adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Noyabr 2018 09:40
11641
İDMAN
A- A+

KAPİTAN DANİEL PASSARELLA

Daniel Passarellanı sayca çox da olmayan seçmə futbolçulara aid etmək olar. Hansılar ki, komandanın kapitanı vəzifəsində dünya Kubokunu başı üzərində qaldıra bilib. Onun buna tam hüququ çatırdı. Argentina milli komandasının möhtəşəm qələbəsi 1978-ci ildə "Monumentam"də ("River Pleyt" klubunun ev oyunlarını keçirdiyi stadionda) olub.
Pasarella mərkəz müdafiəçi mövqeyində oynamaqla bərabər, həm də komandanın bütün hücum əməliyyatlarının təşkilatçısı və rəhbəri idi. O bəzən meydanın mərkəzinə gələrək, yarımmüdafiəçilərinə kömək edirdi. Bundan əlavə Passarellanın qüvvətli künc zərbələri və nəzərəalınmaz dərəcədə məkrli cərimə zərbələri daim rəqib müdafiəçilərini həyəcan içərisində saxlayırdı. Daniel Pasarella dünya futbolu tarixində ən yaxşı liberolardan biri sayılır. Pasarellanın peşəkar futbola gəlişi çox çətin olub. "River Pleyt" klubunda çıxış etməmişdən qabaq peşəkarlar liqasının üç klubu onun xidmətlərindən imtina etmişdi. Belə hallar Cənubi Amerika futbol ulduzlarının həyatında xarakterik hadisə kimi qəbul olunmuşdur.
Daniel Alberto Passarella 1953-cü il mart ayının 25-də Buenos-Ayresin 40 kilometrliyində yerləşən Çakabuko şəhərciyində kasıb bir ailədə anadan olub. Vaxtının çoxunu küçədə keçirən Daniel həmyaşıdları ilə top qovmağı çox sevirdi. Onun bir arzusu var idi; tezliklə peşəkar futbolçu olmaq, yoxsulluğun daşını atmaq və valideynlərinə maddi kömək göstərmək. 14 yaşında ikən yerli yeniyetmələrdən ibarət komandanın kapitanı seçilən Daniel eyni zamanda kommersiya məktəbində təhsil alırdı. Bütün gününü məktəbdə keçirən gənc çox darıxırdı və əmək fəaliyyətinə başlamaq üçün tələsirdi. Təhsilini yarıda buraxıb, inşaat firmalarının birində yükləyici işləyən Passarella fiziki cəhətdən inkişaf edəcək, pəhləvan cüssəli idmançıya çevrilir. Sonra o, paytaxta, Buenos-Ayresə səyahətə çıxır. Əvvəlcə, xanımı Qrasiyelanın və onun ailəsinin sevimli klubu olan "Boka Xuniorsa" keçməyə cəhd göstərən gənc futbolçu daha sonra "İndependenyents" və "Estudiantes" klublarında özünün futbol məharətini nümayiş etdirməyə çalışır. Hər üç klubun məşqçiləri və menecerləri istedadlı futbolçunun oyununu vaxtında qiymətləndirmədikləri üçün sonralar peşimançılıq hissləri keçirirdilər. Passarella doğma şəhərinə qayıdır və ikinci liqada çıxış edən "Sarmiento" klubunda oynamağa başlayır. Həmin klubda gənc futbolçu Antonio Emandesin simasında özünə yaxşı yoldaş və qayğıkeş müəllim tapır. O, şa-girdinə belə deyirdi: "İnanıram, gün gələcək və sən qabaqcıl klublarda oynayacaqsan".
Qısa bir müddətdən sonra Uruqvayın "Nasional" klubunun seleksionerləri istedadlı futbolçu ilə maraqlanmağa başlayırlar. Lakin "River Pleyt" klubunun müdiriyyəti cəld tərpənərək 19 yaşlı futbolçu ilə təcili kontrakt bağlayır. Aqressiv oyunu və güclü zərbələri ilə digər futbolçulardan fərqlənən Passarella ən təhlükəli hücumçularla mübarizədən çəkinmir, cəsarətlə hücumlara qoşularaq, bəzən rəqib qapılarından top keçirməyə nail olurdu.
"River Pleyt" ölkə çempionu adını qazandığı vaxt Passarellə klubun əsas üzvü kimi 6 nömrəli futbol köynəyinin daimi sahibi oldu və o, hamı ilə birlikdə qələbə sevincini yaşadı. Hə-min il ölkə yığmasının baş məşqçisi Luis Menotti onu ilk dəfə heyətə cəlb etdi. Argentina yığmasında Daniel Passarella ilk beynəlxalq matçını 1976-cı il martın 20-də Kiyev şəhərində SSRİ seçmə komandasına qarşı yoldaşlıq görüşündə keçirib. Özünün debüt matçını Daniel belə xatırlayır: "Birinci taymın sonunda Kempes rəqiblərin qapısına bir qol vurdu. Qələbə hesabını saxlamaq və müdafiəni gücləndirmək məqsədilə məşqçi Menotti məni hücumçu Boççinin əvəzinə meydana buraxdı. Havanın dumanlı və qarlı olmasına, yerli azarkeşlərin gurultulu çağırışlarına baxmayaraq, biz sovetlərə qalib gəldik".
Cənubi Amerikanın digər ölkələrində olduğu kimi Argentinada da futbol bir nömrəli idman növü sayılır. Uşaqdan tutmuş böyüyə qədər, demək olar, ölkənin bütün əhalisi futbol ulduzlarını dərin məhəbbətlə sevir və onların hər bir qələbəsini böyük sevinc hissi ilə qarşılayırlar.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Argentina futbolunun taleyi heç də asan olmayıb. Azca istedadı olan futbolçu Avropa klubları ilə müqavilə bağlamağa can atır. 1978-ci ilin Dünya Çempionatına kimi 350 futbolçu ölkəni tərk edərək, idman xoşbəxtliyini vətəndən kənarda tapmağa çalışıb.
Argentinalılar çoxdan bəri milli komandalarının dünya çempionu olmasını arzulayırdılar. Yalnız bircə dəfə - 1930-cu ildə onlar bu adı qazanmağa çox yaxın olublar. Finalda Uruqvay millisinə 4:2 hesabı ilə məğlub olaraq ikinci yerlə kifayətləniblər. Uzun illər durğunluq dövrü ke-çirən Argentina yığması 1978-ci ilə kimi dünya birinciliklərində dörd yaxşı komanda sırasına da düşə bilməyib.
1974-cü ildə milli komandaya rəhbər təyin edilən Luis Menotti uzun illər davam edən eksperimentlərə və oyun üslubu axtarışlarına son qoydu, özünün konsepsiyasını yaratdı. Vaxtilə Braziliyanın "Santos" klubunda Pele ilə birlikdə mərkəz müdafiəçisi mövqeyində oynayan Menotti maraqlı və ümidverici proqramla çıxış etdi. Onun fikrincə, səviyyəli komandanın heyətində iki-üç güclü, fərdi istedada və yaradıcı keyfiyyətlərə malik olan futbolçu oynamalıdır. Onlar oyundaşlarının imkanlarının açılmasına kömək etməklə bərabər, rəqib komanda üçün də başağrısına çevrilə bilər. L. Menotti yığma komanda üçün özünəməxsus oyun üslubu yarada bildi. Hücum əməliyyatlarına daha çox diqqət yetirilirdi. Passarella, Ardiles, Kempes və Luke birlikdə çox etibarlı mərkəz sütunu yaratdılar ki, bu da müdafiədən başlamış hücuma kimi oyunda uğurlu nəticə qazanmağa zəmanət verirdi.
Belə bir güclü komanda ilə Hollandiya yığması 1978-ci ildə XI dünya çempionatının final görüşündə üz-üzə gəldi. İyunun 25-də italiyalı hakim Qonella komandaları yaşıl meydana dəvət etdi.
Argentina: Filial, Olquin, Qalvan, Passarella, Tarantini, Ardiles (Larossa), Qalyeqo, Kempes, Bertoni, Luke, Ortis (Xausman).
Hollandiya: Yonqblad, Portvile, Krol, Yansen (Surbiyer), Xaan, P.Van. de Kerkxov, Neyeskens, Rensenbruk, Repp (Nanninqa), Brandts.
Oyunun başlanğıcı heç nə ilə yadda qalmadı. Lakin tədricən argentinalılar üstünlüyü ələ aldılar. Qarşılaşmanın 38-ci dəqiqəsində Kempes hesabı açdı. Meydana təzəcə daxil olmuş hollandiyalı Nanninqa 81-ci dəqiqədə hesabda bərabərlik yaratdı. Əsas vaxt 1:1 hesabı ilə başa çatdı. Əlavə yarım saatda "Zanbaqlar ölkəsinin" futbolçuları meydan sahiblərinin sürətli hücumlarının qarşısını ala bilmədilər. Kempes və Bertoni hollandların qapısına daha iki top vurub, 3:1 hesabı ilə qələbə qazandılar. Argentina milli komandası ilk dəfə olaraq Dünya Kubokuna və qızıl medallara sahib çıxdı. Bu qələbəni bütün ölkə əhalisi bayram etdi. Yığma komandanın futbolçuları isə özlərinin ehtiraslı hücumlarını, qələbə əzmini, qol vurmaq bacarığını və müdafiə olunmaq qabiliyyyətini parlaq surətdə nümayiş etdirdilər.
Qeyd edək ki, dünya birinciliyi başlamamışdan əvvəl Passarellanın adı beynəlxalq arenada heç kimə məlum deyildi. Turnir başa çatdıqdan sonra isə hamı onu dünya futbolunun güclü mü-dafiəçilərindən biri kimi qəbul etdi. Çempionatın bombardiri (6 top) və ən yaxşı oyunçusu adını argentinalı Mario Kempes alsa da, kollektivə meydanda rəhbərlik edən və onu qələbəyə doğru aparan kapitan Passarella idi.
XII Dünya turnirindən sonra Passerella İtaliyanın güclü klublarından sayılan "Fiorentina"ya dəvət alır və altı il həmin klubun şərəfini qoruyur. Avropa klubunda çıxış etdiyi müddətdə də argentinalı futbol ulduzu universal keyfıyyətlərə həm müdafiədə, həm də hücumların təşkilində yüksək texnikaya və güclü zərbələrə malik olduğunu dəfələrlə sübut etmişdi. Ümumiyyətlə, futbolçu karyerası ərzində rəqib qapılarından 150 top keçirən Passarella eyni zamanda özünün cəsarətli, əsl döyüşçü keyfiyyətləri, qətiyyəti və güclü iradəsi ilə əksər futbolçulardan yüksəkdə dururdu. Argentina yığmasında 84 matç keçirən kumir futbolçu karyerasını 1986-cı ildə Meksikadakı dünya birinciliyində ləyaqətlə başa vurmaq fikrində idi.
Yeri gəlmişkən deyək ki, 1986-cı ilin Meksika turnirinə Argentina yığması məhz Passarellanın Peru komandası ilə seçmə oyunda vurduğu qolun hesabına düşə bildi. Doğma divarlar arasında oynayan Argentina futbolçuları Peru yığması ilə görüş zamanı 1:2 hesabı ilə uduzurdular. Meksikaya yola düşmək üçün isə heç-heçə kifayət edirdi. Heç zaman məğlubiyyətlə barışmayan Daniel Passarella matçın bitməsinə 10 dəqiqə qalmış növbəti dəfə hücuma qoşulur, hisslərini cilovlayaraq var gücü ilə rəqib qapısına tərəf zərbə vurur. Top dirəyə dəyərək qapı xəttini keçir. Hesab 2:2 olur. "Meksika-86"-ya vəsiqə belə qazanıldı. Passarella isə çətin dəqiqələrdə komandanın xilaskarı olduğunu bir daha sübuta yetirdi. Yığmanın tərkibinə daxil edilən Passarella Mexikoda çempionat ərəfəsində xəstələnir və o, mübarizəni dayandırmalı olur. Milli komandanın yeni kapitanı Maradonanın rəhbərliyi ilə argentinalılar həmin birincilikdə ikinci dəfə FİFA-nın qızıl Kubokuna layiq görülürlər. İtaliyada çıxışlarını başa vuran Passarella Buenos-Ayresa qayıtdıqdan sonra "River Pleyt" klubunun rəhbərləri ona yeni kontrakta imza atmağı təklif edirlər. Fanatların kumiri isə karyerasını bitirmək istəməsinin səbəbini mətbuat nümayəndələrinə belə açıqladı: - Yəqin ki, mən hələ bir - iki il əvvəlki səviyyədə oynaya bilərəm. Lakin hesab edirəm ki, futbolçu ömrümü başa vurmuşam. Mən futbola qəlbimin bütün hərarətini, ürəyimin ən təmiz duyğularını vermişəm. Artıq hiss edirəm ki, futbola olan ehtirasım sönməkdədir. Qabaqkı kimi stadionun tribunalarını doldurmuş azarkeşlər üçün bayram əhvali-ruhiyyəsi yarada bilmərəm. Yaşıl meydançada bacardığımı etmişəm. Aşağı səviyyədə oynasam, deməli, futbolu təhqir etmiş olaram.
1994-1998-ci illərdə Argentina yığmasına başçılıq edən əfsanəvi kapitan hazırda məişət texnikası istehsal edən "Passarella-Qalyeqo produksiyones" sənaye firmasının direktoru (eyni za-manda şərikli sahibi) vəzifəsində çalışır.
Əldə etdiyi uğurlar və şöhrət Passarellanın xasiyyətini dəyişməyib. O, milli komandanın seçmə oyunlarında qazandığı mükafatı yoxsullara ərzaq məhsulları paylayan Argentina fonduna köçürüb.