adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Noyabr 2018 18:37
32737
ƏDƏBİYYAT
A- A+

Yazıçılarımız necə yaşayır? - SORĞU

İnsan ömrü bir də gördün göz qırpımında gəlib keçir. Ölüm insanın qapısını döyür. Əsas olan yaşamaqdır. Yaşaya bilmək. Dostoyevski deyirdi ki, həyata yenidən başlasaydım saniyələrin də nəbzini tutardım.

Adalet.az yazarlar arasında sorğu keçirdib. Bəs sizcə yaşamaq nə deməkdir? İnsan necə yaşamalıdır?



Yazıçı Səfər Alışarlı: "Dostoyevskinin bu fikri, məncə, müəyyən yaş, həyat təcrübəsi zirvəsindən aşağı baxışın nəticəsidir. Ona bizdə "müsəlmanın sonrakı ağlı" da deyirlər. Bu haqda fikirlər çoxdur. Ən yaxşılarında biri, məsələn: Ömür keçdi, gün keçdi, Cavan olmam bir də mən...

Necə yaşamağın pafos dolu bir formulunu da, yadınızda olar, əldən-ayaqdan, gözdən şikəst yazıçı Nikolay Ostrovski yataqda yata-yata vermişdi sovet adamları üçün: həyat insana yalnız bir dəfə verilir və onu elə yaşamaq lazımdır ki... O deyən kimi yaşayanların da aqibətini gördük.

Məncə, biz həyatımızı "Qurani-Kərim"də deyildiyi kimi, çox da ifrata varmadan yaşasaq, özümüzə də, cəmiyyətə də xeyir vermiş olarıq. Peyğəmbərdən müdrik bunu necə demək olar? Hər gününü son günün kimi, hər gününü ilk günün kimi yaşa.

Bütün bu deyilənlər, bir növ, nəzəriyyə xarakteri daşıyır. Amma, inandırmaq istərdim, bu deyilənləri biləndə, onları hərdən xatırlayanda, onlara bir qədər də olsa inananda və bu dünyanın xırda-xuruş müşküllərini təmənnasız düzəltmək istəyəndə yaşamaq asanlaşır, Allah sanki sənin qolundan tutur.

Bu dünyada hər şeyin üzərinə ürəklə yürümək olmaz, çünki dünya ürəkdən savayı, həm də ağılnan qurulub. Odur ki, çalışıb ürəyi müəyyən qədər ağlın kontrolunda saxlamaq lazımdır.”



Yazıçı Nəriman Əbdülrəhmanlı: "Dostoyevski haqlı deyib, insanın ömrü yalnız faydalı işlə məşğul olduğu anların məcmusundan ibarətdi. Ancaq ömrün müəyyən hissəsini yaşayandan sonra hiss eləyirsənn ki, vaxtla qəddarcasına davranmısan, nə qədər zamanını boş keçirmisən, halbuki həmin müddət ərzində başqasına faydası toxunacaq, öz qəlbinə təskinlik gətirəcək işlər görə bilərdin. Əsl mənada yaşamaq da ömür möhlətindən mümkün qədər faydalanmaqdı.”





Yazıçı Şərif Ağayar: "Mən yaşamağı həqiqət axtarışı və ona canatma hesab edirəm. Başqa sözlə, həyat Tanrını axtarmaq və ona mümkün qədər yaxın olmağa çalışmaq prosesidir. Qalan şeylər buna yardımçı vasitələrdir. Qidalanmaq, pul-para qazanmaq, vəzifə tutmaq.

O adam böyükdür ki, məqsədin nə, vasitənin nə olduğunu bilir.

O adam bəsitdir ki, vasitələri məqsəd sayır.

O adam zavallıdır ki, məqsədi vasitəyə qurban edir.

Dostoyevskiyə gələndə, mən də onun uzun yaşamasını istəyərdim. Çünki həqiqəti axtaran və ona can atan nəhənglərdən idi.”




Yazıçı Varis Yolçuyev: "Həyat - ölümqabağı aldığımız bir möhlətdir, sadəcə.









Yazıçı Pərviz Cəbrayıl: "Dostoyevskinin dediyi bu sözlər, məncə, sonda hər bir şüurlu insanın ağlına gəlib və gələcək də. Ancaq mən belə düşünürəm ki, həmin fürsət insana verilmiş olsaydı, o, yenə heç də tam özündən asılı olan həyatı, öz istədiyi kimi, yəni saniyələrin belə qədrini bilərək yaşamazdı. Qəti elə düşünmürəm. Həyatın axarı axı heç də yüzdə-yüz bizdən asılı deyil. Bəzən biz zamanı saya salmırıq, bəzən zaman bizi. Hə, epizodik mümkündür. Məsələn, mən "Yad dildə” romanımı yazanda özümə təlqin etmişdim ki, sənin həyatda cəmi filan qədər vaxtın qalıb, o vaxta kitabı bitirməlisən. Nail də oldum. Ancaq bu, həmişə mümkün olmur ki. Həyatı gözəl yaşamağa, onun qədrini bilməyə çalışmalıyıq, ancaq yenə deyirəm, heç də hər şey bizdən asılı deyil.”



Yazıçı Narıngül Nadir: "Çox maraqlı, həm də çətin sualdır. "İnsan necə yaşamalıdır?” sualı məncə cavabsız sualdır. Əslində, ağılla düşünəndə hamı başa düşür ki, necə yaşamaq lazımdır, necə olsa həyat maraqlı olar, necə yaşasa uğur qazana bilər. Amma həyat tamam başqa şeyləri diqtə edir. Bəzən biz həyatımızı kodlaşdırmağa, istədiyimiz kimi yaşamağa çalışırıq. Və baxırıq ki, istəyimiz tamam başqa tərəfdə qalıb, həyat isə öz axarında gedir. Məsələn, mən indi geriyə baxanda düşünürəm ki, həyatı qəlizləşdirməyə dəyməzmiş... Bəzən yerinə yetməyən bir istəyimiz üçün günlərimizi, aylarımızı qurban veririk. Bəzən bir arzu bütün həyatımızı zəbt edir. Amma hər işin öz məqamı var. Hər günü dolu yaşamaq və imkan düşdükcə çoxlu səfərlər etmək lazımdır.

Dostoyevskiyə gəldikdə isə onun həyatı özünün də etiraf etdiyi kimi səhvlərlə dolu olub. Məhz bu səhvlər onun yaradıcılığına stimul verib. Əksər yaradıcı insanların həyatında bu, belədir. Öz istədiyi həyatı yaratmağa çalışır, bir növ özünə tale yazır, obraza girir və bu taleni yazıya köçürür.”



Filosof Müşfiq Şükürov: "Yaşamaq sevmək, sevilmək, yaradıcılıq və dərk ehtiraslarının ödənməsidir mənim üçün. Yəqin ki, hər insan bilir nə üçün yaşayır. Hər insanın özəl yaşama hədəflərinin olduğunu düşünürəm. İnstinktiv olaraq hər bir insan da ona doğru can atır. Kim üçünsə bu fatehlikdir, kim üçün isə qadınlar (və ya kişilər)... İndi xoşagəlməz olan odur ki, əksəriyyət istehlak cəmiyyətinin ideallarına uydurulub. Və insanların çoxu özünə xəyanət halında yaşayırlar. Həyat bəsitləşib.”







Yazar Rəbiqə Nazimqızı: "Yaşamaq - anlamaq, hiss və təhlil eləməkdir, zövq almaqdır, məyus olmaqdır, amma bunların hamısını özündə ehtiva edən bir söz var - sevgi. Yaşamaq sevməkdir. İnsan özünə layiq bildiyi şəkildə yaşamalıdır. Söhbət dəbdəbədən getmir, əlbəttə.”






Yazıçı Mirmehdi Ağaoğlu: "Bu dünyaya bir daha gəlməyəcəyini anlamalı və onun bəxtinə düşən bu unikal fürsətdən maksimum çox yararlanmalı. Daha uzun yaşamağa və yalnız sevdiyi işlərlə məşğul olmağa çalışmalıdır.”









Yazar Günel Natiq: "Əvvəllər zamanın sürətlə keçməsi mənə dəhşətli gəlirdi. İndi, vaxt keçdikcə hər gələn yaşıma sevinirəm və fəxr edirəm. Bu boyda xaosun içində mövcudiyyətini qorumağın özü də böyük bir işdir. Yazıçılardan biri deyib ki, insan narahat yaşamalıdır, stulda da özünü narahat hiss etməlidir, yəni insan oğlu ölümün mövcud olduğunu bilərək necə rahat yaşaya bilər? Mənim bir yazımda da var, insan həyata Nazim Hikmətin dediyi kimi ciddi bir iş kimi yanaşmalıdır. Hətta 80 yaşında da ağac əkməlidir. Ona görə yox ki, gələcək nəsillər ondan bəhrələnəcək, ona görə ki, yaşamaq bu qədər ciddi bir işdir. Təcrübə göstərir ki, sözün də mistik qüvvəsi var. Mənim həyatımın ən çətin məqamlarında bu sözlər qarşıma çıxıb, mənə güc-qüvvə verib. Ümumiyyətlə, Nazim Hikmət sözünün ruhuyla baş-başa qalmışam həmişə. Yəni insan beləcə öz ruhunu dinləyərək, sözə sığınaraq, təbiətlə qaynayıb-qarışaraq, hətta bir böcəyə belə biganə qalmadan, bir yarpağın xışıltısını belə diqqətdən qaçırmadan "bir ağac kimi hür və bir orman kimi qardaşcasına” yaşamalıdır.”