adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Noyabr 2018 17:05
5872
MƏMLƏKƏT
A- A+

İŞƏ GÖTÜRƏNLƏR MƏSULİYYƏTSİZ OLANDA... - Faiq QİSMƏTOĞLU yazır

Hər bir insan işə qəbul edilərkən bu məsələlər hüquqi müstəvidə öz həllini tapmalıdır. Yəni işə götürən müəssisə, fabrik, zavod, tikinti təşkilatı həmin əməkdaşla birmənalı olaraq əmək müqaviləsi bağlamalıdır. Başqa sözlə demiş olsaq, hər iki tərəf götürdüyü öhdəliyi yerinə yetirmək üçün məsuliyyət daşımalıdır. Tərəflərin ikisi də mövcud qanunlara əməl etməlidir.

Təəssüflə qeyd etməliyik ki, bizdə əksər işə götürən qurumlar və təşkilatlar bu məsələlərə öz arşınlarıyla yanaşırlar. Onlara hər şey necə sərf edir, ona uyğun da addım atırlar. Xüsusən də özəl şirkətlər və mənzil-tikinti kooperativləri bu sahədə daha böyük qanun pozuntularına yol verirlər. Belə ki, onlar əksər işçiləri müqavilə şərtləri olmadan işə qəbul edir, vergidən və Sosial Müdafiə Fonduna ödəmələrdən yayınmaq üçün sənədləşdirmə işlərindən vaz keçirlər. Təbii ki, bu da ona dəlalət edir ki, bu cür özəl qurumlar öz maraqlarını və mənafelərini daha üstün tutsunlar. Elə üstün tuturlar da.

Hər hansı fəhlə, əməkdaş istehsalat prosesi zamanı xəsarət alanda, yaxud da dünyasını dəyişəndə onlar bu vəziyyətdən çıxış yolu axtarır və onu da asanlıqla tapırlar. O qədər ustalıqla hərəkət edirlər ki, sudan quru çıxmağı bacarırlar. Hər hansı xəsarətalma, ölüm halı olanda "qanpulu” ödəməklə öz işlərini bitmiş hesab edirlər. Xüsusən də çoxmərtəbəli mənzil tikintisi zamanı bu cür hadisələlərə daha tez-tez rast gəlmək mümkündür.

Tikinti zamanı rəhmətə gedən adam arxasız və kimsəsiz olanda bir balaca xərclə onlar canlarını qurtarırlar. İstintaqı aparan hüquq-mühafizə orqanları ilə "dil” tapır və bununla da həbs olunmaqdan xilas olurlar. Ancaq elə ki, dünyasını dəyişən insan bir balaca arxalı oldu, onun adamları qanunsuz iş görən tikinti şirkətinə qarşı güc göstərdi, "diş qıcadı”, bax onda cinayəti törətmiş adamlar özlərini yığışdırır, yuxarı instansiyalara şikayət etməmək üçün zərərçəkmiş tərəfin istədiyi məbləği ödəyirlər.

İşə qəbul edənlər mövcud qanunu pozmalarına görə - yəni əmək müqavilələri işçilərlə bağlanmadığı üçün, eləcə də təhlükəsizlik tədbirlərini vaxtında icra etmədiyi və bu zaman fəhlənin, işçinin xəsarət almasına görə, məsul şəxslər 1000 manatdan 2000 manata qədər və bəzən də daha çox məbləğdə cərimə edilirlər. Zərərçəkmişin xəsarəti ağır olarsa və eləcə də dünyasını dəyişərsə, həmin qurumlarım məsul şəxsləri cinayət məsuliyyətinə cəlb edilə bilər. Xəsarət alanlar və ölənlər daha çox olarsa, tikintidə və istehsalat sahəsində təhlükəsizliyə cavabdeh olan məsul şəxslər 2 ildən 7 ilə qədər həbs cəzası ala bilər.

Ancaq bizdə bu məsələlər çox vaxt təhlükəsizlik qaydalarına məsuliyyət daşıyan vəzifəli şəxslərin xeyrinə həll edilir. Yəni hər hansı ölüm faktı olanda şirkətin rəhbərliyi yox, ən yaxşı halda iş icraçısı, yaxuda da başqa bir şəxs cinayət məsuliyyətinə cəlb edilir. O da yüngül cəza alır və bir müddətdən sora yenidən iş yerinə qayıdaraq iş icraçısı işləyir. Ara yerdə qanı batan kimsəsiz unsanlar olur. O insanlar ki, müxtəlif rayonlardan Bakıya gələrək ev tikmə şirkətlərində bənna, suvaqçı, xarrat, çilingər, elektrik və fəhlə işləyirlər.

Qanı batan bu gənclər çox böyük ümidlə çörəkpulu dalınca tikintilərə gəlir, pul qazanmaq arzusunda olurlar. Amma pul qazanmaq arzusu onların bəzilərinin gözlərində qalır. Evlərinə pul göndərə bilmirlər və bir də görürsən ki, pul əvəzinə evlərinə onların meyitlərini aparırlar. Allah bax belə bədbəxt hadisələrdən gündəlik çörəkpulu qazanmaq istəyən o gəncləri qorusun.

Əgər işə götürənlə işçi arasında əmək müqaviləsi bağlansa, yəni hər şey qanuni surətdə öz həllini tapsa, fəhlə istehsalat prosesində xəsarət alsa da və hətta dünyasını dəyişsə də, işə götürən qurum onun bütün problemlərini həll etməyə borcludur. Yəni işçinin sağlamlığından tutmuş digər həyat şəraitinə qədər işə götürən öz öhdəliyini mütləq yerinə yetirməlidir. Yerinə yetirməzsə, zərərçəkmişin özü (o dünyasını dəyişərsə, digər yaxınları) məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa etmək imkanına malikdir.

Ona görə də hər bir şəxs işə qəbul edilərkən bu hüquqi mərhələlərə diqqət yetirməli, işə götürənlə birmənalı olaraq əmək müqaviləsi bağlamalıdır. Bu əmək müqaviləsi olsa, o hər il pulu ödənilməklə məzuniyyətə çıxa bilər, tibbi sığortası olar və təqaüdə çıxarkən heç bir problem yaşamaz. Çox təəssüf ki, əksər işə qəbul olunanlar bu məsələlərə diqqət yetirmir, səhlankarlıq göstərərək hüququnu tələb etmir, sonradan isə çanaq elə onların öz başında çatlayır.