adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Noyabr 2018 16:01
7982
MƏMLƏKƏT
A- A+

Azərbaycan müəllimlərinin XV qurultayı işini davam etdirir - YENİLƏNİB

Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.

Trend-in məlumatına görə, qurultay iştirakçıları öncə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda aazmübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb.

XV qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, millət vəkilləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak edirlər. Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb.

Qurultay Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin 14-cü qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz ruhlarını bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulayıb.

Ötən 5 illik dövr ərzində görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış edən nazir qeyd edib ki, Cari il üçün "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb.

Azərbaycanın təhsil indikatorları üzrə də ciddi irəliləyişə nail olduğunu deyən C.Bayramov Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.
Baş nazirin müavini Əli Əhmədov Azərbaycan təhsilində son illər ərzində həyata keçirən islahatları müsbət dəyərləndirirərək bəzi problemlərin də olduğunu, onların həllinin qarşıda duran vəzifələrdən biri olduğunu söyləyib.

Azərbaycanda müəllimin cəmiyyətin, dövlətin inkişafına öz töhfəsini verdiyini deyən baş nazirin müavini hesab edir ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan ən cəsarətli addımdır. Bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq.

Ə.Əhmədov qurultayın qərarlarının təhsil sisteminin qarşısında duran vəzifələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini də bildirib.

Azərbaycan Müəllimlərinin XV qurultayının keçirilməsini Azərbaycan cəmiyyəti üçün çox əlamətdar hadisə kimi dəyərləndirən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bəşər cəmiyyəti hər zaman qazandığı uğurlara görə təhsilə və elmə borclu olublar.

Azərbaycanın təhsil sistemində bir çox uğurların olduğunu deyən MM sədrinin müavini qeyd edib ki, bu uğurlar, həmçinin Azərbaycan dövlətinin iqtisadi imkanlarının artmasının, regionda və dünyada mövqeyinin möhkəmlənməsinin və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasətinin bu gün uğurla davam etdirilməsinin nəticələridir.

B.Muradova təhsil sahəsində qanunvericiliyin hər zaman diqqət mərkəzində olduğunu, bu sahə üzrə qanunvericlik aktlarının daim təkmilləşdirildirilərık yeniləndiyini də açıqlayıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, bu gün ölkəmizdə gedən sosial-iqtisadi inkişaf bütün sahələr üzrə bacarıqlı mütəxəssislərin hazırlanmasını tələb edir. Ölkə rəhbərliyinin böyük diqqət və qayğısı nəticəsində təhsil və mütəxəssis hazrılığı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə öz növbəsində DİM-in işinin keyfiyyətinə müsbət təsir göstərir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, "McKinsey" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, gənc müəllim Nigar Əliyeva XV qurultayın ölkəmizdə təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər. Çıxışlarda vurğulanıb ki, ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır. Natiqlər Onlar Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, müəllimin nüfuzunun daha da artırılması ilə bağlı təkliflər də irəli sürüblər.

Qurultayda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddətdə təhsil sistemində reallaşdırılmış tədbirlər və islahatlar müzakirə olunub, qarşıda duran yeni vəzifələr müəyyənləşdirilib.

Qurultayda "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında panel müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.