adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Noyabr 2018 09:09
3637
GÜNDƏM
A- A+

SARIBAŞA SƏYAHƏT

Çingiz Nağıyev

(əvvəli ötən saylarımızda)

Nahar vaxtından başlayan məclis gün batana qədər davam etdi. Süfrədə müxtəlif yeməklər var idi. Axırda təndirdə bişirilmiş quzu kababı gətirdilər. Məclisdə oturanların heç biri çox yeyib- içməyə həvəs göstərmirdi. Bizə vaxtın necə keçdiyini hiss etdirməyən Vaqif Aslanın, professor Rafiq Rəsulovun, Vüsal müəllimin, Siracəddinin və başqa yoldaşların maraqlı söhbətləri idi. Bu vaxt Vaqif Aslanın telefonuna zəng gəldi. O, telefonu hələ açmadan nömürəyə baxıb gülümsəyərək dedi:
-Hə, bu bəstəkar dostumuz Rafiq müəllimdir.
Onlar çox səmimi danışdılar və şair dedi ki, Rafiq müəllim onun "Saribaşın yolları" şeirinə mahnı bəstələyib. Biz bu mövzu ətrafında bir qədər söhbət etdik və Vaqif Aslandan xahiş elədik ki, bəstəkar Rafiq müəllimə zəng edib telefonla həmin mahnını bizə göndərsin.
Şair də yenidən ona zəng edib həmin mahnını ona göndərməsini xahiş etdi və şair telefonunun səsini açıb ortalığa qoydu. Telefondan həzin musiqi səsləri gəldi və müğənni oxumağa başladı.
Biz diqqətimizi toplayıb mahnını dinlədik. Mahnının sözləri ürəyə dəyən, insanı düşündürən idi.
Musiqi qurtaran kimi hamı əl çalıb alqışladı. Şair onlara təşəkkür etdi və dedi ki, bu mahnıda "Sarıbaşın yolları" şerinin iki kupletindən istifadə edilib, amma həmin şeirin həcmi iki o qədərdir. Biz Vaqif Aslandan xahiş etdik ki, o şeiri desin şair üzünü Siracəddinə tutub:
-Bu şeiri təzə yazmışam, əzbərləməyə vaxtım olmayıb. Amma şeirin tam mətnini Siracəddinə vermişəm gəlin bu şeiri deməyi ondan xahiş edək.
Siracəddin həvəslə şeiri əzbər dedi:

Yollar Sarıbaşın yolları
Qaya qaşından keçər
Sarıbaşın yolları!
Dağlar başından keçər
Sarıbaşın yolları!
Enər Kürmük çayına.
Səngərqalaya qalxar.
Qabırtalaya qalxar.
Dolanar zirvələrə...
Ərşi-əlaya qalxar
Sarıbaşın yolları!
Kövrələrək körpətək
Sarılıram boynuna.
Yenə nəvaziş ilə
Alır məni qoynuna.
Ehey!.. Sevdiyim gözəl!
Gəl, sənə söyləyim, gəl!
Qan yaddaşımdan keçər.
Cavan yaşımdan keçər.
Ürəyimin içindən,
Bağrım başından keçər
Sarıbaşın yolları
Yollar-ana qollar!

Birinci sırada soldan: Vaqif Aslan, prof.Rafiq Rasulov, Çingiz Ənvəroğlu. İkinci sırada soldan Ramiz Məmmədov, İlham Tacıyev, tarix elmləri üzrə fəlsəfə doktoru Vüsal Baxışov. Sarıbaşlı Siracəddin Əhmədov.

Şeir tamamlanan kimi yenə hamımız əl çalıb alqışladıq. Bu alqışlar həm Vaqif Aslana, həm də Siracəddinə ünvanlanmışdı.Şair ayaga qalxıb Siracəddinə yaxınlaşdı və onu qucaqlayıb böyük sevgi ilə sinəsinə sıxdı. Hamı bu səmimiyyəti yenə alqışladı. Biz də ayaga qalxdıq, artıq günəş batmışdı, hava qaralırdı, dağları duman bürümüşdü. Biz getmək istədiyimizi dedik. Siracəddin təklif etdi ki, gecəni qalın sənər gedərsiniz. Hətta zarafatla dedi:
- Qonaqların hanısı üçün bizim evimizdə də yatmağa yer var, Sarıbaşda 300-ə qədər də boş ev var.
Professor Rafiq Rəsulov hamımızın adından ev sahibinə qonaqpərvərliyinə görə bir daha təşəkkür etdi və onun evinə ailəsinə bol ruzi-bərəkət arzuladı. Qeyd etdi ki, inşaallah Sarıbaşa yol çəkilər, körpü tikilər Sarıbaş yenidən öz şən, firavan həyatına qayıdar. Zirvəsi göylərə dirənən dagları, səfalı təbiəti, göz oxşayan yamacları, şəfalı qaynama bulaqları burada turizmin inkişaf etdirilməsi üçün əsas atributların mövcudlugu deməkdir. Biz inanırıq ki, tezliklə yol problemi həll olunacaq və butün nisgillər arxada qalacaqdır.
Hamımız bu xoş arzulara amin dedik və salamatlaşıb evdən çıxdıq. Bizi çaydan keçirib maşınların yanına aparmaq üçün Siracəddin yenə həmin UAZ maşını qapıya gətirtdi. Biz evdən çıxanda yağış yağmağa başladı. Siracəddin gülümsəyib dedi:
- Uzun illər gələn-gedən həsrətini çəkən Sarıbaş qonaqların arxasınca su atır ki, sag- salamat gedib bir də gələsiniz.