adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Noyabr 2018 10:42
26809
MƏDƏNİYYƏT
A- A+

Dəlilərin tamaşasından REPORTAJ - VİDEO

Həftəsonunu iplə çəkirdim. Ona görə ki, Pantomima teatrına iki biletim vardı. Özü də Çexovun "6 N-li palata” əsərindən səhnələşdirilən eyniadlı tamaşa. Teatra getmədən əvvəl sizə pantomim sözünü izah edim. Bəlkə bilməyənlər olar. Pantomim - ən sadə izahatıyla sözsüz teatr oyunudur. Nümayiş sənətlərindən biridir. Qısaca "mim" olaraq ifadə edilir. Pantomimdə sənətçi üz mimikalarını, əl-qol və bədən hərəkətlərini istifadə edərək mövzunu izah etməyə çalışır. Bu mənada pantomim bəzən universal teatr dili olaraq qəbul edilir. Miladdan əvvəlki dövrlərdə mim sənətinin tətbiq olunduğu məlumdur.

Mim sözü "təqlid etmək" və ya "təmsil etmək" mənasını verən yunanca "mimeisthai" sözündən yaranmışdır. Fransızca "pantomime" mənşəli söz olan pantomim sənəti düşüncə və duyğuları musiqi və ya müxtəlif əşyalar vasitəsilə bəzən rəqslə, bəzən də gövdə və üz hərəkətlərilə əks etdirməyi məqsəd qoyan sözsüz oyundur.

Bax belə. Ona görə də bu teatr kult, əsl sənətin məkanıdır. Elə isə getdik. Hava çiskinli, yağışlıdı. Payız varlığını, mövcudluğunu əməlli-başlı hiss elətdirir. Əsl romantika havasıdır.

Bu teatr həmişə mənə sinaqoqları, kilsələri xatırladır. Eləysə gəlin içəri girmədən Pantomima Teatrının tarixinə də nəzər yetirək.


Azərbaycanda Pantomima Teatrı 1994-cü ildə Bəxtiyar Xanızadənin rəhbərliyi ilə yaranmışdır. Hazırda xeyli tamaşaçısı olan teatr artıq 24 ildir ki fəaliyyət göstərir.

Teatrın çox da böyük olmayan binası həmişə adamların, eləcə də bəndənizin marağını çəkir. Pantomima Teatrının yerləşdiyi bina 1900-cü illərdə tikilən sinaqoq olsa da, SSRİ dövründən teatr kimi istifadə olunur. Pantomima Teatrı isə bu binaya 2006-cı ildə köçürülüb.

Qapının kandarında Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyevlə salamlaşırıq. Bizi üzündə təbbəssümlə qarşılayır. İçəri keçirik. Yenə bir-iki adam gözə dəyir.

-Deyəsən bu gün tamaşaçı az olacaq.

-Onsuz da teatrlarımız bu gündədi. – deyə kimsə əlavə edir.

Az keçmir, adamlar axışır. Demək olar ki, əksəriyyəti gənclər, sevgililərdi. Deyəsən, sözümü eşidib gəliblər. Axı bu gün romantik payız axşamıdı. Qapılar açılır. Hərə öz yerini tutur. Yanımızda oturan nimdaş geyimli, öz-özünə danışan bir kişi diqqətimi çəkir. Düşünürəm ki, bəlkə bu kişi aktyordu. Tamaşaya bizim aramızdan qoşulacaq. Bir çox tetarda bu cür səhnələr görmüşəm. Qəfil qaranlıq bizi udur. Sükut bomba kimi düşür. Səhnə işıqlanır. Üç nəfər var. Çarpayının qarşısında ağ örtüklü həkim. Qarşısında isə iki dəli. Onlara nələrsə başa salmağa çalışır. Pasientlər isə yorğun, miskindilər. Birdən həkim onların üzünə bağırır. Onlar da bir yandan çığırılar. Səslər bir-birinə qarışır və sükut pozulur.

Çexovun "6 nömrəli palata”sını xatırlayaq. Köhnə, paslanmış, kif iyi verən bir xəstəxana və unudulmuş, tərk edilmiş dəlilər. Hər birinin də özünəməxsus xəstəliyi var: biri gecə-gündüz qüssə içində olur, biri səhərdən-axşama kimi küçələrdə dilənir, hamıya qulluq edir.

İvan isə təqibolunma xəstəliyindən əziyyət çəkir. Çox savadlı olan, mütaliə etməyi sevən İvan çox acılar çəkmişdir. İndi isə xəstəxana divarları arasında kimlik axtarışındadır. Həkim Andrey Yefimiç isə hər şeyə laqeyd yanaşır. Ancaq bir gün o da ağlını itirir. Çox dəhşətli əsərdi. Uzun-uzadı danışmaq istəmirəm. Keçək tamaşamızın davamına.




Sükutun pozulmasından sonra xəstələrin mimikaları ilə üzləşirik. Üzlərində kədər, laqeydlik, miskinlik, qorxu, vahimə və adını verə bilmədiyim ifadələr gizlidi. Həkim də tezliklə ağlını itirib onların gününə düşür. Tamaşa dekonstrukiya edilmişdi. Nəsimiyə, Janna Darka, Şekspirə, İsaya, Hüseyn Cavidə göndərmələr vardı.
Ağlını itirən həkim qızlara səslənir:

- İblis nədir?

- Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

- İblis...

Həm də insanın ağlını itirməsini şeytanla əlaqələndirirlər. Hüseyn Cavidin şeirini emosiyalarla bizə çatdırırlar. Yaxud da İsa peyğəmbərin çarmıxa çəkilməsi anı.

Bu yerdə əsərdən bu sözlər yadıma düşür:

"Əlbəttə, ağıl da daima deyil, keçib gedən müvəqqəti bir şeydir, lakin mənim ağla nə üçün meyl göstərdiyimi siz artıq bilirsiniz. Həyat insana qüssə verən bir tələdir. Mütəffəkir bir adam yaşa dolub kamala çatdıqda özünü ixtiyarsız olaraq çıxılmaz bir tələdə hiss edir. Doğrudan da, o öz iradəsinə zidd olaraq, hər hansı bir təsadüf nəticəsində heçlikdən həyata keçirilmişdir... Nə üçün? Mütəfəkkir adam öz həyatının mənasını və məqsədini bilmək istəyəndə, ona demirlər, ya da sarsaq şeylər söyləyirlər, o, qapını döyür, amma açan olmur; ölüm də onun iradəsinə zidd olaraq onu yaxalayır.”

Bir səhnədə isə kişi qadını mühakimə edir ki, onu sən öldürdün. Halbuki digər xəstə qadın sadəcə yatır.

- Sən öldürdün, sən öldürdün, sən öldürdün....
- Mən öldürmədim, mən öldürmədim...

Qadın deyir, mən Janna Darkam. Nə qədər adam öldürmüşəm. Sonra deyir Cülyiettayam. Bu səhnədən aydın olur ki, insan ağlı daim mövcud olan güc deyil. Nə zamansa sən onu itirə bilərsən.
Tamaşaçıların arasında oturan dəliyə bənzər o nimdaş kişi isə əli qoynunda ciddi-ciddi tamaşanı izləyir. Öz-özümə deyirəm ki, bu adam aktyor-zad deyilmiş ki, həyatdan gəlmədi.

Tamaşa bir göz qırpımında başa çatır. Təəssüflənirəm. Axı bu cür gözəl tamaşa necə tez başa çata bilər?! Qapılar yenidən açılır, yağışlı havaya qarışıb yoxa çıxırıq. Qarşıma çıxan adamlar isə zolaqlı geyimdə görürəm. Mənə elə gəlir ki, ətrafımdakı hər kəs dəlidir.