarına əlçatanlığı təmin edəcək.