ÖZÜMLƏ SÖHBƏT

ƏBÜLFƏT MƏDƏTOĞLU
51163 | 2018-11-28 09:17
İstəsəniz iştirakçı olun...

BAXIŞ BUCAĞI


Gəlin birlikdə etiraf edək ki, bütün yolların sonu var və insan kimliyindən asılı olmayaraq başladığı yolu mütləq bir gün fiziki mənada tamamlayır. Tək-tək xoşbəxtlər var ki, onlar davamçılarının timsalında yollarının yaşadığına, uzanıb daha başqa bir yollara gedib qovuşacağına inanır və yaxud da ümid edirlər. Təbii ki, mən özümü heç kimlə müqayisə etmirəm və bütün müqayisələrin də uğursuzluğuna, mənasızlığına lap çılpaq desəm, gərəksizliyinə həmişə inanmışam. Çünki müqayisə nisbidi. Nisbi olan nələr üçün isə müqayisə və mübahisə etmək özü-özlüyündə sadəcə vaxt itirməkdi, əsəbləşməkdi, kimdənsə inciməkdi. Ona görə də heç vaxt müqayisəyə meyl göstərməmişəm. Ən yaxşı halda özümü özümlə, dünənki yazımı bu gün yazdığımla yanaşı tutmağa çalışmışam. İstəmişəm ki, iynə ucu boyda da olsa bir irəliləyişin, bir fərqin olduğunu görüm və yaxud buna nail olum.
Təbii ki, bütün bunlar yenə deyirəm, vaxt itirməkdi. Xüsusilə ona görə ki, ən böyük hakim zamandı və ən dəqiq tərəzi də, ölçü vahidi də zamana məxsusdu. Böyük Səməd Vurğun demişkən, "dünən hökm verən, bu gün can verir". Deməli, bu məntiqlə yanaşsaq, dünən müqayisələrin nəticəsində önə çıxan bu gün bütün müqayisələrin nəticəsində tarixin arxivinə də yol tapa bilmir. Nə isə...
Mən deyəsən bir az hissə qapıldım, filosofluq etmək istədim, amma görürəm alınmadı. Ona görə də qayıdıram öz yoluma, öz yerimə, öz iç dünyama. Burda daha rahatam və burda fikirlərimi ipə-sapa düzmək mənə daha xoşdu...
Son vaxtlar çevrəmdəki insanların əhval-ruhiyyəsində kədəri, sıxıntını daha çox hiss edirəm. Bunun iqtisadi səbəbləri birmənalıdı. Yəni maddiyyat, xüsusilə ehtiyac şair demişkən, "qul edir qəhrəmanı da". Bu konkret bir gerçəkdir, həqiqətdir, amma içi, ruhu saf, işıqla dolu olanlar ən son ana qədər maddiyyatdan yuxarıda dayanırlar. Əgər xatırlayırsınızsa, belə bir ifadə var: salam verdim, rüşvət deyildi deyə almadılar. Bu deyimi mən öz fikrimdə belə uyğunlaşdırıram ki, içi işıqla dolu olanlar hansısa bir pay üçün, hansısa bir vəzifə üçün öz kimliklərindən, öz bütövlüklərindən və xüsusilə mənəvi varlıqlarından uzaq düşmürlər. Aza qane olub çoxun həsədini və həsrətini çəkmirlər. Doğrudur, yaşamaq, ailə-uşaq üz-gözünə baxmaq çox çətin olur. Amma soğan-çörək də aclığın qarşısını almaq gücündədir. Bu güc o qədər böyükdür ki, insanın gözü heç vaxt gizlənmir, yalnız ayaqlarının ucuna baxmır. Əksinə, irəliyə, hər kəsin gözlərinin içinə baxır - son ana, son saniyəyə qədər...
Deməli, mənim ətrafımdakıların sıxıntıları daha çox psixoloji durumla və bir də onların səhhətləri ilə bağlıdır. Doğrudur, bir qrup adam var ki, molla gorəndə ölümdən, həkim görəndə dərmandan, xəstəlikdən danışır. Başqa vaxt mollanı da, həkimi də unudan bu adamlar sanki bununla bir növü öyünürlər, diqqət mərkəzinə çıxırlar. Amma mənə görə bu, heç də yaxşı xüsusiyyət deyil və azar-bezardan, ölüm-itimdən nə qədər çox yapışsan, nə qədər ondan danışsan, o, sənə daha çox yaxınlaşacaq. Bax, bu mənada mən bir az ovqat adamı olmağa çalışıram. Həmin o dediyim məqamları qabartmaq istəyən adamlara bir növü zarafatla, həm də sərt bir şəkildə mövzudan yayınmaq, etinasızlıq göstərmək niyyətimi çatdırıram.
Elə edirəm ki, kobud desəm, bir növü həmin adamın sözü ağzında qalır, xəstəliyi barədə etdiyi çıxış, söylədiyi monoloq yarımçıq qırılır. Düzdü, bəziləri bunu mənə irad tutur, guya dərs verir ki, ədəbsizlik eləmə... Ola bilsin o da haqlı. Amma mən də beləyəm neyləyim, dərdə şərik olmağı bacarıram. Xəstəni yoluxmaqdan yorulmuram. Amma xəstəliklər barəsindəki çıxışları dinləyə bilmirəm. Ola bilsin ki, bu, özü də bir yumuşaq desəm, "xəstəlikdi". Nə isə...
Hə, özüm irad tutduğum mövzuya xeyli yer ayırdım. Amma qüsur saymayın, söz sözü çəkdi, fikrimi yarımçıq saxlaya bilmədim. Və ona görə də bu fikrimi tamamlamaq üçün misralara üz tuturam. Bəlkə elə bu misraların özü də hardasa dediklərimin müəyyən işartıları, parametrləri kimi diqqətimi çəkdi.

Dərdi çıxar əynindən
Yu, sər
Gündəlik köynək kimi...
Qoy külək də qurutsun
Günəşin alovu da...
Düşünmə ki,
Dərd küsər-
Şəlitdə
Yaddan çıxıb
Bir gecə asılı qalsa...
Üstünə axan bulud
Gilə boyda şeh salsa...
Sadəcə qalx
Və sakit
Dərdi çıxar-
Nimdaşdı!
Götür təzəsin geyin
Təzə köynəyə baxıb
Dərdin mübarək! - deyim...
***
Adətimdı... nostalji ... köhnə ... hətta bəzən səssiz filimlərə saatlarl baxıram... xüsusi ilə istirahət günlərində çəkilib otururam kompyuterin qarşısında ... uşaqlığımı xatırlayıram xatirələrimi yaddaşımda canlandırıram... Bunu düşündüyüm anda yadıma nədənsə türk kinosunun böyük simalarından olan Şaban (Kamal Sunal) düşür. Onun çəkildiyi bir film var. Film boyu gülür. Bircə yerdə ağlayır: dünyaya gələn övladı gəlişini bəyan etmək üçün bir uşaq çığırtısı qoparır. Bax, həmin o anda Şaban ağlayır. Bütün müalicələrin gülüşünü öldürə bilmədiyi Şaban körpəsinin ağladığını eşidəndə ona qoşulub ağlayır. Hər kəsi heyrət bürüyür. Şaban bircə kəlmə deyir:
- Bütün həyatım boyu güldüm, heç ağlamadım. Amma mənim övladım dünyaya ağlaya-ağlaya gəlir. Demək, o gülə bilməyəcək, gülmək onun üçün çətin olacaq...
Təbii ki, bu bir filmdi. Amma ssenari müəllifi özünün fikrini tamaşaçıya çatdırmaq üçün gerçək bir həqiqətin yanından keçir. Bu həqiqət də ondan ibarətdir ki, dünyaya gələn uşağın ciyərinə hava daxil olan kimi o birmənalı şəkildə ağlayır. Amma həyatın ağlatdığı insan, uşaq isə tamam başqa bir dünyadı. Dözümlülər, döyüşənlər həyatda ağlamağa yox, gülməyə üstünlük verir, ondan yapışır. Və təbii ki, sonda da dözənlər, mübarizə aparanlar gülürlər.
Filmdən gətirdiyim sitatı müqayisə üçün demirəm. Özümün, nənəmin ətəyindən tutub Tuğ kənd orta məktəbinə getməyimi, o durumumu yadıma salıram, həmin o sıxıntımı təkrar yaşayıram. Hətta elə bilirəm ki, hardasa bu günə qədər yaşadığım bütün sıxıntıların özülü həmin gün qoyulub, toxumu həmin gün səpilib. Çünki işi necə başlayırsansa, o cür də davam etdirirsən. Deməli, səbəbsiz heç nə yoxdu. Bax mən də özümün keçdiyin yolun dolanbac olmasında qayğıyla, ağrıyla, problemlərlə yüklənməsində həmin o sıxıntını günahkar sayıram. Ona görə də hərdən sənə də, başqa birisinə də, hətta özümə də irad tuturam, gileylənirəm. Həmin an köməyimə qələm, söz gəlib çatır. Yerinə düşməsə də, o sözlərdən, misralardan biri də belədi:

Mənim anam ölməsin
Bu qədər qəm çəkirəm...
Olur ki, hətta bəzən-
Gülüşdən nəm çəkirəm!..

Yuxum pərən və lək-lək
Deyirsən az fikir çək...
Ürəyimi çinar tək-
Yolun üstə əkirəm!..

Dərd içirəm zamanla
Gah ovucla, gah camla...
Əriyib damla-damla-
Öz içimdə çökürəm!..

Mənim anam ölməsin
Daşam, qumam, dəmirəm...
Yaşatmaq fikrin olsa-
Çağır, deyim gəlirəm!..

***
Bu yazının əvvəlində əgər unutmamısınızsa yoldan söhbət saldım. Dedim ki, bütün yollar bir gün bitir, sona çatır. Elə yenə həmin fikrə qaydıram. Axı həftə sonu Allahın ətəyindən yapışıb bir səfərə çıxacam. Tam səmimiyyətimlə deyirəm ki, ümidim Allaha və bir az da görüşünə getdiyim adamlaradır. Nə olacaq? Necə olacaq? Onu öncədən deyə bilmərəm. Sadəcə demək istədiyim bir şey var.
İnsan başlanğıcla sonun arasındakı məsafəni həmişə diqqətində saxlamalıdı. Bilməlidi ki, atdığı addım harda tamamlanacaq və o tamam olma məqamında yıxılmamaq, yerə çırpılmamaq üçün hazır olmaq lazımdı. Yəni biri var üzüstə yerə çırpılasan, biri də var sadəcə yavaş-yavaş əriyəsən, yavaş-yavaş çökəsən. Bunlar tamam fərqlidir. Doğrudur, deyirlər palıd kimi, çinar kimi yıxılmaq və bu yıxılmanın da əks-sədası daha əzəmətli, daha böyükdü. Amma mən bunu insana aid edəndə duruxuram. Düşünürəm ki, heç nəyi göz altına almadan yüyürmək, qovmaq, tutumaq, qaçmaq və sairə axır ki, bir büdrəyişlə, bir tarazlığı itirməklə başa çatırsa, onda niyə o büdrəyişə, o müvazinətini itirməyi niyə göz altına almırıq? Niyə ümidimizə, özümüzə söykənib yavaşca heç kimin əhvalını pozmadan, heç kimin yükünə çevrilmədən, lap elə fil kimi dizlərimizi qatlamırıq?..
Bəli, bu səfər öncəsi mən sizlə üz-üzə dayanıb ordan-burdan söhbət etdim. Daha doğrusu, ordan-burdan, lap primitiv şəkildə desək, adda-budda fikirlərdən ibarət bir yazı təqdim etdim. Düşündüm ki, yadınızda elə adda-budda da qalım. Necə deyərlər, özünüzün bildiyiniz və təsəvvür etdiyiniz kimi, mən isə sizi bu səfərimdə bir güvənc yeri, bir xatirə ünvanı kimi götürüb aparacam. Və yol boyu hər birinizlə gördüklərimdən, bildiklərimdən danışacam. Bunu ona görə edəcəm ki, darıxmayaq - siz də mən də! Yəqin ki, siz darıxmayacaqsınız. Mən isə elə indidən darıxmağa başlamışam. Ona görə də bir neçə il öncə yazdığım və dövrü mətbuatda işıq üzü görmüş bir şeiri sizə təqdim edirəm. Onu imkanınız olsa gözdən keçirərsiniz. Çünki onu mən özümə yazmışam.

Yaşadığım
Anları
Həyatımda olanları
Qorabişirənin
Sonlarında
Səninlə
Görüşmək,
Bölüşmək istəyirəm...
Yaylağım -
Sulutəpə...
Aranım -
Biləcəri...
Məzuniyyətimi
Bölüşdüyümü
Bilənləri-
Coşqu bürüyür!..
Hətta təəccübləri
Onları
Düşündürür!
Və bəz
iləri
Maraqla
Ya axtarır
Ədalət -
Oxumaq üçün yox!
Ya da
Dərisi naftalin qoxuyan
Ətalət-
Soymaq üçün
Daha çox!
Kasıbın
Məzuniyyəti də!
Elə məsuliyyəti də
Çəpərinin dibində
Oturmaqdı,
Durmaqdı...
Xoş istirahətlər
Evində dincələnlər!..




TƏQVİM / ARXİV