adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Noyabr 2018 18:00
4992
GÜNDƏM
A- A+

Allahşükür Paşazadə Küveytdən qayıtdı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl Sabahın himayəsi ilə "Bəşəriyyət aclıq əleyhinə səfərbər olsun” mövzusunda Əl-Küveyt şəhərində keçirilən "Humanitar aksiyaların keyfiyyətinin artırılması naminə effektiv əməkdaşlıq və informasiya mübadiləsi” adlı 8-ci beynəlxalq konfransda iştirak edib.

Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər ki, şeyxülislam tədbirdə Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri və BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Abdullah Əl-Mətuqun şəxsi dəvəti ilə iştirak edib. QMİ-nin sədri konfransda məruzə ilə çıxış edib.

Konfrans çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Küveyt Dövlətinin ədliyyə, vəqflər və islam işləri naziri Fəhd Əl-İfasi və Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri və BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Abdullah Əl-Mətuq ilə görüşüb.

Allahşükür Paşazadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə ətraflı məlumat verərək, problemlə bağlı Azərbaycanın ədalətli mövqeyinin Küveyt tərəfindən dəstəkləndiyi üçün qarşı tərəfə təşəkkürünü bildirib. Azərbaycan və Küveytin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin dəstəkləyən mövqedən çıxış etdiyini bildirən QMİ sədri Küveytin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı TŞ-də qaldırılacaq məsələlərdə bundan sonra da Azərbaycana köməkliyini əsirgəməyəcəyinə ümidvar olduğunu qeyd edib.

Bununla yanaşı, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Qarşı tərəf Azərbaycan ilə Küveyti bir çox amillərin birləşdirdiyini, ölkələrimiz arasında dini birliyin əhəmiyyətli rol oynadığını bildirərək, bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində şeyxülislam A.Paşazadə qarşı tərəfin təşəbbüsü ilə BMT baş katibinin Yaxın Şərq və Mərkəzi Asiyada humanitar tərəfdaşlıq məsələləri üzrə köməkçisi Rəşid Xaliqov ilə görüşüb.

Görüşdə humanitar böhranların həll olunması yolları, beynəlxalq inkişaf proqramları və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.