adalet.az header logo
  • Bakı 12°C
28 Noyabr 2018 11:19
73318
MÜSAHİBƏ
A- A+

“Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım...” - MÜSAHİBƏ

XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.azsaytının suallarını cavablandırıb. 

Adalet.az onunla söhbəti təqdim edir:


Qısa arayış:Nüsrət Kəsəmənli29 dekabr1945-cı ildəAğstafarayonunda anadan olub. Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnıların sözlərinin müəllifidir. Nüsrət Kəsəmənli 2003-cü ildə Təbrizdə vəfat edib.

Rəhilə Kəsəmənli 1970-ci ildənBakı Dövlət UniversitetininJurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında dosenti vəzifəsində çalışır.

- Rəhilə xanım, ilk tanışlığınızda Nüsrət müəllim sizə şeir deyibmi və ya yazdığı hansısa şeiri təqdim edibmi?

- Onun mənə yazdığı bir neçə şeir olub. İlk dəfə tanış olduğumuzda mənə ilk şeiri yazmışdı. Ailə qurmazdan əvvəl ikinci şeiri də yazmışdı mənə. Bir dəfə mən pis xəstələndim. Fakültədə idim, özümü yaxşı hiss etmirdim. Mənə görə, təcili tibbi yardım çağırmışdılar. Nüsrət həmin vaxt hər gün fakültəyə gəlir, mənimlə maraqlanıb gedirdi. Həmin gün də o fakültəyə gəlib, məni təcili yardımla evə aparıldığımı bilib. İkinci şeri də məhz onda yazmışdı. Mənə görə çox narahat olmuşdu.

Nüsrətin yazdığı bir şeiri də var: "Sən gözümün ağısan, ilk məhəbbət qarası...”.

Bu misraları adətən onun ilk məhəbbəti Sevdaya yazıldığını hesab edirlər. Mən düşünürəm ki, bu şeirdə məni nəzərdə tutaraq, həmin sözləri yazıb. "Sən gözümün ağısan, ilk məhəbbətimin isə qarası”.

- Niyə elə düşünürsünüz ki, sizə yazıb?

- Çünki bu şeir yazılanda biz ailə qurmuşduq. Amma çox insan, elə həyat yoldaşı bu cür misralar yazan xanım belə düşünə bilər ki, mən gözünün ağıyam, o isə qarasını dəyərləndirir. Mən çox səbrli olmuşam. Sona qədər də bunu sübut etdim. Heç zaman peşmançılığını dilə gətirməyən Nüsrət axırda peşmanlığını dilə gətirdi. Bu, peşmanlıq "Etiraf” şeirində dilə gətirildi.

Bəzən ona irad tuturdum. Deyirdi ki, "sən istəyirsən, mən peşman olduğumu etiraf edim? Mən heç vaxt peşmançılığımı dilə gətirməyəcəyəm. Çünki peşman olmaq mənim üçün ikinci məğlubiyyətdir”.

Açığını deməliyik, hər xanım səbirli olub, həyat yolunu birlikdə getdiyi, "mən heç vaxt peşman olmuram” deyən adama "Etiraf” yazdıra bilmir ("Etiraf” şeirindən misralar səsləndirir)

Bilmirəm, mələksən, Allahsan, nəsən

Mənə bağışladın neçə günahı.

Belə mehribanlıq eylədikcə sən,

Özüm öz gözümdən düşürəm axı.

Özü öz gözündən düşüb, günahlarını etiraf etmək peşmançılıq deyilmi? Elə bununla da sübut etdi ki, gözünün ağı da, qarası da ailəsidir.


- Sizinlə evlənənə qədər Nüsrət Kəsəmənlinin adı, nüfuzu var idi. Onun sizinlə ailə qurmaq istədiyini biləndə nə hislər keçirdiniz?

- Çox narahat oldum. Onu üzdən tanımırdım, amma şeirlərini oxuyurdum, bəyənirdim. Mənə Bəxtiyar Vahabzadə dərs deyib. Mən elə tələbəlik illərindən Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, sonralar Nüsrətin poeziyasını sevirdim. Mən BDU-da birinci kursdan həm oxudum, həm işlədim.

Elə mən birinci kursda olanda Nüsrətlə tanış olmuşuq. Bayaq dedim ki, işləyirdim, birinci kursda olanda məni laborant kimi universitetdə işə götürmüşdülər. Günlərin bir günü, bir cavan oğlan əlində vərəq gəldi ki, bəs, zəhmət olmasa bu yazını köçürün, sabah gəlib aparacağam. Bu kağız parçasında çox maraqlı şeir yazılmışdı. Şeir o qədər gözəl idi ki, iki nüsxə köçürdüm- birini sahibinə verməyə, birini də özüm üçün. Sabahısı yazını götürməyə başqa bir hündürboylu, yaraşıqlı oğlan gəlmişdi.

O dünən mənə vərəq verildiyini bildirdi. Dedi ki, həmin vərəqi aparmağa gəlib.


"Bu mənim şeirimdir” – dedi . Bu oğlan mənə o qədər tanış gəlirdi ki... Amma xatırlaya bilmirdim ki, onu hardan tanıyıram. Gedəndə dedi ki, qoyun əlyazma sizdə qalsın. Sən demə bu oğlan qəzetlərdən, jurnallardan tanıdığım Nüsrət Kəsəmənli imiş. Bu hadisədən sonra, qrup yoldaşlarım, tez-tez mənə Nüsrətdən danışır, elə hey onu tərifləyirdilər. Mən hələ də söhbətin nədən getdiyini anlamamışdım. Sən demə universitetdə məndən başqa hamı Nüsrətin mənə olan hisslərindən xəbərdar imiş. Sonra bir gün məni telefona çağırdılar, xəttin o başından gələn səs Nüsrətin səsi idi. Danışdı nə danışdı. Sən demə mənim üzümə baxmağa utanırdı, ona görə də hisslərini telefonla deməyi qərara alıbmış.

Sizin sualın cavabına gəlincə. Nüsrətin mənə aşiq olduğunu biləndə ətrafımdakı qızlar gülürdülər, zarafatyana mənə söz atırdılar. Onlar düşünürdü ki, Nüsrət hansı qıza ciddi yanaşıbsa, həmin qız rahat olmalıdır.

Mənim narahatlığımın səbəbi isə gənclik illərində Nüsrətdən çox danışılmağı olub. Mənə olan münasibətini bilən də, bilməyən də danışırdı. Nüsrətin yazdığı şeirləri hərə bir səmtə yozurdu. Ona görə mən də Nüsrətə razılıq verməkdə tərəddüd edirdim. Həm savadlı, gələcəyi olan insan kimi qəbul edirdim, həm də düşünürdüm ki, indidən belədirsə, həyat yolunda onunla necə addımlaya bilərəm?! Bu suallar məni çox düşündürürdü.

- Heç olubmu ki, çox ciddi problem yaşayasınız?

- İki dəfə elə bir vəziyyətin üstü açılmışdı ki, mən düşünürəm hər qadın bunları biləndən sonra həyatını həmin insanla davam etdirməzdi.

- Üstü açılan nə idi?

- Onu deməyəcəyəm. Nüsrət ona görə də "Mənə bağışladın neçə günahı...” yazırdı. Bizim ailə qurmağımıza tək özümüz deyil, elə insanlar kömək etmişdilər ki, o bir növ çəpər idi. Evliliyimizə xeyir-dua verən Şirməmməd Hüseynov idi. Şirməmməd Hüseynov mənə görə Nüsrətə də xəbərdarlıq etmişdi ki, Rəhilə hər görünən qızdan deyil, ona münasibətdə ciddi olsun.


Sonradan onlar bizə elçi gələndə anam qəti şəkildə etiraz edirdi. Hətta demişdi ki, ümumiyyətlə həmin oğlan və ailəsi biz tərəflərdə görünməsin. Amma sonda Nəsir İmanquliyev və həyat yoldaşı Gövhər xanım anamı razı saldı. Nəsir müəllim elə insan idi ki, başına topladığı gənclərə atalıq qayğısı göstərirdi. İstər Şirməmməd müəllim, istərsə də Nəsir müəllim təmiz niyyətlə ailə qurmaq istəyən gənclərə kömək edirdilər. Onlar tanımadıqları, bələd olmadıqları insan üçün nə qapı döyərdilər, nə də qız tərəfi olub, qəbul edərdilər.


Mən xeyli fikirləşdim, götür-qoy etdim. Hər kəs özünü yaxşı tanıyır. Əgər öz içimdə qüsurlarımı bilirəmsə, kənardan nə qədər təriflənsəm də bunu səmimi qəbul edə bilmirəm. Düşündüm ki, Nüsrət ətrafında o qədər gözəl qızlar görüb, mən isə adi bir qızam. Niyə Nüsrət kimi gözəlliyi sevən biri qat-qat gözəllərlə deyil, mənimlə ailə qurmaq istədi? Elə bir imkanım yox idi ki, deyim, kasıb oğlandır, bəlkə maddi durumu yaxşı olan ailə axtarır. Düşündükcə, bu qərara gəldim ki, Nüsrətin gözündə tərbiyəli, ağıllı olduğuma görə məni seçmişdi. Nüsrətin ətrafında olan qızların içərisində vəzifəli ailədən olanlar da var idi. Amma ona elə qadın lazım idi ki, əlindən tutub, ömür yolunu rahat keçə bilsin.

- Nüsrət Kəsəmənlinin ilk sevgisi Sevdanı sevdiyini nə zaman bildiniz?

- Evlənməzdən öncə.

- Nüsrət müəllim özü etiraf etmişdi?

- Onu mən eşitdim. Əmim qızı Filologiya fakültəsində oxuyurdu. Fakültədə Nüsrətin mənə münasibətinin olduğu barədə söz-söhbət yayılanda, əmim qızı mənim yanıma gəldi. Zarafata salıb dedi ki, belə bir şey eşidib. O, "Sən bilirsən ki, onun bir Sevdası var?” dedi. Mənə hələ də çatmırdı. Nüsrətə sonradan dedim, "əgər belə ciddi münasibətin varsa, mən sənin həyatında ikinci ola bilmərəm. Düşün, özün qərar ver, mən də sonra peşman olmayım. Məcbur deyil ki, sənin həyatında olum. Əgər öz fikrin qətidirsə, sonuna qədər bunun arxasında dur”. O mənə fikrinin qəti olduğunu bildirdi. Nüsrət Sevdanı çox istəyirdi. Bir şeyi etiraf edim: əvvəllər Rəhilə və Nüsrətin məhəbbəti Sevdayla Nüsrətin qarşılıqlı sevgisindən güclü olmayıb. Bizim ailəmizin möhkəm, uzunömürlü olmağımızın səbəbi sonuna qədər bir-birimizi kəşf etməyimizdir. Bir-birimizin müsbət cəhətlərini aşkara çıxara-çıxara yaşadıq. Məhəbbətimizi qram-qram yığdıq. Nə Nüsrət, nə də mən bu qram-qram yığılmış məhəbbəti itirdik.

-Sevda toyunuza da gəlibmiş. Ona rəhminiz gəlirdi, yoxsa qısqanırdınız?

- Mən qəti surətdə belə münasibətin əleyhinəyəm. Qısqanclıqdan günü bu gün də söhbət gedə bilməz.

Nüsrət əsgərliyə getdi. Onda bizim münasibətimiz davam edirdi. Amma o qayıdanda Sevda nişanını qaytarmışdı. Görünür, istəyi olmayıb. Valideynləri evlənmək yaşı keçdiyindən, Nüsrətə də əmin ola bilmədiklərindən onu evləndirməyə çalışıblar.

Qızın nişanı qayıtmışdı. Nüsrət hədsiz qısqanc idi. Onun üçün bir qızın kiminləsə görünməsi, söz-söhbət çıxması qəbuledilməz idi.

Ona görə, sonradan Nüsrət onu qəbul etməyib. Amma Sevda çox gözəl qız idi. İmkanlı ailənin övladı idi. Çox ciddi qız olub.

- Nüsrət Kəsəmənlinin məşhur bir şeiri var: "Bir Sevda ağlayır içimdə mənim”. Bunu sizinlə evlənəndən sonra yazıb?

- Bəli.

- Bəs buna necə razı olmuşdunuz?

- Bu şeir yazılanda artıq bizim ailəmiz var idi. Sevda isə rəhmətə getmişdi. Kimsə desə ki, qısqanmırdım, tamam doğru olmaz. İnsan istəyirsə, bağlıdırsa, az da olsa qısqanclıq duyur. Amma mənim xasiyyəyim belədir ki, heç vaxt qısqanclığı üzdə bildirməmişəm.

Gənc qızlara da tövsiyəm budur ki, qısqanclıqlarını biruzə verməsinlər. Çünki, bu, oğlanların əlində bir silahdır. Çünki kişilər istədikləri vaxt qısqandırmağa hazırdırlar. Ona görə bu məsələdə ehtiyatlı olmaq lazımdır.

- Bəs o, sizi nəyə qısqanırdı?

- Nüsrət ümumiyyətlə çox qısqanc idi. Vəziyyət elə idi ki, mən özüm özümə güclü nəzarət edirdim. Əvvəldən elə bir ailədə böyümüşəm ki, bu tərbiyəni görmüşəm. Mənim 19 yaşım var idi, anam dünyasını dəyişəndə. O vaxta qədər atam evimizdəki qohum-əqrəbanın yanında belə mənim adımı çağırmazdı. Qardaşımı adı ilə səsləyərdi. Evimizə yad insanlar gələ bilməzdi. Elə bir ciddi ailədə böyümüşdüm. Mən başqa cür ola da bilməzdim.

- Nüsrət müəllim həm sizi qısqanırdı, həm də başqasına şeir yazırdı?

- Bizim ailədə kişinin yeri tamam başqa idi. Hər bir qadın həyat yoldaşına aslan kimi baxmalıdır. Hər bir ailədə ailə başçısına hörmət olmalıdır. Ailədə kişi qadının qürur yeridir.

- Deyirlər ki, Nüsrət Kəsəmənli hər xoşuna gəldiyi qadına şeir yazırdı. Əslində həmin şeirlərdə nakam bir məhəbbətin də nəfəsi duyulur. Həqiqətən də, elə olubmu ki, Nüsrət müəllim hər gördüyü qadına şeir yazsın?

- Mən görməmişəm. Sadəcə, Nüsrət elə mövzuya toxunub ki, hər kəsin ürəyindən xəbər verən məsələlər olub.

- Nüsrət müəllimin bəyənmədiyiniz, ona irad tutduğunuz xasiyyətləri və ya davranışları nə idi?

- Məndən əvvəl yazdığı, xoşuma gəlməyən şeiri var idi. Siqaret haqqında bir şeir yazmışdı, o şeiri bəyənmirdim.

Bunu çoxları bilmir. Bunu ilk dəfə sizə deyirəm: Nüsrətin "İki sərçə” şeiri var idi.

Mən o şeirə həmişə gülürdüm. İki sərçə hərəsi bir budaqda oturub, biri balaları üçün dimdiyində yemək gətirib, o biri sərçə uçdu getdi, sərçə tək qaldı – təxmini məzmunu belə idi. Özünə də deyirdim ki, sən hara belə şeir hara? Amma Nüsrət dünyasını dəyişəndən sonra ölkə başçısının fərmanı ilə latın qrafikasına keçid baş tutdu. Mənə demişdilər ki, Nüsrətin seçilmiş əsərlərini yenidən çap üçün toplayım. Bir-bir onun şeirlərini yenidən oxumağa başladım. Qəribədir ki, o şeiri, iki sərçə haqqında şeir məni ağlatdı. O şeiri yazanda Nüsrət xəstə də deyildi. Amma məni kövrəldən o idi ki, Nüsrətin bəhs etdiyi iki sərçə onunla mən idim. Sərçənin biri uçub gedir, digəri ömrünün sonuna qədər övladlarına yem daşıyır.

Nüsrətin şeirlərini toplayanda narazı qaldığım məqamlar da oldu. Nüsrət hər bir şeirində özünü anladırdı. Mövzu, şeir olsun deyə kənardan nə isə yazmırdı. Ömrünün sonuna yaxın o narazı idi.


"Gedirəm Allaha tərəf, ölüm qarşıla məni,
Allah, bir də bu dünyaya gətirmə məni”kimi misraları var idi.


Həmin şeirləri oxuduqca, düşünürdüm, Nüsrət bir tərəfdən deyir, ailəmdən razıyam, digər tərəfdən həyatdan köçmək istəyir. Ailəsindən razı insan necə olurdu ki, belə misralar yazırdı? Oxuduqca, öz-özümə "ay Nüsrət, səni incik salan nə idi?” deyirdim.

O müsahibələrinin birində deyirdi: "Məni nakam məhəbbət şairi adlandırırlar. Amma yaxşı ki, tale mənim məhəbbətimi bu cür nakam saxlayıb. Çünki o xanım həddindən artıq qısqanc idi. Mən inanmıram ki, Sevda ilə ailə qursaydım, günüm rahat keçərdi”.

Son vaxtlar bir yazı üzərində işləyirəm. Nə olaydı, Nüsrət həyatda olardı, yazımı oxuyardı. Nüsrət, "ölüm qarşıla məni” deyirdin. Amma mən deyirəm ki, Nüsrət, sənin dünyana tərəf addımlayıram, indi sən qarşıla məni (kövrəlir).

- Məzarı başına tez-tez gedirsiniz?

-Evdə məni Nüsrətin qəbri üstünə çox getməyə qoymurlar. Getsəm də tək buraxmırlar. Amma mən onun məzarını tək ziyarət etmək istəyirəm. Saatlarla Nüsrətin məzarı önündə dayanıb onunla danışıram.


-Buz kimi soyuq məzar daşından baxan şəklə nə deyirsiniz?

- Ürəyimdən keçənləri. Mən heç kimə sirrimi, sözümü danışan deyiləm. Birbaş ora yol alıram, Nüsrətin məzarı başında danışıram, sonra da deyirəm səni narahat etdim. "Çalışaram özüm öhdəsindən gəlim bu problemin, sən narahat olma” deyirəm.

- Ananız Nüsrət müəllimlə evlənməyinizə razı deyildi. Bəs olubmu ki, ailənizdə problem olanda ananız bunu sizə irad tutsun?

- Mən heç vaxt anama yaşadıqlarım, problemlərim haqqında danışmazdım. Heç bir şeydən xəbəri olmazdı.

Biz noyabr ayında ailə qurmuşuq. Bir ay sonra artıq Yeni il ərəfəsi idi. Bir dəfə Nüsrət evə gəldi ki, idarədə pul yığıb, Yeni il axşamı keçirirlər. O dedi, bizim çox az pulumuz var, mən o şənliyə getməyim, bayramı özümüz evimizdə keçirək. Mən razılaşmadım, dedim özünü elə yerdə kənar saxlama, onlar 10 manatdan yığırsa, sən 15 ver. O razılaşdı və idarədə keçirilən Yeni il axşamına qatıldı. Həmin axşam mən evdə tək, çətinliklə, kasıbyana bir gün keçirdim. Yaşadığımız ev kirayə idi. Mətbəx digər qonşularla ümumi istifadə olunurdu. Mətbəxə keçə bilmirdim, qonşular evdə tək olduğumu bilməsin deyə. Evin işığını da söndürdüm ki, heç kim evdə olduğumu bilməsin. Həmin gecə anam bazarlıq edir, maşını ərzaqla doldurub, bizə qonaq gəlir. Evimizin işığını sönülü görəndə, qonşudan soruşur ki, Rəhiləgil evdə yoxdur? Deyiblər, yox, harasa gediblər. Anam mən evdə ola-ola qapıdan qayıtdı. Mən qəsdən belə edirdim ki, heç kim belə çətinlikdə olduğumuzu bilməsin. Sonralar maddi durumumuz düzələndə anama hər şeyi danışmışdım.

- Siz evlənəndən sonra birlikdə toylara da getmisiniz. Heç olubmu Nüsrət Kəsəmənliyə qadın baxışları zillənsin?

- Həddindən çox. Hətta mən yanında ola-ola diqqətlə Nüsrətə baxırdılar. Bir dəfə kafedrada Nüsrətdən danışırdıq. Bizim fakültədə dərs deyən cavan müəllimlərdən biri müdaxilə etdi ki, şair deyirəm sizə, amma neynəyəsən ki, qızlar ondan ötrü ölürdü. Xeyli belə danışandan sonra müəllimlərimizdən biri qayıtdı ki, müəllimə, Nüsrətin xanımı burada oturub. İki əlini üzünə tutub, utandı.

Bizim kafedrada Sima xanım işləyir. Bir dəfə Nüsrət Kəsəməmli mənim də, onun da qoluna girmişdi. Nüsrət zarafatla "indi də deyəcəklər xanımların ikisi ilə birdən getdi” deyirdi. O qədər yumor hissi olan insan olub ki...

- Bayaq sual etdik ki, Sevda sizin toya gəlibmiş…

- Toy günündə Sevda "Səadət” sarayının qapısının ağzında dayanıb, içəri keçməyib. Amma mən onu görməmişdim. Toydan sonra Nüsrət dedi ki, "Sevda "Səadət” sarayının qapısının ağzında dayanıbmış”. Çox pis oldum. Mən onu orda görməmişdim.

Sonralar Sevda da ailə qurur. Hətta Nüsrət Kəsəmənli bu tarixi və içindəki hissləri qələmə alır və "Dünən toyun idi” şeiri yaranır. Şair sevdiyinə xeyir-duanı belə verir:

Dünən toyun idi...
Xoşbəxt olasan!
Görünür bu bizə
qismət deyilmiş...
Unut!
Elə bil ki,
Sevdiyin oğlan
Getdiyin oğlanmış,
Nüsrət deyilmiş.

Mən düşünürdüm ki, onların arasında belə güclü istək varsa, nə edə bilərdim? Nə isə desəm, özümü hörmətdən salmış olardım. Həm də ki, axı belə istəyə nə deyəsən? Bu sevgi ürəkdən gələn bir hisdir. Üstündən xətt çəkə bilərəm, amma daxildən onu silə bilmərəm axı.

Sevdanın xəstələndiyini mən universitetdə eşitdim. Qiyabi şöbədə çalışan Xalidə xanım o zaman mənim yanıma gəldi ki, Rəhilə, Sevda ağır xəstədir, Urologiya xəstəxanasında yatır. Mən evdə Nüsrətə dedim ki, sənin bundan xəbərin varmı? Xəbəri olmadığını söylədi. Mən ona dedim, insandı, bəlkə nəyəsə ehtiyacı olar, səni görmək istəyə bilər, Sevdaya baş çək. Nüsrət Sevdanın yanına getdi. O qayıdanda danışdıqlarından mən daha da kövrəldim. İki dəfə Nüsrət Urologiya xəstəxanasına, Sevdaya baş çəkməyə gedib. O, ilk dəfə gedəndə, yazıq Sevda, özünü itirib, istəməyib ki, Nüsrət onu elə görkəmdə görsün. Nüsrət ikinci dəfə gedəndən sonra elə bir cümlə işlətdi ki, öz-özümə dedim: "Ay allah, nə yaxşı ki, mən belə iş gördüm”. Nüsrət mənə danışanda dedi ki, Sevda həmin gün xəstə ola-ola elə bəzənmişdi, mənə elə yaxşı görünmək istəyirdi ki...

"Həmin gün oturduq, xeyli söhbət etdik. Həyatımızda yeganə gün idi ki, heç kimdən çəkinmirdik” – Nüsrət o görüşü belə xatırlayırdı.


Sevda ağır vəziyyətdə idi, ona kim nə deyəcəkdi ki?! Nüsrət isə onsuz da ailə qurmuşdu, övladlarımız var idi.

- Nüsrət Kəsəmənlini hər kəs sevgi şairi kimi tanıyır. Amma onun başqa motivli şeirləri də var idi axı. Məsələn, "Oğru olmaq istəyirəm” şeiri. Onu niyə yazmışdı?

- Haqsızlıqlara etiraz olaraq yazmışdı.

- Özünə qarşı haqsızlıqlara?

- Özünün başına gələn məqamlar idi.

- Siz onun qarşılaşdığı haqsızlıqların nə olduğunu bilirdinizmi?

- Bəli bilirdim. Amma deyə bilmərəm. Ən yüngülünü səsləndirim: Nüsrət bütün Azərbaycan yaradıcılarından, qələm tutanlarından heç də pis yazmırdı. Onlardan azmı sevilirdi? Ölənlərə Allah rəhmət eləsin, sağ olanlara can sağlığı versin. Amma Nüsrət də dəyər görməyə layiq idi.

Mənə bir dəfə İngiltərədən məktub gəldi. Orada Şərq ölkələrinə aid bir kitabxana yaradılıb. Mən də Nüsrətin kitablarını onların müraciəti əsasında hazırlayıb, İngiltərəyə göndərdim. Əgər Nüsrətin poeziyasına maraq göstərib, onu İngiltərədən belə istəyiblərsə, həmin şairə niyə ad vermirdilər? Elə yaradıcı insanlar var ki, auditoriyada onun bircə misrasını soruşsan, heç bir tələbə bilməz. Amma Nüsrətin şeirləri bu gün də dillər əzbəridir, "Biri vardı, biri yox” ifadələrini şeir kimi deyirlərsə, niyə o şairin haqqı tapdalandı?! Mən bunun səbəbini bilirəm, amma deyə bilmərəm.

- "Getmək istəyirsən, bəhanəsiz get” şeiri kimə həsr olunmuşdu?

- Sevda xanıma. Biz tanış olanda artıq həmin şeir yazılmışdı. Səhv etmirəmsə, 1969-1970-ci illərə aiddir.


- Nüsrət Kəsəmənlinin Qarabağla bağlı poeması da var. Amma heç kim nədənsə, onu vurğulamaq istəmir...


- Həmin poema "Yaddan çıxmaz Qarabağ” adlanır. Nüsrətin hətta onu səhnələşdirmək fikri var idi. Nüsrətin ağır günlərinə düşdüyünə görə, həmin ideya elə də qaldı. Bundan əlavə, "Şəhidlər xiyabanı”, "Bakıya qəhrəman şəhər adı verin” və s. vətənpərvər şeirləri var idi. "Bakıya qəhrəman şəhər adı verin” şeirində İkinci Dünya Müharibəsində Bakının oynadığı rol, SSRİ-ni neftlə təmin etməsi və s. qeyd olunurdu. Nüsrətin ana haqqında çox gözəl bir şeiri də var idi. Qeyd etdiyim kimi, o, təkcə məhəbbət şairi deyildi.

İndi sosial şəbəkələrdə də Nüsrət Kəsəmənlinin şeirlərini səsləndirirlər.

- Onun şeirlərinə yazılan mahnıları ən çox kimin ifasında bəyənirsiniz?

- Ən çox Könül Kərimovanın ifasında "Mənim tək sevənin olmayacaq” mahnısını bəyənirəm. O musiqini dinləyəndə çox kövrəlirəm.


- Dünyasını dəyişəndən sonra dəfələrlə müsahibələr vermisiniz. Amma hər dəfə onun haqqında danışanda gözləriniz dolur, kövrəlirsiniz...

- Bir neçə gün öncə Cahangir müəllim (Cahangir Məmmədli-red.) telefonda musiqi göstərdi bizə. Dedi, baxın necə gözəl sözləri var. İnanın onu dinləyə-dinləyə necə ağladımsa, özüm də utandım.

- Bayaq dediniz ki, Nüsrət Kəsəmənli ölüm haqda da yazmışdı. Onun dini düşüncələri necə idi?

- O, Allaha inanırdı. Çox inanırdı. Mən dinin fanatı deyiləm. Bircə inandığım var ki, dünyanı, insanı yaradan varlıq, qüvvə var. Amma molla, yerdə qalan digər nüanslar mənə yaddır. Amma Nüsrət, deyirdi ki, Allah var, din var. Amma o da fanatı deyildi.

- Şairin arxivini yaratmağı düşünürsünüzmü?

- Mən evdən kiməsə bir sənəd belə vermirəm. Çünki bir neçə dəfə məndən Nüsrətə aid sənədləri alıb, qaytarmayıblar. Arxivini yaratmağı düşünürəm.

Onun haqqında yazılan yazılar, kitablar, televiziya verilişləri, Nüsrət barəsində nə çıxışlar olubsa, əlimə keçənlərin hamısını yığmışam. Nə qədər ki, sağam, əlimə keçənləri toplayacağam.

- Onun ölümündən sonra plagiatlıq məsələsi ortaya çıxmışdı. O problemi necə həll etdiniz?

- Mən həmin şəxsləri məhkəməyə verdim. Plagiatlıqla Nüsrətin şeirlərini çap edənlərdən biri səhv etmirəmsə, "Nurlar” Nəşriyyatı idi. Mənə övladlarım dedilər ki, atanın kitabı çap olunub, satışdadır. Maraqlanıb, məsələni dəqiqləşdirdim və Müəllif Hüquqları Agentliyinə məlumat verdim. Nüsrətin əsərlərinin müəlliflik hüququ rəsmi şəkildə məndədir. Hüquq-mühafizə orqanları və Müəllif Hüquqları Agentliyinin araşdırmasından sonra işin üstü açıldı. Məhkəmədə həmin nəşriyyatın direktoru və mühasibi ifadə verdilər. Nəşriyyatın direktoru mənimlə çox kobud danışdı, "nə istəyirsən elə, Nüsrət müəllim özü mənə icazə verib ki, kitablarını çap edim” – deyə səsini ucaltdı. Mühasib xanım isə deyirdi ki, Nüsrət guya, həmin nəşriyyata gedib, pul keçirib ki, kitablarını çap etsinlər. Mən isə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsindən hər şeyi öyrənmişdim ki, onlar icazəsiz Nüsrətin kitabını hazırlayıblar. Mənə söz veriləndə nəşriyyatın mühasibinə sual verdim ki, həmin kitab neçənci ildə çap olunub? Məlum oldu ki, 2005-ci ildə kitab çıxıb. Mən dedim, 2003-cü ildə dünyasını dəyişən adam, necə olur ki, 2005-ci ildə hansısa nəşriyyata pul gətirir? Həmin anda sənədləri də ortaya qoydum. Hakim də bir xeyli fikrə getdi.

- Çox şairlərin ev-muzeyi də var. Sizin də elə bir planınız varmı?

- Fikrimdə elə ideya da var. Amma hələ ki, materialları yığıram. İstəyirəm, zəngin olsun. Çox zaman tələbələrə kurs, diplom işləri verirlər, Nüsrətin yaradıcılığı haqqında. Mən kömək edirəm, materialları verirəm, amma qaytarmırlar. Əslində yaxşı olardı ki, Nüsrətin poeziyası haqqında yazılan işdən bir nüsxə də mənə versinlər ki, onun arxivində saxlayım. Amma heç verdiyim marterialları da qaytarmırlar.

- Nüsrət Kəsəmənli şeirləri yazanda içkili vəziyyətdə olurdu?

- Xeyr. O məclis adamı idi. Amma qətiyyən içki aludəçisi deyildi. Bizim evdə qətiyyən şərab şüşəsi olmayıb. Sadəcə, o da dostları kimi məclis adamı idi, sanki bəhanə gəzirdilər ki, kiminsə ad günü, yubileyi olsun, kitabı çap edilsin, tədbirlər keçirsinlər.

- Şairin kitabları çap ediləndə, təqdimatlarında siz də iştirak edirsinizmi?

- Bəli, mən də gedirdim. Lap çoxdan keçirilən bir təqdimatında uşaqlarla birlikdə iştirak etmişik. Onda onlar lap kiçik idilər – 10-12 yaşları var idi. Hərdən lent yazılarına baxıb, o anları xatırlayırıq. Amma çox zaman o təqdimatlarını keçirməzdi. Onun təqdimata ehtiyacı da olmurdu, sanki kitabları göyə sovrulurdu.

- Nüsrət müəllim rəhmətə gedəndən sonra sizi həyatda saxlayan təsəlli nə idi?

- Nüsrət dünyasını dəyişəndən sonra çox kövrəlirəm. Amma təsəllim də var. Övladlarımız ən böyük təsəllimdir. Bir də, düşünürəm, yaxşı ki, hər şeyi problem edib, ailəmizə söz-söhbət salmamışam. Nə yaxşı ki, əsl qadın kimi duyğularla hərəkət etdim, bir insanı yaradıcı şəxsiyyət kimi həyatda yaşada bildim. Bu gün mənim üçün peşmançılıq hissi yoxdur. Qəlbimdə o qədər rahatam ki, Nüsrət məndən, ailəsindən rahat köçdü dünyadan.

Bütün təsəllilərimin ən alisi isə hər gün ömrümdən, günümdən itirib, onun dünyasına bir az da yaxınlaşmağımdır. Əvvəllər narahat idim ki, görəsən, o dünya var, yoxsa yoxdur? İndi deyirəm, kaş o biri dünya olaydı, Nüsrətlə 15 ildən sonra o dünyada bir də qarşılaşaydım.

Hər gün universitetlə evin arasında piyada gedib-gəlirəm. Yol boyu onunla danışıram, dərdləşirəm. Başımı qaldıranda görürəm, çatmışam. Biz 30 il birlikdə yaşadıq, amma nə yaxşı ki, hər kəsin sevdiyi o insan məndən razı köçdü həyatdan.

- Nüsrət müəllimin sizi sevdiyinizi sonradan bilmisiniz. Elə ölümünü də ən axırda siz bilmisiniz. Xəstə zamanlarında nə deyirdi sizə?


- Çox kövrəlirəm. Nüsrətin böyrəkləri xəstə idi. Vəziyyəti ağırlaşanda dövlət tərəfindən belə bir təklifirəli sürüldü ki, hansı ölkəyə istəyirsən ora da göndərək. Amma nədənsə o, İranı seçdi. "Ordakı insanlar məni tanıyır” dedi və biz müalicə üçün İrana getdik. Doğrudan da ordakı insanlar həm onu tanıyır, həm də sevirdilər. Xəstə ola-ola onu konfranslara, tələbələrlə görüşlərə aparırdılar. Nüsrət də bu təkliflərin heç birindən imtina etmirdi. Səbəbini soruşanda isə "Mən bura onlar üçün gəlmişəm” deyirdi. Xəstəxanaya girmək qadağan olsa da, hər səhər oyanırdıq ki, pəncərəmizin qabağı güllərlə bəzədilib. Həkimlər əllərindən gələni etdilər, amma görünür gecikmişdik.


O, ölümdən qorxan insan deyildi, amma hələ ölmək istəmirdi. Nüsrət artıq xəstələnəndə mənə qarşı olan peşmançılığını bir də dilə gətirmişdi. O deyirdi, "Rəhilə, Allahdan bir azca da möhlət istəyirəm, mənə imkan versin, sağalım, qısa müddətlik də olsa ayağa durum. Son arzum sənə dünyanı gəzdirməkdi. Bir azca zamanım olsaydı kaş, səni gəzdirib, elə ölərdim”.

Üstündən bir neçə gün keçəndən sonra, "Rəhilə, deyəsən bütün arzularım alt-üst oldu” dedi. İranda vəziyyət elə idi ki, tez-tez vizanın vaxtı qurtarırdı, gəlirdim Azərbaycana sənədlərimi qaydasına salıb, yenidən Nüsrətin yanına qayıdırdım. Yenə sənədimi düzəldib, İrana getmişdim mənə dedi ki, "sənə deyiləsi sözüm var”, elə o sözdən sonra da halı pisləşdi, son sözünü mənə deyə bilmədi. Bu günə qədər o deyilməmiş söz məni göynədir. Bir də məni düşündürən məsələlərdən biri odur ki, niyə mən xəstəxanada ola-ola, Nüsrətin öldüyünü iki gündən sonra bilmişəm?
Onu reanimasiyaya götürdülər, mən də neynəyəcəyimi bilmirdim. Tanıdığım kimsə də yox idi ki, dərdimi onunla paylaşım. Çarəsizcə qapının arxasında oturmuşdum, həkimlər tez-tez otağa girib-çıxır, amma mənə heç nə demirdilər. Sən demə Nüsrət artıq rəhmətə gedib, artıq zəng edib Azərbaycana da xəbər veriblər, mənim də heç nədən xəbərim yox. Cümə günü xəstəxanın həyətinə çıxdım ki, tələbələr pilləkənlərə, səkiyə minlərlə gül düzüb. Axşam palatada oturub, səbirsizliklə Nüsrətin reanimasiyadan çıxmağını gözləyirdim. Tibb bacısı gəlib, otağın telefonunu çıxartdı. Bu hərəkət mənə o qədər pis təsir etmişdi ki, çox pərt olmuşdum. Axı o telefon mənə lazım idi... Axşam mənə xəbər verdilər ki, sabah sizi Azərbaycana yola salırıq. Elə sevinirdim ki, sevincim yerə-göyə sığışmırdı (fikrə dalır). Hələ gedib tələbələrin bizə gətirdikləri güllərdən özümlə aparacaqlarımı da seçdim. Hələ də heç nədən xəbərim yox idi. Xəstəxananın işçilərinə dedim ki, bizə bir həkim verin, birdən yolda Nüsrətin halı pisləşər. Həkim başıyla mənə dedi ki, lazım deyil...
Səhər açıldı... Bizi yola salacaqları maşına baxdım ki, içəridə tabut, qara məxmər... (gözləri dolur)
İndi o hissləri izah etmək çox çətindir. Elə oradaca sudurğa keçirmişəm, çənəm çənəmə keçib, heç kim də ayıra bilmirdi. Biləndə ki, məndən başqa hər kəs bu itkidən xəbərdardır, özüm-özümü o qədər qınadım ki... Birtəhər maşına mindim, getdik evimizə... Astara yaxınlığında qohumlarımız, Nüsrəti sevənlər bizi qarşıladılar. Sərhədə çatanda Nüsrəti mənim əlimdən aldılar... (ağlayır). Minlərlə adam Nüsrəti son mənzilə yola salmağa gəlmişdi. Qəribə olan bilirsiz nədir? Nüsrətin mənə olan sevgisini məndən başqa hamı bildiyi kimi, ölümü də məndən başqa hamıya məlum imiş. Ömrümə məndən xəbərsiz gəlmişdi, məndən xəbərsiz də getdi... (kövrəlir)

-Belə iddialar da var ki, Nüsrət Kəsəmənli mediumla da məşğul olub.

- Nüsrətin evdə mediumla məşğul olması, yaxud belə bir şeyi dilə gətirməsi heç vaxt olmayıb. Nüsrət mediumla məşğul olmayıb. Mən düşünürəm ki, o belə bir fikri yalnız səs-küy yaratması üçün, bir növ zarafatla işlədib. Bilirsiniz, bu məclis adamları çalışırlar elə bir söz desinlər ki, sensasiya olsun. Məncə, Nüsrət də belə bir şeyi deyəndə ciddi olmayıb. Əvvəlcədən bu söz-söhbətin necə yayıldığı ilə bağlı məlumatım yoxdur. Dediyim kimi, evdə Nüsrətin dilindən nə belə bir şey eşitmişəm, nə də mediumla məşğul olduğunu görmüşəm.