adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Noyabr 2018 09:20
5933
GÜNDƏM
A- A+

İstoroj məsələsi

Yaşadığımız Sovet dövləti M.S.Qorbaçovun "yenidənqurma burulğanında" səssiz-səmirsiz yerində buruldu. Yadımdadır, kolxozların fəaliyyət göstərdikləri vaxtlarda kəlləri, öküzləri qoşquya hazırlamaq üçün onları da türkəçarə üsulla sakitcə burardılar. Yəni axtalayardılar ki, gözləri camışların, inəklərin arxasında olmasın. Deyilənlərə görə kapitalizm Rusiyasının çarı Nikolay da öz həmkarı, proletariatın rəhbəri V.İ.Ulyanovu bizim türkəçarə üsulla burdurmuşdu. Ona görə də Ulyanovun yarımçıq qurduğu o sistem çox asanlıqla Qorbaçovun əli ilə dağıdıldı.
Söhbətin maraqlı yerində raykomun birinci katibinin aramsız telefon zəngləri ideoloji şöbənin bütün işçilərini səfərbər etdi. Hamı əlində qeydiyyat blaknotları yoldaş Birincinin hüzurunda hazır oldu. Kabinetdə üz-gözləri müxtəlif rəngli boyalarla rənglənmiş, gözlərindən fahişəlik süzülən, çoxlarının və mənim də yaxşı tanıdıqlarım "işbaz" zənənlər oturmuşdular. Yoldaş birincinin ətrafı çox yaxşı idi. Elə bil süd gölündə, nağıllar aləmində qonaq idi. Bunun lap yaxınlığında, Privolnoye kənd xəstəxanasının baş həkimi Möcüzəxanım, onun qarşısında kəndin uşaq bağçasının müdiri, "respublika dərəcəli sənətkar" Lyuba İvanova, stolun baş tərəfində yerişi və görkəmi eston cins inəklərini xatırladan, kəndin poçt-rabitə şöbəsinin müdiri, beş-altı uşağın atasız anası Xətayi xanım oturmuşdular. Digər iki nəfər təzə "işbaz" xanımları tanıya bilmədim. Güman ki, bu "işbaz" xanımlar fəal "ictimaiyyətçi" olsalar da hələlik özlərini "praktikant" kimi aparırdılar.
Ötəri tanışlıq qurtarmamış yoldaş Birincinin stola vurduğu yumruq zərbəsindən hamı diksindi, biz isə blaknotlarımızı açıb qeydiyyat aparmaq üçün hazır olduq. Ətrafına baxıb cuşə gələn yoldaş Birinci başladı və nə başladı:
- Həyasızlar! Siz hara baxırsız! Siz nə işlə məşğulsuz! Hamınızı qovacam, maa belə işçilər lazım dəyil! Kabinetdən bayıra çıxmırlar. Bunların əvəzinə bu qızlar partiyanın yenidənqurmasını həyata keçirir! Belə də iş olar, hıy?! Poçtun müdiri, baş həkim istəsələr tonlarla xiyar, badımcan taparlar! Bunlar yardımçı təsərrüfatı bizim əsgərlərimiz üçün, uşaqlarımız üçün yaradıblar, pamidor, kələm yetişdirirlər, xəstəxanalara təmənnasız yardım edirlər, siz badbaxtların heç nədən xəbəriniz yoxdur. Ay qız Lidyə, bunları yığ başa sal, gedin yerində baxın, öyrənin bu təcrübəni televizora çıxarın, buroya hazırlayın! Rədd olun gedin, iclasa hazırlayın, hayasızlar! Və s...
Biz, ilan ağzından qurtaran qurbağa kimi, qoşa qapıları birtəhər açıb şampan probkası kimi kabinetdən çölə tullandıq. Tələm-tələsik Privolnoye kəndindəki "Qırmızı partizan" sovxozuna yola düşdük. İş vaxtının qurtarmasına baxmayaraq sovxozun direktoru İslamov, partiya komitəsinin katibi Həsənov iş yerlərində idilər. Sovxozun direktoru bizim tam heyətlə gəlişimizdən təəccüblənərək soruşdu:
-Ay Lidiya Vladimirovna, deyəsən gəlişiniz adi hal deyil, bütün komanda ilə gəlmisiz!
-Ha, duz deyırsan, Yoldaş İslamov. Bizi birinci şaxsan danlayıb, ağzına galanı deyib, bura gondarıb. Baxçanın mudıri, baş hakim, poçtun raısı nodsobneye yaradıblar. Xuyar, pamidor əkiblar. Onu oyranmaq uçun xamımız tacılı galmışık. Bu masalaya sabah burada baxılacaq. İndi gedayın hamın tasarufatla tanış olmağa.
İslamov dodağının altında nəsə mızıldansa da, bir şey başa düşmədik.
-Ay Lidiya Vladimirovna, nə təsərrüfat, kim əkib, harda əkib, bunlardan mənim məlumatım yoxdur və bu barədə də mənə müraciət edən olmayıb. Bəs bu yardımçı təsərrüfatı yaradanlar özləri hardadırlar? Qoy gəlsinlər, yerini desinlər. Bəlkə bizim məlumatımız yoxdur. İslamov bu oyundan baş açmadığını deyib partkomu səslədi:
-Hə, ay partkom, kəndin "fəallarının" yardımçı təsərrüfat yaratmaq təşəbbüsündən mən baş açmadım, keçən il bir toyuqdan hər gün iki yumurta almaq barədə təşəbbüsümüzü sən bəyənmədin. Dedin ki, kommunistlər bunt qaldırar, üsyan edər, bəs buna nə deyirsən, bu ki, bizim təşəbbüs deyil, yuxarının göstərişidir.
Partkom bir az fikrə getdi və sözünə qədim bir rəvayətlə başladı:
- Yoldaş İslamov, bir gün şah vəzirini yanına çağırıb deyir:
Əyalətlərdən çox mötəbər qonaqlar gələcək. Qonaqlara elə
bir yemək hazırlayın ki, onlar heç yerdə belə yemək dadmamış olsun. Vəzir şəhərin adlı-sanlı bütün aşbazlarını saraya çağırtdırır, şahın əmrini onlara başa salır, əmr yerinə yetirilməzsə edam olunacaqları barədə xəbərdarlıq edir. Aşbazlar çox fikirləşirlər, götür-qoy edirlər, lakin konkret bir nəticəyə gələ bilmirlər. Nəhayət aşbazlardan biri deyir ki, mən şah deyən o xörəyi hazırlayacağam. Vaxt yetir, əyalətlərdən qonaqlar gəlir, süfrə açılır, qonaqlar süfrə başına yığışırlar. Şah qonaqları intizarda qoymayıb "bismillah" deyir. Hər kəs öz qabına plov çəkir. Bir neçə qaşıq yedikdən sonra dayanıb yemirlər. Şah təəccüblənir ki, qonaqlar nə üçün yeməkdən imtina etdilər, güman ki, plov onların xoşuna gəlməyib. Özü başlayır plovdan yeməyə. Bir qaşıq yeyəndən sonra hiss edir ki, plova duzlu xiyar doğranıb, bu səbəbdən yemək mümkün deyil və tərs-tərs vəzirə baxır. İşi başa düşən vəzir vəziyyətdən çıxmaq üçün başlayır xiyarı tərifləməyə. Xiyarın cana faydasından, insan ömrünü uzatmasından, insanı cavan və gümrah saxlamasından danışmağa. O qədər inandırıcı danışır ki, şah plov dolu qabı qabağına çəkib acgözlüklə yeməyə başlayır. Duzlu xiyarın yanğısından səhərə kimi yata bilmir. Səhər tezdən vəziri yanına çağırıb soruşur:
- Ay vəzir, xeyir ola, dünən xiyarı yaman tərifləyirdin, onun
faydasından danışırdın. Mən də sənin yağlı dilinə inandım, o ki var yedim. İnan ki, səhərə kimi yata bilməmişəm. Sənin aşbazının yeni kəşf etdiyi xörək məni o dünyalıq eləmişdi. İndi sağ-salamat qurtardığım üçün mən səni və sənin aşbazını o dünyalıq edəcəyəm.
Vəzir şahın qəzəbləndiyini başa düşüb çox ustalıqla cavab verir:
-Şah sağ olsun, mən şahın vəziriyəm. Şahın da xiyarını tərifləmək mənim borcumdur.
Şah vəzirinin tədbirindən razı qalıb təşəkkürünü bildirdi. Bax, biz də partiyanın əsgəriyik...
Partkom sözünü qurtarmışdı ki, bağça müdiri Lyuba, poçtun rəisi Xətayi, xəstəxananın baş həkimi Möcüzəxanım özlərini İslamovun kabinetinə yetirdilər. Xətayinin əlavə informasiyasına ehtiyac duymayan İslamov hamını əkin sahəsinə dəvət etdi. Biz hamımız, raykomun ideoloji işlər üzrə katibi L.Pistilina, şöbə müdiri Əskərov, təlimatçılar C.Seyfullayev, Ə.İbrahimov, Xətai və onun "işgüzar" komandası İslamovun ardınca əkin sahəsinə gəldik. İslamov təzə günəbaxan əkilmiş sahəni göstərib dedi:
-Bax on gündür ki, bu 40 hektar sahədə günəbaxan toxumu əkmişik. Artıq çıxış da verib. Xətai xanım neçə hektar istəyirsə, götürüb nə istəyir əksin. Bundan əlverişli sahəmiz yoxdur. Sahənin yaxınlığından da su kanalı keçir, lazım olsa istifadə edərsiniz, biz də sizin təzə yaratdığınız yardımçı təsərrüfatınıza hər cür kömək etməyə hazırıq.
Xətai xanım İslamovun ağzından qaçırdığı, - "Sizə hər cür kömək etməyə hazırıq" - ifadəsini göydə tutub fürsəti fotə vermədi:
-Hə, yoldaş İslamov, qayğı və diqqətinizə görə çox sağ olun! Biz də partiyanın sadiq əskərləriyik, onun qərarlarını həyata keçiririk, çaışırıq ki, yenidənqurma siyasətinin həyata keçirilməsində bizim də payımız olsun. Bu işdə yoldaş Birinciyə yaxından kömək edək, onun başını ucaldaq. Biz sabahdan işə başlayırıq. Kəndin bağçasının, xəstəxananın, poçtun, məktəblərin bütün işçiləri işə səfərbər olunacaq. Bizim kifayət qədər işçi qüvvəmiz var. Digər texniki işlər üçün sizin xırda köməyinizə ehtiyac olacaq, daha konkret desəm, bizə xiyar, pamidor, badımcan, yemiş, qarpız, boranı şitili almağa sizin maddi köməyiniz lazım olacaq. Qalan işlər bizlikdir. Şitil də var. Qonşu rayonun bazarında dəstəsi 25 manata satılır. Sabah bazara şitil almağa özüm də gedəcəyəm. Çünki bu işi başqasına etibar edə bilmərəm. Axı, məhsulun taleyi onun toxumundan asılıdır.
İslamov əsəbdən dözməyib əlavə etdi:
-Tək məhsulun yox, hər şeyin hətta insanın da taleyi onun toxumundan asılıdır.
-Hə, yoldaş İslamov, sizin sözünüzdə həqiqət var. Ancaq, biz sabah tezdən tərəvəz şitili almağa gedəcəyik, bu məsələni həll etmək lazımdır.
İslamov şoka düşmüşdü. Çıxış yolu tapmayıb sağ əlini pencəyinin sol döş cibinə salıb bir şax iyirmibeşlik çıxarıb Xətaiyə uzatdı:
-Xətai, al bu sənin xiyarının pulu.
Bu vaxt Xətainin gözləri pambıq qozasından zəhərlənmiş inəyin gözləri kimi bərəldi. Gözlərindəki məkrli gülüş sifətinə yayıldı. Şişman yanaqları zurnaçı ağzı kimi dolub-boşaldı, palaz dodaqlarını marçıldadaraq bir balaca qımışdı, rəngli dodaqlarını sora-sora əlavə etdi:
-Bu xiyarın haqq-hesabı, bəs pomidor, bibər, badımcan, kələm, yemiş, qarpız, boranı əkməyək? Biz respublika əhəmiyyətli təsərrüfat yaradırıq. Bura respublikanın rayonlarından, ittifaqın şəhərlərindən müxtəlif qonaqlar gələcək, bizim təcrübədən bəhrələnəcəklər. Bir xiyarla iş bitməz, yoldaş İslamov! Bir də ki, bu yardımçı təsərrüfatın varlığı sizin rəhbəri olduğunuz "Qırmızı partizan" sovxozuna şöhrət gətirəcək. Qonaqlar əsl yenidənqurmanı sizin rəhbər olduğunuz təsərrüfatda görəcəklər. Bu iş çox ciddi məsələdir.
Xətayi işin düzələcəyini görüb, bir-bir sadaladığı hər tərəvəz və bostan şitillərinə görə İslamovdan bir iyirmibeşlik aldı. Aldığı pulları səliqə ilə qatlayıb sinəsinə təpişdirdi.
İslamovun dodaqları əsəbdən titrəyirdi. Birtəhər özünü sakitləşdirib istehza ilə soruşdu:
-Xətayi xanım, sizə daha nə lazımdır?!
Xətayi yolunmuş qaşlarını dartıb əzilə-əzilə guya utancaq bir görkəmlə mızıldandı:
-Hə, yoldaş İslamov, əsas məsələni yaddan çıxarmışıq. Yoldaşlar partiya işçiləri olduqlarına görə təsərrüfatın da incəliklərindən başları çıxmır. Yenidənqurmanın öz kadrları gərəkdir. Mən bu barədə yoldaş Birinci ilə söhbət edəcəyəm.
İki yüz manatdan artıq ziyana düşmüş İslamov yerində rahat dura bilməyib təkrar soruşdu:
-Ay Xətayi sənə daha nə lazımdır?
- Əsas yaddan çıxmışdı, yoldaş İslamov. Siz ki təsərrüfat işçisisiniz. Bu sahəni biz əkdik, buna istoroj (gözətçi) lazım olmayacaq? Mal-qara, uşaq, insan əlindən burda təsərrüfat saxlamaq olar?! İstorojun haqqını da ödəsəniz çox yaxşı olar.
İslamov əsəbdən nə edəcəyini bilməyib iki əli ilə başını tutub maşına tərəf yollandı. Arabir səsi də eşidilirdi: Sənin lap...
Bu vaxt məni bir axmaq gülmək tutdu. Yadıma uşaqlıq xatirələrim düşdü.
O vaxt məsciddə ehsan yeməyindən əvvəl adamları ağlatmaq üçün molla ucadan bir fatihə verib giriş sözünə belə başlayardı:
-Tabəriz qiyamət müdamü lənət!
Ehsan qazanından gözlərini çəkməyən "möminlər" də əllərini qaldırıb sinələrinə, dizlərinə vura-vura xorla "beşş lənət" deyib hönkürərdilər...
Hönkürmə qurtarana kimi ocaqdakı qazanlarda bir neçə kartof, balta kəsməyən sümük və bir az da xörəyin suyu qalardı. Bunu da əldə-ayaqda işləyən uşaqlara verib xorla dedizdirərdilər:
-Allah qəbul eləsin!
-Amin!
Görünür bu "işbazlar" da yenidənqurma siyasətini o dövrün "möminlərindən" öyrənmişdilər. O böyüklükdə Sovet İttifaqını da bozbaş qazanı kimi ustalıqla dağıda bildilər...

Ələddin Əli,
Cəlilabad rayonu,
Hacıcavad kəndi