Səhiyyə Nazirliyindən sosial şəbəkələrdə yayılan şayiələrə sərt reaksiya - FOTO
Səhiyyə Nazirliyi bir çox sosial şəbəkələrdə, o cümlədən "whatsapp” vasitəsilə əhalinin istifadə etdiyi dərman preparatı haqqında yayılan şayiəyə münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkə vasitəsilə yayılan şəkildə bu dərmanın insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məsələyə aydınlıq gətirib. Belə ki, Azərbaycanda İsrail istehsalı olan "Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan parasetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma - "Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol - Tatximfarmpreparati ASC, Rusiya Federasiyası (tablet), Parasetamol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet).
Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında) əhali arasında təşviş və gərginliyə səbəb olur. Qeyd edək ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb.